Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-266/2022 26.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3020/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3020/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı Bağları ərazisində 0,11 ha torpaq sahəsindən Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulması, bu torpaq sahəsindən İddiaçı istifadə və sahiblik hüquqlarına olan maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim A.İsmayılov) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3020/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ Yusifova X8 Barat Əli oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus olan Sumqayıt şəhəri, Novxanı Bağları ərazisində 0,11 ha torpaq sahəsindən Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulması, torpaq sahəsində onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılması, əmlakın ona təhvil verilməsi və Cavabdeh2 torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Novxanı Bağları ərazisində 0,11 ha torpaq sahəsi onun adına rəsmiləşdirilməklə istifadəsinə verilmişdir. Daha sonra, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair xx.xx.2003-cü il tarixli, 811 saylı inşaat pasportu tərtib edilərək torpaq sahəsi onun istifadəsinə verilmişdir. Onun torpaq sahəsinə bitişik olan qonşu torpaq sahəsində isə keçmiş həyat yoldaşı Cavabdeh1 torpaq sahəsi yerləşir. Torpaq sahəsini cavabdehlə birgə yaşadıqları vaxt almışlar və o, tikintidə iştirak etmişdir. 2016-cı ilə qədər gedib bağda yaşamışlar. Hazırda onun torpaq sahəsi də daxil olmaqla hər iki torpaq sahəsi Cavabdeh1 qanunsuz istifadəsindədir. Dəfələrlə müraciət edərək onun torpaq sahəsinin qanunsuz istifadəsinə son qoyulmasını tələb etsə də, o, bu tələblərə əməl etməmişdir. Uzun müddətdir ki, Cavabdeh1 tərəfindən istismar edilən torpaq sahəsinin onun istifadə və sahibliyinə qaytarılması barədə tələbləri cavabsız qalmışdır. Keçmiş həyat yoldaşı Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində onun öz əmlakına sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları pozulmaqdadır. Onun şəxsi mülkiyyəti olmasına baxmayaraq, mübahisəli torpaq sahəsində hazırda başqaları yaşayır. O isə kirayədə qalmaq məcburiyyətində qalmışdır. Eyni zamanda, ona məxsus olan bağda uzun müddətdir mühafizəçi işləyən Cavabdeh2 öz ailəsi ilə burada yaşayır. Həmin şəxslər onu öz bağına girməsinə və oradan istifadə etməsinə imkan vermirlər. Torpaq sahəsinə istifadə və sahiblik hüququ məhdudlaşdırıldığı üçün o, öz hüquqlarından istifadə edə bilmir və mülkiyyətindən məhrum olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, qətnamə ilə onun cavabdehin guya öz torpaq sahəsindən istifadə və sahiblik hüquqlarına yaratdığı maneələrin aradan qaldırılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Əslində isə hazırki qətnamə tamamilə qanunsuz və icrası qeyri-mümkün bir qərardır. Belə ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə araşdırmanı tamamilə səthi formada aparmışdır. Onun cavabdehin torpaq sahəsindən qanunsuz istifadəsinə son qoyulması qət edilmişdir. Məhkəmə kollegiyasına sual olunur, onun həmin torpaq sahəsindən qanunsuz istifadə etməsi hansı faktla sübuta yetirilmişdir?! Mövcud olmayan bir fakta son qoyulması necə mümkün olmuşdur?! Qərarın nəticə hissəsində qeyd olunur ki, iddiaçının istifadə və sahiblik hüquqlarına olan maneələr aradan qaldırılsın. İddiaçının həmin torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının olması nəticəsinə hansı yolla gəlməsi isə naməlumdur. Ən əsası isə həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Məhkəmənin həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını necə müəyyən etməsi də qeyri-müəyyəndir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübut kimi nəzərə alınması mümkün olmayan kağız parçaları mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə qərarında Sumqayıt Şəhər Bələdiyyə Şurasının qərarının surətinə istinad edilmişdir. Yalnızca kserosurət olan bir sənədə istinad edilməsi isə tamamilə qanuna ziddir. Halbuki, qanuna görə sənədə istinad edilməsi üçün sənədin əslinin və ya təsdiq edilmiş surətinin mülki işin materiallarına əlavə edilməsi zəruri idi. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsində göstərilmişdir ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmıış surəti məhkəməyə təqdim edilir. Onun hazırki iş üzrə cavabdeh kimi qoyulması məntiqsizdir. Belə ki, ona məxsus olan torpaq sahəsi hazırda mübahisələndirilmir. İddiaçının iddia etdiyi torpaq sahəsinin isə harada yerləşməsi qeyri-müəyyəndir. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsinin qərarında yalnızca iddiaçıya Novxanı Bağları ərazisində 0,11 ha torpaq sahəsinin ayrılması qeyd olunur, lakin həmin torpaq sahəsinin yerləşmə yeri, koordinantları qeyd olunmamışdır. Bir sözlə, bələdiyyə qərarının həqiqiliyinə etibar edilsə belə, həmin torpaq sahəsinin yeri qeyrimüəyyən olaraq qalacaqdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədin kserosurəti isə heç bir faktı sübuta yetirmir. İddiaçının iddia ərizəsində guya ərazidə tikinti işlərində iştirak etməsi və oradakı bağda yaşamasını qeyd edilir. Torpaq sahəsində olan tikili Çingiz adlı şəxsə aid olan torpaq sahəsindədir və digər Cavabdeh2 da həmin hissədə yaşayır. Birinci instansiya məhkəməsinin mövcud olmayan faktlara, kserosurət formasında olan sənədlərə və şifahi izahatlara əsasən çıxardığı hazırki qətnamə mütləq formada ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsində qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisəyə baxırsa, mütləq formada torpaq sahəsinin hazırki hüquqi vəziyyətini araşdırmalı idi. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi dəfələrlə başqa-başqa şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi deyildir. Hazırda iddia ərizəsində qeyd olunan və məhkəmənin qərarında qət edilən, iddiaçının köçürülməli olduğu torpaq sahəsi başqa şəxsin xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparsa, AR ƏMDK yanında DƏDRX-yə düzgün məzmunlu sorğu ilə müraciət etsə idi, həmin torpaq sahəsinin mülkiyyətçisinin kim olması məlumatını əldə edə bilərdi. Digər bir şəxsin reyestrdən çıxarış ilə mülkiyyətində olan torpaq sahəsinin başqasına təhvil verilməsi barədə məhkəmənin qərar çıxarması necə mümkün ola bilər?! Bu hallara düzgün qiymət verilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iş üzrə keçirilmiş ekspert rəyilə razıdır. Cavabdeh1 mübahisəli torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Eləcə də Sumqayıt Bələdiyyəsinin də həmin torpaq sahəsinə aidiyyatı yoxdur. Məhkəmənin apellyasiya baxışı zamanı sorğu ilə əldə etdiyi sənədlərdən də görünür ki, mübahisəli torpaq sahəsi ilkin olaraq Qədir Müslümovun olmuş, ona bu torpaq Sumqayıt Şəhər Soveti tərəfindən verilmiş, o da həmin torpağı özəlləşdirərək digər şəxslərə satmışdır. Qeyd olunanlar əsasında şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı isə şikayətlə razılaşmadı və bildirdi ki, mübahisə üzrə bütün araşdırmalar aparılmış və əsaslı qətnamə çıxarılmışdır. Hazırkı ekspert rəyi də onun torpaq sahəsinin zəbt edildiyini sübut edir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli, 86 nömrəli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 21 avqust 2003-cü il tarixli, 77 saylı protokoluna əsaslanaraq, Novxanı bağları ərazisində Abdullayeva (Yusifova) Təyminə Şamil qızının istifadə etdiyi 0,11 ha bağ üçün torpaq sahəsini onun adına rəsmiləşdirmiş və istifadəsinə vermişdir. İşdə olan inşaat pasportunun surətindən görünür ki, Abdullayeva (Yusifova) Təyminə Şamil qızının istifadə etdiyi 0,11 ha bağ üçün torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsində xx.xx.2003-cü il tarixli, 811 saylı inşaat pasportu tərtib edilmişdir. Yenə işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abdullayeva (Yusifova) Təyminə Şamil qızının adına Novxanı bağları ərazisində 0,11 ha torpaq sahəsinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. İşə əlavə edilmiş Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 4883№-li, xx.xx.1998-ci il tarixli Müqavilədən məlum olur ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin bağ sahəsinin verilməsi üzrə komissiyasının xx.xx.1998-ci il tarixli, 04№-li qərarına əsasən Novxanı ərazisində 0,13 ha torpaq sahəsi olan 3595 №-li bağ Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X5 icarəyə verilmişdir. Yenə işə əlavə edilmiş 17 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 0,13 ha 3595A saylı torpaq sahəsinin mülkiyyətçisi X6r. Onun adına xx.xx.2020-ci il tarixli, A 453412 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Plan və ölçünün tərtib edilməsi üçün əsas Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Bağalar Təsərrüfatı İdarəsi ilə Qədir Müslümov arasında bsğlanmış 4883 saylı, xx.xx.1998-ci il tarixli müqavilədir. İşdə olan xx.xx.2020-ci il tarixli, AN-İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri Novxanı bağlar massivi, 3595A ünvanında yerləşən 0,13 ha torpaq sahəsini X2 40000 manata satmışdır. Yenə işdə olan 17 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 0,13 ha 3595A saylı torpaq sahəsinin mülkiyyətçisi X1. Yenə də işdə olan 17 may 2021-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən bəlli olur ki, X3 mülkiyyətində olan 013 ha torpaq sahəsinin 0,0475 ha hissəsini X14 65000 manata satmışdır. Onlar 10 iyun 2021-ci il tarixdə bölgü sxeminə dair saziş imzalamışlar. Sazişə görə 0,0475 ha torpaq sahəsinə dair E.Maxaimovun, 0,0825 ha torpaq sahəsinə dair isə N.Abdullayevanın adına bölgü sxemi tərtib edilmişdir. İşə əlavə edilmiş 01 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 0,0475 ha 3595E saylı torpaq sahəsinin mülkiyyətçisi X11. Yenə işə əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli məktubundan, həmçinin xx.xx.2021-ci il tarixli reystrdən çıxarışdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X12 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3595E ünvanında 0,0475 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 01 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş bağ evi üzərində X12 tam mülkiyyət hüququ 30 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2022-ci il tarixli, 10/1471 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlər əsasında, Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli, 86 nömrəli qərarı ilə Novxanı bağları ərazisində Abdullayeva (Yusifova) Təyminə Şamil qızına verilmiş 0.11 ha torpaq sahəsinin naturada yerini qismən müəyyən etmək mümkündür. Abdullayeva (Yusifova) Təyminə Şamil qızının torpaq sahəsinin 0.0866 ha hissəsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərildiyi kimi müəyyən edilmişdir. İnşaat pasportundakı sxem həndəsi baxımdan düzgün işlənmədiyi üçün 0.0234 ha hissəsini müəyyən etmək mümkün deyil. Müvafiq reyestrdən çıxarışlara əsasən E.S.Manaximovun mülkiyyətində olan 0.0475 ha torpaq sahəsi və N.V.Abdullayevanın mülkiyyətində olan 0.0825 ha torpaq sahəsi naturada öz yerlərindədir və mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli, 86 nömrəli qərarı ilə Novxanı bağları ərazisində Abdullayeva (Yusifova) Təyminə Şamil qızına verilmiş 0.11 ha torpaq sahəsinin 0.0866 ha hissəsi naturada müəyyən edilmişdir. E.S.Manaximovun mülkiyyətində olan 0.0475 ha torpaq sahəsi Abdullayeva (Yusifova) Təyminə Şamil qızına verilmiş 0.11 ha torpaq sahəsinin eyni ölçüdə hissəsi ilə üst-üstə düşür. N.V.Abdullayevanın mülkiyyətində olan 0.0825 ha torpaq sahəsinin 0.0391 ha hissəsi Abdullayeva (Yusifova) Təyminə Şamil qızına verilmiş 0.11 ha torpaq sahəsinin eyni ölçüdə hissəsi ilə üst-üstə düşür. Sumqayıt şəhər bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli, 86 nömrəli qərarı ilə Novxanı bağları ərazisində Abdullayeva (Yusifova) Təyminə Şamil qızına verilmiş 0.11 ha bağ torpaq sahəsinin E.S.Manaximovun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində oturacaq sahəsi 64 kv.metr olan iki mərtəbəli ev tikilmişdir. İşə əlavə edilmiş Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2002-ci il tarixli, 48 nömrəli qərarının surətindən görünür ki, X13 razılığı nəzərə alınaraq Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 15 avqust 2002-ci il tarixli, 39 saylı protokoluna əsaslanaraq, Novxanı bağları ərazisində X15 məxsus 0,10 ha 3596 saylı bağ üçün torpaq sahəsi və əlavə istifadəsində olan 0,06 ha torpaq sahəsi daxil olmaqla ümumilikdə 0,16 ha bağ üçün torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. İşdə olan inşaat pasportunun surətindən görünür ki, X10 istifadə etdiyi 0,10 ha bağ üçün torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsində xx.xx.2002-ci il tarixli, 411 saylı inşaat pasportu tərtib edilmişdir. Pasportdan görünür ki, sahəyə dair Sumqayıt şəhər İH KTİB ilə X17 arasında 0,12 ha sahəyə dair 10 illiyə 09 avqust 2002-ci il tarixli, 11233 saylı icarə müqaviləsi imzalanmışdır. Yenə işdə olan Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2002-ci il tarixli, 42 nömrəli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 04 iyul 2002-ci il tarixli, 33 saylı protokoluna əsaslanaraq, Novxanı bağları ərazisində X5 və ailə üzvlərinə məxsus 1300 kv.metr 3596e saylı bağ üçün torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İşdə olan inşaat pasportunun surətindən görünür ki, Cavabdeh1 istifadə etdiyi 1300 kv.metr bağ üçün torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsində xx.xx.2002-ci il tarixli, 369 saylı inşaat pasportu tərtib edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olundu ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin bağ sahəsinin verilməsi üzrə komissiyasının xx.xx.1998ci il tarixli, 04№-li qərarına əsasən Novxanı ərazisində 0,13 ha torpaq sahəsi olan 3595 №-li bağ Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X5 icarəyə verilmiş və onunla Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 4883№-li, xx.xx.1998-ci il tarixli Müqavilə bağlanmışdır. Qədir Müslümovun 17 mart 2020-ci il tarixdə həmin bağ torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 0,13 ha 3595A saylı torpaq sahəsinin mülkiyyətçisi X6r. Onun adına xx.xx.2020-ci il tarixli, A 453412 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə X9 mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri Novxanı bağlar massivi, 3595A ünvanında yerləşən 0,13 ha torpaq sahəsini X2, sonuncu isə öz növbəsində həmin 0,13 ha torpaq sahəsinin 0,0475 ha hissəsini X14 satmışdır. Hər iki tərəfin həmin torpaq sahələrinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Elşad Manaximov özünə məxsus torpaq sahəsində ümumi sahəsi 186,60 kv.m olan 3 mərtəbəli ev tikmiş və ona dair hüquqlarını qeydə aldırmışdır. Məhkəmə araşdırması zamanı o da məlum oldu ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli, 86 nömrəli qərarı ilə Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 21 avqust 2003-cü il tarixli, 77 saylı protokoluna əsaslanaraq, Novxanı bağları ərazisində Abdullayeva (Yusifova) Təyminə Şamil qızının istifadə etdiyi 0,11 ha bağ üçün torpaq sahəsini onun adına rəsmiləşdirmiş və istifadəsinə vermiş, inşaat pasportu tərtib edilmişdir. Lakin onun həmin torpaq sahəsinə dair hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Keçirilmiş ekspertiza nəticəsində müəyyən olundu ki, iddiaçıya bələdiyyə qərarı ilə verilmiş torpaq sahəsi ilə X3 və X12 mülkiyyətində olan torpaq sahələri əsasən üst-üstə düşür. Cavabdeh1 həmin ərazidə torpaq sahəsi yoxdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv və hərtərəfli araşdırılıb əsaslı nəticəyə gəlmək üçün mübahisəli torpaq sahəsinin düzgün hüquqi rejimi müəyyən olunmalıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri vətəndaşlara bağçılıq üçün verilməsi nəzərədə tutulmuş sahələr olmaqla Sumqayıt XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin əməli idarəsində olmuşdur. Daha öncə qeyd olunduğu kimi Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin bağ sahəsinin verilməsi üzrə komissiyasının xx.xx.1998-ci il tarixli, 04№-li qərarına əsasən həmin ərazidə yerləşən 0,13 ha torpaq sahəsi olan 3595 №-li bağ Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X5 icarəyə verilmiş və onunla Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 4883№-li, xx.xx.1998-ci il tarixli Müqavilə bağlanmışdır. “Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun keçid müddəalarından bəhs edən 25-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə, istinad olunan maddi hüquq normalarına əsasən 0,13 ha torpaq sahəsi olan 3595 №-li bağ sahəsi X4 mülkiyyətinə verilmişdir. Qeyd edildiyi kimi Qədir Müslümov həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq özgəninkiləşdirmişdir. “Torpaq islahatı haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Başqa sözlə, 0,13 ha torpaq sahəsi artıq qanunla Qədir Müslümovun mülkiyyətinə verildiyindən bələdiyyə torpağı ola bilməzdi və onun barəsində Sumqayıt bələdiyyəsi tərəfindən sərəncam hüququ həyata keçirilə bilməzdi. İş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, E.S.Manaximovun mülkiyyətində olan 0.0475 ha torpaq sahəsi Abdullayeva (Yusifova) Təyminə Şamil qızına verilmiş 0.11 ha torpaq sahəsinin eyni ölçüdə hissəsi ilə üst-üstə düşür, N.V.Abdullayevanın mülkiyyətində olan 0.0825 ha torpaq sahəsinin 0.0391 ha hissəsi Abdullayeva (Yusifova) Təyminə Şamil qızına verilmiş 0.11 ha torpaq sahəsinin eyni ölçüdə hissəsi ilə üst-üstə düşür. İnşaat pasportundakı sxem həndəsi baxımdan düzgün işlənmədiyi üçün 0.0234 ha hissəsini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, qeyd edilən torpaq sahəsi, yaxud onun bir hissəsinin iddiaçıya ayrılması barədə Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli, 86 nömrəli qərarı hüquqi cəhətdən əsaslı olmamışdır. Təsadüfi deyil ki, həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Yenə həmin Məcəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edildiyi kimi Yusifova X8 Barat Əli oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus olan Sumqayıt şəhəri, Novxanı Bağları ərazisində 0,11 ha torpaq sahəsindən Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulması, torpaq sahəsində onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılması, əmlakın ona təhvil verilməsi və Cavabdeh2 torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Cavabdeh1 mübahisəli ərazidə torpaq sahəsi yoxdur. İddiaçının iddia etdiyi torpaq sahəsi isə yuxarıda qeyd olunduğu kimi iş üzrə cavabdeh olmayan kənar şəxslərin mülkiyyətindədir. Onlara qarşı isə heç bir tələb irəli sürülməmişdir. Digər cavabdehin isə hazırkı torpaq mübahisəsinə aidiyyatı müəyyən edilməmişdir. O, digər şəxsin bağ sahəsinə gözətçilik edir. Təsadüfi deyil ki, işə baxan birinci instansiya məhkəməsi ona qarşı iddianı haqlı olaraq rədd etmiş, iddiaçı isə bu qərarla razılaşaraq onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəli ərazidə iddia edildiyi kimi Cavabdeh1 torpaq sahəsi yoxdur, iddiaçının iddia etdiyi torpaq sahəsinin əsas hissəsi (ona ayrılmış torpaq sahəsinin kordinatlarını özündə əks etdirən plan və ölçü olmadığından bir hissəsinin yerini müəyyən etmək mümkün olmamışdır) kənar şəxslərin mülkiyyətindədir, onlara qarşı heç bir tələb irəli sürülməmişdir və nəhayət Sumqayıt bələdiyyəsi ona məxsus olmayan, artıq qanunla vətəndaşa verilən torpaq sahəsi barəsində sərəncam vermişdir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi və ona məxsus olmayan torpaq sahəsindən həmin torpaq sahəsinə hüquqi aidiyyatı olmayan Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulmasını, həmin torpaq sahəsində onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılması, əmlakın ona təhvil verilməsini tələb etməkdə haqlı omadığı kimi subyektiv hüquqa da malik olmamışdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə, cavabdehin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün yetərlidir. AR MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən olsa da təmin etməklə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə məhkəmə qətnaməsi çıxarmış, mübahisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 5 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 verilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3020/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair iddiası təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 5,00 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-266/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-266/2022
26.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver