Məhkəmə qərarları › İş №2(105)-264/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-264/2025

05.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-264/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi cəlb olunmaqla) işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5948/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2024-cü il tarixli, 46 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddənin “e” bəndinə uyğun olaraq xitam verilmiş, əsas kimi İddiaçı izahatı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-36/2- 604/2024 nömrəli məktubu və məktəb üzrə Həmkarlar Komitəsinin 8 aprel 2024-cü il tarixli, 6 №-li protokolun qərarı qeyd olunmuşdur.

2. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-36/2- 604/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri gözlənilməklə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq ləğv edilməsi və həmin məktəbin direktor müavini X2 barəsində müvafiq intizam tənbehinin görülməsi ilə bağlı zəruri tədbirlərin icra edilməsi məktəb rəhbərliyinə tapşırılmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin sorğusu əsasında alınmış Sumqayıt Şəhər Prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınan İddiaçı Mais qızı göstərmişdir ki, o, 1993-cü ildən Sumqayıt şəhər 22 saylı nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. O, 2022-ci ilin iyul ayının 22-də “VİMAY” Klinikasında göz əməliyyatı olmuş və sağalma prosesi uzun çəkdiyi üçün o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində təşkil olunacaq sertifikasiya imtahanında iştirak edib aşağı nəticə göstərməkdən qorxmuşdur. Ona görə ki, o, düşünürmüş ki, sertifikasiya imtahanında suallar çətin olacaq. O, səhhəti ilə əlaqədar ön hazırlığının kifayət etməməsi, habelə imtahan prosesində test suallarını kompüterdə yaxşı oxuya bilməyəcəyindən də ehtiyat edirmiş. Buna görə də, o, 2022-ci ilin avqust ayında Sumqayıt şəhər 22 saylı nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə direktor müavini Billurə Mehtiyevayadan sertifikasiya imtahanında nəticə əldə etməyə köməklik göstərəcək şəxs tapmasını xahiş etmişdir. Billurə müəllim ona Aygün Bədəlovanın mobil nömrəsini verib, həmin şəxslə əlaqə yaratmasını bildirmişdir. O da “vatsapp” mobil tətbiqetməsi vasitəsi ilə Aygün Bədəlovaya zəng etmiş, telefon danışığı zamanı xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixdə təşkil olunacaq sertifikasiya imtahanından keçid balını toplamaqda ona köməklik etsin. Aygün Bədəlova daha sonra ona imtihanda iştirak etməsinin gərək olmadığını və ona iştirak etmədən yüksək bal yazılacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhərində yerləşən 30 nömrəli məktəbdə sertifikasiya imtahanı keçirilmiş və o da iştirak etməmişdir. xx.xx.2022-ci il tarixdə imtahan bitəndən sonra Aygün Bədəlova ona zəng edərək imtahana görə 40 bal yazıldığını bildirmişdir. Aygün Bədəlova ona növbəti ilin yanvar ayında təkrar sertifikasiya imtahanında yüksək nəticə yazıla biləcəyini də bildirmişdir, lakin o, razılaşmamışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2024-ci il tarixli, 46 nömrəli əmrin ləğv edilməsi, onun Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “e” bəndinə əsasən iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-ci il tarixli, 46 nömrəli əmr verilmişdir. Əsas olaraq İddiaçı izahatı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-36/2- 604/2024 nömrəli məktubu və məktəb üzrə Həmkarlar Komitəsinin 8 aprel 2024-cü il tarixli, 6 nömrəli protokolunun qərarı göstərilmişdir. İddiaçı qeyd edir ki, iddiaçı həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevə tərəfindən Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 00/TQC-01-145 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildiririk ki, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı Mais qızının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxsin imtahanda iştirak etdiyi və 40 bal topladığı məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri gözlənilməklə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsi və həmin məktəbin direktor müavini X2 barəsində müvafiq intizam tənbehinin görülməsi ilə bağlı zəruri tədbirlərin icra edilməsi tapşırılırmışdır. Bununla bağlı iddiaçı bildirir ki, o şəxsən özü sertifikasiya imtahanında iştirak edərək, imtahandan keçmişdir. Həmin məktubda qeyd olunanlar əsasssızdır.

5. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaya etirazla müraciət edərək, İddiaçı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbində (bundan sonra mətndə Məktəb) əmək fəaliyyətinə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. İddiaçının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində 30 avqust 2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxsin imtahanda iştirak etdiyi və 40 bal topladığı məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2021-ci il 05 may tarixli F- 207 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsi”nin 3.1.12-ci yarımbəndi və 6.8-ci bəndinə əsasən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası xx.xx.2024-cü il tarixli, TSŞQ-01 nömrəli qərarı ilə İddiaçı Mayıs qızının sertifikatlaşdırma nəticəsini ləğv etmişdir. İddiaçıdan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar izahatı alınarkən o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş sertifikatlaşdırmada iştirak etməyərək öz əvəzinə başqa şəxsi imtahana göndərməsi faktını etiraf etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Xızı Regional Təhsil İdarəsinə 00/TQC- 01-145 nömrəli, xx.xx.2024-cü il tarixli təqdimat ünvanlamışdır. Həmin təqdimatda aşağıdakılar qeyd edilmişdir. “Bildiririk ki, Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı Mais qızının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 30 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxs imtahanda iştirak etmiş və 40 bal toplamış, bu da öz növbəsində təhsilverənlərin sertifkatlaşdırılması prosesinə təsir etmiş, müəllim adına və nüfuzuna ziyan vermişdir. Qeyd edilənləri nəzərə alaraq, X8 Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsi, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin direktor müavini X2 barəsində müvafiq intizam tənbehi görülməsi, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X5 barəsində müvafiq intizam tənbehi görülməsi tapşırılmışdır. Sözügedən təqdimata əsasən Abşeron-Xızı Regional Təhsil İdarəsi məktəbə xx.xx.2024cü il tarixli, 3-29-36/2-604/2024 nömrəli təqdimat ünvanlayaraq, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı Mais qızının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sertifikasiya imtahanında iştirak etmədiyi halda ona Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli, 3803 saylı sertifikatın verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumat əsasında Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparıldığını, araşdırma nəticəsində 30 avqust 2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxsin imtahanda iştirak etdiyi və 40 bal topladığının məlum olduğu, qeyd olunanların nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri gözlənilməklə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsi məktəbə tapşırılmışdır. Məktəbin xx.xx.2024-cü il tarixli, 46 nömrəli əmrinə əsasən iddiaçının etirafedici izahatı və Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli qərarı nəzərə alınaraq, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddənin “e” bəndinə uyğun olaraq ləğv edilmişdir. İddiaçı əmrlə tanış edilərək, əmr barədə qeyd işlənilməklə əmək kitabçası ona xx.xx.2024cü il tarixdə təhvil verilmişdir.

7. Cavabdeh iddia müddətinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(060)- 5948/2024 saylı mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə məhkəmə tərəfindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İddia müddətinin tətbiqi” adlanan 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı xx.xx.2024-cü il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyini bilmişdir. O əmək kitabçasını xx.xx.2024-cü il tarixdə təhvil götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən 1 ay ərzində işəgötürən olaraq Məktəbə qarşı mediasiya prosesi başlatmamışdır. Hazırki mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə məktəbə xx.xx.2024-cü il tarixli mediasiya təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə 2024-cü ilin avqust ayında göndərilmişdir

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5948/2024 nömrəli qətnaməsi ilə iddianın tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 69-cu maddəsinin 2-ci bəndi, 83-cü maddəsinin 2-ci bəndi, 294-cü maddəsinin 4-cü bəndi, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(060)-5948/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. O, iddia ərizəsini vaxtında müddəti ötürmədən vermişdir. Belə ki, iş yerindən əmrdən çıxarış ona rəsmi qaydada verilməmişdir. O buna görə rəsmi qaydada ərizə ilə iş yerinə müraciət edərək əmrdən çıxarışı götürüb, 1 ay tamam olmamış mediyasiyaya müraciət etmişdir. Birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, 21 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın 6-cı vərəqəsinin 5-ci abzasında qeyd olunmuşdur ki, “Beləliklə aparılmış araşdırma nəticəsində, İddiaçı müəllimlərin sertifikasiya imtahanın test mərhələsində iştirak etmədiyi halda ona 40 bal yazılması fakt üzrə aidiyyəti səlahiyyətli şəxs(lər)in barəsində təyin edilmiş xidməti yoxlamanın nəticəsi şəhər prokurorluğuna daxil olmadığından, hazırda həmin fakt üzrə cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilmədiyindən material üzrə cinayət işinin başlanması üçün CPM-in 209.1-ci maddəsinin tələbinə əsasən əsaslar mövcud olmaması nəzərə alınmalı və gələcəkdə cinayət işi başlanması üçün əsas mövcud olacağı təqdirdə müvafiq qərar qəbul edilməlidir.”

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Cavabdehin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü səxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

18. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; ...

19. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. ...

20. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

21. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri müəyyənliklərlə bağlı qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5948/2024 nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.

34. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhər H.Aslanov adına 22 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “e” bəndinə əsasən iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-ci il tarixli, 46 nömrəli əmr verilmişdir. Əsas olaraq İddiaçı izahatı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və məktəb üzrə Həmkarlar Komitəsinin 8 aprel 2024-cü il tarixli, 6 nömrəli protokolunun qərarı göstərilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin xitam verilməsi zamanı hər hansı bir qanun pozuntusu olmamaqla yanaşı məhkəmə qeyd edir ki, mübahisə üzrə məhkəməyə müraciət etmə müddəti də ötmüşdür.

35. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanında İddiaçı yerinə digər şəxsin imtahanda iştirak etmiş və 40 bal topladığı məlum olmuşdur. Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Mayıs qızının sertifikatlaşdırma nəticəsini ləğv etmişdir. İddiaçıdan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar izahatı alınarkən o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş sertifikatlaşdırmada iştirak etməyərək öz əvəzinə başqa şəxsi imtahana göndərməsi faktını etiraf etmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin “iş yerindən əmrdən çıxarışın iddiaçıya rəsmi qaydada verilməməsi” ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmrdən çıxarışın verilməməsi iddia müddətinin ötürülməməsi anlamına gəlmir. Kollegiya hesab edir ki, iddia müddətinin axımı iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni işçinin əmək kitabçasını təhvil aldığı xx.xx.2024cü il tarixdən başlanmışdır. Bununla da, iddiaçı xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etməsinə, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın alınmasına baxmayaraq, məhkəməyə xx.xx.2024-cü il tarixdə (4 aydan çox müddətə) müraciət etməklə fərdi əmək mübahisənin həlli üçün müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

38. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5948/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar