Məhkəmə qərarları › İş №2(105)-2692/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2692/2021

08.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2692/2021 08.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2056/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2056/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia edilmiş, İddiaçı övladları 12.10.2010-cu il təvəllüdlü X7, 22.06.2012-ci il təvəllüdlü X4 və 12.02.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri qət edilmişdir (hakim A.Süleymanova). Qətnamədən iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı övladları 12.10.2010-cu il təvəllüdlü X7, 22.06.2012-ci il təvəllüdlü X3 və 12.02.2016-cı il təvəllüdlü X2 ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürümələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu Nümayəndə ilə 10.07.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları- 12.10.2010-cu il təvəllüdlü X7, 22.06.2012-ci il təvəllüdlü X4 və 12.02.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların onun yanında qalması və həmin uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. ünvan 1 xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. O, ailə həyatı qurduqdan sonra cavabdehə məxsus mənzilə gəlin köçmüşdü. Həmin vaxt mənzil özəlləşdirilməmişdir və orderlə cavabdehə məxsus olmuşdur. Cavabdeh həmin mənzili 12.04.2011-ci ildə öz adına özəlləşdirmişdir. Cavabdeh onu ailə üzvü kimi qəbul etmiş və o, mənzilə onun razılığı əsasında köçürülməklə birgə təsərrüfat idarə etmişdir. Hal-hazırda cavabdeh onun həmin mənzildə yaşamasına imkan vermir. Həmçinin onun bütün cehiz əmlakları hal-hazırda həmin mənzildədir. Onun mübahisəli mənzildən istifadə hüququ var. Lakin cavabdeh buna mane olur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onun və azyaşlı övladları - 12.10.2010-cu il təvəllüdlü X7, 22.06.2012-ci il təvəllüdlü X4 və 12.02.2016-cı il təvəllüdlü X2 mübahisəli mənzilə istifadə hüquqları tanınmalı və onlar həmin mənzilə köçürülməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. Belə ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Mübahisə predmeti olan ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı ilə oğlu ailə qurarkən onlar bu evliliyə razı olmamışlar. Lakin onların icazəsi olmadan onlar ailə qurmuşlar. Bir müddət Qubada yaşamışlar, sonra məcbur olub toy ediblər. Ara-sıra gəlib gediblər. Fərdi işlə məşğul olduqları üçün kirayədə qalmasınlar deyə, müəyyən müddət onlarda yaşamalarına icazə vermişdir. Onlar evləndiyi gündən Quba rayonunun Snov kəndində yaşamışlar. Mənzilin mülkiyyətçisi kimi evində yaşamağa icazə vermir. Ona görə qətnamənin ləğv, iddianın rədd edilməsini istəyir. Apelyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6885/2019 saylı, 25 noyabr 2019cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh Nümayəndə qarşı “nikahın pozulması, uşağın himayə verilməsi və aliment” tələbi təmin edilmiş, Nümayəndə ilə X5 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 10.07.2009-ci il tarixdə bağlanmış, 941 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 12.10.2010-cu il təvəllüdlü X7, 22.06.2012-ci il təvəllüdlü X4 və 12.02.2016-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası X1 yanında qalmaları qət edilmişdir. İşdə olan AZ-İ seriyalı, 350255 saylı nikahın pozulması haqqında şəhadətnaməndən görünür ki, Nümayəndə ilə X5 arasında bağlanmış nikah 07 fevral 2020-ci il tarixdə ləğv edilmiş, qadına Qurbanova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 23 mart 1992-ci il tarixli, 40/42 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 4 nəfər ailə üzvü daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə ünvan 1 ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 02.04.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydə alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdehin oğlu ilə 10.07.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, mübahisə predmeti olan mənzilə gəlin köçərək həmin vaxtdan ailə üzvləri ilə bərabər mənzildən istifadə etmiş, lakin sonradan ailə münasibətləri pisləşdiyindən iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti olan mənzil order əsasında 1992-ci il tarixdə cavabdehin və onun 4 nəfər ailə üzvünün istifadəsinə ayrılmış, bundan sonra 2011ci ildə mənzildə yaşayan ailə üzvlərinin, o cümlədən iddiaçının keçmiş ərinin razılığı ilə cavabdehin adına özəlləşdirilmiş, cavabdehin adına mülkiyyət huququ dövlət reyestrində qeydə alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu 30 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. İşin hallarından göründüyü kimi iddiaçı 10.07.2009-cu il tarixdə ailə quraraq mübahisə predmeti olan mənzilə köçməklə tərəflər arasında mənzillə bağlı münasibətlər həmin tarixdən əmələ gəlmişdir. İddiaçının göstərilən vaxtda mənzilə köçərək orada yaşaması cavabdehin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmaqla, order əsasında icarəçi olan cavabdehin istifadəsində olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yenə həmin Məcəllənin 54-cü maddəyə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə 14 noyabr 2008-ci il tarixli qərar). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı cavabdehin razılığı ilə mübahisəli mənzilə 10.07.2009-cu il tarixdə ailə üzvü kimi köçürülmüş, həmin tarixdən orada yaşamış və birgə təsərrüfat aparmaqla mənzildən bərabər istifadə etmişdir. Məhkəmə kollegiyası qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması ilə bağlı qanunvericiliyin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi istifadə huququnun tanınması hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, iddiaçının mübahisəli mənzilə istifadə huququnun mövcudluğu tanındığından və qanunvericinin tələbinə əsasən mənzilə köçürülmə hüququ istifadə hüququ ilə bağlı olduğundan, həmin mənzilə köçürülmə barədə tələbi də təmin etməkdə birinci inmstansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, cavabdehin oğlu ilə aralarında münasibətlər pozulduğundan sonuncunun təhdidi ilə evdən çıxmağa məcbur olmuşdur, iddiaçıya məxsus cehiz əşyaların həmin ünvanda qalması və iddiaçı tərəfindən aparılmaması da iddiaçının daimi yaşamaq üçün başqa yaşayış yerinə getmədiyini göstərir. Bu baxımdan da cavabdeh tərəfin iddiaçının mənzili könüllü olaraq tərk etməsi barədə mülahizələri əsassızdır. Azərbayca Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2056/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi dəyşdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar