Məhkəmə qərarları › İş №2(105)-2620/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2620/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2620/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1753/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1753/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1753/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı Cavabdeh ilə 10 sentyabr 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 16 yanvar 2008-ci il təvəllüdlü Natiq, 07 aprel 2009-cu il təvəllüdlü Həsən oğlu, 05 mart 2010-cu il təvəllüdlü Fatimə qızı və 16 aprel 2011-ci il təvəllüdlü Anar adlı uşaqlar doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 2(012)-3409/2018 saylı qətnaməsi ilə nikahları ppzulmuş, birgə nikahdan olan uşaqlar Cavabdeh himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 75 manat olmaqla, cəmi 300 manat alimentin iddiaçıdan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq iddiaçının X1nın mülkiyyətində olmuşdur və ev 04.07.2003-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətində anasının adına qeydiyyatdan keçmişdir. X1 evi 19.11.2018-ci il tarixində Abşeron rayonu, 1 saylı Notariat Ofisində bağışlanma müqaviləsi əsasında iddiaçıya bağışlamışdır və həmin mənzilə dair ona Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən 18.12.2018-ci il tarixdə **********12-10301 reyester nömrəli çıxarış verilmişdir. Sonra cavabdehlə aralarında nikah pozularaq uşaqların cavabdehlə birlikdə qalması məsələsi məhkəmə qətnaməsi ilə müəyyən edildikdə iddiaçı uşaqların mənzil şəraitini təmin etmək məqsədi ilə anası tərəfindən ona bağışlanmış evi 20.05.2020-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat kontorunda 4 Ə-1107 reyester nömrəli bağışlanma müqaviləsi əsasında Cavabdeh bağışlamışdır və bağışlanma müqaviləsi əsasında cavabdehə 03.06.2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış verilmişdir. Cavabdeh uzun müddət övladları ilə həmin mənzildə yaşamış və iddiaçı hər ay uşaqlar üçün müəyyən edilmiş alimenti cavabdehə ödəyərək hər ay uşaqları ilə görüşürmüş. Bir müddət sonra uşaqlarla görüşərkən uşaqlar cavabdehin həmin mənzildə digər bir şəxslə yaşadığını iddiaçıya bildirdilər və o bu barədə cavabdehlə danışan zaman o iddiaçıya başqa bir şəxslə yaşadığını və həmin şəxslə ailə quracağını deyərək uşaqları onun himayəsinə verməklə ona verdiyi 22.05.2019- cu il tarixdə Abşeron rayonu 1 saylı Notariat kontorunda 4 Ə-1107 reyester nömrəli bağışlanma müqaviləsinin ləğv edilərək evi ona qaytarmağını bildirdi və aralarında olan razılaşma əsasında cavabdeh 26.01.2021 -ci il tarixində Abşeron rayon 1 saylı notariat ofisində ərizə yazaraq bağışlanma müqaviləsini ləğv etdirdi və mənzil elə həmin andan iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən qeydiyyatdan keçdi. Bundan əlavə də uşaqlar cavabdeh tərəfindən iddiaçının himayəsinə verildi və hal- hazıradək də uşaqlar həmin evdə yaşayırlar. Uşaqların məhkəmə qətnaməsi əsasında yetkinlik yaşına çatanadək himayəsinə verilməsi barədə iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsində iddia qaldırılmışdır və işin baxılması hal-hazırda məhkəmədə davam edir. Cavabdeh qeyd olunan mənzilin bağışlanma müqaviləsindən imtina etdikdən sonra 1 ay müddətində mənzili boşaldaraq yeni ailə quracağı adamla birlikdə Zərdab rayonuna köçəcəyini iddiaçıya dedi, lakin cavabdeh götürdüyü öhdəliyi icra etməyərək özü Zərdab rayonuna köçərək orada yaşasa da, mənzildən çıxmaq istəmir və nəticədə iddiaçı mülkiyyətində olan mənzilindən cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir, buna baxmayaraq məhkəmə işin faktiki hallarını araşdırmadan evin cavabdehə bağışlanmasına dair müqavilənin 26.01.2021-ci il tarixində ləğv edilərək iddiaçının adına DƏDRX-dən qeydiyyatdan keçməsini müəyyən etmədən əsassız olaraq mənzilin DƏDRX-də cavabdehin adına olması və bu səbəbdən iddia ərizəsinin əsassız olması qənatinə gələrək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddia ərizəsini təmin etməməkdə əsas kimi evin 20.05.2019-cu il tarixdə Abşeron rayonu 1 saylı Notariat Ofısnidə 4 Ə-1107 reyester nömrəli bağışlanma müqaviləsi əsasında Cavabdeh bağışladığını və bağışlanma müqaviləsi əsasında cavabdehə 03.06.2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış verilərək həmin mənzilin hal-hazıradək Cavabdeh mülkiyyətində olduğunu göstərərək iddia ərizəsini rədd etmişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ev Abşeron rayonu 1 saylı notariat ofisində 20.05.2019-cu ildə 4 Ə-1107 reyester nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin ləğvi barədə müvafiq qeydiyyat aparılması ilə əlaqədar 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş Abşeron rayon 1 saylı Notariat Ofisinin 3M-82 saylı 26 yanvar 2021-ci il tarixli saziş nəzərə alınmışdır, Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli arayışında qeyd olunanlar həmin mənzilə dair iddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış bağışlanma müqaviləsi ləğv edilərək 26.01.2021-ci il tarixdən həmin fərdi yaşayış evi iddiaçının adına DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsnidən qeydiyyatdan keçərək onun mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)- 1753/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 29,1 kvadratmetr olan Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı ev ********** qeydiyyat nömrəsi ilə, 18.12.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 115 saylı arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evdə İddiaçı ilə birlikdə X8, X9, X7, X11 və Cavabdeh da qeydiyyatdadırlar. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, keçmiş Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X4 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 04.07.2003-cü il tarixdə 29459 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. (Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 08/08 saylı 29.01.1988-ci il tarixli qərarına əsasən) X2 həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 19.11.2018-ci il tarixli, 4Ə3257 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin İddiaçı həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 20.05.2019-cu il tarixli, 4Ə-1107 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03.06.2019-cu il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal- hazırda mülkiyyətindədir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(012)- 3409/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nərimanov VVADQ şöbəsində 10 sentyabr 200r5-ci ildə bağlanmış 622 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan övladları 16.01.2008-ci il təvəllüdlü X8, 07.04.2009-cu il təvəllüdlü X9, 25.03.2010-cu il təvəllüdlü X7 və 16.04.2011ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalması və uşaqlarının saxlanması üçün hər ay hər uşağa 75 manat olmaqla 4 uşağa 300 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində X4 adına mülkiyyət hüququna dair 04.07.2003-cü il tarixdə 29459 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilməsi, Tavat Qafarovanın həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 19.11.2018-ci il tarixli, 4Ə-3257 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlaması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınması, İddiaçı isə həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 20.05.2019-cu il tarixli, 4Ə-1107 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh bağışlaması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03.06.2019-cu il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınması və hal- hazırda həmin fərdi yaşayış evinin Cavabdeh xüsusi mülkiyyətində olması qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün işi tam araşdırmamış, mübahisəli mənzilin cavabdehə bağışlanmasına dair müqavilənin ləğv edilməsi iddiaçı tərəfindən bildirilsə də bu halı araşdırmamış, buna dair notariat ofisinə sorğu göndərməmiş, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 adına mülkiyyət hüququna dair 04.07.2003-cü il tarixdə 29459 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, Tavat Qafarovanın həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 19.11.2018-ci il tarixli, 4Ə-3257 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış, İddiaçı isə həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 20.05.2019-cu il tarixli, 4Ə-1107 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. Bundan sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03.06.2019-cu il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 17.05.2021-ci il tarixli, **********6 saylı məktubundan görünür ki, Abşeron rayonu 1 saylı Notariat Ofisində 20.05.2019-cu il tarixdə 4Ə-1107 nəmrə ilə qeydə alınmış bağışlanma müqaviləsinin ləğvi barədə müvafiq qeydiyyat aparılması ilə əlaqədar 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuş Abşeron rayonu 1 saylı Notariat Ofisinin 3M-82 saylı, 26 yanvar 2021-ci il tarixli saziş nəzərə alınmışdır. Göründüyü kimi, mübahisəli Xırdalan şəhəri, 20 Yanvar küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh bağılaşmasına dair 20.05.2019-cu il tarixli, 4Ə- 1107 reyestr nömrəli bağışlanma müqaviləsi Abşeron rayonu 1 saylı Notariat Ofisinin 3M- 82 saylı, 26 yanvar 2021-ci il tarixli sazişi ilə ləğv edilmişdir. Mübahisəli mübahisəli Xırdalan şəhəri, 20 Yanvar küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun kimə məxsus olması barədə verilmiş sorğudan görünür ki, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, ev 1 ünvanında yerləşən fərdi İddiaçı mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli evin Cavabdeh bağılaşmasına dair 20.05.2019-cu il tarixli, 4Ə-1107 reyestr nömrəli bağışlanma müqaviləsi ləğv edilmiş və mənzil hazırki gündə İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 2005-ci il tarixində nikah münasibətlərinə girmiş, həmin zaman mübahisəli mənzil iddiaçının X1nın mülkiyyətində olmuşdur. Fərdi yaşayış evi Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 19.11.2018-ci il tarixli, 4Ə-3257 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmış və İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla da tərəflər arasında mübahisəli mənzilə dair hüquq münasibətlər 18.12.2018-ci il tarixdə yaranmışdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında nikah münasibətləri Abşeron Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş materialları ilə müəyyən edilir ki, cavabdeh birgə nikahdan olan övladlarını iddiaçının himayəsinə vermiş və başqa bir şəxslə nikah münasibətlərinə daxil olması üçün evdən çıxmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə də əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nikah 15.10.2018-ci il tarixdə pozulduğundan Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Bununla da müəyyən edilir ki, cavabdeh mübahisəli evdə qeydiyyatda olsa da hazırda həmin evdə yaşamır və iddiaçı olan mülkiyyətçi ilə hər hansı ailə münasibətləri yoxdur. Mövcud qanunvericiliyə görə yaşayış sahəsindən istifadə hüququnun saxlanmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı ilə cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçının ailə üzvləri sırasına daxil deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından da hazırki işdə cavabdehlərin iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əssən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə görə hər kəsin mülkiyyət hüuququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hazırki işdən müəyyən edilir ki, iş üzrə cavabdeh iddiaçının ailə üvləri deyil, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər deyillər, mübahisəli fərdi yaşayış evində yaşamır. Onun fərdi yaşayış evində qeydiyyatda olması iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Belə olan halda iddiaçının iddiası əsaslıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməli, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1753/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evinə istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1753/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evinə istifadə hüququna xitam verilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar