Məhkəmə qərarları › İş №2(105)-2607/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2607/2022

27.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2607/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2022- ci il tarixli, 2(060)-7118/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, Cavabdeh kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2022- ci il tarixli, 2(060)-7118/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin qərardadda qeyd olunan əsasla geri qaytarılması barədə məhkəmənin mövqeyi tamamilə əsassızdır. Məhkəmənin bu mövqeyi ilə mübahisə predmeti olan mənzilin alınmasına cavabdeh tərəfindən sərf edilmiş pula münasibətdə mülkiyyət hüququ və məhkəməyə müvafiq iddia ilə müraciət etmək hüququ kobud surətdə pozulmuşdur. Qərardadda qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: nikahın davam etdirilməsi şərtləri (26.1.1); -valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası (26.1.2) -uşağın yaşayış yerinin müəyyən edilməsi (26.1.3) -uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası 26.1.4.); -ailə münasibətlərindən irəli gələn digər mübahisələr (26.1.5)” Göründüyü kimi, məhkəmə öz Qərardadında gəldiyi nəticəni əsaslandırmaq üçün maddi hüquq normaları olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə istinad etmişdir. Lakin məhkəmə hazırkı mülki iş üzrə tərəflər arasındakı münasibətlərin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulan hansı mübahisəyə aid olduğuna istinad etməmişdir. Göründüyü kimi hazırkı iş üzrə qarşılıqlı iddia tələbi daha öncə istinad olunan qanunda mediasiya prosesinin tətbiq edilməsinin zəruri olduğu mübahisələr sırasında mövcud deyildir. Bundan əlavə məhkəmə öz qərardadında qeyd olunan qanuna istinad etsə də, konkret olaraq qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə ğz mövqeyini əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022- ci il tarixli, 2(060)-7118/2022 nömrəli ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(060)-7118/2022 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. “Mediasiya haqqında” Qanunun 3.1-ci maddəsinə görə mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. İş materiallarından görünür ki, hazırkı mübahisə ailə münasibətlərindən deyil, mənzil münasibətlərindən doğan mübahisələrə aiddir. Belə ki, hazırkı mübahisə ailə qanunvericiliyi ilə deyil, mənzil qanunvericiliyi ilə tənzimlənir. Bu kateqoriyadan olan mübahisələr üzrə isə məhkəmədən öncə mediasiya qurumuna müraciət edilməli olması barədə qüvvədə olan qanunvericilikdə hər hansı müddəa yoxdur. Başqa sözlə, Cavabdeh kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbinə dair qarşılıqlı iddia ilə birbaşa Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması üçün əsas yoxdur və bu hal, onun məhkəmə müdafiəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması kimi qəbul edilməlidir Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı halda qeyd olunan əsasla qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2022- ci il tarixli, 2(060)-7118/2022 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2022- ci il tarixli, 2(060)-7118/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və digər tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar