Məhkəmə qərarları › İş №2(105)-2600/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2600/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2600/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Ərizəçinin nümayəndəsi: X2, Borclu: Cavabdeh1 iştirakları ilə, Borclu Cavabdeh1 qətnamənin izah edilməsinə və yeni icra vərəqəsinin verilməsinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim A.Y.Vəliyev) borclu Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(029)-905/2019 saylı qətnaməsinin izah edilməsi və yeni icra vərəqəsinin verilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Borclu Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(029)-905/2019 saylı qətnaməsinin nəticə hissəsinin şərh olunmasına, onun yaşayış evinin hansı hissəsindən çıxarılmalı olduğunun aydın şəkildə qeyd edilməsinə və yeni icra vərəqəsinin verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı özgəsinin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması haqqında mülki iş üzrə Qusar Rayon Məhkəməsində iddia qaldırmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-905/2019 saylı 23.09.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamədə qeyd olunur ki, Cavabdeh1 Qusar rayonu Avaran kəndində yerləşən İddiaçı məxsus yaşayış evindən çıxarılsın və həmin yaşayış evi İddiaçı mülkiyyətinə qaytarılsın. 02.02.2021-ci il tarixli yaşayış evindən çıxarılma haqqında akta əsasən o, evdən çıxarılmış və həmin yaşayış evi İddiaçı mülkiyyətinə qaytarılmışdır. Hesab edir ki, təmin edilən icra aktı qanunsuz və əsassızdır. Belə ki, qətnamədə qəbul olunan qərara əsasən o, İddiaçı məxsus yaşayış evindən çıxarılmalı olmuşdur. İddiaçı məxsus yaşayış evi isə bir otaqdan ibarətdir. Qərarın əsaslandırma hissəsində yaşayış evinin yalnız bir hissəsinin əvvəllər iddiaçıya məxsus olması göstərilmişdir. Digər hissənin onun tərəfindən tikilməsi və ona məxsus olması ümumiyyətlə mübahisələndirilmir. Belə olduğu təqdirdə o, niyə bütün evdən çıxarılmalıdır? Hesab edir ki, məhkəmə öz qətnaməsində onun evin məhz hansı hissəsindən çıxarılmalı olduğunu müəyyən etməli idi. Bu hal müəyyən edilsə idi, hal-hazırda qətnamənin icrasında qanunsuzluqlar olmazdı. Məhkəmənin qətnaməsinin nəticə hissəsinə şərh verilməsinə və onun tikilmiş evin məhz hansı hissəsindən çıxarılmalı olduğunun aydın şəkildə qeyd edilməsinə ehtiyac vardır. Əks təqdirdə, onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu Cavabdeh1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə yalnız qeyd edir ki, icra vərəqəsi artıq icra edimişdir. İcra vərəqəsi düzgün verilmədiyi üçün icra düzgün aparılmamışdır. Əmlakın ona məxsus olan hissəsi var. O, bu hissədən məhrum olmuşdur. Məhkəmə onun hüquqlarının pozulduğunu və bunun ona maddi və mənəvi ziyan vurduğunu nəzərə almamışdır. Qusar Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(029)-905/2019 saylı qərardadını ləğv edib və ərizənin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu Cavabdeh1 şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Tələbkar İddiaçı nümayəndəsi E.S.Səmədov şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, iş materiallarında olan Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(029)-905/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Qusar rayonu Avaran kəndində yerləşən, İddiaçı məxsus yaşayış evindən çıxarılması və həmin yaşayış evinin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 02.02.2021-ci il tarixli aktın surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(029)-905/2019 saylı qətnaməsinin icrası təmin edilmiş, Cavabdeh1 Qusar rayonu Avaran kəndində yerləşən, İddiaçı məxsus yaşayış evindən çıxarılmış və həmin yaşayış evi İddiaçı qaytarılmışdır. İşdə olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 02.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli 2(029)-905/2019 saylı icra sənədi üzrə tələb tam təmin edildiyindən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Göründüyü kimi, Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(029)- 905/2019 saylı qətnaməsindən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldilmiş, Qusar rayon İcra və probasiya şöbəsi tərəfindən icrası təmin edilməklə həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata müvafiq qərarla xitam verilmişdir. Belə olan halda, qətnamənin izah edilməsi zərurəti yoxdur, qətnamənin icrası zamanı heç bir çətinlik yaranmamış, qətnamə tam aydın və konkret olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, borclu Cavabdeh1 qətnamənin izah edilməsinə və yeni icra vərəqəsinin verilməsinə dair ərizəsi əsassız olduğundan rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu Cavabdeh1 şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2021-ci il tarixli 2(029)-905/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar