Məhkəmə qərarları › İş №2(105)-2655/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2655/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2655/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3227/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3227/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı tərəfindən 10000 manat məbləğində kompensasiya verilməklə, onun yetkinlik yaşına çatmayan uşaqları 30.11.2016-cı il təvəllüdlü X8 və 02.07.2012-ci il təvəllüdlü X13 oğlu ilə birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları, hazırki qətnamənin Cavabdeh İddiaçı tərəfindən kompensasiya verildikdən sonra onun və yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilinə olan istifadə hüququna azyaşlı uşağı X13 oğlu ilə birlikdə 10000 manat kompensasiya verilməklə xitam verilməsi, onların mənzildən qeydiyyatdan çıxarılaraq mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Əliyev Zahid Əlixan oğlu ilə 20.12.1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları olmuşdur. Onun həyat yoldaşı 23.01.2017-ci il tarixdə vəfat etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda 3M-761 reyestr nömrəli, 25.07.2017-ci il tarixli miras payın bağışlanma müqaviləsi ilə övladları Cavabdeh və X4 atalarından qalan miras paylarından imtina edərək əmlakı ona bağışlamışlar. Həmin bağışlama müqaviləsi əsasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilinə dair onun adına 26.07.2017-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh onun oğludur. Buna baxmayaraq münasibətləri çox gərgindir. Mənzil onun mülkiyyətində olsa da, cavabdeh onu həmin mənzilə buraxmır, orada yaşamağına imkan vermir. O, 2018-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə cavabdehə qarşı 5000 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verməklə mənzildən çıxarılma tələbinə dair iddia qaldırmışdı. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5923/2018 saylı, 23.07.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Artıq cavabdehin yaşayış yeri vardır. Sumqayıt şəhəri, Yuxarı Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a saylı bağ evi Cavabdeh məxsusdur və Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh həmin bağ evinə köçürülmüşdür. Cavabdehin məhkəmə qətnaməsi ilə köçürüldüyü bağ evinin yerləşdiyi həyətin 80 kv.metri onun qızına məxsusdur. Cavabdehin 16 yaşı olarkən mərhum həyat yoldaşı ilə birlikdə həmin bağ sahəsini Cavabdeh adına almış, həmin sahədə cavabdehə aid evi də atası tikmişdir. Cavabdeh ona məxsus olan mənzildə yaşamağına imkan vermədiyindən məcbur qalıb qızı ilə birlikdə yaşayır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilindən 10000 manat kompensasiya verilməklə Cavabdeh azyaşlı övladları-30.11.2016-cı il təvəllüdlü X8 və 02.07.2012-ci il təvəllüdlü X13 oğlu ilə birlikdə yaşayış hüquqlarına xitam verilməsi, qeydiyyatdan və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Mübahisəli mənzil onun mərhum atası Əliyev Zahid Əlixan oğlunun mülkiyyətində olmuş və atası 23.01.2017-ci ildə vəfat etmişdir. İddiaçı onun anası olduğu üçün 25.07.2017-ci il tarixdə mübahisəli mənzilin tam olaraq anasının mülkiyyətində olmasına etiraz etməmişdir. Onunla anası və bacısı Təranə Ziyadova arasında belə bir razılaşma olmuşdur ki, o, öz şəxsi vəsaiti ilə Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsi, 3-cü məhəllədə yerləşən 3 otaqdan ibarət 80 kv.metr sahəsi olan 200/1 saylı bağ evini bacısı Təranə Ziyadovaya versin, bunun müqabilində Təranə Ziyadova mübahisəli mənzildən ona çatası vərəsə payından imtina etməklə bir daha həmin mənzilə dair iddia qaldırmayacaqdır. O da bacısının notarial qaydada götürdüyü bu öhdəliyini əsas tutaraq sahəsi 80 kv.metr olan 3 otaqlı evi Təranə Ziyadovaya vermiş, lakin bacısı həmin evlə birlikdə ona məxsus digər bağ sahəsində olan evi də ələ keçirməklə, onu evə buraxmamışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bir dəfə də məhkəmədə ona qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış, lakin həmin vaxt onun başqa bir evi olmadığı üçün məhkəmə iddia tələbini rədd etmişdir. İddiaçı eyni iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin vaxt 5000 manat kompensasiya məbləği təklif etmişdir. Həmin işə baxılarkən İddiaçı onun bağ evinin, başqa yaşayış yerinin olmasını da bildirmiş, lakin məhkəmə bağ evinin daimi yaşayış yeri hesab edilmədiyini əsas tutaraq iddia tələbini rədd etmişdir. İddiaçının gətirdiyi bu dəlil əsassızdır. Belə ki, bağ sahəsi 16 yaşından ona məxsusdur, bu bağ sahəsini o, əvvəlki qətnamədən sonra əldə etməmişdir və məhkəmə haqlı olaraq bağ evini mövsümi, müvəqqəti yaşayış yeri kimi qiymətləndirməklə iddia tələbini rədd etmişdir. Həmin qətnamədən sonra isə o, hər hansı bir yaşayış yeri əldə etməmiş və mübahisəli mənzil onun daimi yaşayış yeri olmaqla, ailə üzvləri ilə bu evdə yaşayır və qeydiyyatdadır. Məhkəmə qətnamədə Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(060)-3383/2020 saylı qətnaməsi ilə onun özünə məxsus bağ sahəsinə köçürüldüyünü qeyd etmiş, bu səbəbdən də guya iddiaçının yaşamağa başqa yaşayış yeri olmaması və iddiaçının mülkiyyət hüquqlarını pozulması nəticəsinə gəlmişdir.. Həmin bağ evi bacısı Təranə Ziyadova tərəfindən zəbt edilmişdir və onun həmin bağ evinə köçürülməyinə baxmayaraq, bu gün də bağa daxil ola bilmir. Belə ki, icra məmuru tərəfindən akt əsasında 27.01.2021-ci il tarixdə bağ evinə köçürüldükdən sonra bacısı Təranə Ziyadova yenidən onu bağa buraxmamış, hətta onun əmlakları olan digər evi də zəbt etmiş və hazırda ona qarşı məhkəmədə iddia qaldırmışdır. Anası İddiaçı da qeyd edilən bağda yaşayır və həmin bağda yaşamasına heç kim mane olmur. O, iddiaçının mübahisəli mənzilə daxil olmasına heç vaxt mane olmamışdır. Belə ki, mənzil iddiaçının mülkiyyətindədir və hər vaxt gəlib öz mənzilində yaşaya bilər. Lakin bütün bunlara baxmayaraq bacısı iddiaçının qocalığından istifadə edərək öz təsiri altına almış və məqsəd anasının sağlığında həmin mənzilə tam sahiblənməkdir. Halbuki o, bu mənzilə görə bacısına çatası payın əvəzi olaraq öz vəsaiti ilə inşa etdiyi 3 otaqlı bağ evini bacısına vermişdir. Lakin bacısı bağ evini ələ keçirməklə kifayətlənməyərək indi də onun ailə üzvləri ilə yaşadığı mübahisəli mənzilə də sahib çıxmaq qərarına gəlmişdir. İddiaçı ona kompensasiya kimi təklif etdiyi həmin məbləğin yetərliliyini sübut edən hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçının bağa hüququ vardır, onu kompensasiya verməklə bu mənzildən çıxardıqdan sonra mənzili satıb qızına verəcək və onunla bu bağ evində yaşayacaqdır. Bu isə hüquqdan sui-istifadədir, iddiaçının öz mənzilinə gəlib yaşamasına heç kəsin maneçiliyi yoxdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın rədd olunmasına dair yeni qətnamə qət edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi kompensasiya verilməklə cavabdehin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən iddiaçının təklif etdiyi 10000 manat kompensasiya müqabilində cavabdehin müəyyən bir müddət ərzində başqa yerdə yaşamaq imkanına malik olmasına və həmin məbləğdə kompensasiya verilməsinin onun hüquqlarını pozmamasına, iddianın təmin edilməsi üçün əsasların olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 308 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində 26 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 12.04.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilində X4, Əliyeva Ayla Roman qızı, Cavabdeh, X6, X7, Əliyev Səid Roman oğlu və İddiaçı qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X3 və İddiaçı qarşı bağçının üzvlük kitabçasının və bağ evinin tikintisinə dair icazənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və bağ sahəsinə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən və ona məxsus olan 200a saylı bağ sahəsinə köçürülməsi qət edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a saylı bağ sahəsinə köçürülmüşdür. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun 29 yanvar 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, icra olunduğundan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3383/2020 saylı, 05.11.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-191/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3383/2020 saylı, 05.11.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Sumqayıt şəhəri üzrə İcra idarəsinin qərarının ləğv edilməsi barədə tələbkar Cavabdeh şikayət ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Sumqayıt şəhəri üzrə İcra idarəsinin 29.01.2021-ci il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2020-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5923/2018 saylı, 23 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı Cavabdeh qarşı Cavabdeh azyaşlı övladı X13 oğlu ilə birgə 5000 manat məbləğində bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilində yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan X2 imzası Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda 12 noyabr 2014-cü il tarixdə təsdiq edilmiş ərizəsindən görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, ünvan 1 ünvandan gələcəkdə heç bir pay iddiası ilə çıxış etməyəcəyini, qardaşının ona bağışladığı torpaq sahəsinin sənədləri qaydaya düşdükdən sonra hazırda qeydiyyatda olduğu ünvandan qeydi şərtsiz cıxacağını və həmin ünvana qeydiyyata düşəcəyini bildirmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda 25.07.2017-ci il tarixdə təsdiq edilərək 3M-761 nömrə ilə reyestrdə qeydə alınmış miras payın bağışlanma müqaviləsinin surətindən görünür ki, X4 və Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş 25 iyul 2017-ci il tarixli, 2V-625 nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını İddiaçı bağışlamışlar. İşin mübahisə edilməyən hallarından görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında şərh edilən məcburi göstərişləri nəzərə alıb, hesab edir ki, cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzildən istifadə hüququna 10000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi üçün qanuni və kifayət qədər faktiki əsaslar vardır. Belə ki, əvvəla, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər birbirinə qarşı barışmaz münasibətdədirlər və onların bundan sonra mübahisəli mənzildə birgə yaşamaları faktiki olaraq qeyri-mümkündür. Digər tərəfdən, iddiaçı tərəfindən təklif edilən 10000 manat məbləğində kompensasiyanın hesabına, cavabdeh hər ay orta hesabla 250 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, təxminən 3 ildən artıq (10000 manat:250 manat:12 ay) müddətdə başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı əldə edər. Bundan başqa, işdən görünür ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən və ona məxsus olan 200a saylı bağ sahəsinə köçürülməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin kompensasiya verilməklə cavabdehin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya verilməklə cavabdehin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi kompensasiya verilməklə cavabdehin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya aid dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3227/2021 saylı qətnaməsi kompensasiya verilməklə cavabdehin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar