Məhkəmə qərarları › İş №2(105)-260/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-260/2025

15.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-260/2025 15.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan gediş-gəliş yolunun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan gediş-gəliş yolunun daralmış hisəssəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi”nə dair iddia qaldıraraq mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonu, Şıxlı (köhnə Krasnı Xutor) kəndində yerləşən xx.xx.2019-cu il tarixli, A № 377790 saylı torpaq sahəsinin planı və ölçüsundə göstərilmiş koordinatlarda yerləşən 0,49 ha torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin ərazidən keçən ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin boşaldılması və yolun əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Xaçmaz rayonu, Şıxlı kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh torpaq sahələri arasında olan ictimai yolun cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin onun tərəfindən boşaldılması və həmin yolun əvvəlki vəziyyətdə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Şıxlı (köhnə Krasnı-Xutor) kəndi ərazisində onun mülkiyyət hüququ ilə 0,4905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur. Həmin torpaq sahəsi ilə qonşuluqda cavabdehə məxsus yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşir. Torpaq sahələrini aradan keçən ümumi istifadədə olan yol ayırır. Neçə müddətdir ki, cavabdeh aralarından keçən ümumi istifadədə olan yolun bir hissəsini qanunsuz olaraq zəbt etməklə hasarlıyaraq öz torpaq sahəsinə qatmışdır. Nəticədə ümumi istifadədə olan yol daralmış və o, mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə edə bilmir, ora kənd təsərrüfatı texnikasını sürə bilmir və s. Dəfələrlə məsələ ilə bağlı yerli özünü idarə orqanına və İnzibati Ərazi Dayirəsinə şikayətlər etsə də heç bir müsbət nəticəsi olmamış, cavabdehin özü isə ümumi istifadədə olan yolun zəbt etdiyi hissəsini könüllü olaraq boşaltmaq istəmir. Ona görə də məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Xaçmaz rayonu, Şıxlı kəndində iddiaçıya mülkiyyət hüququ əsasında 0.4905 ha kənd təsərrüfatlı torpaq sahəsi məxsusdur. Onun torpaq sahəsi ilə qonşuluqda Cavabdeh məxsus torpaq sahəsi vardır. Torpaq sahələrinin arasında ümumi istifadə olan yola keçid vardır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla, hazırki iddianı irəli sürsə də məhkəmə iclası zamanı verdiyi izahatı və ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh onun oğlunun və ya digər şəxslərin mülkiyyətində olan torpaq sahəsindən keçən ümumi istifadədə olan yola qismən maneçilik törədir. İndiki halda iddiaçının qeyd olunan iddianı irəli sürməsinə heç bir əsas yoxdur. Onun mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yoldan istifadə etməsinə cavabdehin hər hansı maneçilik törətməsi müəyyən olunmamış, bu hal öz təsdiqini tapmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yol cavabdeh tərəfindən istifadə olunmur və bu iddiaçının gedişgəlişinə maneçilik törətmir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə şərq və cənub tərəfindən gediş-gəliş yolu mövcuddur. İddiaçının özünün məhkəmə iclasında cavabdehin onun oğlunun mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna maneçilik törətməsinə dair verdiyi etirafedici ifadələri ilə də təsdiq olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmiş, iddiasının təmin olunmasına gətirib çıxaran heç bir dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının hazırki halda qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 170.2,171.1, 171.2, Torpaq Məcəlləsinin 18, 47-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı ƏMDKnın yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi X2 tərəfindən mütəxəssis rəyi verilmişdir ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən 0.4905 ha torpaq sahəsi hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. Lakin digər torpaq sahələrinə gedən yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur. Həmin mütəxəssis rəyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 10/4125 saylı ekspert rəyi ilə təsdiq olunur. Mütəxəssis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mülkiyyətində olan 0.4905 ha torpaq sahəsi ilə paralel hissəsindən ictimai yolu zəbt olunmasa da torpaq sahəsinin sərhədindən sonrakı hissədə ictimai yolun bir hissəsi (ümumilikdə 50 kv.m) Cavabdeh tərəfindən zəbt edilmişdir. Xaçmaz rayonu, Şıxlı kənd sakini olaraq kənd ərazisində yerləşən və bələdiyyənin mülkiyyəti olan bütün ictimai yollardan istifadə hüququna malikdir, o cümlədən hal-hazırda cavabdeh tərəfindən zəbt olunmuş yol ərazisindən də istifadə etmək hüququ vardır. İşə baxmış məhkəmə isə qətnaməsində tam əsassız olaraq qeyd edir ki, iddiaçının hazırki halda qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmənin mövqeyindən belə çıxır ki, istənilən şəxs yaşayış məntəqəsində ictimai yolunu zəbt edə bilər və bunu yalnız həmin ictimai yolun zəbt olunmuş hissəsində qonşuluqda yerləşən vətəndaş(lar) bu halı mübahisələndirə bilər. İşə baxmış məhkəmə cavabdeh tərəfindən ictimai yolun bir hissəsinin zəbt olunmasını mütəxəssis və ekspert rəyi ilə təsdiq edilsə də, cavabdehin bu qanunsuz hərəkətlərinə göz yumaraq ona qanunsuz əməllərin davam etdirilməsinə şərait yaratmışdır

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəf ümumi istifadədə olan yolun ortasında hasar çəkmiş, nəticədə gedişgəlişi çətinləşmişdir. Cavabdehin zəbt etdiyi 50 kv.m-də tikdiyi hasar ümumi yolu daraltmış, yoldan nəqliyyat vasitələrinin keçməsi mümkünsüz hala gəlmişdir. Onun torpaq sahəsindən sonra oğlunun torpaq sahəsidir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilmiş, ekspert həqiqətən də cavabdehin tikdirdiyi tikilinin yolun üzərində olduğunu təsdiq edir. Qarşı tərəf 1 metr, 55 sm yola girmiş və hasar çəkmişdir ki, bu fakt ekspert rəyi ilə təsdiqlənir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. xx.xx.2019-cu il tarixli ********** saylı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə Xaçmaz rayonu,Qırmızı-Xutor kəndi ərazisində 0.4905 ha torpaq sahəsi vardır.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli, 10/7737 saylı rəyindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.4905 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Qırmızı Xutor (Şıxlı) kəndi ünvanında yerləşən 0.4905 ha olan torpaq sahəsindən iddiaçının istifadəsinə maneçilik törədilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddiaçının mülkiyyətində olan Qırmızı Xutor kəndi ünvanında yerləşən 0.4905 ha olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdaərsi 23 may 2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 10/4125 saylı rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il qeydiyyat tarixli **********69 reyestr nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəndində yerləşən 0,4905 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan ictimai yolun sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəndində yerləşən 0,4905 ha torpaq sahəsi hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. Lakin digər torpaq sahələrinə gedən yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur (sxemdə əks olunur). İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəridində yerləşən 0,4905 ha torpaq sahəsinə ictimai yoldan başqa gediş-gəliş yolu var (sxem əlavə olunur). İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəndində yerləşən 0,4905 ha torpaq sahəsinə şərq və cənub tərəfindən gediş-gəliş yolu mövcuddur. Ümumi istifadədə olan ictimai yoldan başqa hər hansı bir alternativ yola ehtiyac yoxdur. Ümumi istifadə olan yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur. Maneçilik törədilməsi müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

18. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir.

47. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

18. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

19. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

21. Belə ki, iddiaçının tələbi cavabdeh tərəfindən kənd yolunun müəyyən hissəsinin hasarlanaraq öz torpağına qatılması ilə əlaqədar yolun daralması və həmin yoldan istifadəyə yaranmış məhdidiyyətin aradan qaldırılması ilə bağlı olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun olmasını, cavabdeh tərəfindən yolun bir hissəsinin zəbt edilməsinin isə iddiaçının öz torpaq sahəsinə gediş-gəlişi üçün maneçilik törətmədiyini əsas gərirərək, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyinə əlavə olan ölçü-plandan görünür ki, Cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan yolun 50 kvadratmetrinin bir hissəsi İddiaçı ilə Cavabdeh torpaq sahələri arasında olan hissəyə düşür.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla cavabdehin zəbt etdiyi sahə ümumi istifadədə olan yol olmuşdur ki, kənd sakini kimi iddiaçının öz torpaq sahəsinə getmədən də həmin yoldan istifadə hüququ olmuşdur. Digər tərəfdən iddiaçı onun torpaq sahəsindən sonra oğluna məxsus torpaq sahəsinin olduğunu iddia etmişdir ki, bu faktın mövcudluğu cavabdeh tərəfindən təkzib olunmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı nəinki öz torpağına, o cümlədən öz oğluna və ya kənd sakini kimi hər hansı bir təyinatla əlaqədar digər torpaq sahəsinə ümumi istifadədə olan yoldan istifadə etməklə gedib-gəlmək hüququna malikdir. Həmçinin, hər hansı bir təyinatla iddiaçı öz torpaq sahəsinə əks istiqamətdən, yəni digər torpaq sahələrinə gedən yolun 50 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsindən keçib gəlməklə də daxil olmaq hüququna malikdir. Qeyd olunan yolun bir hissəsinin isə cavabdeh tərəfindən zəbt edilməklə daraldılması iddiaçının ümumi istifadə də olan yoldan istifadə hüququna məhduduyyət yaratmaqdadır ki, bu hal da iddiaçıya hazırki iddianı qaldımağa subyektiv hüquq verməkdədir.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Xaçmaz rayonu, Şıxlı kəndi ərazisində Cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan yolun 50 kv.m hissəsi Cavabdeh tərəfindən boşaldılaraq, ümumi istifadədə olan yol əvvəlki vəziyyətinə qaytarılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar