Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2654/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4082/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)- 4082/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.(hakim E.Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 921/2020saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Əliyeva X1 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4245/2020 saylı qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 921/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki,Cavabdeh onun gəlinidir. O, x xxxxxx 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Nikahdan 2 qız, 1 oğlan övladı dünyaya gəlmişdir. Yoldaşı ağır xəsdə olduğu üçün müalicəsi məqsədilə evi satmaq məcburiyyətində qalmışdır. Yoldaşı xəstəlikdən 2000-ci ildə dünyasını dəyişmişdir. Daha sonra ailəsi ilə bir yerdə Binəqədi rayonunda kirayə yaşamağa başlamışlar. Oğlu x xxxxxxxx 2003-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Gəlini onların kirayə yaşadıqları evə gəlin gəlmişdir. 2009-cu ilə kimi o, gəlini, oğlu və iki övladı ilə bir yerdə kirayədə yaşamışdır. 2009-cu ildə Hökməli qəsəbəsi, Nübar yaşayış massivində 6 sot torpaq sahəsi alaraq 3 otaqlı ev tikdirmişdir. Oğlu xx xxxxxxxx 2017-ci ildə qan təzyiqindən dünyasını dəyişmişdir. Daha sonra, 2019-cu ilin iyul ayının əvvəllərində cavabdeh olan gəlini Cavabdeh kəndə gedəndə ona təhlükəsizlik baxımından “yaşlı adamsan, get qızıngildə qal” demişdir. Bir ay sonra cavabdeh kənddən qayıtmış və o gündən sonra onu evə buraxmamışdır. Hazırkı vaxta kimi o, evə gedə bilmir, qalmağa heç bir yeri yoxdur, hər dəfə bir qohumunun evində qalmağa məcbur olmuşdur. Bütün əşyaları mübahisəli evdədir. Evin tikilməsi üçün bütün xərci o çəkmişdir. Evə hasar çəkilməsinə, evin təmirinə, 3 qapının dəyişdirilməsinə 650 manat, qazın təmirinə 120 manat xərci çıxmışdır. Həmçinin banka olan borclarının ödənilməsinə 2000 manat məbləğində pul vermişdir. Bütün bunlara baxmayaraq o, ömrünün son çağlarında min bir əziyyətlə qurduğu evdə yaşaya bilmir. Həmin evdə 10 il yaşamışdır. Mübahisəli evin heç bir hüquq müəyyənedici sənədi yoxdur, ev qanunsuz tikilidir. Belə ki, evin üzərindəki torpaq sahəsini rəhmətlik oğlu etibarnamə ilə başqa şəxsdən almışdır və torpaq hələ də keçmiş mülkiyyətçinin adındadır. Torpaq sahəsinə və evə dair yalnız bağçılıq kitabçası vardır. Evin cavabdehin qardaşları tərəfindən tikildiyi doğrudur, lakin evdəki hər şeyi o, özü almışdır və bütün əşyaları həmin evdədir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 27.1, 158, 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən hallar tam əsassız və uydurmadır. O, iddiaçının oğlu Sultan Əliyevlə 2003-cü ildə nikaha girmişdir. Nikaha girdiyi gündən 2009-cu ilə kimi həyat yoldaşı ilə birgə Binəqədi qəsəbəsində kirayədə yaşamışlar. Bu müddətdə iddiaçı da qızı ilə yaşamasına baxmayaraq, hərdən onlarların yanında qalmışdır. 2009-cu ildə həyat yoldaşı ilə birgə topladıqları pula torpaq sahəsi almışlar. Torpağın sənədi olmadığı üçün torpağı etibarnamə ilə almışlar. Torpağı alandan sonra, orada ev tikməyə pulları olmadığı üçün evin tikintisini 2010-cu ilə kimi təxirə salmışlar. 2010-cu ilin yay aylarından qardaşlarının köməkliyi ilə 1 otaqlı ev tikib, ilin sonunda da oraya köçmüşlər. İddiaçı tikinti getdiyi müddət ərzində qızının evində yaşamışdır. 2010-cu ilin payız aylarından ailəsilə birgə həmin evdə yaşamağa başlamışdır. İddiaçı da daim oğlunun yanına qonaq gəlib, bir müddət onlarda yaşamışdır. Məhkəmə isə Abşeron rayon İHB-nin Hökməli qəsəbəsi İnzibati Ərazi üzrə Nümayəndəliyinin arayışına əsasən iddiaçının bu evdə guya 2009-cu ildən yaşamasını göstərmişdir, halbuki 2010-cu ilin yay aylarında tikintisinə başlanmış evdə iddiaçının 2009-cu ildən yaşaması mümkün deyildi. Özü ailə üzvləri ilə 2010cu ildən evdə yaşasa da, zəruri olduqda nümayəndəlikdən heç bir arayış ala bilmədiyi halda, nümayəndəlik iddiaçının 2009-cu ildən mübahisəli evdə yaşaması barədə arayış vermişdir. Bu arayış hansı sənəd əsasında, nəyə görə verilib məlum deyildir. Mübahisəli evin tikilməsinə iddiaçı heç bir vəsait sərf etməmişdir, belə ki, evi qardaşlarının köməyilə özü və əri tikmişdir. İddiaçının başqa yerlərdə bir neçə evi olmuş, onların hamısını satmışdır, indi isə gəlib onun evinə köçmək istəyir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, əsassız qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.Cavabdeh eyni zamanda bildirdi ki, hazırda tərəflər arasında münasibətlər pis olduğu üçün mübahisəli evdə birgə yaşayış mümkün deyildir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı şikayətə etiraz etdi və bildirdi ki, hazırda yaşamağa heç bir yeri yoxdur və kirayədə yaşayır. Evin tikintisinə vəsait sərf etdiyinə görə mübahisəli evə köçürülməlidir. Evin tikintisində cavabdehin qardaşlarının fəhlə kimi iştirakı doğrudur. Onların birinin zəhmət haqqı verilmiş, digəri pul götürməmişdir. O, mübahisəli evdə 2009-cu ildən 2018-ci ilədək yaşamışdır. Oğlu 2017-ci ildə vəfat edəndən sonra da o, həmin evdə yaşamışdır. 2018-ci ildə onu oradan qovublar. Buna görə də şikayətin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə X5 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2560 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Hökməli qəsəbəsi, Nübar y/m-da yerləşən evdə 2009-cu ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan nikahın bağlanması haqqında İİ-AZ 026615 saylı şəhadətnamənin surətindən görünür ki, Əliyeva (Şıxəliyeva) Gülyanaq Qəribxan qızı ilə X3 xx xxxx 2004-cü il tarixdə nikaha girmişlər. Yenə iş materiallarında olan ölüm haqqında AZ-İ 790589 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxxx 2017-ci il tarixdə ölmüşdür. Yenə də iş materiallarında olan xx xxx 2018-ci il tarixli, AR-İ 616251 saylı etibarnamədən görünür ki, X4 bağçılıq üzvlük kitabçasına əsasən ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivindəki 500 kv.metr bağ sahəsinə dair sənədləşmə işləri aparmağı və s. hərəkətləri etməyi 30 il müddətinə Cavabdeh etibar etmişdir. İşdə olan qaz paylayıcısı ilə məişət qaz istifadəçisi arasında qazın alqı-satqısı barədə xx xxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB BRQSD ilə Cavabdeh arasında Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yerləşən evin qazla təchiz edilməsi barədə razılaşma əldə edilmiş və abonentə **********01990 nömrəsi verilmişdir. Yenə işdə olan Abşeron rayonu, Hökməli Bələdiyyəsinin yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması barədə xx xxxxxx 2019-cu il tarixli şəhadətnaməsinin surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə görə vergini Cavabdeh ödəyir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, AR MPM-in 420-ci maddəsinin tələblərinə uyğun Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapelyasiya şikayətitəmin edilməməli,iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı gəlinidir və onlar 2009-cu ildən Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yerləşən 3 otaqlı mübahisəli fərdi yaşayış evində birgə yaşamışlar. Həmçinin məhkəmə iclasında sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Ali Məhkəmənin iş üzrə mövqeyini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçının oğlu ilə nikaha girəndən əvvəl cavabdehə məxsus olmamış, məhz onların birgə nikahı dövründə inşa edilmişdir. Belə olan halda, iddiaçının və onun mərhum oğlunun da bu tikilinin ərsəyə gəlmədə hansısa formada iştirakları istisna deyildir. Cavabdehin özü də etiraf etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi ərinin adına alınmaqla, onu məhz ev tikmək məqsədilə əldə etmişlər. Nə qədər ki, torpaq sahəsi və ev iddiaçı və oğlunun iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, iddiaçı da on ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki həm qüvvədən düşmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı iddiasının əsaslı olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Əliyeva X2 rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməlidir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə düzgün olaraq belə hesab etmişdir ki, hazırki halda, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə Cavabdeh torpaq sahəsinə görə yerli bələdiyyəyə vergi ödəməsindən, mübahisəli evdə uşaqları ilə birlikdə yaşaması faktından, yəni hüquqdan sui-istifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının da qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından iddia təmin edilməli, İddiaçı mübahisəli evə köçürülməlidir və bu barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Tərəflərin münasibətlərinin pis olması, həmçinin mübahisəli evin onun və mərhum ərinin birgə vəsaiti hesabına inşa edilməsi və buna görə də iddiaçının mübahisəli evə köçürülməli olmaması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4082/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)- 4082/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2654/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2654/2020
06.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver