Məhkəmə qərarları › İş №2(105)-2602/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2602/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2602/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(012)-1633/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilməsi, iddiaçı Mayılov X5 rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, məhəllə 30, ev 9, 218 saylı mənzilə köçürülməsi, iddia tələbi İddiaçı ünvan 2nzilin ½ hissəsinə payının müəyyən olunması hissəsində rədd edilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, onun ünvan 2nzilinin ½ hissəsinə payının müəyyən olunması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 26.12.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 09.01.2009-cu ildə X1, 03.05.2004-cü ildə isə X4 anadan olmuşlar. 24.11.2011-ci ildə nikahları pozulmuş, 02.07.2012-ci il tarixdə yenidən nikaha daxil olmuşlar. Birgə nikah dövründə 2018-ci ilin iyun ayında Xırdalan şəhər, H. Əliyev pr.məh, 30,ev 9, 218 saylı mənzili almışlar. Ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb yaşamışlar. Son vaxtlar cavabdeh ilə cavabdehin təqsiri üzündən münasibətləri pozulmuş, onu evdən qovmuşdur. Mənzildə yaşamağına imkan vermir. Bu hərəkətləri ilə onun Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu pozur. Məhkəməyə müraciət etmək üçün mənzil üzərində hüquqların qeydiyyatına dair çıxarışı da götürmüş və ona vermir. Bu səbəbdən müvafiq çıxarışı məhkəməyə təqdim edə bilmir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə yazdığı ərizəyə də cavab verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Mayılov X5 Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin təmin olunmayan hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə mənzilə köçürülmənin təmin edilməsi hissəsində qanuni, ədalətli və obyektiv olsa da, mənzilə payın müəyyən edilməsi hissəsində qanunsuz, ədalətsiz, qeyri-obyektiv, maddi və prosessual qanunvericiliyinin pozulması, qanunun səhv təfsir edilməsi ilə qəbul edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilən hissəsində rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Evdə birgə yaşayış üçün şərait yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun şikayətinin təmin edilməsini, cavabdehin şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, onun şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi qismən iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini bankla Cavabdeh arasında ünvan 3 ünvanında yerləşən əmlakın alınması məqsədi ilə bağlanmış 17.09.2018-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən mənzilin əldə edilməsinə görə 97.700.00 AZN (doxsan yeddi min yeddi yüz. 00) manat məbləğində kredit verildiyini, müvafiq kredit müqaviləsi üzrə mübahisəli mənzilin dəyəri tam ödənilməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Ailə Məcəlləsinin 32.1., 32.2., 34.1 və Mülki Məcəllənin 225.1, 225.4. Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə hər iki tərəf razılaşmayaraq iddiaçı iddianın təmin edilməyən, cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla hesab edir ki, hər iki tərəf apellyasiya şikayəti verdiyindən, ilkin olaraq iddiaçının apellyasiya şikayətinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi mənzilə köçürülmə və mənzildən payların müəyyən edilməsi barədədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 26 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2011-ci il tarixdə nikahları pozulmuş, 02 iyul 2012-ci il tarixdə yenidən nikaha daxil olmuşlar. Mübahisəli mənzili isə 31 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edərək, Cavabdeh adına DƏDRX-də mülkiyyət hüququnu qeydiyyata aldırmışlar. Baxılan iş üzrə iddia tələbinin mübahisələndirilən hissədə qanuni əsasını Mülki Məcəllənin 225.1. Ailə Məcəlləsinin 32.1. maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: birincisi əmlakın ər-arvadın nikah müddətində əldə olunması, ikincisi isə əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qeyd olunmalıdır ki, ərlə arvadın nikah dövründə və ya nikah müddətində qazandıqları əmlak üzərində birbaşa birgə mülkiyyəti yaranmır. Həmin əmlak üzərində birgə mülkiyyət yalnız o halda yarana bilər ki, ərlə arvadın birgə nikah dövründə və ümumi birgə gəlirləri hesabına əldə edilmiş olsun. İşdən göründüyü kimi mübahisəli mənzil tərəflərin birgə nikah dövründə cavabdehin bankdan götürdüyü kredit vəsaiti hesabına əldə edilmişdir. Qeyd etmək lazımdır ki, hər hansı əmlakın və ya onun dəyərinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməsi üçün həmin əmlakın birgə nikah dövründə qazanılmış vəsait hesabına alınması zəruridir. Bunun üçün tərəflərdən birinin işləmədiyinin (qazanc əldə etməməsinin) əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilə mülki və ailə qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından iddiaçının həmin mənzilin ½ pay hissəsinə mülkiyyət hüququ yarandığından, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin iddia tələbinin mənzilə köçürülməsi ilə əlaqədar qətnamənin ləğv edilib, iddianın rədd edilməsinə dair apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə hesab edir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətində olduğundan və bu mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, iddiaçının həmin mənzilə köçrülüməsinə dair iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi qismən mənzildə payın müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçının apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi qismən mənzildə payın müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ünvan 2nzilinin ½ hissəsinə payı müəyyən edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar