Məhkəmə qərarları › İş №2(105)-27/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-27/2022

04.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-27/2022 04.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızının və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi və zəbt edilmiş torpaq sahəsini boşaldılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı oğunun xüsusi mülkiyyətində olan 0,219833 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsində Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir. (hakim F.Pənahov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-50/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi ləğv, iddia rədd edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-50/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6525/2019 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-50/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİNHALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi, zəbt olunmuş 0.219833 ha torpaq sahəsinin qanunsuz sahiblikdən boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Mirzəməmmədkənd ərazisində yerləşən 0.21983 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bu faktı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, ******* nömrəli Çıxarış, təstiq edir. Həmin ərazidə cavabdehə məxsus torpaq sahəsi də yerləşir. Lakin cavabdeh mübahisəli ərazidə iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməklə orada tikinti işləri aparır. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Quba rayonu, Mirzəməmmədkənd ərazisində yerləşən 1,0 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, sözügedən torpaq sahəsini alqı-satqı müqavilələrinə əsasən o, Aynur, Nailə, Coşqun və Söhbət Quşqarilərdən almışdır. Alqısatqı müqaviləsi əsasında 1 ha torpaq sahəsinə hüquqları dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan torpaq sahəsini əldə etdikdən bir müddət sonra hazırkı iş üzrə İddiaçı ona qeyd olunan ərazidə sonuncuya məxsus torpaq sahəsinin olmasını bildirmişdir. O bu barədə iddiaçının dediklərini qəbul etmədiyini, sözügedən torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini bildirmişdir. Bundan sonra cavabdeh torpaq sahəsini aldığı şəxslərdən bu barədə məlumat əldə etmək üçün soruşduqda onlar cavabdehə həmin ərazidə iddiaçıya məxsus hər hansı torpaq sahəsinin olmamasını bildirmiş və əlavə etmişlər ki, həmin ərazidə yerləşən torpaq sahələri torpaq islahatı zamanı birgə təsərrüfatın üzvləri olan şəxslərə paylanılmışdır.İddiaçının isə həmin ərazidə hər hansı torpaq sahəsi yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə lazımi qaydada araşdırma aparmamış, onun tərəfindən təqdim olunan sübutlara lazımi qiymət verilməmiş, habelə işin keyfiyyətli və hərtərəfli araşdırılmasına xidmət edən vəsatətlər təmin edilməmiş, işə birtərəfli baxılmaqla əsassız qətnamə qəbul edilmişdir. Odur ki, göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh və onun nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iş üzrə sonuncu ekspert rəyi ilə razılaşmadıqlarını, cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsinin zəbt edilmədiyini bildirdilər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı İddiaçı şikayəti qəbul etmədiyini, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olmasını, həmçinin iş üzrə sonuncu ekspert rəyini qəbul etdiyini bildirərək, apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair dövlət aktından (JN 0188, KOD ********) görünür ki, İddiaçı mülkiyyətinə Quba AİK-in xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi 2198,33 kv.m və 713,18 kv.m olmaqla iki hissədən ibarətdir. Yenə işdən görünür ki, AR DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən 0,219833 ha (2198,33 kv.m) torpaq sahəsinə dair İddiaçı xx.xx.2016-cı ildə Seriya RX, ******* saylı Çıxarış verilmiş, torpağın Plan və ölçüsü tərtib edilmişdir. Yenə də işdən məlum olur ki, AR DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən 1,0 ha torpaq sahəsinə dair Cavabdeh xx.xx.2017-ci ildə Seriya RX, ******* saylı Çıxarış verilmiş, torpağın plan və ölçüsü tərtib edilmişdir. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktından (JN 0012, KOD ********) görünür ki, Söhbət Quşqari və Coşqun Quşqarinin mülkiyyətinə Quba AİK-in xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi 3400 kv.metr və 2999,99 kv.metr olmaqla iki hissədən ibarətdir. Yenə işə əlavə edilmiş torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2003-cü il tarixli müqavilədən aydın olur ki, həmin torpaq sahəsinin 0,14 ha hissəsi Cavabdeh satılmışdır. Yenə də işə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktından (JN 0013, KOD ********) görünür ki, Şamxal, Nailə və Aynur Quşqarilərin mülkiyyətinə Quba AİK-in xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2003-cü il tarixli müqavilədən aydın olur ki, həmin 0,86 ha torpaq sahəsi Cavabdeh satılmışdır. Hazırki apellyasiya baxışı zamanı keçrilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə xx.xx.2022-ci il tarixli, 10/4964 nömrəli rəyindən görünür ki, İddiaçı JN-188 Kod 30311028 saylı dövlət aktına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi ona məxsus xx.xx.2016-cı il tarixli, Seriya RX ******* saylı Çıxarış və torpağın plan və ölçüsündə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür, torpağın mülkiyyət hüququna dair dövlət aktına (JN-0012 kod ********) əsasən Söhbət Quşqari və Coşqun Quşqarinin mülkiyyətinə Quba AlK-nın xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş 0.64 ha kənd təsərüffatlı təyinatlı torpaq sahəsinin (torpaq sahəsi 3400kv. m və 2999.99 kv.m olmaqla 2 hissədən ibarətdir) xx.xx.2003 -cü il tarixli müqaviləyə əsasən Cavabdeh satılan 0.14 ha hissəsi həmin torpaq sahəsini İddiaçı məxsus 0.219833 ha torpaq sahəsini əhatə etmir. AR DƏDRX-in 5 saylı Əİ-si tərəfindən Cavabdeh xx.xx.2017-ci ildə verilmiş seriya RX ******* saylı çıxarışda (plan və ölçüdə) göstərilən 1 ha torpaq sahəsi ilə Quşqarilərin mülkiyyətində olmuş 0.64ha-nin satılan 0.14ha hissəsi və torpağa mülkiyyət hüququna dair dövlət aktına ( JN 013 kod ********) əsasən Şamxal, Nailə və Aynur Quşqarilərin mülkiyyətində olmuş 0.86 ha kənd təsərüffatlı təyinatlı torpaq sahəsi naturada qonşu sahədə yerləşir. Həmin torpaq sahələrini Cavabdeh almış və vahid torpaq sahəsi kimi birləşdirərək, xx.xx.2017-ci ildə RX ******* saylı çıxarış ( plan və ölçü) əldə etmişdir, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.219833 ha torpaq sahəsi Cavabdeh tərəfindən tam olunaraq zəbt edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, həmçinin mübahisə üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Quba rayon Mirzəməmmədkənd ərazisində yerləşən 0.21983 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Həmin torpaq sahəsi ilə qonşuluqda cavabdehə məxsus torpaq sahəsi də yerləşir. Belə ki, Cavabdeh Quba rayon Mirzəməmmədkənd ərazisində yerləşən 0.1 ha torpaq sahəsinə xx.xx.2017-ci ildə Seriya RX, ******* saylı Çıxarış verilmiş, torpağın plan və ölçüsü tərtib edilmişdir. Cavabdeh qeyd olunan torpaq sahəsinin bir hissəsini (0.14 ha) xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Söhbət və Coşqun Quşqarilərdən, digər hissəsini (0.86) hissəsini isə eyni tarixli alqı-satqı müqavilələrinə əsasən Şamxal, Nailə və Aynur Quşqarilərdən almışdır. Hazırda iddiaçı iddia edir ki, cavabdeh mübahisəli ərazidə iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməklə orada tikinti işləri aparır. Apellyasiya icraatı zamanı mübahisənin tam, hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və keçirilmiş ekspertiza rəyli ilə iddiaçıya məxsus torpaq sahəsinin tam şəkildə Cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini tam şəkildə zəbt etməklə istifadə edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, yuxarıda qeyd olunan fakt məhkəmə araşdırması zamanı bir daha öz təstiqini tapdığından İddiaçı oğunun xüsusi mülkiyyətində olan 0,219833 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində Cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla yanaşı, işin faktiki hallarına tam uyğundur. Apellyasiya kollegiyası qeyd edir ki, iş üzrə Cavabdeh şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edildiyi müəyyən edilmiş, başqa sözlə ekspert rəyi ilə onun apellyasiya şikayətində göstərilmiş dəlilləri təkzib olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayəti əsassız olduğundan ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, iddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 15,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməli, həmçinin iş üzrə keçirilmiş ekpertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat pul iş üzrə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri üçün tələb edilən cəmi 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 15,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar