Məhkəmə qərarları › İş №2(105)-2607/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2607/2020

21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2607/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı rayonməhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)- 512/2019 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli (hakim E.Hümbətov) qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarş son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sərdlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Ərizəçi apelyasiya şikayəti təmin edilməsi, Şamaxı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)-512/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi, Ərizəçi son beş ildə Azərbaycan Respublikası ərazisində yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunması qət edilmişdir. Maraqlı şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), G.Quliyev və İ.Xələfov) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 792/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək, son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1979-cu il tarixdə Gürcüstan Respublikası Marneuli rayonuna anadan olmuşdur. 1994-cü ildə valideynləri ilə birlikdə Azərbaycana köçüb Şamaxı rayonu İİ Çaylı kəndində məskunlaşmışlar. 9-cu sinfi qonşu İİ Cabanı (keçmiş Dzerjinovka) kənd məktəbində bitirmişdir. Sonra İİ Çaylı kənd sakini X3 ilə ailə həyatı qurmuş, üç uşağı həmin kənddə doğulmuşlar və oxumuşlar. Oğlu Azərbaycan ordusunda xidmət etmişdir. Hal-hazırda da İİ Çaylı kəndində yaşayırlar. Bunu kənd sakinləri, kənd icra nümayəndəsi də təsdiq edə bilərlər. Amma 25 ildir burada yaşamasına baxmayaraq Azərbaycan vətəndaşlığına qəbul oluna bilmir. Dövlət Miqrasiya Xidmətinə də müraciət etmişdir. Ona bildirilmişdir ki, miqrasiya xidmətində qeydə alınmamışdır. Belə olan halda son beş ildə ərazisində yaşaması faktı məhkəmə qərarı ilə təsdiq olunarsa onda onu Azərbaycan Respublikası vətəndaşlığına qəbul edə bilərlər. Bir daha göstərir ki, o, nəinki son beş il, tam 25 ildir ki, Azərbaycan Respublikası ərazisində yaşayır. 2005-ci ildən isə Gürcüstan vətəndaşlığından çıxmışdır. Bu da əsas verir ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanuna əsasən Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi Şamaxı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Buna görə də apellyasiya şikayəti təmin olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 372.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və ərizəçinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni ərizəçinin qeyd etdiyi faktı sübut etməməsi ilə əsaslandırmış və bu nəticə ilə razılaşmayan Ərizəçi qətnaməni mübahisələndirmişdir. İşdən göründüyü kimi, ərizəni təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi, Ərizəçi son beş ildə Azərbaycan Respublikası ərazisində yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmasını qət etmiş, bu nəticədən narazı qalan maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilmiş və mülki iş yenidən apellyasiya instansiya məhkəməsinə baxılması üçün qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi mülki işi yenidən baxılması üçün qaytararkən qeyd edilən faktiki halın iş materialları ilə təsdiqlənməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində müəyyən edilən qaydanı nəzərə almadan ərizəni təmin etməsinin qanunvericiliyə uyğun olmaması və mübahisəyə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1. maddəsi). İşdən görünür ki, ərizəçi 1994-cü ildə valideynləri ilə birlikdə Azərbaycana köçüb Şamaxı rayonu İİ Çaylı kəndində məskunlaşdığını əsas gətirərək, son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan № B ******* saylı xx xxxxxxx 2004-cü il tarixli Gürcüstan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Gürcüstan Respublikası Rustavi şəhərində doğulmuşdur. İşə əlavə edilmiş NK № 267358 saylı Gürcüstan Respublikasının doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Gürcüstan Rustavi şəhərində doğulmuşdur. X4, anası Tovuz Həsənovadır. Şəhadətnamə VRA-nin Marnueli xidməti tərəfindən xx.xx.2004-cü il tarixdə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx xxxxxx 2019-cu il tarixli arayışına əsasən xx xxxx 1979-cu il təvəllüdlü Ərizəçi 40218/m nömrəli, xx xxxxxx 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Ərizəçi 2004-cü il 26 noyabr tarixli 06/02-172-q №li ərizəsinə cavab olaraq bildirilmişdir ki, Gürcüstan prezidentinin 2005-ci il 07 may tarixli 320 №-li əmrə əsasən Ərizəçi Gürcüstan vətəndaşlığından çıxmışdır. İşə əlavə edilmiş Gürcüstan Respublikasının Səfirliyinin xx xxxxxx 2019-cu il tarixli arayışa əsasən xx.xx.1979-cu il təvəllüdü, Gürcüstanda anadan olmuş E.X1 xx xxx 2005ci il tarixinin 320 nömrəli sərəncamına əsasən onun Gürcüstan vətəndaşlığından çıxması barədə tələbi razı salınmışdır. Mülki Prossesual Məcəllənin 307.2.10-1-ci maddəsinə görə, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Qanunun mənasına görə şəxsin Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 01-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmalıdır. Lakin hazırki işdən görünür ki, Ərizəçi Gürcüstan Respublikasının vətəndaşlığından çıxması barədə könüllü olaraq ərizə ilə müraciət etmiş və Gürcüstan Prezidentinin 2005-ci il 07 may tarixli 320 №-li əmrinə əsasən Gürcüstan vətəndaşlığından çıxmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi mənsub olduğu Gürcüstan Respublikasının vətəndaşlığından könüllü olaraq öz ərizəsi əsasında çıxdığından, sonuncunun Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şamaxı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar