Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2666/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(059)-274/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun XVİİ-JQ seriyalı, 710754 nömrəli pasport aldığı 24 mart 1986-cı il tarixdən 07 oktyabr 1998-ci il də daxil olmaqla, Siyəzən rayonu, Gil-Gilçay qəsəbəsində (keçmiş Dəvəçi rayonu, Gil-Gilçay kəndində) yaşayış yeri üzrə qeydiyyatda olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Şabran rayon Polis Şöbəsinin ərizə üzrə maraqlı şəxs qismində işə cəlb edilmələrini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, ona 16 yaşının tamam olması ilə əlaqədar 24 mart 1986-cı il tarixdə XVİİ-JQ seriyalı, 710754 nömrəli pasport verilsə də, yeni növ şəxsiyyət vəsiqəsi almaq istəyərkən, bu pasportu və digər sənədləri tapa bilməmişdir. Ona aid sənədlərin harada olduğunu unutduğundan uzun müddətli axtarışları nəticə verməmişdir. Bu səbəbdən də sənədlərinin qaydasına salınması, eləcə də yeni növ şəxsiyyət vəsiqəsinin, beləliklə vətəndaşlığın əldə edilməsi üçün aidiyyəti üzrə müraciətlər etsə də, bunun nəticəsi olmamış, məsələ həllini tapmamışdır. Bundan sonra, müvafiq orqanlara müraciət edərək, 24 mart 1986-cı il tarixdən 07 oktyabr 1998-ci il də daxil olmaqla, Siyəzən rayonu, Gil-Gilçay qəsəbəsində yaşamaqla bağlı sənədləri toplamışdır. Qeyd olunan faktın müəyyən edilməsi ölkə ərazisində sənədləşdirmə və Azərbaycan vətəndaşı olmasının müəyyən edilməsi üçün vacibdir. Bu səbəblə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır və ərizəsi təmin edilməlidir. Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(059)-274/2021 saylı qərardadı ilə işin icraatına xitam verilmiş və ərizəçiyə izah edilmişdir ki, o, ölkə ərazisində sənədləşdirilməsi və vətəndaşlığa qəbulla bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. (hakim B.Ələkbərov) Qərardaddan Ərizəçi şikayət verərək Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(059)-274/2021 saylı qərardadının ləğv edilərək ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə ilə eyni məzmunlu olan şikayət bununla əsaslandırılmışdır ki, onun mübahisəsi mülki xarakterlidir, çünki inzibati icraat qaydasında o, cavabdeh inzibati orqanların təqsirini əsalandıra bilməyəcəkdir. Odur ki, şikayət təmin edilməlidir. Siyəzən Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(059)-274/2021 saylı qərardadı ilə Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında əriəzçi Ərizəçi şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(059)-274/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki halda, ərizəyə əlavə edilmiş sənədlərdən arxiv çıxarışından, təhsil haqqında sənədlərin surətlərindən, eləcə də təsərrüfatbaşına kitabın təsdiqlənmiş surətindən görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərlə müəyyəndir. Məhkəmə düzgün olaraq belə hesab etmişdir ki, bu halda həmin faktın təkrar müəyyən olunması yol verilməzdir və məhkəmə qaydasında baxıla bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. İşdən görünür ki, Ərizəçi AR vətəndaşlığına mənsubiyyətinin tanınması barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və DMX-nin 07 fevral 2020-ci il tarixli qərarı ilə onun AR vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Buna səbəb isə onun 07 oktyabr 1998-ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olmaması göstərilmişdir. Ərizəçidə yaşayış yeri ilə bağlı olan sənədlər sübut növləridir və o, bu sənədlərdən istifadə etməklə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, rədd cavabı aldıqda isə inzibati icraat qaydasında səlahiyyətli məhkəmədə iddia qaldırmalıdır. Başqa sözlə, məhkəmə kollegiyasının qənaətinə görə hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir və birinci instansiya məhkəməsinin işin icraatına xitam verməsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 262.3-cü maddəsinə əsasə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İş materiallarından görünür ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin icraatına həmin əsasla xitam verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatına xitam verərkən düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(059)-274/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2666/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2666/2021
30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver