Məhkəmə qərarları › İş №2(105)-262/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-262/2024

29.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-262/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yol, gediş-gəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-610/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yol, gediş-gəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə 19 iyun 2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, qonşusu Cavabdeh onun evinə gedən yolların zəbt etdiyi hissələrindən çıxarılaraq özbaşına, qanunsuz çəpərlədiyi hissələr öz hesabına sökdürərək ona məxsus JN-005F KOD 30405028 nömrəli Şəhadətnamə sənədi üzrə təsbit edilmiş sərhədləri çərçivəsinə qaytarılmasını və məhkəmədə işə baxması üçün ödədiyi rüsumun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-610/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Cabbarov) iddia tələbi təmin edilməmişdir.

3. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə kollegiyasının araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemindən məlum olmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür.

5. Bundan sonra iddiaçının hüquqi varisi işə cəlb edilmişdir.

6. Növbəti apellyasiya baxışı zamanı iddiaçının hüquqi varisləri mərhumun həyat yoldaşı X6, oğlu X4, qızı X2 və oğlu X3 birgə qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına ərizə təqdim edərək iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

9. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi 122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. (...)

10. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

11. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)

12. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)

13. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

14. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının hüquqi varisləri iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək göstərmişlər ki, cavabdehlə barışıq elan etmişlər, cavabdehə qarşı hər hansı tələb qalmamışdır. Ona görə də, iddia tələbindən imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

17. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçıların hüquqi varislərinin iddia tələbindən tam və ya qismən imtina edilməsi üçün səlahiyyəti olduğundan, iddiadan imtina qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir.

18. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı tərəf iddia tələbindən imtina etdiyindən və iddiadan imtina etmə qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-610/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddia tələbindən imtina qəbul edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-610/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar