Məhkəmə qərarları › İş №2(105)-2690/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2690/2020

30.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2690/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, X2 nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, ARƏMDK yanında DƏDRX-nin 2 saylı X14, Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna qarşı “icra haqqı və əmlak vergisi üzrə borc məbləğinin ödənilməsi, bələdiyyə qərarının ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab olunması, daimi istifadə hüququna xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3044/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "vergi borcunun ödənilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhərinin 26-cı məhəlləsi ərazisində, Səməd Vurğun küçəsi boyunca iaşə və kommersiya obyektinin tikintisi məqsədi ilə sahəsi 1311,5 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh2 icarəsinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin x xxx 2006-cı il tarixli 15 saylı iclas qərarının ləğv edilməsi, Sumqayıt şəhəri, 26-cı məhəllə, S.Vurğun küçəsi, 283 ünvanında yerləşən sahəsi 1305 kvadrat metr olan torpaq sahəsi üzərində Cavabdeh2 istifadə hüququna dair xx xxxxx 2011-cı ıl tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və onun adına verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxx 2011-cı ıl tarixli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 ilə X9 arasında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanılmış 4Ə-14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin qismən-Sumqayıt şəhəri, 26-cı məhəllə, S.Vurğun küçəsi, 283 ünvanında yerləşən sahəsi 1311.5 kvadrat metr olan torpaq sahəsinin bağışlanmasına dair hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında torpaq sahəsi üzərində Cavabdeh1 adına aparılmış dövlət qeydiyyatının etibarsız sayılması, torpaq sahəsi üzərində X5 istifadə hüququna xitam verilərək Sumqayıt şəhəri, 26-cı məhəllə, S.Vurğun küçəsi, 283 ünvanında yerləşən sahəsi 1305 kvadrat metr olan torpaq sahəsi üzərində X5 adına verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv olunması, Sumqayıt şəhəri, 26-cı məhəllə, S.Vurğun küçəsi, 283 ünvanında yerləşən sahəsi 1311,5 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə torpaq icarə haqqı üzrə Sumqayıt Bələdiyyəsinə 2019cu ildə daxil olmaqla yaranmış 2337,03 manat məbləğində icarə haqqı borcunun və Sumqayıt şəhəri, 26-cı məhəllə, S.Vurğun küçəsi, 283 ünvanında yerləşən ümumi sahəsi 1226,7 kvadrat metrdən ibarət əmlak kompleksinə görə yaranmış 1117,93 manat məbləğində əmlak vergisi borcunun müştərək qaydada X10 ilə X3 alınaraq Sumqayıt Bələdiyyəsinə ödənilməsi, ümumi sahəsi 1226,7 kvadrat metrdən ibarət əmlak kompleksi istisna olmaqla torpaq sahəsində inşa edilmiş digər özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10222/2019 saylı xx xxxxxx 2019-cu tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10222/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3044/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadları ilə apelyasiya intansiya məhkəməsinin göstərişi nəzərə alınaraq iddia ərizəsi «əmlak vergi borcu»nun tutulması hissədə qəbul edilməsindən imtina edilmiş, digər hissədə icraata qəbul edilərək, baxılması üçün məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini «əmlak vergi borcu»nun tutulması hissədə iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3044/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata götürülməsi məsələsi ərizəçinin iştirakı təmin edilməklə müzakirə edilməsi üçün mülki iş Sümqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3044/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə X2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "vergi borcunun ödənilməsi və s." tələbinə dair ərizənin «əmlak vergi borcununun tutulması» hissədə qəbul edilməsindən imtina edilməsi, iddiaçıya yerli büdcəyə ödənilməli olan fiziki şəxslərin torpaq və əmlak vergiləri barədə özü tərəfindən qərar (inzibati akt) qəbul etmək hüququnun olduğunun izah edilməsi, ərizənin qəbul edilməsindən imtina edilməsinin ərizəçiyə həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olmasının izah edilməsi qərara alınmışdır (hakim Almaz Süleymanova) Qərardaddan iddiaçı təşkilat tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi, iddia tələbinin əmlak vergi borcunun tutulması hissəsində mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3044/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında X2 nümayəndəsi X12 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmənin iddia ərizəsinin əmlak vergisi üzrə borc məbləğinin ödənilməsi hissəsinin qəbul edilməsindən imtina etməsini və bələdiyyənin fiziki şəxslərdən vergilərin tutulması barədə qərar (inzibati akt) qəbul etmək səlahiyyətinə malik olduğundan,həmin vergi borclarının məhkəmə qaydasında iddia qaldırmaqla tutulmasının tələb edilməsinin yolverilməzliyi barədə gəldiyi nəticəni tamamilə əsassız və qanunazidd hesab edirlər. Belə ki,bələdiyyənin hər hansı vergi borcunun tutulması ilə bağlı inzibati akt qəbul etməsi bələdiyyənin vəzifəsi deyil,hüququ olmaqla diskresion səlahiyyətidir. Bələdiyyənin ödənilməmiş vergi borcunu mütləq şəkildə yalnız inzibati akt qəbul etməklə tələb etməsi qanunvericilikdə təsbit edilməmişdir. Qanunvericilik bunu bələdiyyənin özünün təşəbbüsünə buraxır. Bələdiyyə bu tələbi eyni zamanda məhkəmə qaydasında irəli sürmək hüququna da malikdir ki, bu da Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş bir hüquqdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində inzibati icraatın başlanılması üçün əsaslar göstərilmişdir ki, bu əsaslar içərisində həmin maddənin 1.2-ci bəndinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi nəzərdə tutulmuşdur. Qanunda ödənilməyən bələdiyyə vergilərinin və icarə haqlarının fiziki yaxud hüquqi şəxslərdən tutulmasına dair inzibati orqan olaraq bələdiyyələrin mütləq şəkildə inzibati akt qəbul etmək vəzifəsi nəzərdə tutulmamışdır. Sözügedən məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin inzibati icraatın başlanılmasına dair təşəbbüsü də olmadığından,hesab edirlər ki,bu mübahisə ilə bağlı Sumqayıt Bələdiyyəsi mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaqla hər hansı qanun pozuntusuna yol verməmişdir. Yerli vergilərlə bağlı məhkəmənin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 4.4-cü maddəsinə istinad edərək bələdiyyə vergilərinin bələdiyyə qərarları əsasında tutulması barədə gəldiyi qənaət isə məhkəmənin qanun normasını səhv təfsir etməsinin nəticəsidir. Belə ki, sözügedən qanun normasında göstərilmişdir ki,yerli vergilər (bələdiyyə vergiləri) dedikdə Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyə tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin normada “bələdiyyə qərarlarına əsasən tutulan” deyil,’’bələdiyyə qərarlarına əsasən tətbiq edilən" ifadəsi yer almışdır ki, bunlar da tam fərqli hüquqi anlam daşıyır. Azərbaycan Respublikasının Vergilər Məcəlləsində nəzərdə tutulmuş “bələdiyyə qərarlarına əsasən tətbiq edilən” dedikdə, bələdiyyə qərarları ilə müəyyənləşdirilən və ödənilməsi məcburi olan vergilərin növlərinin, onların ödənilməsi qaydalarının və digər halların müəyyən olunması başa düşülür. Həmin müddəa digər qanunvericilik aktlarında da təsbit olunmuşdur. Belə ki,’’Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin 1-ci hissəsinə əsasən yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsində göstərilmişdir ki, bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrıayrı kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1.1-1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası,habelə dərəcələrinin aşağı və yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 4.4-cü maddəsində müəyyən olunmuş ’’bələdiyyə qərarlarına əsasən tətbiq edilən" dedikdə, söhbət heç də məhkəmənin yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi ilə bağlı qərarların qəbul edilməsindən deyil, yerli vergi və ödənişlərin tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bağlı bələdiyyələrin qərarlar qəbul etmək səlahiyyətindən gedir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2011- ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, «İnzibati icraat haqqında» Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər.Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar; qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında da vergi orqanının öz səlahiyyətləri daxilində qərar qəbul etməlidir və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərməlidir deyil,vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə bilcəyi və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə biləyəci göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ölkə üzrə bələdiyyələr üçün icrası məcburi olan “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” hazırlanmışdır ki, həmin normativ aktda da bələdiyyələrin vergi borcları ilə bağlı etməli olduqları hərəkətlər müəyyənləşdirilmişdir. Həmin normativ aktın 1.1-ci bəndində göstərilmişdir ki, bu Metodiki Vəsait Azərbaycan Respublikasının Konstitusiyasının,Vergi Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikasının xx xxxx 2003-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır. X15 1.2-ci bəndinə əsasən bu Metodiki Vəsait yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının hərəkətlərini müəyyən edir. 9.8. Yerli vergilərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün lakin, bir ildən çox olmamaqla ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0,1 %-i həcmində faiz hesablanılır. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 9.11.Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında (könüllü ödəniş halları istisna olmaqla) məhkəmələrə müraciət edirlər. Məhkəmənin bu mövqeyi bu cür mübahisələrə dair digər məhkəmələrin, o cümlədən apelyasiya və kassasiya instansiya məhkəmələrinin daha öncə çıxardığı məhkəmə aktları ilə də aşkar ziddiyyət təşkil edir. Belə ki,Sumqayıt Bələdiyyəsinin əvvəllər qaldırdığı iddia tələblərində bu cür tələblər bir iddia ərizəsində birləşdirilərək göstərilmiş və məhkəmələr özlərinin qanuni qüvvəyə minmiş aktlarında bu məsələyə hüquqi qiymət verərək bunun qanuni və əsaslı olması barədə nəticəyə gəlmişlər. Bu məsələ ilə bağlı məhkəmənin hüquqi mövqeyi istər Sumqayıt Apelyasiya Məhkəməsinin, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyalarının qanuni qüvvəyə aktlrında öz əksini tapmışdır. Həmin mülki işlər üzrə Sumqayıt Bələdiyyəsinin iddia tələblərinə münasibətdə məhkəmə icarə haqqı və ya əmlak və torpaq vergilərinin tutulması ilə bağlı iddiaların yolverilməzliyinə dair səhv nəticəyə gəlməyərək iddia tələblərinə mahiyyəti üzrə baxıb qərar çıxarmışlar. Hal-hazırda məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarında göstərilənlərdən fərqli mövqe nümayiş etdirməsi hüquqi cəhətdən əsassız olmaqla və məhkəmə təcrübəsi ilə uyğun gəlməməklə yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə də aşkar ziddiyyət təşkil edir. Həmin Fərmanda məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması ölkə başçısı tərəfindən ədalət mühakiməsinin qanuni və səmərəli şəkildə təmin edilməsinin ana ünsürləri kimi xüsusi olaraq qeyd olunmuşdur. Adı çəkilən Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə 418.1-ci maddə əlavə edilmişdir ki,həmin maddənin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsas hesab edilmişdir. Göründüyü kimi,məhkəmənin bələdiyyənin iddia ərizəsinin “əmlak vergi borcunun tutulması” hissəsində qəbul edilməsindən imtina olunması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Sumqayıt Bələdiyyəsi mübahisələndirilən iddia tələblərini yalnız inzibati akt qəbul etməklə həll etmək iqtidarında deyildir. Eyni zamanda bələdiyyə vergi borcunun ödənilməsini öz diskresion səlahiyyətləri çərçivəsində həm inzibati akt qəbul etməklə, həm məhkəməyə müraciət etməklə tələb edə bilər ki, qanunvericilik bələdiyyənin bu məsələdə inzibati akt qəbul etmək səlahiyyətinə malik olması səbəbindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamışdır. Məhkəmə qaydasında baxılmalı olan işin həllinin məhkəmə tərəfindən bələdiyyənin üzərinə qoyulması qanuni və əsaslı sayıla bilmədiyi kimi, bu,bələdiyyənin konstitusion hüququ olan məhkəməyə müraciət etmək hüququnu da açıq şəkildə qəsb etmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Sumqayıt şəhər Məhkəməsinin X2 cavabdehlər X7 və qeyrilərinə qarşı “icarə haqqı və əmlak vergisi üzrə borc məbləğinin ödənilməsi,bələdiyyə qərarının ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab olunması, daimi istifadə hüququna xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, torpaq sahəsinin geri qaytarılması barədə” iddia ərizəsinin “əmlak vergi borcunun tututlması” hissəsində qəbul edilməsindən imtina olunması barədə xx xxxx 2020-ci il tarixli, 2(060)- 3044/2020 saylı qərardadının ləğv edilməsi və Sumqayıt Bələdiyyəsinin həmin hissədə iddia tələblərinə də mahiyyəti üzrə baxılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X4 şikayətin dəlillərinə etiraz edib onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3044/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2, ARƏMDK yanında DƏDRX-nin 2 saylı X13 və Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, yerli büdcəyə ödənilməli olan fiziki şəxslərin əmlak vergiləri barədə qərarın (inzibati akt) bələdiyyənin özü tərəfindən qəbul edilməsi və məhkəmə qərarı olmadan icraya yönəldilməsi qanunla tənzimləndiyindən, həmin borcların məhkəmə qaydasında iddia qaldırılmaqla tutulmasının tələb edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2-ci maddəyə əsasən bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1.3-cü maddəyə əsasən yerli vergilər (bələdiyyə vergiləri) Azərbaycan Respublikasında vergi sisteminə daxildir. Həmin Məcəllənin 4.4-cü maddəyə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 8.1.2-ci maddəyə əsasən fiziki şəxslərin əmlak vergisi Yerli vergilər (bələdiyyə vergiləri) sisteminə daxildir. Həmin Məcəllənin 8.2-ci maddəyə əsasən Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Qanunun 7-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, və s. yerli büdcənin gəlirlərinə aid edilmişdir. 2-ci bəndə əsasən bu maddənin 1.1-1.4-cü, 1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Həmin Qanunun 8-ci maddəsinə əsasən Yerli vergilər (bələdiyyə vergiləri) - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir. 43-cü maddəyə əsasən Yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Həmin Qanunun 48-ci maddəsinə əsasən Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Göründüyü kimi mübahisə predmeti olan fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) vergilərin tərkib hissəsini təşkil edir. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyəyə ödənilən vergidir. Yerli vergi və ödənişlərin hesablanması qaydası qanunla müəyyən edilir, ifadə olunan huquq normalarının tələbinə görə həmin yerli vergilərin tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. AR Vergilər Məcəlləsinin 4.4-cü maddəsində də yerli vergilərin (bələdiyyə vergiləri) bələdiyyələrin qərarlarına əsasən tətbiq edildiyi birbaşa göstərilmişdir. Yəni, qanunverici Bələdiyyə yerli özünüidarəetmə orqanı olmaqla, yerli əhəmiyyətli məsələlərin müstəqil surətdə həllini səlahiyyətlərinə aid etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, fiziki şəxslərin ödənilməmiş əmlak vergisinin tutulması üçün məhkəmənin qərarının tələb olunmasına zərurət yoxdur, bələdiyyə öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər və həmin qərarı icraya göndərə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanun olmaqla bələdiyyələrdə vergitutmanın ümumi əsaslarını da əhatə edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxxx 2011-ci il tarixli Qərarında da göstərmişdir ki, « vergi orqanı öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər». "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. "İnzibati icraat haqqında" Qanun 87-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi icrası "İcra haqqında" Qanuna uyğun olaraq "icra məmurları" tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yerli büdcəyə ödənilməli olan fiziki şəxslərin əmlak vergiləri barədə qərarın (inzibati akt) bələdiyyənin özü tərəfindən qəbul edilməsi və məhkəmə qərarı olmadan icraya yönəldilməsi qanunla tənzimləndiyindən, həmin borcların məhkəmə qaydasında iddia qaldırılmaqla tutulmasının tələb edilməsi yolverilməzdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3044/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar