Məhkəmə qərarları › İş №2(105)-268/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-268/2024

31.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-268/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla) torpaq sahəsinin boşaldılması və digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun, üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4235/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7860/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və digər tələblərinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-94/2023 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin hasarının qarşısında yerləşən torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi, həmin torpaq sahəsində çəkilən çəpərin cavabdehin hesabına sökülməklə onun hesabına torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə iddiaçıya müraciət edərək Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində onunla iddiaçı arasında bağlanmış torpaq icarə müqavilələri əsasında istifadəsinə verilmiş sahəsi müvafiq olaraq 600 kv.metr və 400 kv.metr olan torpaq sahələrinin girişində cavabdeh tərəfindən qanunsuz hasarlama işləri aparıldığı və həmin hasarın istifadəsində olan torpaqdan normal şəkildə istifadə etməsinə maneələr yaratdığını bildirərək, həmin hasarın sökülməsi üçün tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmiş və qeyd olunan idarə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 05/367 saylı məktub ünvanlanaraq iddiaçı tərəfindən cavabdehə qarşı tədbir görülməsi bildirilmişdir. İddiaçı tərəfindən aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, vətəndaş Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ilə cavabdeh arasında zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəmə mübahisəsi olmuş və məhkəmə mübahisəsinin nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2(105)-94/2023 qətnamə çıxarılaraq iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun iddia tələbi təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsi ilə mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu sübuta yetirilmişdir. İddiaçı özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhərinin 50-ci məhəllə ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, orada qanunsuz çəkilən çəpərin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır.

5. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması qeyd olunsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubuna əsasən keçmiş dəmir yolçu X3 bağ-bostan bitkiləri becərmək məqsədi ilə istifadəyə verilmiş, dəmir yolunun Pirşağı- Sumqayıt sərnişin mənzili 48 km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən mübahisəli torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsindədir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X5 Müəssisəsinin 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubundan da görünür ki, qeyd olunan torpaq sahəsi mövcud dövlət qanunları əsasında X3 bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilmişdir. 11 aprel 2014-cü il tarixli, 330272 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsindən istifadə etmək və digər səlahiyyətlər X4 tərəfindən xx.xx.2058-ci ilədək cavabdehə verilmişdir. Hal hazıra kimi, cavabdeh həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və iddiaçının qeyd etdiyi kimi cavabdehin onun yaşadığı fərdi yaşayış evinə girib-çıxmağına heç bir maneəçiliyi yoxdur. Qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Yəni, həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində olması qeyri-müəyyəndir. Odur ki, iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4235/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin qarşısında yerləşən torpaq sahəsinin istifadəsinin cavabdehə qadağan edilməklə həmin torpaq sahəsində çəkilən çəpərin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir (hakim Emin Abdullayev).

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.1, 156.1, 157.1, 157.2-ci maddələri, Torpaq Məcəlləsinin 46-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci bəndi, Mülki Prosessual Məcəllənin 81, 82.3, 119-cu maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(060)-4235/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırlmışır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə məxsus olması qeyd olunsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubunda keçmiş dəmir yolçu X3 bağbostan bitkiləri becərmək məqsədi ilə istifadəyə verilmiş dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 48km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən (mübahisəli torpaq sahəsi) dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsində olması qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X5 Müəssisəsinin 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubundan da görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsi mövcud dövlət qanunları əsasında və Yol rəisinin 03 aprel 1979-cu il tarixli 29 saylı əmri çərçivəsində Dəmir yolu altında (Dəmir yoluna məxsus torpaq sahəsi) olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq X3 bağbostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilmişdir. İş materiallarında olan 11 aprel 2014-cü il tarixli 330272 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsindən istifadə etmək və digər səlahiyyətlər X6 tərəfindən xx.xx.2058-ci ilədək Cavabdeh verilmişdir. Hal-hazıradək o, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və iddiaçının qeyd etdiyi kimi cavabdehin onun yaşadığı fərdi yaşayış evinə girib-çıxmağına heç bir maneəsi yoxdur. İş materiallarından göründüyü kimi qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində olmasının qeyri-müəyyənliyini nəzərə alıb, iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi, mövcud mübahisənin dəqiqləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilməsi məhkəmədən xahiş edilsə də, iş üzrə heç bir əlavə araşdırma aparmadan, həmin mübahisəli zəbt olunmuş torpaq sahəsinin boşaldılması ilə bağlı üçüncü şəxsin əvvəllər verdiyi və iddianın rədd edilməsi ilə nəticələnmiş mülki iş üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixl, 10/5354 saylı ekspert rəyini əsas götürərək, cavabdehin zəbt etdiyi iddia olunan torpaq sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühafizə zonasında olmaqla bələdiyyə mülkiyyətində olmasının guya birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapması qənaətinə gələrək həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir.

11. Məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyənin 2019-cu ildə təsdiq olunmuş xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olmasının müəyyən edildiyinin qeyd olunduğunu göstərmişdir. Hansı ki, üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu qeyd olunan torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırarkən bələdiyyənin nümayəndəsi də həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirmişdir. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən cavabdehin həmin topraq sahəsindən istifadə etməsinin üçüncü şəxsə və ya bələdiyyənin torpaq hüquqlarının pozulması əsaslarını göstərmədən formal qərar qəbul etmişdir. Göründüyü kimi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi məktubda mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydə isə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qeyd edilsə də, məhkəmə tərəfindən bu ziddiyyətlər aradan qaldırılmadan vaxtından əvvəl əsassız və qanunsuz qərar qəbul edilmişdir. Odur ki, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün qismən araşdırma aparılmaqla həmin qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

12. Mübahisəli torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətində olması məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan üçüncü şəxsin məhkəmədə qaldırdığı və iddianın rədd edilməsi ilə nəticələnən iş materiallarında olan sənədlərə istinad edilərək, verilmiş vəsatət təmin edilmədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Odur ki, iş üzrə müvafiq ekspertiza təyin edilməli və həmin torpaq sahəsinin hüquqi rejimi, yəni hazırda həmin torpaq sahəsinin Bələdiyyə və ya dövlət mülkiyyətində olması barədə səlahiyyətli dövlət qurumundan məlumatın alınmasının təmin edilməsi, nəticəsindən asılı olaraq qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

25. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1.Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

27. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

28. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

29. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

30. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

38. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

39. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

40. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayəti Cavabdeh tərəfindən verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4235/2023 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Beləliklə, iddiaçı Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində olan və cavabdeh tərəfindən hasarlanmış torpaq sahəsinin onun mülkiyyətində olduğuna əsaslanaraq həmin torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi, həmin torpaq sahəsində çəkilən çəpərin cavabdehin hesabına sökülməklə onun hesabına torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb edir.

47. Mübahisəli torpaqla bağlı daha əvvəlki məhkəmə mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki mübahisəli torpaqla bağlı ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixl, 10/5354 saylı ekspert rəyinə əsasən Cavabdeh tərəfindən zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən olunmuşdur. Eyni zamanda rəydə iddia olunan torpaq sahəsinin Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun icarə müqaviləsi bağladığı torpaq sahəsinin giriş hissəsi olduğu müəyyən edilmişdir. Qeyd olunan qətnamədə məhkəmə kollegiyası bildirmişdir ki, məhkəməyə müraciət etmək hüququ Sumqayıt Bələdiyyəsinə məxsus olduğundan, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun həmin iddianı qaldırmaq hüququ olmamışdır.

48. Belə olan halda məhkəmə kollegiyası hazırkı apellyasiya şikayətində göstərilən yenidən həmin mübahisəli torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək məqsədi ilə ekspertizanın keçirilməsinə dair dəlilləri formal mülahizələr kimi qiymətləndirir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, qeyd olunan ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə şübhə olmadığından, eyni torpaq üzrə eyni quruma eyni halın müəyyən edilməsi üçün ekspertizanın keçiriliməsi məhkəmə icraatının prosessual səmərəlilik və qənaət tələblərinə cavab vermir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

50. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

52. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

53. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

54. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

55. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4235/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar