Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2669/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili X4, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-954/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-954/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı evə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh sahibliyində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürməklə həmin yaşayış evindən və köməkçi vasitələrindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu Natiq Ramazanovla xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Ailə qurarkən cavabdehin sahibliyində olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. Orada yaşadığı dövrdə xx.xx.2009-cu il tarixdə X8 və xx.xx.2011-ci il tarixdə X10 anadan olmuşlar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların hər ikisi onun yanında saxlanılmış və uşaqların saxlanması üçün onun xeyrinə 240 manat aliment qət edilmişdir. Göstərilən yaşayış evinə cavabdehin atası X1 adına texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Cavabdehin iki mərtəbəli, yaşayış üçün hər bir şəraiti olan yaşayış evi mövcuddur. Himayəsində olan uşaqlarla birlikdə həmin evə köçüb orada yaşamaq istəyir və bu onun hüququdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan DƏDRX-nın 5 saylı X19 xx.xx.2020-ci il tarixli, **********84 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, müvafiq icra hakimiyyətinin yerli bölməsi tərəfindən 1961-ci ildə texniki inventarizasiya edilərək Cavabdeh adına texniki pasport tərtib olunmuşdur. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi mülkiyyətdə olan yaşayış evlərinə aiddir. Mübahisə predmeti olan yaşayış evinin xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması işin mübahisəsiz halıdır. Mübahisə predmeti olan yaşayış evi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından evdən istifadəyə görə hər hansı yazılı razılaşmadan söhbət gedə bilməz. Hazırki iş üzrə aralarında hüquq münasibətləri yaranan zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin xüsusi mülkiyyətində olmadığına görə hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ əsasında onun adına mülkiyyət hüququ üzrə xx xxxx 1989-cu il tarixdə qeydə alınmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2517/2020 saylı qətnaməsinin surətindən görünür ki, X9 İddiaçı qarşı nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsinə dair iddiası qismən təmin edilmiş, X11 ilə Ramazanova (Cabbarova) Aynur Qiyasətdin qızı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları Ramazanova (Cabbarova) Aynur Qiyasətdin qızının yanında qalmaları, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq X6 hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində sabit pul şəklində alimentin alınaraq Ramazanova (Cabbarova) Aynur Qiyasətdin qızına verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, ünvan 3 (118) saylı ünvanda yerləşən evə 1961-ci ildə X1 adına, sonra isə Cavabdeh adına texniki pasport tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 xx.xx.2020-ci il tarixli, **********84 saylı məktubundan görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı ev Cavabdeh adına şəxsi mülkiyyət hüququ əsasında xx xxxx 1989-cu il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı ev Cavabdeh məxsusdur və onun həmin evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 1989-cu il tarixdə qeydə alınmışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Cavabdeh oğlu X11 ilə rəsmi nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı evə gəlin köçmüşdür. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci madəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. İş materiallarından, iddia ərizəsindən, tərəflərin izahatlarından görünür ki, iddiaçı ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 118 saylı evin mülkiyyətçisi olan Cavabdeh arasında iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, iddiaçının evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-954/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2669/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2669/2020
12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver