Məhkəmə qərarları › İş №2(105)-2631/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2631/2021

06.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2631/2021 06.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1231/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin rəisi V.Hüseynovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1231/2021 saylı qətnaməsi ilə (hakim S.A.Səmədzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia təmin edilib, X7 İdarəsinin 16.12.2020-ci il tarixli, 56-K saylı və 15.01.2021-ci il tarixli, 01-K saylı əmrləri ləğv olunmuş, İddiaçı Şabran Rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə bərpa olunması və İddiaçı məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin rəisi V.Hüseynov apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1231/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 idarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, X7 İdarəsinin 16.12.2020-ci il tarixli, 56-K saylı və 15.01.2021-ci il tarixli, 01-K saylı əmrlərin ləğv edilərək, öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin 21 yanvar tarixində Şabran Rayon Mədəniyyət və Turizm şöbəsinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2017-ci ilin yanvar ayından Şabran Rayon Mədəniyyət Mərkəzi X7 İdarəsinin tabeçiliyinə verilmişdir. Yeni Azərbaycan Partiyasının Şabran rayon Mədəniyyət işçiləri təşkilatının sədridir. Rəhbərlik tərəfindən qarşıya qoyulan bütün tələbləri vaxtında və qüsursuz yerinə yetirmişdir. Əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. Kollektivin bütün əməkdaşları ilə qarşılıqlı etmad və səmimi münasibətləri olmuşdur. Rayon rəhbərliyi tərəfindən xidmətləri yüksək qiymətləndirilmişdir. 15 oktyabr 2020-ci il tarixində Şabran Rayon Mədəniyyət Mərkəzində mədəni təşkilatçı vəzifəsində işləyən X6 onun iş otağında, şər atmaq məqsədilə əvvəlcədən planlaşdırdığı təxribat əməli törətmişdir. Münaqişələrə meyilli olan X3 məqsədyönlü şəkildə ona şər atması Şabran Rayon Məhkəməsinin 3(031)-432/2015 saylı, 20.11.2020-ci il tarixli X13 iş üzrə qərarı ilə əlaqədardır. Belə ki, X6 iş yoldaşı X4 nalayiq sözlərlə təhqir etdiyinə və onu döyərək xəsarət yetirdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin araşdırma materiallarında onun da izahatı olduğuna görə X6 ən müxtəlif səbəblərdən münaqişələr yaradır. Ülviyyənin 15 oktyabr 2020-ci il tarixində onun iş otağında əvvəlcədən planlaşdırdığı hərəkətlər də həmin riyakar niiyyətlərinin tərkib hissəsidir. X1 uydurduğu cəfəngiyyata əsasən Şabran Rayon Məhkəməsi onu 23.11.2020-ci il tarixli, 3(031)- 514/2020 saylı qərarı ilə inzibati cərimə etmişdir. Verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 12.02.2021-ci il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Şabran Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 3(031 )-514/2020 saylı qərarı qanuni qüvvəyə minməmiş, X7 İdarəsinin rəisi Nazim Ağayev məhkəmə qərarını əsas tutaraq, 16.12.2020-ci il tarixli, 56-K saylı əmrlə ona şiddətli töhmət vermişdir. Şabran Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 3(031 )514/2020 saylı qərarından verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəsində inzibati xəta üzrə 3(105)-643/2020 saylı iş icraatda olarkən, X7 İdarəsinin rəisi Nazim Ağayev təkrar eyni əsaslarla, 15.01.2021-ci il tarixli, 01K saylı əmrlə onu qanunsuz olaraq işdən azad etmişdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarında, qanunların tələbləri bır dəfə pozmuş şəxsləri eyni əsaslarla bir neçə dəfə məsuliyyətə cəlb edilməsi qadağan edilmişdir. Mütəmadi münaqişə obyekti olan X6 barəsində qanuni tədbir görülməsi üçün dəfələrlə tərəfindən əsaslandırılmış təqdimatla X7 İdarəsinə müraciət etsə də, rəis X10 münaqişəli adam olmasını və ona başağrısı gətirəcəyini əsas gətirərək kollektivdə müzakirədən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin rəisi V.Hüseynov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 21 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin nümayəndəsi E.İ.Məhərəmov apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məkəməsi iddia ərizəsini təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin rəisi Nazim Ağayevin 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmrin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Şabran rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Ülviyyə Məmmədovanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə yazdığı şikayət məktubu araşdırılarkən məlum olmuşdur ki, İddiaçı ilə onun arasında mübahisə baş vermiş və nəticədə o, İddiaçı tərəfindən təhqir olunmuş və yüngül xəsarət almışdır. Baş verən hadisə ilə əlaqədar Ü.Məmmədova rayon polis şöbəsinə, prokurorluğa, məhkəməyə şikayət etmiş, nəticədə İddiaçı 300(üç yüz) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda İddiaçı şəhid ailəsinin üzvü, öhdəsində azyaşlı uşağı olan mərkəzin fəhləsi Təhminə Bəylərovaya oktyabr, noyabr aylarında əmək haqqı yazmamış və israrla onun işə çıxmasını tələb etmişdir. Bununla bağlı, X5 Nazirliyinə və Regional İdarəyə müraciət etdikdən sonra bu vəziyyət aradan qaldırılmış, onun əmək haqqısı ödənilmişdir. Nəzərə alsaq ki, bu məsələ pandemiya dövründə baş verir İddiaçı müəssisə rəhbəri kimi necə ciddi nöqsanlara yol verdiyi aşkar olunur. Qeyd olunanlara əsasən əmrin nəticə hissəsinə görə İddiaçı sonuncu xəbərdarlıq edilərək şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarında olan məlumatlara əsasən İddiaçı ilə Ülviyyə Məmmədova arasında baş vermiş insident 15 oktyabr 2020-ci il tarixdə baş versə də, bununla bağlı intizam tənbehi İddiaçı iki ay sonra verilmişdir. Bundan başqa, əmrin əsaslandırıcı hissəsindən də göründüyü kimi, İddiaçı barəsində inzibati xətanın törədilməsi haqqında məhkəmə qərarı qanuni qüvvəyə minməmiş, ona həmin əsaslarla intizam tənbehi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X13 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X13 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 04 may 2021-ci il tarixli, 3(105)-256/2021 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-ni 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Şabran Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(031)-121/2021 saylı qərarı ləğv edilmiş və İddiaçı barəsində AR İXM-nin 157-ci maddəsi ilə başlanmış X13 iş üzrə icraata xitam verilmişdir. Əmrin əsaslandırıcı hissəsinin ikinci bəndinə, yəni Təhminə Bəylərovaya münasibətdə olan hissəsinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, işəgötürən ümumiyyətlə heç bir əsas gətirmədən İddiaçı bu hal üzrə intizam tənbehi vermişdir. Qeyd olunan əmr Təhminə Bəylərovaya münasibətdə olan hissəsində yalnız bir formal cümlə ilə “Nəzərə alsaq ki, bu məsələ pandemiya dövründə baş verir İddiaçı müəssisə rəhbəri kimi necə ciddi nöqsanlara yol verdiyi aşkar olunur” əsaslandırılır. İddiaçı Təhminə Bəylərovaya münasibətdə konkret olaraq Əmək Məcəlləsinin hansı normasının və ya vəzifə təlimatının hansı bəndinin pozulmasına istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. X7 İdarəsinin rəisi Nazim Ağayevin 15 yanvar 2021-ci il tarixli, 01-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd olunan əmr o əsasla verilib ki, İddiaçı ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı barəsində olan birinci əmr qanunsuz və əsassız olması səbəbindən ləğv edilməli olduğu üçün, 15 yanvar 2021-ci il tarixli, 01-K saylı əmr də hüquqi qüvvəsini itirmiş olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 22 nömrəli xasiyyətnamədən görünür ki, İddiaçı uzun illər Şabran (keçmiş Dəvəçi) rayonunda bir sıra işlərdə, o cümlədən Partiya, Sovet, Komsomol orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Hansı sahədə çalışmasından asılı olmayaraq o, özünü daim işgüzar, bacarıqlı bir işçi kimi tanıtmış, verilən hər bir işin öhdəsindən peşəkarlıqla gəlmişdir. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan İddiaçı siyasi kompaniyalarda fəal iştirak edərək, dövlət siyasətinin həyata keçirilməsində daim fəallıqla və səylə çalışır. Rəhbərlik etdiyi mədəniyyət müəssisənin kollektivi rayon miqyaslı dövlət tədbirlərində daim fərqlənmiş, əhali tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. İddiaçı hal hazırda mədəniyyət işçiləri YAP təşkilatının sədridir. Onun işlədiyi kollektivdə və ictimaiyyət arasında xüsusi hörmətin nəticəsi olaraq YAP Şabran rayon təşkilatı qadınlar şurasının 9 üzvündən biri seçilmiş, iki dəfə YAP qadınlar şurasının qurultaylarının iştirakçısı olmuşdur. İddiaçınm ictimaisiyasi fəallığı daim yüksək qiymətləndirilmiş, o, Şabran Rayon İcra Hakimiyyətinin və YAP Şabran rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şabran Rayon Mədəniyyət və Turizm Şöbəsinin 142 saylı, 15 dekabr 2015ci il tarixli sənədin surətindən görünür ki, X6 2014-cü ildən Şəhər Mədəniyyət Sarayında müvəqqəti mədəni təşkilatçı işləyir. Son vaxtlar Ü.Məmmədovanın kollektiv üzvlərinə qarşı qeyri səmimi hərəkətləri başlamışdır. Özünə məxsus psixoloji durumu ilə daim işçilərə qarşı mənfi - aqressiv hərəkətlərə yol verərək, kollektivdə normal iş şəraitinin yaranmasına mane olmuşdur. Daim özünə aid olmayan işlərə qarışmaqla kollektivdə nüfuzsuz bir işçi kimi özünü göstərmişdir. İşçilər arasında yerli - yersiz mübahisələr yaratmış, əsəbi hərəkətləri ilə kollektiv üzvləri arasında psixoloji gərginliyin yaranmasına çalışmışdır. Bir neçə dəfə kollektiv üzvləri ilə birlikdə qəbul edilmiş, ona işdə sağlam mühitin yaradılması, kollektiv üzvləri arasında səmimi münasibətlərin formalaşması ilə bağlı tövsiyyələr verilmişdir. Ü.Məmmədovaya verilən tövsiyyələrdən nəinki lazımı nəticə çıxarmamış, əksinə iş yoldaşı ilə işçiyə yaraşmayan hərəkətlərə yol verərək hüquq normalarını kobud şəkildə pozmuşdur. 20 oktyabr 2015-ci il tarixdə Şəhər Mədəniyyət Sarayının metodisti D.Babayeva ilə Şəhər Mədəniyyət Sarayında Ü.Məmmədova arasında şəxsi mübahisə olmuş, mübahisə barədə məlumat vermək üçün D.Babayeva Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İddiaçı iş otağına gəlmiş. Ü.Məmmədova da dərhal həmin otağa daxil olaraq D.Babayevanı vuraraq ona xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı otaqda olan işçilər tərəfindən akt tərtib edilmişdir. D.Babayeva Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Rayon Polis şöbəsində işlə bağlı təhqiqat işlərinə başlanmış, X3 barəsində toplanmış materiallar tədbir görülmək üçün Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Ü.Məmmədova hüquq mühafizə orqanları tərəfndən onun haqqında ciddi cəza tədbirləri görüləcəyindən çəkinərək rayon Polis şöbəsinin və Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi barədə böhtan xarakterli ərizələrlə yuxarı orqanlara müraciət etmişdir. Toplanmış materiallar əsasında Azərbaycan Respublikası Prezident Administrasiyasına rayon İcra Hakimyyəti başçısı tərəfindən əsaslandırılmış cavab məktubu göndərilmişdir. Ü.Məmmədova təqdim etdiyi izahatında əsəbi olduğunu, hərəkətlərindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və hal-hazırda heç bir şikayəti olmadığını bildirmişdir. X7 İdarəsinin rəisi Nazim Ağayevin 13 yanvar 2021-ci il tarixli, 01-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 13 yanvar 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilib, müvəqqəti olaraq (analıq məzuniyyəti əvəzi) Şabran rayon X8 kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. İş materialları ilə müəyyən olur ki, həmin əmr ləğv olunmayıb, qüvvədə olduğu halda X7 İdarəsinin rəisi Nazim Ağayevin 15 yanvar 2021-ci il tarixli, 01-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdir. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqını Respublika Komitəsinin İddiaçı ünvanladığı 15 sentyabr 2021-ci il tarixli, 116 nömrəli məktubunda qeyd edilir ki, 15 yanvar 2021-ci il tarixli, 11 nömrəli MİHİ Şabran Rayon Komitəsi tərəfindən cavab məktubla onun işdən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan məsələ ilə bağlı MİHİ Şabran Rayon Komitəsi tərəfindən rəsmi iclas keçirilməyərək heç bir qərar çıxarılmamış və bununla da prosedur qaydaları pozularaq əmək qanunverciliyinin tələblərinə ciddi əməl edilməmişdir. MİHİ Şabran Rayon Komitəsinin sədri S.Məcidova işində buraxdığı nöqsanlara görə Komitə tərəfindən intizam məsuliyyətinə cəlb edilərək ona töhmət verilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, o, 2010-cu ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsində təşkilatçı işləyir. 2016-cı ildən İddiaçı ilə birgə işləyir və həmin vaxtdan sonuncu ilə münasibətləri yaxşı olmamışdır. Mütamadi olaraq işçilərin gözü qarşısında onun tərəfindən təhqir olunmuşdur. Sonuncu dəfə 15 oktyabr 2020-ci il tarixdə günorta işdə oturan zaman ondan niyə boş oturduğunu soruşmuş, iş vaxtı olduğunu bildirdikdə, onun üzərinə kağız ataraq yazı yazmağını bildirmişdir. Daha sonra isə qapını bağlamaq üçün idarəni tərk etməsini istəmişdir. Həmin vaxt işdən çıxmaq barədə ərizə yazmış, lakin ərizəni cıraraq üstünə atmış, yuxarı mərtəbəyə çıxarkən onu itələmiş, lakin müvazinətini saxlaya bildiyi üçün yıxılmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib,işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamə qanuni və əsaslı olub,ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin rəisi V.Hüseynov apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X7 İdarəsinin rəisi V.Hüseynovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1231/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar