Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2639/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1157/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1157/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. (hakim İ.Xəlilov) İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq övladları-20 oktyabr 2006-ci il təvəllüdlü X6 və 28 aprel 2010-cu il təvəllüdlü X7 oglu ilə birlikdə cavabdehlərə məxsus Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 2005-ci ildə faktiki olaraq ailə qurmuşlar və nikahları 04.02.2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 20 oktyabr 2006-ci il tarixdə X6 və 28 aprel 2010-cu il tarixdə X7 oglu anadan olmuşdur. O, bir ailə üzvü kimi cavabdehlər tərəfindən 2005-ci ildə Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüş və həmin vaxtdan da cavabdehlərlə birlikdə yaşamaqla təsərrüfatı aparmış, faktiki olaraq evdən istifadə etmiş və bu yaşayış sahəsi onun daimi yaşayış yeri olmuşdur. Hətta həmin fərdi yaşayış evinin həyətində yerləşən, 3 sot sahəsi olan torpaq sahəsində onlar fərdi yaşayış evinin tikintisi qərarına gəlmişlər və onun valideynləri həmin torpaq sahəsinin üç tərəfdən hasara alınması və əlavə olaraq evin tikintisi üçün kubik daşlar və sement almışlar, tikili 5 daş hündürlüyündə qaldırılmışdır və sonradan yarımçıq qalmışdır. 2020-ci ilin iyul ayında onu və uşaqlarını evdən çıxarmışlar. Qeyd olunmalıdır ki, cavabdehlə ailə qurduqdan sonra onun şəxsi həyatında dəyişiklik baş vermiş və cavabdehlər tərəfindən daimi yaşayış yeri ilə təmin edilmişdir. Onun şəxsi yaşayış yeri olmadığından müvəqqəti valideynlərinə məxsus mənzildə yaşayır və bu da onun iki uşaqla birlikdə yaşamağına çətinliklər törədir. Belə ki, valideynlərinin mənzili 3 otaqlıdır və bu mənzildə valideynləri və qardaşı ailəsi ilə birlikdə yaşayır. Qeyd olunanlardan da görünür ki, cavabdehlər tərəfindən qeyri-qanuni olaraq o, azyaşlı uşaqla birlikdə yaşayış yerindən məhrum edilmiş və onun hüquqlarını kobud şəkildə pozmuşlar. Fərdi yaşayış evinə köçürülməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsinin məzmununa uyğun apelyasiya şikayəti vermiş, birincin instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(001)-879/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasındakı 04.02.2010-cu il tarixli rəsmi nikah qeydi pozulmuş, azyaşlı uşaqları-20 oktyabr 2006-ci il təvəllüdlü X6 və 28 aprel 2010-cu il təvəllüdlü X7 oglu analarının yanında saxlanılmış, cəmi 340 manat məbləğində aliment müəyyən edilmişdir. Yenə iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN102A saylı Şəhadətnamədən görünür ki, Xaçamz AİK-in 25.02.1998-ci il tarixli, 02 saylı qərarı ilə Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən 0,18 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Yenə də iş materiallarında olan 07 noyabr 2007-ci il tarixli, AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Süleymanova (Hüseynova) X3 rayonu, Qaraçı kəndində yerləşən 0,18 ha torpaq sahəsini 3000 manata X1. Məhkəmə sorğusu əsasında alınıb işə əlavə edilmiş DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07.09.2021-ci il tarixli məktubundan məlum olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına daşınmaz əmlak aşkar edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 2005-cu il tarixdə Cavabdeh1 ilə faktiki nikaha daxil olduqdan sonra mübahisəli evə gəlin köçüb, orada yaşamış, iki uçaqları vardır. daha sonra bir müddət evdən çıxıb əri ilə kirayədə yaşadıqdan sonra yenidən həmin evə qayıtmışdır. Növbəti dəfə evdən gedənə kimi azyaşlı uşaqları ilə birlikdə orada yaşamış, sonradan qaynanası olan digər Cavabdeh2 ilə münasibətləri tam pozulmuş, evi tərk edərək ora qayıtmamışdır. Anasına məxsus mənzildə yaşayır. Hazırda mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin evin yerləşdiyi torpaq sahəsi cavabdehlərə deyil, 07 noyabr 2007-ci il tarixli, AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 məxsusdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddia tələbinin yönəldiyi şəxslərə, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olmadığından, iddia tələbi ona cavab verməli olmayan şəxslərə qarşı yönəlmişdir. Cavabdehlərin iddiaçı qarşısında hər hansı bir öhdəliyini şərtləndirən hüquqi faktlar mövcud deyil. İddianın əsaslı olması üçün onun ilk növbədə ona cavab verməli olan subyektə yönəldilməsi zəruridir. İddiaçı tərəfindən iddiaya cavab verməli olan subyektin düzgün seçilməməsi, iddia tələbinin əsaslılığını özü –özlüyündə istisna edən mühüm amildir. AR MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” İstinad olunan normalar baxımından yanaşdıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı hazıki cavabdehlərə qarşı iddia qaldırmaq üçün subyektiv hüququnun olması istisna olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq ilə bağlı ümumən düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı omuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1157/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2639/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2639/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver