Məhkəmə qərarları › İş №2(105)-2650/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2650/2020

22.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2650/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-8114/2018 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-8114/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 16-cı məhəllə, 32A/29 saylı binadakı, ümumi sahəsi 49,1 kv.metr olan 2 otaqdan ibarət 4 saylı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 16-cı məhəllə, 32A/29 saylı binadakı ümumi sahəsi 49,1 kv.metr olan 2 otaqdan ibarət 4 saylı mənzil onun mülkiyyətindədir. Cavabdeh onun doğma qızıdır və həmin ünvanda yaşamır. Cavabdeh onun mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı məhəllə, 32A/29 saylı binadakı, ümumi sahəsi 49,1 kv.metr olan 2 otaqdan ibarət 4-cü mənzildə qeydiyyatda qalmışdır. Cavabdeh 2006-cı ildən göstərilən ünvanda yaşamır. Dəfələrlə bu barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymur. Bu səbəbdən Cavabdeh mənzilə olan istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh yaşayış yerini dəyişmiş və mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bu işə baxarkən Azərbaycan Respublikası MPM-nin 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, cavabdeh onun qızıdır. Cavabdeh onun mülkiyyətində olmuş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122-də yerləşən 74 nömrəli mənzilini sataraq Sumqayıt şəhəri, 16-cı məhəllə,ev 32a/29-da yerləşən 4 saylı mənzili öz adına almış və həmin mənzilə qeydiyyata düşmüşdür. O, bu barədə sonradan xəbər tutmaqla cavabdehə qarşı Sumqayıt Şəhər Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, lakin Cavabdeh pulu ona ödəmədiyi üçün borcun cavabdehin onun pulu ilə aldığı mübahisəli mənzilə yönəldilməsi barədə iddia qaldırmış və məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzil onun mülkiyyətinə keçmişdir. Cavabdeh bu mənzil alınan vaxtdan, yəni 2009-cu ildən mənzildə yaşamır, ailə həyatı qurduğu Heydər Əliyev ilə birlikdə başqa ünvanlarda yaşayır. xx.xx.2017-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmaqla cavabdehin həyat yoldaşı H.Əliyevin onun mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə əldə etmiş və həmin qətnamədə cavabdehlərin bu mənzilə xx.xx.2009-cu il tarixdə qeydiyyata düşdükləri qeyd edilmişdir. Cavabdeh onun qızı olsa da, ona qarşı qanunsuz hərəkətləri və onun mənzilini satmaqla pulunu mənimsəməsi və qeyd edilən mənzilin onun pulu ilə alınması və sonda cavabdehin ona olan borcunun məhz bu mənzilə yönəldilməsi öz təsdiqini tapmışdır. Buradan belə bir məntiqi nəticəyə gəlinir ki, tərəfindən cavabdehin mülkiyyətində olmuş mənzilin dəyəri tam olaraq ödənilmiş və mənzil onun mülkiyyətinə keçmişdir. Cavabdeh həmin mənzilin dəyərini tam olaraq almaqla yanaşı, bu mənzildə heç vaxt yaşamamış və onunla bu mənzildə birgə təsərrüfat belə idarə etməmişdir. Cavabdeh mənzil üzərində mülkiyyət hüquqlarını tam olaraq itirmişdir. İstifadə hüququ mülkiyyət hüququnun bir elementidir, mənzil cavabdehin mülkiyyətindən əvəzi ödənilməklə çıxmış və onun mülkiyyətinə keçmişdir. Belə olan halda, cavabdehin mənzilə istifadə hüququndan söhbət gedə bilməz. Lakin məhkəmə bu halları nəzərə almamış, cavabdehin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə yetərincə əsaslar olsa da, iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, anası ilə aralarında olan münaqişə nəticəsində mübahisəli mənzildən getməyə məcbur olmuşdur, hazırda kirayədə yaşayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, 32a/29 saylı evin 4 saylı mənzili, yeni qaydalarla: Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 118, M2, m2İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt X6 tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, 32a/29 saylı evin 4 saylı mənziliCavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı, xx.xx.2018-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, 32a/29 saylı evin 4 saylı mənzilində İddiaçı və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3527/2014 saylı, xx xxxx 2014-cü il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər X3 və Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 122 saylı evin 74 nömrəli mənzilinin satışından əldə etdikləri 56070 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərardadının surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatı təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)- 3527/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə Sumqayıt şəhəri, 16-cı məhəllə, 32A/29 saylı evin 4 saylı mənzilinin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 228-ci maddəsini tətbiq edərək Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olması nəticəsinə gəlmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki,Sumqayıt şəhəri, 16-cı məhəllə, 32A/29 saylı evin 4 saylı mənzili əvvəllər Cavabdeh mülkiyyətində olmuş, sonradan isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadına əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İşdən görünür ki, Cavabdehİddiaçı ailə üzvü hesab edilən şəxslər kateqoriyasına aiddir və onun mübahisəli mənzildən istifadə hüququ vardır. Cavabdeh mübahisəli mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə, yaxud başqa yaşayış sahəsinə köçüb getməsi, istifadəsində, icarəsində və ya mülkiyyətində hər hansı yaşayış sahəsinin olması barədə işdə heç bir sübut yoxdur və Cavabdeh mübahisəli mənzildən istifadə hüququnu itirməsi ilə bağlı halı, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə sübut etmək vəzifəsi İddiaçı üzərinə düşsə də, o bunu sübut etməmişdir. Cavabdeh adına hər hansı bir yaşayış sahəsinin və ya evin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmasına, onun icarədar və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi hər hansı bir yaşayış sahəsində daimi yaşamasına dair də məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə Cavabdeh iddiaçı ilə aralarında olan mübahisələrinə görə müəyyən müddətə başqa yerə getməsi, mübahisəli mənzildə yaşamaması, iddia ərizəsinin təmin edilərək, onun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-8114/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar