Məhkəmə qərarları › İş №2(105)-2629/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2629/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2629/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixlii qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi, 7 saylı evin 26 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi, 7 saylı evin 26 nömrəli mənzil ona "xxxx" MMC yaşayış kompleksi tərəfindən verilmiş, Abşeron rayon İH Başçısı tərəfindən verilmiş 09 iyul 2013-cü il tarixli 2724 nömrəli mənzilə dair ona order verilmişdir. Onunla Cavabdeh arasında bağlanmış, 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən qeydə alınmış 21 dekabr 2016-cı il tarixli, 3M-1068 reyestr saylı ilkin alqı-satqı müqaviləsi əsasında Saziş imzalanmışdır. Həmin Sazişə görə ona "xxxx" MMC yaşayış kompleksi tərəfindən 27.06.2013-cü il tarixdə təqdim edilmiş 6-cı mərtəbə 1-ci blok, 2 otaqdan ibarət Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində yerləşən 7 saylı evin ümumi sahəsi 73,6 kv.metrdən ibarət 26 nömrəli mənzili 60.000 manata cavabdehə satmış, Cavabdeh ilkin olaraq 30000 manat pulu nağd şəkildə verməyi, qalan pulu isə 31.05.2017-ci il tarixə qədər hissə-hissə ödəməyi, o isə öz növbəsində qeyd edilən mənzili boşaltmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh 21 dekabr 2016-cı il tarixli 43 saylı müqavilənin icrasından yayınır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə onunla əsaslandırılmışdır ki, ilkin alqı-satqı müqaviləsi ləğv edilməmiş və cavabdeh də həmin məbləği ödəməyə hazırdır. Məhkəmə iclasları keçirilərkən məhkəmə araşdırmasında müəyyən olunmuşdur ki, cavabdeh ilkin müqavilədə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və ödəməli olduğu 30.000 manatdan cəmi 14.014,99 manat ödəmiş, 13.719,9 manat hələ də borclu qalmışdır. Məhkəmənin qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(012)-442/2020 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, cavabdeh tərəfindən tərəflər arasında müqavilənin şərtlərinin pozulmamasına və hazırda qüvvədə olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Abşeron rayon İH Başçısının 09 iyul 2013-cü il tarixli 2724 nömrəli orderin surətindən müəyyən olunur ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2-ci blok 2 otaqdan ibarət 115 nömrəli mənzilə yiyələnmək hüquqi verilmişdir. İş materiallarında olan Masazır kəndi İstiqlaliyyət küçəsi, 7 saylı evin 26 nömrəli mənzili onun ilə Cavabdeh arasında bağlanmış, 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən qeydə alınmış 21 dekabr 2016-cı il tarixli, 3M-1068 reyestr saylı ilkin alqı-satqı müqaviləsi əsasında 60.000 manata sonuncuya satdığını, Cavabdeh ilkin olaraq 30000 manat pulu nağd şəkildə verməyi, qalan pulu isə 31.05.2017-ci il tarixə qədər hissəhissə ödəməyi, iddiaçı isə öz növbəsində qeyd edilən mənzili boşaltmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia edir ki, razılaşdırılmış məbləğdən qalan 30.000 manat məbləğində pul cavabdeh tərəfindən ona ödənilməmişdir. Bu hissədə cavabdehin izahatına əsasən qalan məbləğdə pul hissə-hissə iddiaçının razılıgına əsasən Qara müəllimə və İlqar müəllimə ödənməli idi. Həmin pulun verilməsi məhkəmə prosesi zamanı şahid qismində dindirilən həmin şəxslər bunları etiraf etmişlər. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təstiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təstiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə kollegiyası onu qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər lazımi qaydada təstiq edilməmişdir. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. (Mülki Məcəllənin 402.1., 402.3. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmamışdır, İddiaçı müqavilənin şərtlərini pozaraq alqı-satqı müqaviləsinin bağlanmasını boyun qaçırdıgı üçün cavabdeh alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra İddiaçı mənzildən çıxarılması barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə prosesi zamanı Cavabdeh bildirdi ki. Hazırda iddiaçıya 9000 minə yaxın borcu qalmışdır və həmin pulu ödəməyə hər vaxt hazırdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 11 fevral 2020-ci il tarixli 2(012)-442/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar