Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2665/2021 08.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh3 və qeyrilərinə qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-678/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-678/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev), iddia qismən təmin olunmuş, Cavabdeh3 Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 94 B (yeni qaydalarla: AZ 5009, ünvan 1 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 (uşaqları 06.08.2020-ci il təvəllüdlü X3 və 17.04.2005-ci il təvəllüdlü X6 ilə birlikdə) və Cavabdeh2 (uşaqları 20.12.2011-ci il təvəllüdlü X4 və 06.07.2017-ci il təvəllüdlü X5 ilə birlikdə) Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 94B ünvanına istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları, Cavabdeh3 əmlakları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının oğullarıdır. Digər Cavabdeh3 isə Cavabdeh2 arvadıdır. Hazırda Cavabdeh1 və onun övladları onun mənzilində qeydiyyatda olsalar da, onların qonşuluqda dövlət qeydiyyatına alınmamış hər cür kommunal şəraiti olan fərdi yaşayış evi mövcuddur və həmin evdə yaşayırlar. Cavabdeh1 məxsus yaşayış yeri olduğundan onun uşaqları ilə birlikdə istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Digər cavabdehlər Cavabdeh2 və onun arvadı Cavabdeh3 iddiaçının fərdi yaşayış evində yaşayırlar. Onlarla aralarında mütəmadi surətdə münaqişələr yaranır. Hazırda Cavabdeh2 da Saray qəsəbəsində dövlət qeydiyyatından keçməmiş fərdi yaşayış evi mövcuddur. Bu hal özü həmin şəxsin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün əsasdır. Digər Cavabdeh3 isə 2006- cı il tarixdən ailə qurub mübahisəli evdə yaşadığından və həmin şəxsin ümumiyyətlə həmin evə istifadə hüququ olmadığından həmin evdən çıxarılmadır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)678/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, cavabdehlər Cavabdeh1 (uşaqları X3 06.08.2020-ci il təvəllüdlü və 17.04.2005-ci il təvəllüdlü X6 ilə birlikdə) Sumqayıt şəhəri 16-cı mikrorayon, 94 B saylı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və onun övladları (Azərbaycan Respublikası MM-nin 27.2-ci maddəsinə əsasən X3 06.08.2020-ci il təvəllüdlü və 17.04.2005-ci il təvəllüdlü X6) iddiaçının mənzilində qeydiyyatdadırlar.Cavabdeh1 və uşaqlar onun mənzilində qeydiyyatda olsalar da, onların qonşuluqda dövlət qeydiyyatına alınmamış hər cür kommunal şəraiti olan fərdi yaşayış evi mövcuddur və həmin evdə yaşayırlar. Belə ki, iddia ərizəsinə əlavə olunmuş foto şəkil oğlu X7 oğluna məxsus olan fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evinin kommunal şəraitinin olması iddia ərizəsinə əlavə olunmuş Azəriışq ASC-nin bildirişindən və E-manat bildirişindən görünür ki, Sumqayıt şəhərində 16-cı mikrorayon ərazisindəki fərdi yaşayış evin işıq və qaz sayğacları mövcuddur və həmin sayğaclar Cavabdeh1 adına qeydiyyata alınmışdır. Lakin birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün iddiaçı onun başqa yaşayış yerinin olmasını və mübahisəli evə yaşayış sahəsi kimi ehtiyacının aradan qalxdığını sübut etməlidir. İddiaçı həmin cavabdehin adında hər hansı yaşayış sahəsinin olması onların mübahisəli evə yaşayış sahəsi kimi ehtiyaclarını aradan qalxdığım sübut etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 hər hansı yaşayış sahəsinin olması onun mübahisəli evə yaşayış sahəsi kimi ehtiyacının olmadığını təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə də təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, onun doğrudan da Saray qəsəbəsində torpağı var və orada ev tikir, lakin evin korpusu hazırdır, yaşayış üçün isə hələ ki, yararlı deyildir. Evin heç bir sənədi yoxdur. Evi hazır olan kimi, öz evinə köçəcəkdir. Lakin hazırda bu mümkünsüzdür. Onların istədiyi odur ki, ev əlil olan kiçik qardaşlarına verilsin. Ataları yenidən evləndiyi üçün bu iddianı qaldırıb. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh3 əlavə etdi ki, məhkəmə onu evdən çıxarsa da. o, evdən çıxamayacaq, əri ilə birgə yaşayacaq. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1958-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1983-cü ildə, Cavabdeh1 xx.xx.1981-ci ildə, Cavabdeh3 isə xx.xx.1983-cü ildə anadan olmuşlar. Onlar hazırda Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 94B saylı evdə qeydiyyatdadırlar. Arayışdan həmçinin Cavabdeh1 övladları 06.08.2020-ci il təvəllüdlü X3 və 17.04.2005-ci il təvəllüdlü X2, həmçinin Cavabdeh2 övladları 20.12.2011-ci il təvəllüdlü X4 və 06.07.2017ci il təvəllüdlü X1 da həmin evdə qeydiyyatda olduqları müəyyən edilir. Yenə iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 94B saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi ********** saylı qeydiyyat nömrəsi ilə 18.06.2020-ci il tarixində qeydə alınmışdır. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli ev Sumqayıt şəhər İcraiyyə Komitəsinin 31 nömrəli, 23 dekabr 1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında 12 yanvar 2007-ci il tarixdə nikah bağlanmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya şikayətindən göründüyü kimi İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)678/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsini Cavabdeh1 (uşaqları X3 06.08.2020-ci il təvəllüdlü və 17.04.2005-ci il təvəllüdlü X6 ilə birlikdə) Sumqayıt şəhəri 16cı mikrorayon, 94B saylı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi hissəsində mübahisələndirmişdir. Eləcə də, iddianın təmin edilmiş hissəsindən apelyasiya şikayəti verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-678/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli ev 1988-ci ildə iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının uşaqları olmaqla həmin vaxtdan mübahisəli evdə yaşamışlar. Bu səbəbdən onlara münasibətdə mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi cavabdehlər Cavabdeh1 iddiaçının ailə üzvü olmaqla mübahisəli evdən istifadə hüququ əldə etmişdir. İddiaçı onun ailə üzvləri ilə birlikdə kompensasiya verilmədən evdən istifadə hüququna xitam verilməsini tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Cavabdeh1 mübahisəli evdən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi üçün iddiaçı onun başqa yerdə yaşayış yerinin olmasını və mübahisəli evə yaşayış sahəsi kimi ehtiyacının aradan qalxdığını sübut etməlidir. İddiaçı həmin cavabdehin adında hər hansı yaşayış sahəsinin olması, onun mübahisəli evə yaşayış sahəsi kimi ehtiyacının olmadığını təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Doğrudur, məhkəmə araşdırması zamanı Cavabdeh1 Saray qəsəbəsində torpaq alıb ev tikintisi apardığını, lakin həmin evin hazırda yaşayış üçün yararlı olmadığını, sənədsiz olduğunu bildirdi. Belə olan halda, bu fakt onun yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını sübut edən hal kimi qəbul edilə bilməz. Başqa sözlə, Cavabdeh1 hazırki qaydada yaşadığı və istifadə hüququnun olduğu evdən şıxarılması tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin araşdırılan hissəsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-678/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2665/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2665/2021
08.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver