Məhkəmə qərarları › İş №2(105)-261/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-261/2021

23.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-261/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xankərim oğluna, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(060)- 7157/2018 saylı qətnaməsindən Cavabdeh3 qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(060)-7157/2018 saylı qətnaməsi ilə (hakim N.İ.Abıyev) iddia tələbinin təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xankərim oğlunun, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamədən Cavabdeh3 qızı tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4351/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh3 qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 30 iyun 2020-ci il tarixli, 2(102)-2203/2020 saylı qərarı ilə Cavabdeh3 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4351/2019 saylı, 26 noyabr 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: "xxxx" ASC Cavabdeh1, Cavabdeh2 Xankərim oğluna, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 Xankərim oğlunun, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qeydiyyatdan çıxarılmasına və qeydiyyatda olanların mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 Xankərim oğlunun, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6397/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 ilə bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş X1 məxsus ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə tutmanın yönəldilməsinə və hərracda satılmasına dair iddia ərizəsi təmin olunmuşdur. Kreditin təminatı kimi Cavabdeh3 qızı ilə 09 oktyabr 2016-cı il tarixli, 398/E saylı ipoteka müqaviləsi bağlanaraq borcalanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi yüklü edilmişdir. Borclular kredit və faizləri vaxtında ödəmədikləri üçün bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər İcra şöbəsinin icra məmuru icraata başlamaq haqqında və qiymətləndiricinin dəvət edilməsi barədə qərar vermişdir. Bundan sonra sənədlər mənzilə qiymət qoyulması üçün qiymətləndirici şirkətə göndərilmişdir. Qeyd olunan mənzil “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”-nin icraatında olmaqla açıq hərraca çıxarılmışdır. Daha sonra həmin mərkəzin hərrac yekunları barədə Y-597 saylı 01 noyabr 2017-ci il Protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 noyabr 2017-ci il müqaviləsinə əsasən X1 məxsus ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi "xxxx" ASC-nin tam balansına keçirilmişdir. Buna görə də iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: Cavabdeh3 qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə tərəflər arasındakı mübahisəni düzgün həll etməmiş, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları tam araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, o, daha əvvəlki məhkəmə qətnaməsinə əsasən hərraca çıxarılmış mənzillə bağlı keçirilmiş hərracın nəticələrini yenidən məhkəmə qaydasında mübahisələndirmiş, bu barədə məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, mənzil bank tərəfindən ipotekaya onu aldadaraq qoyulmuşdur. Bankın əməkdaşları onun oğlunu bankda işlə təmin ediləcəyi vədini vermiş, ev ipoteka ilə yüklü edilmiş, lakin bankın əməkdaşları vədlərini yerinə yetirməmiş, nəticədə o, mülkiyyətindən məhrum olmuşdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, ünvan 2 19 mart 2018-ci ildən "xxxx" ASC-nin mülkiyyətindədir. Yenə iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6397/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh10 arasında bağlanmış 09.10.2015-ci il tarixli, 398/E saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 200 manat, ümumillikdə 50.453 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat pulun Cavabdeh10 və Cavabdeh3 qızından "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 50.453 (əlli min dörd yüz əlli üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh3 qızına qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət olunmuşdur. Yenə iş materiallarında olan "xxxx"nin hərracın nəticələri haqqında Y-597 saylı, 01 noyabr 2017-ci il tarixli protokolundan görünür ki, ünvan 2 hərrac nəticəsində 38250 manata "xxxx" ASC-yə satılmışdır. Bu barədə Mərkəzlə "xxxx" ASC arasında eyni tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş materiallarında olan 01 sentyabr 2020-ci il tarixli, 2(102)-3352/2020 saylı qərarından görünür ki, "xxxx" ASC-nin kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 64 saylı mənzilinin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşdə olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(006)-2256/2020 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh3 qızının cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı harracın nəticələrinin etibarsız hesab edilməsi və mənzil üzərində aparılmış qeydiyyatın ləğv edilməsi barədə mülki iş üzrə icraat, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xankərim oğluna, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair işə baxılıb qurtarana kimi dayandırılmışdır. Yenə işdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6397/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin ilkin likvid dəyəri 68.000 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəcini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(060)-7157/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə Cavabdeh10 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 qızına məxsus 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi ipoteka müqaviləsi əsasında "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit məbləği ödənilmədiyindən tələb ipoteka predmeti olan qeyd edilən mənzilə yönəldilmiş və həmin mənzil hərraca çıxarılmışdır. "xxxx" ASC "xxxx"nin tərəfindən keçirilmiş hərrac nəticəsində hərracın yekunları barədə Y-597 saylı, 01 noyabr 2017-ci il tarixli protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 qızına məxsus 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsini 38250 manata açıq hərracda almışdır. AR ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19.03.2018-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən mübahisəli mənzil mülkiyyət hüququ ilə "xxxx" ASC-yə məxsusdur. Lakin buna baxmayaraq həmin mənzildə yeni mülkiyyətçi olan "xxxx" ASC-nin razılığı olmadan qanunsuz olaraq cavabdehlər və onların ailə üzvləri ilə yaşayırlar. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırda cavabdehlərin yaşadıqları mənzil ipotekaya qoyulmuş və kredit məbləği ödənilmədiyi üçün tələb həmin mənzilə yönəlmiş və daha öncə qeyd edildiyi kimi iddiaçı bank həmin mənzili 01.11.2017ci ildə hərrac vasitəsilə əldə etmişdir. Lakin daha öncə istinad olunan qanunun normalarına uyğun olaraq cavabdehlər mənzili tərk etməmişlər. Ona görə də bank hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı bank qeyd edilən evin mülkiyyətçisidir və onun hazırki tələblə çıxış etməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu baxımdan iddiaçı "xxxx" ASC-nin mübahisəli mənzil üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xankərim oğlu, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qanunsuz müdaxiləsindən müdafiə edilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 64 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi iddiaçı "xxxx" ASCnin mülkiyyətində olmaqla, cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Mənzilin qanunsuz əsaslarla ipotekaya qoyulması barədə Cavabdeh3 qızının apelyasiya şikayətinin dəlili əsassızdır, çünki borcun ödənilməsi ilə bağlı məsələ hazırki iş üzrə mübahisə predmeti deyildir. Digər tərəfdən, işdən göründüyü kimi, tərəflər arasındakı kredit mübahisəsi artıq bitmişdir və deməli, bu mübahisə üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən mübahisəli mənzilin ipotekaya qoyulması və onun açıq hərrac vasitəsilə satılmasının qanuniliyi məsələsi artıq müzakirə oluna bilməz. Bundan əlavə işə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6397/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ünvan 2 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin ilkin likvid dəyəri 68.000 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda Cavabdeh3 qızı apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə iddiaçı "xxxx" ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018ci il tarixli, 2(060)-7157/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh3 qızı tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(060)-7157/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh3 qızı tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar