Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2696/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X8 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(060)-3210/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(060)-3210/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı bağ evinin boşaldılması və bağ evindən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 0,25 ha olan 4834 nömrəli bağ evindən çıxarılması və həmin evin cavabdeh tərəfindən boşaldılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,25 ha torpaq sahəsini və onun sərhədləri daxilində yerləşən 1 və 2 mərtəbəli, 3 otaqlı, 62.48 kv.m yaşayış, 116.93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evinin boşaldılması və bağ evindən çıxarılması və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyət Cavabdeh məxsus olan və Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,25 ha torpaq sahəsini və onun sərhədləri daxilində yerləşən 1 və 2 mərtəbəli, 3 otaqlı, 62,48 kv.m yaşayış, 116,93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evini hərracdan almışdır. Hazırda həmin bağ evi ƏMDK DƏDRX tərəfindən verilmiş 23.04.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cəmiyyətin mülkiyyətindədir. Lakin bu günə kimi Cavabdeh bağ evini tərk etməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyildir, qətnaməni əsassız və ədalətsiz hesab edir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikas MPM-nin 14, 77, 78 və 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, iddiaçıdan kredit götürərkən mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evini ipoteka ilə yüklü etmiş və həmin vaxt yalnız bağ evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sonradan kredit üzrə yaranmış borcla bağlı həmin bağ evi hərrac yolu ilə satılaraq iddiaçı tərəfindən alınmışdır. Onun tərəfindən yalnız bağ evi ipoteka ilə yüklü edilmiş və qiymətləndirmə aparılarkən də yalnız həmin ev ekspert tərəfindən qiymətləndirilmişdi. Həmin bağ evinin yerləşdiyi torpaq sahəsi ipoteka predmeti olmamışdır. Lakin buna baxmayaraq qarşı tərəf hərrac yolu ilə bu bağ evini aldıqdan sonra bağ evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış və sonra da onun bütünlüklə bağ sahəsindən çıxarılmağını iddia etmişdir. Halbuki iddiaçının yalnız hərrac yolu ilə aldığı evin altında yerləşən torpaq sahəsinə iddia etmək hüququ vardır ki, bu da 2 sotdan da az bir sahəni əhatə edir. Lakin iddiaçı evin yerləşdiyi torpaq sahəsi ilə bağlı boş torpaq sahəsinə də iddia qaldırmaqla onun bütünlüklə həmin bağdan çıxarılmağını iddia etmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı izahat verərək həmin bağ evində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş X3 ailə üzvləri ilə 1995-ci ildən məskunlaşdıqlarını bildirmiş, lakin məhkəmə iddia tələbinin iddiaya cavab verməli olan şəxsə qarşı yönəldilməməsinə və bağ evində yaşamamağına baxmayaraq ona qarşı iddia tələbini təmin etmişdir. Məhkəmənin bu cür yanaşması ona dəlalət edir ki, məhkəmə maddi və prosessual tələbləri pozmaqla qanunsuz bir qətnamə çıxarmışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X13 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Külək” məhdud məsuliyyətli cəmiyyəti ilə “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 12 fevral 2016cı il tarixli 07/06 saylı hərracın yekunları barədə protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli 2(105)-1179 saylı icra vərəqəsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsində inşa edilmiş, 2 mərtəbəli, 3 otaqlı 4834 nömrəli bağ evi hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 180000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti əmlakı 114750 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 080996 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi və 4834 nömrəli bağ evi mülkiyyət hüququ əsasında “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin adına 23.04.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh ünvanladığı 19 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evinin boşaldılması barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(005)-3733/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X2 və Cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X17 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi “Külək” məhdud məsuliyyətli cəmiyyətinə və qeyrilərinə qarşı qiymətləndirmənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməklə çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evinə və X4 məxsus Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən, 1/16 nömrəli evin, 43 nömrəli mənzilinə hərracın yekunları barədə 12 fevral 2016-cı ildə tərtib olunmuş 07/06 nömrəli və 07/07 protokolların və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, hərrac nəticəsində həmin əmlakların “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evinə dair 23 aprel 2016-cı il tarixli qeydiyyat, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən, 1/16 nömrəli evin, 43 saylı mənzilinə dair 23 aprel 2016-cı il tarixli, qeydiyyat ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2(103)-9237/2017 saylı qətnaməsinin surətindən görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli, 2(102)-3619/2018 saylı qərarının surətindən görünür ki, iddiaçılar X2 və Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.12.2017-ci il tarixli, 2(103)-9237/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2011-ci il tarixli, 2(060)-124/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə kredit üzrə 147736,44 ABŞ dolları əsas borc, 41171 ABŞ dolları faiz borcu və 40261,49 ABŞ dolları dəbbə pulu, cəmi 229168,93 ABŞ dollarının qətnamə icra olunan günə manata nisbətlə tutulması, cavabdehdən iddiaçının xeyrinə 20 manat dövlət rüsumunun tutulması, həmin tələbin Cavabdeh məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi üstündə inşa edilmiş, 1 və 2 mərtəbəli 3 otaqlı, 62,48 kv.m yaşayış, 116,93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evi və X4 məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində qeydiyyata alınan, Sumqayıt şəhəri, 29-cu məhəllədə, 0,094 ha torpaq sahəsində inşa edilmiş, 1/16 saylı, 4 mərtəbəli binanın 4-cü girişinin 3-cü mərtəbəsindəki 53,89 kv.m ümumi, 39,91 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 43 saylı mənzilə yönəldilməsi, cavabdehlər Cavabdeh, X5, X9, İsmayılov Aqşin Yasin oğlu, X18 oğlunun Sumqayıt şəhəri, 29-cu məhəllə, 1/16 saylı evdə yerləşən 43 saylı mənzilə olan pasport qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları, Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 və 2 mərtəbəli 3 otaqlı, 62,48 kv.m yaşayış, 116,93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evi və X4 məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində qeydiyyata alınan, Sumqayıt şəhəri, 29-cu məhəllədə, 0,094 ha torpaq sahəsində inşa edilmiş, 1/16 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişinin 3-cü mərtəbəsindəki 53,89 kv.m ümumi, 39,91 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 43 saylı mənzilinin açıq hərracdan satılması və əldə edilən pul vəsaitindən iddiaçıya olan borcun ödənilməsi, əlavə pul vəsaitinin qalarsa əmlaklarının dəyərinə mütənasib olaraq cavabdehlərə qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.12.2011-ci il tarixli, 2(105)-1179/2011 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh, S.İsmayılova, A.İsmayılova və A.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09.03.2011-ci il tarixli, 2(060)-716/2011 saylı qətnaməsi qismən, dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 15055 ABŞ dolları 64 sent dəbbə pulunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2012-ci il tarixli, 2(102)-2117/2012 saylı qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh, X2, X6 və İsmayılov Aqşin Yasin oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2011-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoru tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün X7 1995-ci ildən Sumqayıt şəhəri, Novxanı bağ massivində 4834 nömrəli bağ evində məskunlaşmışdır. Azərbaycan Respublikası MM-nin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.4-cü maddəsinə görə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə tələb ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evinə yönəldilmiş, 12 fevral 2016-cı il tarixdə keçirilmiş hərracda “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evini 114750 manata almış, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin həmin evə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində 23.04.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 203.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3.1-ci maddəsinin mənasına görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması üçün əsasdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evi hərracdan satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuşdur. Azərbaycan Respublikası MM-nin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, mübahisəli ev iddiaçı təşkilatın mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçı təşkilatın mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdeh qanuni əsas olmadan mübahisəli evdə yaşadığından birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində bağ evində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş X3 ailə üzvləri ilə 1995-ci ildən məskunlaşdıqlarını bildirərək iddia tələbinin iddiaya cavab verməli olan şəxsə yönəldiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti Sumqayıt şəhər Polis idarəsinə müraciət edərək mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evində yaşayanların şəxsiyyətinin müəyyən edilməsini xahiş etmiş, həmin müraciətə cavab olaraq Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis bölməsi 22 aprel 2021-ci il tarixli məktubla bildirmişdir ki, qeyd olunan ünvanda yaşayış olmadığından bağ evində yaşayan şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.12.2017-ci il tarixli, 2(103)-9237/2017 saylı qətnaməsi ilə təkzib edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(060)-3210/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2696/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2696/2021
14.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver