Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-269/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə, birgə nikah) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X7 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2282/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Xızı Rayon Məhkəməsinin 2(060)-183/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2004-cü il tarixli nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçının himayəsinə verilmiş və cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon təhsil şöbəsi F.T.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin verdiyi xx.xx.2021-ci il tarixli, 08 №-li arayışa görə, X8 2014/2015-ci tədris ilində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən Laçın rayon F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. Hazırda o, 2021-2022-ci tədris ilində həmin məktəbin 8 b sinfində təhsilini davam etdirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon təhsil şöbəsi F.T.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin verdiyi xx.xx.2021-ci il tarixli, 09 №-li arayışa görə, X10 2011/2012-ci tədris ilində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən Laçın rayon F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. Hazırda o, 2021-2022-ci tədris ilində həmin məktəbin 11-ci sinfində təhsilini davam etdirir. Azərbaycan Respublikası Sumqayıt şəhəri X1 "xxxx" MMC-nin direktoru X6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu əsasən, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissəsində yerləşən, Cavabdeh sənədsiz istifadəsində olan 250 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində sənədsiz 96,6 m2 fərdi yaşayış evi vardır. Torpaq vergi ödəyicisi kimi X2 2009-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Hacı Zeynalabdin qəsəbəsində nümayəndənin xx.xx.2021-ci il tarixli aktına əsasən, Xızı rayonu Yeni Yaşma kəndində qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü İddiaçı və övladları Xızı rayon qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 ilə birlikdə 2011-ci ilin avqust ayından 2021ci ilin sentyabr ayına qədər Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissəsində yerləşən Dəmir yolu bağ evində qeydiyyatsız yaşamışdır. Qeyd olunanları X4, X3, X5 öz imzaları ilə təsdiq etmişdirlər. Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli protokola əsasən, İddiaçı və Cavabdeh iştirakı ilə ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar xx.xx.2022-ci il tarixində mediasiya prosesi həyata keçirilmişdir. H.Z.Tağıyev qəsəbəsində yerləşən daşınmaz əmlak bölgüsünə dair razılıq əldə olunmadığına görə tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40- cı kilometrliyindən keçən hissədə yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2004-cü ildə rəsmi nikaha girmiş, birgə nikahdan xx.xx.2005-ci il və xx.xx.2008-ci il təvəllüdlü Əli və Yusif adlı övladları doğulmuş, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar birgə nikah dövründə torpaq sahəsi almış və orada xx.xx.2011-ci ildə ev tikib, yaşamışlar. Münasibətləri korlandığından o, hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Ona görə də hesab edir ki, o və azyaşlı uşaqları həmin evə köçürülməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2282/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı- Quba yolunun 40-cı kilometrliyindən keçən hissədə yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evinə uşaqları - xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 ilə birlikdə köçürülməsi qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki tərəfin mülkiyyət hüququ üzrə gözləntiləri olduğundan mübahisəli əmlak birgə nikah dövründə və ümumi vəsait hesabına tikildiyindən, iddiaçının da həmin evdən istifadə hüququnu həyata keçirmək imkanını məhkəmə təcrübəsi tanıdığından, habelə qanunun analogiyasına görə iddia əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 180.1, 180.2, 225.1-ci maddələri, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3-cü maddələri, Mənzil Məcəlləsinin 30.2, 30.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 77.1 və 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2282/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, onların bir ailə kimi bir yerdə yaşamağı mümkünsüzdür. Belə ki, onlar münaqişəli ailədirlər. İddiaçıya evi satmağı və pulunu bərabər şəkildə bölməyi təklif etmişdir. Mediasiya zamanı razılaşsalar da, sonradan cavabdeh aralarında olan razılaşmaya əməl etməmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, hazırkı vəziyyətdə iddia tələbi təmin oluna bilməz. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Onların arasında olan rəsmi nikah pozulduqdan sonra həmin mənzildə birlikdə yaşamaqları nə dərəcədə düzgündür və qanunidir? İddiaçı məqsədli şəkildə mənzilə köçmək istəyir və bu da gələcəkdə onlar arasında olan münaqişənin daha da kəskinləşəcəyinə gətirib çıxaracaq. Əgər iddiaçı mənzilin satılmasını istəmirsə, o zaman mənzilin dəyərinin yarısını ona versin və o da mənzildən çıxsın. Lakin iddiaçı heç bir vəchlə onunla razılaşmır. Bu da o deməkdir ki, iddiaçının “məqsədi” var. Hazırkı qətnamə qüvvədə qalarsa iddiaçı “məqsədi”nə çatmış olacaq. İşin qanuni tərəfi kimi, faktiki tərəfi də vardır. Ona görə də hesab edir ki, bütün bunlar nəzərə alınmalı, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz vermişdir. Etirazda bildirilir ki, apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, Cavabdehla xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və o, cavabdehin yaşadığı Xızı rayonu, Yeni Yaşma kəndinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 adlı iki uşaq doğulmuşdur. Birgə yaşadıqları dövrdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40cı kilometrliyindən keçən hissəsində yerləşən X13 öz vəsaitləri hesabına cavabdehin adına torpaq sahəsi alıb üzərində mişar daşından bir mərtəbəli, dörd otaqlı bağ evi tikib xx.xx.2011-ci il tarixdə həmin evə köçmüşlər. Valideynlərinin ona cehiz şəklində verdikləri və birgə nikah dövründə aldıqları əmlakları həmin evə yerləşdirmişlər. Yaşadıqları bağ evi tam kommunal şəraitlidir. Cavabdehlə xx.xx.2021-ci il tarixədək bu ünvanda birgə yaşayıb birgə təsərrüfat aparmışlar. Hər iki uşaqları H.Z.Tağıyev qəsəbəsində yerləşən F.Cəfərov adına tam orta məktəbdə təhsil alırlar. Birgə nikah dövründə yaşadıqları ilk vaxtlar münasibətləri normal və qarşılıqlı olmuş, lakin son zamanlar xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuşdur. Xızı Rayon Məhkəməsinin 2(068)-183/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikah qeydinin ləğv edilməsi, uşaqların onun himayəsinə verilməsi və yanında qalmaları qət edilmişdir. xx.xx.2021-ci il tarixdə ailə-məişət münaqişəsi zəminində o, yaşadığı evi məcburən tərk etmişdir. Hazırda Xızı rayonu, Yeni Yaşma kəndində valideynlərinin yanında yaşayır və uşaqlar da onun yanındadır. Evsiz-eşiksiz qalmışdır, yaşamağa yeri yoxdur, müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Cehiz əmlakı və şəxsi əşyaları bu günə kimi mübahisəli evdə qalmaqdadır. Hesab edir ki, onun və azyaşlı uşaqlarının həmin bağ evinə cavabdehlə birlikdə yaşayış hüquqları yaranmışdır. Çünki cavabdehin evinə onun istəyi və razılığı ilə gəlin gəlmiş, 10 il ərzində onunla birgə təsərrüfat aparmaqla iki uşaq dünyaya gətirmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, guya “mediasiya zamanı evin satılıb pul vəsaitinin aralarında bölünməsi barədə cavabdehlə razılaşmışlar, lakin sonradan o, həmin razılaşmaya əməl etməmişdir və məqsədyönlü şəkildə evə köçmək istəyir, hansısa məqsədi var”. Qeyd edir ki, cavabdehlə heç bir razılığa gəlməmişlər və onun həmin evə köçməyində heç bir məqsədi yoxdur. Sadəcə yaşamağa yeri yoxdur və azyaşlı oğlu H.Z.Tağıyev qəsəbəsində yerləşən F.Cəfərov adına tam orta məktəbdə təhsil alır. Cavabdeh həmin evin satılacağı təqdirdə ona 10.000 (on min) manat məbləğində pul təklif edir ki, bu məbləğ də onu heç cür qane etmir. Belə ki, həmin məbləğ onu və uşaqlarını hər hansı bir yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam və ətraflı araşdırma aparmaqla düzgün nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qət edilməsini xahiş edir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ona görə də kollegiya Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş və hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, keçmiş arvadın özbaşına tikiliyə köçürülmə tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi istifadə olunan hüququn ümumi prinsiplərinə və ya hüququn konkret sahələrinə aid prinsiplərinə uyğun olmuşdur. Analoji mübahisələrin həlli ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İşin mübahisəsiz qaydada müəyyən olunan hallarından və iddiaçının bilavasitə özünün bildirdiyindən aydın olur ki, o, 2004-cü ildə ailə qurduqdan sonra Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən evə gəlin köçmüş, təxminən 7 il orada yaşamış, 2011-cu ildə hazırda mübahisəsi gedən mövcud evə köçüb orada yaşamağa başlamışdır. Mübahisəli fərdi yaşayış evi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissədə yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evindən ibarətdir. Həmin ev tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına, birgə səyi və zəhməti ilə inşa olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, kollegiya qeyd edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşamaqla ondan faydalandığı kimi, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçı həmin mübahisəli tikilidə yaşadığından və birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən, həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan o, azyaşlı övladları ilə birlikdə köçürülməlidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Tərəflər arasında münaqişənin olması, bu səbəbdən onların bir yerdə yaşamağının mümkünsüzlüyü, bunun gələcəkdə onlar arasında olan münaqişənin daha da kəskinləşəcəyinə gətirib çıxarması barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və köçürülmə barədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 2282/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(060)-2282/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-269/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-269/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver