Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-261/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(077)-308/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə, əmək haqqı 319,56 manat olmaqla İddiaçı MMC-yə sürücü vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdə onunla tam maddi məsuliyyəti haqqında müqavilə imzalanmışdır.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh müddətsiz olaraq cəmiyyətdə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.
3. Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bununla bağlı bildiriş elektron informasiya sisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir.
4. Tərəflər arasında mübahisə, iddiaçının iddiası üzrə cavabdehin məsuliyyətinə təhkim edilmiş satış nöqtələri üzrə aşkar olunmuş çatışmazlıq nəticəsində müəssisəyə maddi ziyanın vurulması ilə əlaqədar yaranmışdır.
5. İddiaçı MMC Cavabdeh cəmiyyətə vurmuş olduğu 15839,61 manat maddi ziyanı 3 təqvim günü ərzində ödəməsi barədə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmiş, əks təqdirdə müvafiq tələblə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 15839,61 manat maddi ziyanın, 60 manat mediasiya xərcinin və 88 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci xx.xx.2021-ci il tarixlərdə İddiaçı MMC-də sürücü, satış nümayəndəsi (ekspeditor) vəzifəsində əmək və tam maddi məsuliyyət müqavilələri əsasında çalışmışdır, lakin əmək fəaliyyəti zamanı qəsdən yol verilmiş təqsirli hərəkətlər nəticəsində, Cavabdeh məsuliyyətinə təhkim edilmiş 53 satış nöqtəsi (obyekt) üzrə 15839,61 manat dəyərində çatışmazlıq aşkar olunaraq müəssisəyə maddi ziyan vurulmuşdur. Belə ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə imzalanmış təhvil-təslim aktlarından, İddiaçı MMC-nin auditi Elməddin İsmayılovun xx.xx.2021-ci il tarixl xidməti məruzəsinə və Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Elnur İbrahimovun xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatına (rəyinə) əsasən Cavabdeh öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləği 15839,61 manat təşkil etməsi müəyyən edilmişdir və onun məsuliyyətinə təhkim olunmuş ərazilər üzrə müştərilər ilə olan üzləşmələr müvafiq cədvəllər üzrə əks olunmuşdur. Audit zamanı yalnız cəmiyyətin xəzinəsinə mədaxil edilməmiş və kənarlaşma olan rəqəmlər qeyd olunmuşdur. Təqdim olunmuş üzləşmələrdə hər bir alıcı öz adı qabağında imzası ilə, müvafiq olaraq həm balans hesabatı üzrə borcunu, həm də faktiki qalıq borcunu təsdiq edir və bunların arasında əgər fərq vardırsa və bu fərq satışdan və ya malların qaytarılmasından yaranmamışdırsa, o zaman bu fərqin həcmi kəm gələn məbləğ kimi qeyd olunur və bu məbləğ üçün bilavasitə balansına təhkim olunmuş satış nöqtələri üzrə satış əməliyyatları aparan və bu əməliyyatlar üçün maddi-məsuliyyət daşıyan satış nümayəndəsi, yəni cavabdeh məsuliyyət daşıyır. İddiaçıya məxsus malların onun etibarından sui-istifadə etməklə əldə edilməsi və sonradan geri qaytarılmaması və həmin əmlakın öz şəxsi maraqları üçün mənimsənilməsi cinayət xarakterli təqsirli hərəkətlər olduğundan və iddiaçıya nəticədə xeyli miqdarda maddi ziyanın vurulduğundan cavabdehin hərəkətlərində CM-in 308-ci və 179-cu, digər müvafiq maddələri ilə cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması barədə MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə tərəfindən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi zəruridir. İddiaçı və cavabdeh tətəfindən imzalanmış xx.xx.2020-ci il tarixli HİA19062020 saylı əmək müqaviləsinin 5-ci bəndinə əsasən tərəflərin birinin digərinə vurulmuş maddi mənəvi zərər üzrə məsuliyyət daşımaları nəzərdə tutulmuşdur. Həmçinin, tətəflər arasında xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün cəhdlər heç bir nəticə verməmişdir. Bundan əlavə, mediator tərəfindən cavabdehin mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə, dəfələrlə (19,30 və 31 iyul tarixlərində) zənglər edilmiş, danışıqlar aparılmış, həmçinin “səsli mesajlar” və MT-nın məkanı (xəritə üzrə) göndərilmişdir. X3 isə hər dəfə İddiaçı MMC-nin tələbinin əsassız olduğunu, Şuşa şəhərində işlədiyini, imkan olan kimi İMS-də iştirak etmək üçün gələcəyini vəd etmişdir, lakin o, bilərəkdən İMS-də iştirak etməmişdir. Başqa sözlə, X3 hüquqlarından istifadə etməklə İMS-də iştirak etməkdən imtina etmişdir. Buna görə borcun və vurulmuş zərərin əvəzinin məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi məhkəmə qaydasında baxılaraq həll edilməlidir. Cavabdehə sonuncu dəfə "xxxx" MMC vasitəsilə SS801443832AZ identifikatorlu ilə pretenziya məktubu göndərilmiş və ziyan məbləğin 3 gün müddətində ödənilməsi təkilif olunmuşdur, lakin bunun heç bir nəticəsi olmamışdır.
8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cəmi 1,5 ay iddiaçı təşkilatda işləmişdir və iddiaçıya heç bir halda 15839,61 manat məbləğində borcu yarana bilməzdi. Ola bilərdi ki, 100 manat borcu olsun. Lakin, iddiaçı 3 il keçdikdən sonra məhkəməyə müraciət edərək, ondan çox böyük məbləğdə pul tələb edir və bu tələbini də əsaslandırmır. Cəmiyyətdən götürdüyü bütün malları təhvil vermişdir və bu barədə qəbzləri də var.
9. İş materiallarında olan İddiaçı MMC-nin daxili audit şöbəsinin auditoru X1 tərəfindən İddiaçı MMC-nin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli xidməti məruzədən görünür ki, Cavabdeh ərazi borcları araşdırılmış, araşdırma zamanı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xidməti məruzədə adları qeyd olunan 53 satış nöqtələrində müəyyən edilmiş səbəblərdən cavabdehin öhdəliyində qalan kəm gələn məbləğin və digər borcların 15839,61 manat təşkil etdiyi müəyyən olunmuşdur.
10. İş materiallarında olan sərbəst auditor X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyinin surətindən görünür ki, o, İddiaçı MMC-nin satış nümayəndəsi işləmiş Cavabdeh qanunsuz hərəkətləri nəticəsində şirkətə maddi zərər vurulub-vurulmamasını araşdırmış, təqdim edilmiş sənədlərin və aparılan hesablamaların araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC ilə yoxlama dövründə ümimi kənarlaşma və çatışmayan pul məbləği 15839,61 manat təşkil edir.
11. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(077)-308/2023 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC iddia ərizəsində ona məxsus malların Cavabdeh tərəfindən onun etibarından suiistifadə etməklə əldə edilməsini və sonradan geri qaytarılmamasını, həmin əmlakları öz şəxsi maraqları üçün mənimsəməsini qeyd etsə də, iddia tələblərini sübuta yetirə bilməmiş, cavabdehə malların verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş ciddi hesabat blanklarını təqdim etməmişdir. Habelə, araşdırma zamanı cavabdehin yazılı izahatı alınmamış, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ təmin edilməmiş, o, yoxlamanın nəticələri ilə tanış edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, audit şöbəsinin auditoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli xidməti məruzə və sərbəst auditor X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarix müstəqil auditor rəyi bir-birini təkrarlamaqla iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş, əllə doldurulmuş, ciddi-hesabat blankları olan –təhvil-təslim aktlarında düzəlişlər aparıldığından, qanunvericiliyin tələbləri baxımından etibarsızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri əsaslandırılmamışdır.
13. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
14. Prosesin gedişində İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, maddi ziyanın vurulması ilə bağlı iddia müddətinin ötürülməmiş hesab edilməsini məhkəmədən xahiş etmiş, müddətin buraxılmasını müxtəlif dövlət orqalarına müraciət etməsi, iddia verilməsi üçün arayışların alınması ilə əlaqələndirmişdir. Məhkəmə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hesab etmişdir ki, müddətin üzrlü səbəbdən buraxılmasına səbəb olmuş obyektiv hallarla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə nəzərə alınmamalıdır.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 375ci, Əmək Məcəlləsinin 191, 192, 199, 203, 296-cı, Mülki Prosessual Məcəllənin 80, 89.3, 106.1 119-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(077)-308/2023 saylı qətnaməsi ilə maddi və prosessual normaların tələbləri pozulmuşdur və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının alqısatqı predmeti olan əmlakının iddiaçının qanunsuz olaraq şəxsi maraqları üçün mənimsənilməsi və bunun nəticəsində 15839 AZN manat dəyərində iddiaçıya ziyan vurulması ədalətli və obyektiv olaraq araşdırılmamışdır. Belə ki, ziyan vurulma üzrə daxili audit yoxlaması aparılmışdır və mənimsəmə faktı bütün müştərilərin şəxsi iştirakı və imzası ilə müvafiq aktlarla təsdiq olunmuşdur. Bundan əlavə prokurorluq orqanının müvafiq tələbi üzrə əlavə olaraq müstəqil auditor yoxlaması aparılmışdır və xx.xx.2022-ci il tarixli auditor rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya 15839 AZN dəyərində ziyanın vurulması təsdiq edilmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 192-ci maddəsinin 2ci hissəsinə müvafiq olaraq iddiaçıya ziyan vurmadığını sübuta yetirə bilməmişdir. Buna baxmayaraq MPM-in 9.3-cü maddəsinin də pozulması ilə hakim tərəfindən özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə iddiaçının təqdim etdiyi sübutların həqiqiliyini faktların təkrar təsdiq olunmasına əsassız olaraq şübhə gətirməklə onları mötəbər hesab etməmişdir. İddiaçının maddi ziyan vurulması və delikt üzrə faktiki itkilərə məruz qalması və bunun hüquqi nəticəyə səbəb olması faktı ədalətli və obyektiv araşdırılmamışıdr. Bundan əlavə, birinci instansiya məhkəməsi ƏM-in 296.5-ci maddəsini əsas tutaraq iddianı təmin etməmişdir. Halbuki, iddiaçı müvafiq tarixlərdə orqanlara müraciət etdiyini və tarixlərdə tərtib olunmuş sənədlərin sürətini və onların əlaqəli olduğunu aydın şəkildə məhkəməyə izah etmişdir və müddətlərin uzanmasını bununla sübut etmişdir. Cavabdehin hərəkətlərində CM-in 308-ci və 179-cu və digər müvafiq maddələri ilə cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması və iddiaçıya vurulan zərərin əvəzinin ödənilməsi üçün iddiaçı müvafiq hüquq mühafizə orqanlarına, o cümlədən Baş Prokurorluğuna və Prezident Aparatına 133 saylı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir və nəticədə Baş Prokurorluq tərəfindən tələb olunduğu xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyi və digər toplanılmış sənədlərlə təkrar müraciət edilmişdir və bununla da məhkəməyə müraciət edilməsi ilə bağlı prosessual müddətlər faktiki olaraq uzadılmışdır. MPM-in 42-ci maddəsinə görə cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Buna görə də, ƏM-nin 296.5-ci maddəsi ilə iddia müddətinin ötürülmüş hesab edilməsi yolverilməzdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçının sübutlarının etibarsızlaşdırması məqsədi ilə qeyd etmişdir ki, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarına əsasən malların təhvil-qəbul aktı ciddi hesabat blanklarına aiddir.” Halbuki, həmin hissədə “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarının 57-59 nömrəli və 61-78 nömrəli əlavələri ləğv edilmişdir. Belə ki, qeyd olunan blankların formasının tərtib olunması sərbəstdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
21. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
22. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
23. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
24. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
25. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri (...) 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
36. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır (Əmək Məcəlləsinin 192-ci maddəsi).
37. Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı MMC iddia ərizəsində ona məxsus malların Cavabdeh tərəfindən onun etibarından sui-istifadə etməklə əldə edilməsini və sonradan geri qaytarılmamasını, həmin əmlakları öz şəxsi maraqları üçün mənimsəməsini qeyd etsə də, iddia tələblərini sübuta yetirə bilməmişdir. Habelə, araşdırma zamanı cavabdehin yazılı izahatını almamış, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ təmin etməmiş, yoxlamanın nəticələri ilə tanış etməmişdir. xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyi isə iddiaçının tərtib və təqdim etdiyi, üzərində düzəlişlər aparılmış təhvil-təslim aktlarına əsaslanmışdır.
39. Məhkəmə kollegiyası mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin sənədləri kifayət qədər aydın, təkzibedilməz və mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, hüquqi şəxs olan iddiaçının cavabdehlə borcla bağlı hesablaşmaları hansı formada apardığı, cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona ziyan vurması müəyyən olunmur.
40. Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
46. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(077)-308/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.