Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2709/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-3608/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldırarq, onların Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 8 saylı evin 40 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehlər onun qohumları olmaqla iddiaçının mülkiyyətində olan mənzildə müxtəlif vaxtlarda formal olaraq qeydiyyata düşmüşlər. Hazırda isə onların yaşayış sahəsinə ehtiyacları yoxdur, hər birinin ayrı-ayrılıqda evləri vardır. Onların bu mənzildə formal qeydiyyatda qalmaları mülkiyyəçi kimi onun hüquqlarını pozur, artıq kommunal xərclərinin ödənilməsinə səbəb olur. Buna görə də iddia təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-3608/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim C.Səfiyeva) Qərardaddan İddiaçı şikayət verərək Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-3608/2021 saylı qərardadının ləğv edilərək iddia icraatı qaydasında işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsilə eyni məzmunlu olan şikayət bununla əsaslandırılmışdır ki, məhkəmə qərardadı onun mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yaradır. Odur ki, şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(012)-3608/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlərə rəsmi qeydiyatda olduqları ünvana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-3608/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisədən görünür ki, İddiaçı vaxtilə cavabdehlərin onun mülkiyyətində olan yaşayış sahəsinə qeydiyyata düşmələrinə razılıq versə də, hazırda onların yaşayış sahələrinə malik olması səbəbilə öz mənzilindəki pasport qeydiyyatlarından çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında Plenum hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Başqa sözlə, hazırkı tələblə iddiaçı müvafiq inzibati orqana müraciət etməli, imtina cavabı aldıqda isə bu mübahisəni inzibati icraat qaydasında davam etdirməlidir. Məhz bu yanaşmaya istinad edərək birinci insatnsiya məhkəməsi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin həmin əsasla geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin icraata götürülməsindən imtina edərkən düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-3608/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2709/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2709/2021
30.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver