Məhkəmə qərarları › İş №2(105)-2617/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2617/2020

07.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2617/2020 07.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X14 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı X11 nümayəndəsi X15, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1117/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1117/2019 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın alınmasına maneçiliyin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia təmin edilib, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamə əsasında mülkiyyətinə verilməli olan 0,11 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın alınmasına Cavabdeh törətdiyi maneənin aradan qaldırılması və Cavabdeh Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1117/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışdır ki, Quba rayon X5 xx.xx.1997-ci il tarixli 14 saylı qərarı əsasında ona mərhum anası X2 və digər ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN 557F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, İİ Nügədi kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. X6 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinə anasının vərəsəsi kimi ona xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin 0,11 ha həyətyanı torpaq sahəsinə onların da paylarının olduğunu bildirməklə torpaq sahəsindən istifadələrinə maneələr törədir. Torpaq sahəsinə mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınmasına dair Dövlət reyestrindən Çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24 müraciət etmiş, lakin Çıxarışın alınması üçün yerində baxış zamanı cavabdeh maneələr yaratdığından torpaq sahəsinə müayinə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 xx xxxxxx 2019-cu il tarixli, **********48 nömrəli məktubu ilə ərizənin icrasından imtina olunaraq geri qaytarılmışdır. Ona görə də, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamə əsasında onun mülkiyyətinə verilməli olan 0,11 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın alınmasına maneələrinin aradan qaldırılması və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinin və prosessual qanunverciliyin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X15 apelyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı mərhum anasından miras qalmış Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,11 ha torpaq sahəsinə Çıxarış almaq istəmiş, lakin Cavabdeh tərəfindən yaradılmış maneə nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışın və müvafiq sənədlərin hazırlanması mümkün olmamışdır. Ona görə də cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və sonuncunun torpaq sahəsindən çıxarılmasını tələb edir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 557F KOD 30319018 saylı Şəhadətnamədən görünür ki, Quba rayon X5 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə X7, İddiaçı, X15, X18, X19 və X12 mülkiyyətinə Quba rayonu, İİ Nügədi kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, İddiaçı anasının vərəsəsi kimi tanınmışdır. Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı (ümumi sahəsi 102,2 kv.m , yaşayış sahəsi 61,2 kv.m )yaşayış evinin ½ hissəsi şəxsi mülkiyyət hüququ əsasında Quba rayon notariat kontorunun xx xxxx 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına xx xxxx 2001-ci il tarixdə 2 nömrəli reyestr kitabında 438a reyestr nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********48 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlkaın yerində baxışı zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınması ilə müraciət edilmiş torpaq sahəsi ilə bağlı qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün, dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-237/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı “çıxarışın verilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, xx xxxx 1989-cu il tarixdə ölmüş vətəndaş X13 vərəsəsi X8 Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 102,2 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan yaşayış evi ilə bağlı 2B-62 nömrə ilə reyestrdə qeyd edilmiş, xx xxxx 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin ev irs qoyana Quba rayon İHB-nin xx xxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur. Həmçinin qeyd olunan qətnamə ilə müəyyən edilir ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 102,2 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan fərdi yaşayış evi X16 xx xxx 1990-cı il tarixdə 438 nömrə ilə reyestrdə qeydə alınmış qeydiyyat vəsiqəsi üzrə Quba rayon XDS İcraiyyə Komitəsinin 77 nömrəli, xx xxxxx 1988-ci il tarixli qərarı əsasında məxsus olmuşdur. X20 xx xxxx 1989-cu il tarixdə vəfat etmişdir. X13 arvadı X9 qeyd edilən fərdi yaşayış evinin özünə aid hissəsini, yəni birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsini nəvəsi X8 vəsiyyət etmiş və qeyd edilən vəsiyyətnamə notarial qaydada təsdiq edilmişdir. X9 xx xxxxxx 2000-ci il tarixdə vəfat etmiş və nənəsinin ölümündən sonra X17 ondan miras qalmış əmlakı rəsmi olaraq qəbul etmiş və bununla bağlı adına Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 102,2 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan yaşayış evi ilə bağlı 2B-62 nömrə ilə reyestrdə qeyd edilmiş, xx xxxx 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə alınarkən X1 birinci növbəli vərəsələri üzrə məlumat Quba rayon Dövlət Notariat Kontoruna təqdim edilmişdir. Qeyd olunan şəhadətnamə üzrə Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı (ümumi sahəsi 102,2 kv.m , yaşayış sahəsi 61,2 kv.m )yaşayış evinin ½ hissəsinə şəxsi mülkiyyət hüququ əsasında X3 adına xx xxxx 2001-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda torpağın mülkiyyətə verilməsinə dair JN-557F KOD 30319018 saylı şəhadətnamə ilə Quba rayon X5 xx xxxx 1997-ci il tarixli, 14 saylı qərarı üzrə X6 və digər ailə üzvlərinə 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş və X1 ölümündən sonra qeyd olunan torpaq sahəsindən ona çatan hissəyə İddiaçı adına xx xxxxxxxx 2014-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin ümumi məzmununa görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mübahisə predmetinə çevrilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətə daxil olan torpaq sahəsi olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla işin faktiki halları ilə müəyyən olur ki, hazırki vəziyyətdə iddia tələbinin «Cavabdeh Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsindən çıxarılması» hissəsində təmin olunması Cavabdeh mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Ona görə də, iddia həmin hissədə təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsindən çıxarılsın» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1117/2019 saylı qətnaməsi qismən – «Cavabdeh Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsindən çıxarılsın» hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə – «İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamə əsasında mülkiyyətinə verilməli olan 0,11 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın alınmasına Cavabdeh törətdiyi maneə aradan qaldırılsın» hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Telman Məmmədov Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar