Məhkəmə qərarları › İş №2(105)-2651/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2651/2022

27.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2651/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlunun və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbi barədə iddia ərizəsinə dair 2(067)-3380/2022 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sabiq qızı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Sabiq qızının Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işin Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qərardadı ilə vəsatətin rədd edilməsi qərara alınmışdır Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(103)-6756/2022 nömrəli qərardadı ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək cavabdehin (nümayəndənin) ərazi aidiyyəti barədə vəsatətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(011)5370/2022 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün mübahisəli daşınmaz əmlak olan fərdi yaşayış evinin yerləşdiyi yerin məhkəməsinə, yəni Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3380/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyatının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (X1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin MPM-nin 39.1-ci maddəsində göstərilən mübahisələrin heç biri ilə əlaqəsi olmamasını, onun tələbinin yaşayış evinə köçürülmə ilə bağlı olmasını, bu növ tələblərin isə MPM 39.1-ci maddəsində sadalanmış mübahisələr sırasında öz əksini tapmamasını, yəni bu tələbin müstəsna aidiyyata aid edilməməsini müəyyən etmiş, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 35.1, 35.2, 39.1,-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Hazırki işdən görünür ki, İddiaçı Sabiq qızı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı qızı ilə Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələb ilə bağlılığı müəyyən edilir və işin təfərrüatı araşdırılmadan tələbin mahiyyətin müəyyən edilməsi şəxsin məhkəmə müdafiə hüquqların pozulmasına şərait yaradan amil kimi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilavasitə olaraq hazırki tələblə bağlılığı müəyyən edilir. Hazırki işdən də görünür ki, iddiaçının köçüb yaşamaq istədiyi fərdi yaşayış evi Xaçmaz rayonu ərazisində yerləşir və iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamaq hüququnun pozulmasının aradan qaldırılmasını istəyir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər işə Xaçmaz Rayon Məhkəməsində baxılmasını xahiş edirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır və işə mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar