Məhkəmə qərarları › İş №2(105)-2613/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2613/2020

23.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2613/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-215/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-215/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi “xxxx məhdud məsuliyyətli cəmiyyətinə qarşı işə bərpa və sair tələblərinə dair iddiası təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 3906/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-215/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı oğlu qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3427/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3906/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən-son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin onun barəsində 09 saylı, xx.xx.2018-ci il tarixli xəbərdarlıq edilmə və töhmət verilmə, 10 saylı, xx.xx.2018-ci il tarixli yenidən xəbərdarlıq edilmə və şiddətli töhmət verilmə barədə əmrlərinin ləğv edilməsi, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin 81k saylı, xx.xx.2018-ci il tarixli əmrinin ona aid hissəsində ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanmaqla tutduğu vəzifəyə bərpa olunması, dəymiş mənəvi zərərə görə 1000 manat tutulması, onun son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, əmək müqaviləsində birtərəfli qaydada aparılmış dəyişikliyin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, 2010-cu il yanvar ayının 19-dan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” məhdud məsuliyyətli cəmiyyətində iş icraçısı vəzifəsinə qəbul edilmiş, 2016-cı ilin yanvar ayının 8-nə qədər normal əmək şəraitində əmək funksiyalarını yerinə yetirmişdir. Həmin ilin yanvar ayının 8-də direktor vəzifəsinə Fazil Musayev təyin edildikdən sonra ona yol ustası kimi əmək haqqı verilmişdir. Bu fakt dövlət əmək müfəttişliyi Xidmətinin 6 saylı region üzrə İdarəsinin araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Hazırda iş icraçısının əmək haqqı 417 manat olduğu halda, ona 374 manat, yəni yol ustasının əmək haqqı verilmişdir. Daha sonra bu qanun pozuntusunu ört-basdır etməkdən ötrü onu xx xxxxxx 2016-cı il tarixinə, yəni 2 il 6 ay geriyə sənədləşdirərək yol ustası vəzifəsinə keçirmişlər. Əmək müqaviləsində bu saxta dəyişikliklə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmişdir. Ona qarşı yönəlmiş qanun pozuntularına dair dövlət orqanlarına iş yoldaşı ilə birlikdə şikayət ərizəsi ünvanladıqdan sonra aqressiv münasibətlər daha da geniş şəkildə vüsət almışdır. O, cəmiyyətdə baş verən ayrı-seçkilik və qanunsuzluqlarla bağlı dəfələrlə cəmiyyətin direktoru Fazil Musayevin qəbulunda olmuş, lakin heç bir nəticəsi olmamış, direktor onu təhdid etmişdir. O, müxtəlif dövlət orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Bu şikayət ərizələrindən sonra cəmiyyətin direktoru haqqında Azərbaycan Respublikası ƏƏSMN-nin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində müəyyən edilmiş inzibati xəta törətməsi haqqında xx xxxx 2018-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir. Bundan sonra, Fazil Musayev ona qarşı daha da qərəzli mövqe tutmağa başlamışdır. Belə ki, sahədə işləyən işçiləri onun üstünə qaldırmış, işlədikləri yerüstü piyada keçidinin nəzarət otağının qıfılını dəfələrlə dəyişmiş, hətta orada çalışan işçilərə onu ora buraxmamağı tapşırmışdır. Beləliklə, onun əmək hüquqları açıq-aşkar surətdə pozulmuşdur. İşçilərin əmək haqları xx.xx.2018-ci il tarixdə hesablarına köçürülmüşdü. O, bankomatdan əmək haqqını götürmək istədikdə əmək haqqının köçürülmədiyinin şahidi olmuşdur. Bununla bağlı direktora müraciət etdikdə onu və iş yoldaşını işdən qovduğunu bildirmişdir. Sonradan şifahi şəkildə ona məlum olmuşdur ki, işdən çıxarılmağı üçün əsas guya həmin ilin iyun ayının 1-dən iyul ayının 10-dək işə gəlməməsi olmuşdur. Halbuki o, davamiyyətli olaraq xx.xx.2018-ci il tarixinə qədər işdə olmuşdur. Uzun yazışmalardan sonra onun işdən çıxarılma barədə əmri, əmək müqaviləsinin surətləri cavabdeh tərəfindən poçt vasitəsi ilə ona göndərilmiş, xx.xx.2018-ci il tarixdə poçt vasitəsi ilə həmin sənədləri almışdır. Məlum olmuşdur ki, cəmiyyətin məsul şəxsləri tərəfindən geri tarixə saxta və əsassız sənədlər tərtib edilmiş və həmin qanunsuz sənədlər əsasında xx.xx.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərək işdən azad edilmişdir. Bununla da hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, geri tarixə saxta və əsassız aktlar və məlumatlar tərtib edilərək cəmiyyətin direktorunun 09 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə ona guya xəbərdarlıq edilmiş və töhmət verilmiş, sonradan 10 saylı, xx.xx.2018-ci il tarixli əmrlə guya ona yenidən xəbərdarlıq edilmiş və şiddətli töhmət verilmişdir. Kağız üzərində qurulmuş ssenari davam etdirilmiş, işəgötürənin 81k saylı, xx.xx.2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O, işdən çıxarılarkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri aşkar şəkildə pozulmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2010-cu il yanvar ayının 19-dan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş, 2016-cı ilin yanvar ayının 8-nə qədər normal əmək şəraitində əmək funksiyalarını yerinə yetirmişdir. Həmin ilin yanvar ayının 8-də direktor vəzifəsinə Fazil Musayev təyin edildikdən sonra cəmiyyətdə sahə rəisi vəzifəsində işləyən Bəhruz Babayev ona qarşı qərəzli mövqe tutmağa başlamış, cəmiyyətin rəhbərliyində daim onun haqqında mənfi fikirlər formalaşdırmışdır. Belə ki, həmin aydan sonra ona qarşı qanunsuz davranışlar baş qaldırmış, ona qarşı yönəlmiş qanun pozuntularına dair dövlət orqanlarına iş yoldaşı ilə birlikdə şikayət ərizəsi ünvanladıqdan sonra aqressiv münasibətlər daha da geniş vüsət almışdır. O, cəmiyyətdə baş verən ayrı-seçkilik və qanunsuzluqlarla bağlı dəfələrlə cəmiyyətin direktorunun qəbulunda olmuş, lakin heç bir nəticəsi olmamış, hətta onu təhdid etmişlər. O, müxtəlif dövlət orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Bu şikayət ərizələrindən sonra cəmiyyətin direktoru haqqında Azərbaycan Respublikası ƏƏSMN-nin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində müəyyən edilmiş inzibati xəta törətməsi haqqında xx xxxx 2018-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir. Bundan sonra direktor ona qarşı daha da qərəzli mövqe tutmağa başlamışdır. Belə ki, sahədə işləyən işçiləri onun üstünə qaldırmış, işlədikləri yerüstü piyada keçidinin nəzarət otağının qıfılını dəfələrlə dəyişmiş, hətta orada çalışan işçilərə onu oraya buraxmamağı tapşırmışdır. Beləliklə, onun əmək hüquqları açıqaşkar surətdə pozulmuşdur. İşçilərin əmək haqları xx.xx.2018-ci il tarixdə hesablarına köçürülmüşdü. O, bankomatdan əmək haqqını götürmək istədikdə əmək haqqının köçürülmədiyinin şahidi olmuşdur. Bununla bağlı direktora müraciət etdikdə cavabında onu və iş yoldaşını işdən qovduğunu bildirmişdir. Sonra şifahi şəkildə ona məlum olmuşdur ki, işdən çıxarılmağı üçün əsas guya həmin ilin iyun ayının 1-dən iyulun 10-dək işə gəlməməsi olmuşdur. Halbuki o, davamiyyətli olaraq xx.xx.2018-ci il tarixinə qədər işdə olmuşdur. Uzun yazışmalardan sonra onun işdən çıxarılma barədə əmri, əmək müqaviləsinin surətləri cavabdeh tərəfindən poçt vasitəsi ilə ona göndərilmiş, xx.xx.2018-ci il tarixdə poçt vasitəsi ilə həmin sənədləri almışdır. Məlum olmuşdur ki, cəmiyyətin məsul şəxsləri tərəfindən geri tarixə saxta və əsassız sənədlər tərtib edilmiş və həmin qanunsuz sənədlər əsasında xx.xx.2018ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərək işdən azad edilmişdir. Bununla da hüquqları kobud surətdə pozulmuşdur. Geri tarixə əsassız aktlar və məlumatlar tərtib edilərək cəmiyyətin direktorunun 09 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə ona guya xəbərdarlıq edilmiş və töhmət verilmiş, sonradan 10 saylı, xx.xx.2018-ci il tarixli əmrlə guya ona yenidən xəbərdarlıq edilmiş və şiddətli töhmət verilmişdir. Kağız üzərində qurulmuş ssenari davam etdirilmiş, işəgötürənin 81k saylı, xx.xx.2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən bir ay müddətinə baxılır. Məhkəmə işə bir ilə yaxın müddətdə baxaraq açıq-aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə prosesində onun əmək müqaviləsində işəgötürən tərəfindən birtərəfli dəyişikliyin aparıldığını, müqavilənin dəyişiklik hissəsində onun əvəzinə başqası tərəfindən saxta imza çəkildiyini bildirsə də, bunun müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Sonradan cavabdehdən həmin əmək müqaviləsinin əsli götürüldükdə ona təqdim edilmiş müqavilənin saxta olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında işəgötürənin onu arxa tarixə birtərəfli qaydada başqa işə keçirdiyi öz təsdiqini tapsa da, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində hər iki əmək müqaviləsinə istinad etmişdir. Məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı fərziyyələri həqiqətə uyğun deyildir. Əvvəla, cavabdeh müddətin ötürülməsi ilə bağlı ərizə verməmişdir. O isə iddia ərizəsində pozulmuş hüquqlarının məlum olması tarixi barədə məhkəməyə dəqiq məlumat vermişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin ”ç” bəndinə istinad etmişdir. Bununla da məhkəmə qətnaməni əsaslandırılmış hesab edərək yekun nəticəyə gəlmişdir. Qətnaməyə əsasən sanki işəgötürən istədiyi vaxt, istədiyi işçini bu norma ilə işdən çıxara bilər. Məhkəmə tərəfindən işdə olan sənədlərə və təqdim edilmiş faktlara heç bir hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən iş günləri barədə tərtib edilmiş aktlara əsasən guya o, xx xxxx 2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək işdə olmamışdır. Ancaq əmək müqaviləsinə işçinin əmək funksiyası və əmək vəzifələrini kobud şəkildə pozduğu əsası ilə xitam verilmişdir. Əmrdən aydın olur ki, o, həm əmək funksiyasını, həm də əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bunun üçün isə ən azından işçi iş yerində olmalı idi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini aşkar surətdə pozmuşdur. Belə ki, hakim bu halda iddia tələbindən kənara çıxaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin ikinci hissəsinə əsasən qanunda göstərilən müstəsna hala istinad edərək işəgötürənin 81k saylı, xx.xx.2018-ci il tarixli əmrinin etibarsızlığı məsələsinə baxmalı olduğu halda, bunu etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini də nəzərə almamışdır. İşəgötürən tərəfindən verilmiş 81k saylı, xx.xx.2018-ci il tarixli əmrdə müəssisənin hüquqi ünvanı və işəgötürənin adı və atasının adı göstərilməmişdir. Əlbəttə bunu texniki qüsur kimi hesab etmək olar. Ancaq həmin əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər sırasında ancaq baş mühəndisin məlumatı göstərilmiş, yerli həmkarlar komitəsinin razılığına istinad edilməmişdir. Artıq bu hüquqi faktdır və məhkəmə tərəfindən mütləq hüquqi qiymət verilməli idi. Belə ki, həmkarlar komitəsinin razılığı sonradan tərtib edildiyi üçün həmin sənədlər sırasında göstərilməmişdir. Razılığın alınıb əmrdə göstərilmədiyi halda, məhkəmə müstəsna hüququndan istifadə edib işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadığı üçün əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 81k saylı, 2018-ci il tarixli əmirinin ləğvi barədə qətnamə çıxarmalı idi. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən–son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin həmin hissədə maddi hüquq normalarının tələblərini pozmasına, iddiaçıya töhmət verilmə, şiddətli töhmət verilmə, eləcə də iddiaçının əmək müqaviləsinə xitam verilmə barədə cavabdehin əmrlərinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanmaqla vəzifəyə bərpa olunması, dəymiş mənəvi zərərə görə 1000 manat pulun tutulması, əmək müqaviləsində aparılmış birtərəfli qeydin etibarsız hesab edilməsi tələblərinin təmin edilməməsi hissələrində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmasına, həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması hallarının müəyyən edilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı qismən-iddiaçıya son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinin təmin olunmaması hissəsində yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən həmin hissədə maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 33 saylı, xx xxxxxx 2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Azəriyolservis” açıq səhmdar cəmiyyətinin “4 saylı ixtisaslaşdırılmış müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətinə (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti) iş icraçısı vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan “Azəriyolservis” açıq səhmdar cəmiyyətinin “4 saylı ixtisaslaşdırılmış müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti üzrə 04K saylı, xx xxxxxx 2016-cı il tarixli əmrin surətindən görünür ki, İddiaçı ali təhsili olmadığı və iş icraçısı vəzifəsinin görə biləcəyi işlərin öhdəsindən gələ bilmədiyi üçün yol ustası vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı yol ustası vəzifəsinə keçirilməsinə dair bildiriş xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti üzrə 81K saylı, xx xxxx 2018-ci il tarixli əmrin surətindən görünür ki, yol ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx xxxx 2018-ci il tarixdən xitam verilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini əmək haqqının yenidən hesablanaraq yaranmış fərqin cavabdeh tərəfindən ödənilməsi hissəsini təmin etməyərkən iddiaçının bu barədə hüquqlarının xx xxxxxx 2016-cı il tarixdən pozulduğunu bilsə də, qanunla nəzərdə tutulan bir illlik müddətdə deyil, iddia müddətini ötürməklə xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etməsinə, iddiaçının dəyişikliyə uyğun xx xxxxxx 2016-cı il tarixdən faktiki olaraq yol ustası vəzifəsini icra etməsinə, həmin vəzifənin aylıq əmək haqqını almasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49 və 296-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş müddətlər xüsusi iddia müddətləridir və fərdi əmək mübahisələrinin həllinə tətbiq olunan iddia müddətlərini müəyyən edir. Azərbaycan Respublikası MM-nin 373.5-ci maddəsinə görə bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti hazırki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəyə iddia müddətini tətbiq etməsi qanunsuzdur. Birinci instansiya məhkəməsi iddia tələbini əmək haqqının yenidən hesablanaraq yaranmış fərqin cavabdeh tərəfindən ödənilməsi hissəsini təmin etməyərkən həm də iddiaçının dəyişikliyə uyğun xx xxxxxx 2016-cı il tarixdən faktiki olaraq yol ustası vəzifəsini icra etməsinə, həmin vəzifənin aylıq əmək haqqını almasına istinad etmiş etmiş və bunu əmək müqaviləsinin bağlanması kimi qiymətləndirmişdir. İşdən görünür ki, “Azəriyolservis” açıq səhmdar cəmiyyətinin “4 saylı ixtisaslaşdırılmış müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti üzrə 04K saylı, xx xxxxxx 2016-cı il tarixli əmrlə İddiaçı yol ustası vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə 27 dekabr xx.xx.2013-cü il tarixdə edilmiş dəyişikliklərlə qanunverici işçinin faktik olaraq işə başlaması ilə əmək müqaviləsinin bağlanmış hesab olunması təcrübəsindən imtina etmiş və əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsini birbaşa müvafiq bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından asılı etmişdir. Qanunun mənasına görə tərəflər arasında əmək müqaviləsinə edilmiş dəyişiklik bununla bağlı bildirişin elektron informasiya sistemində qeydiyyata alınmasınadək qüvvəyə minmir və işçi ilə işəgötürən arasında münasibətlər, o cümlədən əmək haqqının ödənilməsi həmin sistemdə mövcud şəkildə vəziyyətə uyğun tənzimlənir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əmək münasibətlərinin qeydə alınmamış, lakin faktiki mövcud olan vəziyyətə istinad edərək qətnamə qəbul etməsi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-215/2019 saylı qətnaməsi son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsinə dair hissədə ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilsin. xx xxxx 2018-ci il tarixdən əvvəlki bir il müddət üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin yol ustasının əmək haqqı ilə iş icraçısının əmək haqqı arasında olan fərq hesablanaraq cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar