Məhkəmə qərarları › İş №2(105)-271/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-271/2025

26.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-271/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi – direktor Nümayəndə, həmin məktəbin digər nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)-4443/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru Nümayəndə ona “töhmət” intizam tədbiri verməsi barədə 22 may 2024-cü il tarixli 125 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən Cavabdeh fənn müəllimi işləyir və riyaziyyat fənnindən dərs tədris edir. Üzərinə düşən vəzifələrini layiqincə və bacarıqla yerinə yetirir. Müəllim adını, şərəf və ləyaqətini daim uca tutmuşdur. Onun tədris prosesinə ciddi yanaşması,məktəbdə bu sahədə mövcud olan nöqsan və qanunsuzluqlara dözülməz mövqe sərgiləməyi məktəbin hazırkı rəhbərliyinin, yəni direktor Nümayəndə, tədris hissə müdirləri Gülçin Salmanovanın, Tünzalə Əliyevanın, Vüsalə Əliyevanın xoşuna gəlmədiyindən ona qarşı qərəzli münasibət sərgiləməyə başlamışlar. Məktəb direktoru Nümayəndə və seçdiyi tədris hissə müdirləri məktəbdə dözülməz vəziyyət yaratmışlar. Məktəbdə qeyri-sağlam atmosfer yaranmış, müəllim kollektivi və şagird valideynləri ilə rəhbərlik arasında dözülməz və həlli müşkülə çevrilmiş ziddiyyətlər yaranmışdır. Məktəb daxilində gedən çəkişmələr, bacarığı, savadı, mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməyən adamların yüksək vəzifələrə soxulması və özbaşınalığı, sabaha inamsızlıq toxumunun səpilməsi, şagirdlərin əksəriyyətinin təhsildən yayınmasına, bu sahənin tənəzzülünə zəmin yaratmışdır. Rüşvətxorluq, korrupsiya cinayətləri onların məktəbində adi bir hala çevrilmişdir. Bununla mübarizə aparan müəllimlər isə məktəb rəhbərliyi tərəfindən təqib olunur, hər vasitə ilə ləkələmək üçün yalan məlumatlar yayılır, təhqir olunurlar. Şəxsən ona qarşı əsl düşmən mövqeyi sərgiləyən məktəb rəhbərliyi onu susdurmaq üçün hər vasitəyə əl atır. O, dəfələrlə məktəb siniflərində mövcud olan vəziyyəti video vasitəsi ilə çəkib kollektivdə paylaşmışdır ki, fəlakətli vəziyyət barədə təbil zəngi çalınaraq bu dözülməz hal aradan qaldırılsın. Bomboş siniflər insanların vicdanını sızladır. Bu vəziyyətlə bağlı məktəblərinə jurnalist Rövşən Qasımov gəlmiş və jurnalist araşdırması aparmışdır. Bundan xəbər tutan məktəbin direktoru Nümayəndə və əlbir olan tədris hissə müdirləri müəllimləri, xüsusilə də onu təqib etməyə başlamışlar. Bildirir ki, o, 5 ildir ki, Xırdalan şəhər 2 saylı orta məktəbin X “c” sinfinin sinif rəhbəridir. Ona verilmiş hüquqları əsasında o, daim şagirdlərinin dərsə davamiyyətini, onların dərsləri müvəffəq mənimsəmələrini diqqət və nəzarətdə saxlayır. Cavabdeh nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsinin dəlilləri ilə açıq-aşkar qanunsuz olduğuna görə razılaşmır, onu qəbul etmir. Məlumdur ki, MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun istinad etdiyi normaların tələbi baxımından iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edir ki, iddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəlilə və ya fakta istinad edilməmişdir. Ona görə də iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. İşin faktiki halları ilə bağlı bildirir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı tərəfindən “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4-2.1.6-cı və 2.1.8-ci bəndlərinin tələbləri davamlı olaraq pozularaq, özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin direktorunun, müavinlərinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən, müəllim adına yaraşmayan qeyrietik və təhqiramiz ifadələr işlətməsi, işlədiyi məktəbin şagird və valideyn kontingenti arasında heç bir sübut olmadan məktəbin rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan xarakterli mənfi fikirlər formalaşdırmağa çalışması, valideynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi müəyyən edilmişdir. Bununla bağlı məktəbin direktoru, hüquqlarını müdafiə etdiyi Nümayəndə məktəbin direktor müavinlərinin ərizələri və təqdimatları, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlar təqdim edilmişdir. Ona görə də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru hüquqlarını müdafiə etdiyi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 125 nömrəli əmrlə məktəbdə riyaziyyat müəllimi işləyən İddiaçı intizam tənbehi olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Belə ki, məktəbin direktoru Nümayəndə ünvanlanmış 5 “v” sinif şagirdi Nadir Səttarovun valideyni Əminə Rzayeva xx.xx.2024-cü il tarixli ərizəsində riyaziyyat müəllimi İddiaçı şagirdlərlə kobud davranışından və valideynlərlə ədavət aparmasından narazılığını bildirir. Belə ki, müəllim İddiaçı onun övladı barədə nalayiq sözlər demiş, sosial şəbəkədə yaratdığı qrupda ailəsinin ünvanına nalayiq və təhqiramiz sözlər demişdir. İddiaçı müəllim olaraq öz peşəsi ilə məşğul olmaq əvəzinə valideynlərin ailə həyatı ilə maraqlanır, valideynlərin övladları ilə valideynlərin adını bir yerdə çəkərək, tərbiyəsizliyə və ailə münaqişələrinə səbəb olur. Ən böyük ittihamı isə övladı Nadir Səttarovun məktəbdə ağ vərəqin içində nəsə gətirib satması iddiasını irəli sürür. Bu yazdıqları barədə o, Elm və Təhsil Nazirliyinə, məktəbin direktoruna, hətta polisə müraciət etmişdir. Belə bir müəllimin təhsildə saxlanılması bütün müəllimlərə hörmətsizlik olar. Ona görə də müəllim İddiaçı barəsində tədbir görülməsini xahiş edir. Bundan başqa, məktəbin direktoru Nümayəndə ünvanlanmış 5 “v” sinif şagirdi İsmayıl Məmmədlinin valideyni Səbiyə Dəryahquluyevanın xx.xx.2024-cü il tarixli ərizəsində bildirilir ki, müəllim İddiaçı şagirdlər üzərində çox təzyiq edir. Övladının sinif rəhbəri olduğu bir ay müddətində o, bütün valideynləri bir-biri ilə düşmən etmişdir. Hətta, onların ailəsinə, namusuna kimi ləkə yaxır. “Qoy bu valideynin torbasını tikim, növbə Səbiyəyə gələcək” kimi müəllimə yaraşmayan ifadələr işlədir. Vəfa müəllim cəmiyyətdə müəllim peşəsində işləyə bilməz, ona ləkədir. Bu adam töhmətlə təhsildən uzaqlaşdırılmalıdır, o gələcək nəslin təlimtərbiyəsinə ləkədir. Onun haqqında yalnız xoşagəlməz sözlər eşidir və yararlı şəxsiyyət olmamasını düşünür. Bundan başqa, məktəbin direktoru Nümayəndə ünvanlanmış 5 “v” sinif şagirdi Xədicə Nəsirlinin valideyni Nərminə Nəsirovanın xx.xx.2024-cü il tarixli ərizəsində bildirilir ki, müəllim İddiaçı ailəsini, qızını tanımadan başqa valideynin həyat yoldaşı ilə bir yerdə olduğunu israr edərək, təsdiqləyib. Bu Vəfa nə müəllim kimi, nə də qadın kimi cəmiyyətə layiq deyil. Axşamlar ona zəng edərək, təhdid və təhqir etmişdir. Ona görə də müəllim İddiaçı barəsində ölçü görülməsini xahiş edir. Bundan başqa, xx.xx.2024cü il tarixli aktdan görünür ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin direktoru Nümayəndə: “Gülçöhrə”, “Başıbatmış” kimi qeyri-etik ifadələr işlətmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin gün məktəbin direktoru Nümayəndə davamiyyətə nəzarət etmək üçün sinifləri yoxlayarkən eyni zamanda X “c” sinfinə daxil olmuşdur. Həmin vaxt sinifdə müəllim Aygün Mahmudova Azərbaycan dili fənnindən dərs deyirdi. Sinifdə şagirdlərin arasında partada ikinci cərgədə arxası şagirdlərə tərəd olmaqla, riyaziyyat müəllimi İddiaçı da oturmuşdu. Məktəbin direktoru Nümayəndə sinfə daxil olanda şagirdlər və müəllim Aygün Mahmudova ayağa qalxsa da, müəllim İddiaçı ayağa qalxmamışdır. Lakin, məktəbin direktoru Nümayəndə sinifdə müəllim İddiaçı davranışına heç bir münasibət bildirmədən şagirdlərə sözünü bitirdikdən sonra İddiaçı: “Müəllimə, Aygün müəllimin dərsinə mane olursunuz, burada niyə əyləşmisiniz?”-deyə sual vermiş, müəllim İddiaçı: “Mən jurnal yazıram.”-deyə cavab vermişdir. Məktəbin direktoru Nümayəndə: “Müəllimə, jurnalı müəllimlər otağında yazın. Zəhmət olmasa, sinifdən çıxın”-deyə sözünü tamamlamışdır. Müəllim İddiaçı isə əsəbi tərzdə ona cavabında: “Mən jurnalı burada yazıram, sinifdən çıxmıram. Məni heç kim sinifdən çıxara bilməz”- deyə cavab vermişdir. Bundan sonra məktəbin direktoru Nümayəndə polis çağırmaq məcburiyyətində qalmışdır. Nəzərə alınmalıdır ki, həmin gün müəllim Aygün Mahmudova tərəfindən dərsin tədrisi zamanı sinifdə başqa bir müəllimin oturcağı barədə məktəbin direktoruna əvvəlcədən məlumat verilməmişdir. Ən vacibi isə, sinifdə başqası tərəfindən dərsin tədris edildiyi zaman müəllim İddiaçı orda hansı statusla iştirak etməsi anlaşılmazdır. Bundan başqa, məktəbin direktoru Nümayəndə ünvanlanmış 8 “a” sinif şagirdi Zəhra Əliyevanın valideyni Gülnarə Əliyevanın xx.xx.2024-cü il tarixli ərizəsindən aydın olur ki, onun övladına xx.xx.2024-cü il tarixdə 3-cü dərs saatı riyaziyyat fənnindən dərs keçməli olan riyaziyyat müəllimi İddiaçı 45 dəqiqə ərzində dərs demək əvəzinə, şagirdlərə səhər-səhər müdiriyyətlə aralarında baş verən münaqişədən danışmışdır. Müəllim İddiaçı bundan əvvəlki dərslərdə də özünün şəxsinə aid problemlərdən danışmışdır. Ona görə həmin müəllim barəsində ölçü götürülməsini və şagirdlərin sağlam mühitdə təhsil almasına şərait yaradılmasını xahiş edir. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan aydın olur ki, riyaziyyat müəllimi İddiaçı məktəb rəhbərliyinə şər və böhtan xarakterli yazı və səs yazısını öz “WhatsApp” səhifəsində paylaşmış, onun kontaktında olan bütün məktəb kollektivinin, şagirlərin və onların valideynlərinin yanında rəhbərliyin nüfuzuna xələl gətirmişdir. Bununla bağlı izahat verməsi riyaziyyat müəllimi İddiaçı təklif edilsə də, iddiaçı səbəbini göstərmədən izahat verməkdən imtina etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin 8 “a” sinifində təhsil alan X10 dərs saatı bitməmiş dəfələrlə dərsdən icazəsiz getmişdir. Nurlan Həziyev xx.xx.2024-cü il tarixdə yenə dərs saatı bitməmiş dərsdən gedərkən sinif rəhbəri A.Süleymanova bu barədə direktor müavini Ə.Mustafayevaya məlumat vermişdir. X14 vaxtından qabaq dərsdən getməsinə icazə vermədiklərini desələr də o, “Mənə anam icazə verib, mən getməliyəm.” ifadəsini işlətmiş və dərsdən getmişdir. Həmin gün Nurlan Həziyev Vİ-Vİİ dərslərdə iştirak etməmişdir. Məlumat üçün qeyd edir ki, X10 hazırkı iş üzrə iddiaçı riyaziyyat müəllimi İddiaçı övladıdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, riyaziyyat müəllimi İddiaçı həmin gün məktəbin direktoru Nümayəndə tərəfindən təşkil edilən iclasda iştirak etməkdən imtina etmişdir. Müzakirə zamanı İddiaçı məktəbin direktoru Nümayəndə və metodbirləşmə rəhbəri L.Rüstəmovanın zənglərinə cavab verməmiş, riyaziyyat müəllimi Afət Osmanovanın “WhatsApp” vasitəsilə yazışmasında məktəb direktorunun dəvəti ilə iclasa gəlməkdən imtina etmişdir. Rəhbərliyin ona öz hüquqlarını müdafiə etmək təklifinə bu sözlərlə cavab vermişdir: “Gəlmirəm, məni ora heç kim gətirə bilməz.” Bundan sonra riyaziyyat müəllimi İddiaçı verilən töhmət kollektivə çatdırılmışdır. Qeyd edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin direktoru hüquqlarını müdafiə etdiyi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 125 nömrəli əmrlə töhmət verilməsi barədə 2146 nömrəli xx.xx.2024-cu il tarixli bildirişlə yazılı məlumat da verilmişdir. Məktəbin riyaziyyat müəllimi İddiaçı şagirlərlə, valideynləri ilə və müəllimlərlə kobud və qeyri-etik davranışları, onlarla mütəmadi olaraq münaqişələrə və mübahisələrə səbəb olması, yaratdığı özünə məxsus sosial şəbəkədə çıxışlarında mütəmadi olaraq məktəb rəhbərliyinin, müəllimlərin və şagird valideynlərinin ünvanına şər, böhtan və təhqiramiz ifadələr işlətməsi, xidməti fəaliyyəti ilə bağlı iradlara və tənqidi fikirlərə dözümsüz və əsəbi yanaşması, daxili nizam-intizam qaydalarına əməl etməməsi, bütövlükdə isə müəllim adına və nüfuzuna, işlədiyi məktəbin nüfuzuna ciddi xələl gətirən çoxsaylı sübutlar mövcuddur və onların bir qismini məhkəməyə təqdim edir. Şərh edilən faktlarla və hallarla təsdiq edilir ki, riyaziyyat müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli 06 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın “Loyallıq” prinsipi adlanan 2.1.4-cü, “Mədəni davranış” prinsipi adlanan 2.1.5-ci, “Qərəzsizlik” prinsipi adlanan 2.1.6-cı və “Konfidensiallıq” prinsipi adlanan 2.1.8-ci bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4- 2.1.6-cı və 2.1.8-ci bəndlərində irəli sürülən davranış prinsiplərinin tələblərinə görə müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir. Həmçinin qeyd edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı xx.xx.2024-cü il tarixli 125 nömrəli əmrlə töhmət verilməsi üçün hüquqi əsaslar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın “Loyallıq” prinsipi adlanan 2.3-cü, “Mədəni davranış” prinsipi adlanan 2.4-cü, “Qərəzsizlik” prinsipi adlanan 2.5- ci, “İctimai etimad” prinsipi adlanan 2.6-cı və “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət” prinsipi adlanan 2.7-ci bəndlərinin tələblərinə tam uyğundur. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələbində göstərilir ki, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Ona görə də riyaziyyat müəllimi İddiaçı məktəb rəhbərliyinə şər və böhtan xarakterli yazı və səs yazısını öz “WhatsApp” səhifəsində paylaşmamalı idi. Halbuki, müəllim İddiaçı “WhatsApp” səhifəsində paylaşdığı məlumatlara məktəbin müəllimləri, şagirdləri və onların valideynləri də baxırlar. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 3.5-ci bəndində göstərilir ki, müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət intizam tənbehi verə bilər. Riyaziyyat müəllimi İddiaçı davranışına mövqe bildiriləndə nəzərə alınmalıdır ki, hal-hazırda Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6000-ə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. Həmçinin bildirir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə riyaziyyat fənnini tədris edən İddiaçı müəllimə diaqnostik qiymətləndirmədən cəmi 31 bal toplamışdır ki, onun da 19 balı ixtisas üzrə bala aiddir. Beləliklə, hesab edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı tərəfindən “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4- 2.1.6-cı və 2.1.8-ci bəndlərinin, eyni hallara uyğun hazırda “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.3-2.7-ci bəndlərinin tələblərinin pozulduğu təsdiqini tapdığına görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verilməsi qanuni və əsaslı sayılacaqdır. Göstərilənlərə əsasən, hazırki iddia ərizəsinin heç bir fakta və sübuta əsaslanmadığını, qanunsuz və əsassız olmasını nəzərə alınmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)-4443/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdehin İddiaçı barəsində töhmət intizam təhbeh tədbirinin verilməsi barədə 22 may 2024-cü il tarixli 125 saylı əmrinin ləğv edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla mahiyyətcə eyni qaydada əsalandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onunla mübahisələndirmişdir ki, iddia ərizəsində iddiaçı qanuniliyini mübahisələndirdiyi əmrin ləğv edilməsi üçün konkret fakta, hər hansı mötəbər sübuta deyil, işlədiyi orta məktəbdə özünəməxsus tərzdə ümumi, qeyri-müəyyən və mücərrəd tənqidi fikir və mülahizələrinə istinad etmişdir. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olsa da, o, tələbinin təsdiqlənməsinə dair məhkəmə baxışında da hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı 2024-cü il aprel ayının 22-dən ona töhmət intizam tənbehinin verildiyi may ayının 22-dək olan müddətdə bir deyil, bir neçə intizam xətası törətmişdir. Əmrdən də aydın görünür ki, İddiaçı töhmət onun tərəfindən bir neçə intizam tənbehi törədilməsinə görə verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətini və onun hüquqi əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində sadalanan intizam tənbehinin sıra üzrə birincisi töhmətdir. Bunlardan əlavə, ona töhmət intizam tənbehinin verilməsi barədə 22 may 2024cü il tarixli 125 nömrəli əmrin qanuniliyini mübahisələndirən İddiaçı bu əmrin etibarsız hesab edilməsini deyil, ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Halbuki, hüquqi əsaslarına və yaratdığı nəticələrinə görə əmrin ləğv edilməsi ilə onun etibarsız hesab edilməsini eyniləşdirmək olmaz. Əmək Məcəlləsində intizam tənbehinin verilməsi barədə əmrin etibarsızlığının əsaslarını müəyyən edən konkret norma olmasa da, belə vəziyyətlə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü 13.5-ci maddələrində bildirilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. İntizam tənbehinin verilməsi barədə əmrin etibarsızlığı barədə məhkəmədə iddia qaldırılsaydı, onda Əmək Məcəlləsinin analoji münasibətləri tənzimləyən “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu”adlanan 84-cü maddəsinə istinad edilərdi. Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 125 nömrəli əmrində İddiaçı töhmət verilməsinin əsaslarında “Təhsilverənlərin etik davranış qaydaları”na deyil, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslandığına görə iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmaq olmaz. Məhkəmə işin hallarını araşdırmamışdır. Çünki “Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur” məzmunlu qənaət əslində iddianın predmeti və əsası, iddaçının tələbinin məzmunu barədədir (MPM-nin 149-cu maddəsi). Həmçinin müəllim İddiaçı digər müəllimlərlə də mübahisələri olmuşdur. Lakin, əvvəllər müəllim İddiaçı ilə direktor arasında hər hansı mübahisənin olduğu barədə məlumatı yoxdur. Məhkəmə prosesləri şahidlər dinlənilsə də, qətnaməsində şahid ifadələrinin dinlənilməsi nəticəsində məhkəmənin hansı qənaətə gəlməsi də aydın deyildir, bu sübutlar da digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi – direktor Nümayəndə, həmin məktəbin digər nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdehin 22 may 2024-cü il tarixli 125 saylı intizam tənbehinin verilməsi haqqında əmrindən görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarının 2.1.4, 2.1.5, 2.1.6, 2.1.8-ci müddəalarını pozmuşdur. Məktəbin direktorunun, müavinlərin, müəllimlərinin işinə, nüfuzuna xələl gətirəcək qeyri-etik ifadələrlə telefonunun statusunda olmazın təhqirlərini edir. Bütün məktəbin şagird və valideyn kontingenti əsasında rəhbərliyi heç bir sübutu olmadan rüşvətxar adlandıraraq əsası olmayan yanlış fikirlər formalaşdırır. Valideynlərin və müəllimlərin şəxsi həyatına müdaxilə edir. Məktəbin riyaziyyat müəllimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq töhmət verilmişdir. Cavabdehinin direktoru Nümayəndə tərəfindən məktəbin riyaziyyat müəlliməsi İddiaçı göndərilmiş 29 may 2024-cü il tarixli, 2146 №-li bildirişdən görünür ki, İddiaçı məktəbdə bağlı baş verənlərlə əlaqədar izahat yazmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 2 nömrəli tam orta məktəb tərəfindən verilmiş 10 sentyabr 2024- cü il tarixli, 2317 №-li sorğuya cavab məktubundan görünür ki, Cavabdehinin direktoru Nümayəndə tərəfindən məktəbin riyaziyyat müəlliməsi İddiaçı göndərilmiş 29 may 2024-cü il tarixli, 2146 №-li bildiriş, təqdimat, xx.xx.2024-cü il tarixli aktlar, xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024-cü il tarixli məlumat, xx.xx.2024-cü il tarixli məlumat, təqdimat və müraciət məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Cavabdehdə təlim-tərbiyə sahəsi üzrə direktor müavini işləyir. O, direktor Nümayəndə ilə 9,10 və 11-ci sinif şagirdlərinin davamiyyətinin yoxlanılması üçün sinif otaqlarını gəzərkən, 11c sinfinə daxil olmuşlar. Onlar sinfə daxil olarkən bütün şagidlər və həmin müəllimə Mahmudova Aygün ayağa qalxmış, lakin həmin vaxt 2-ci sıraqda əyləşmiş İddiaçı isə ayağa qalxmamışdır. Həmin vaxt direktor iddiaçıdan bu otaqda nə etdiyini soruşmuş, iddiaçı isə jurnal yazdığını bildirmişdir. Bu zaman direktoru iddiaçıya jurnalı müəllimlər otağında yazmasını bildirmiş, idiaçı isə burada yazacağını söyləmişdir. Direktron 2-ci dəfə təkrar edərək jurnalı müəllimlər otağında yazmasını xahiş etmişdir. İddiaçı isə direktora hazırda Aygün müəllimənin dərsində olduğunu və yalnız Aygün müəllimə deyərsə otaqda çıxacağını bildirmişdir. Hətta iddiaçı şagirdlərin qarşısında direktora onu burdan heç kəsin çıxara bilməyəcəyini bildirmişdir. Daha sonra direktor otağına gedərək, polisə müraciət etmiş və polis gələrək iddiaçını otaqdan çıxarmışdır. Bundan əlavə iddiaçı “Whatsapp” sosial şəbəkəsində statusunda müavinləri və onu təhqir etmişdir. Həmçinin iddiaçının digər müəllimlərlə də mübahisələri olmuşdur. Lakin əvvəllər iddiaçı ilə direktor arasında hər hansı mübahisənin olduğu barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, sözügedən hadisə baş verərkən o, otaqda olmamışdır. Sadəcə o, iddiaçını polis tərəfindən çıxarılarkən görmüşdür. Bu zaman iddiaçı polisə etirazını bildirmişdir. Bundan əlavə iddiaçı məktəbə yeni təyin olunanda onu ilk dəstək olan o, olmuşdur. İddiaçının hərəkətiylə bağlı iclas keçirilmişdir. İddiaçı məktəbdə daim gərginlik yaradır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə onun sinfində baş vermişdir. Belə ki, iddiaçı onun dərsində 2-ci partada əyləşərək jurnal yazmış, həmçinin dərsə qulaq asmışdır. Belə ki, müəllimənin öz qızı da həmin sinifdə oxuyur. Direktor sinfə daxil olarkən direktor iddiaçıya jurnalı müəllimlər otağında yazmasını bildirmiş, iddiaçı isə burada yazacağını bildirmişdir. Lakin direktor otağa girərkən iddiaçının ayağa qalxıb-qalxmadığı onun yadında deyildir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-136/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilir ki, İddiaçı Nümayəndə və X3 AR CM-in 148-ci maddəsi ilə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 1(012)-932/2024 nömrəli qərarı ilə xüsusi ittihamçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı tam orta məktəbin direktoru Nümayəndə və tədris hissə müdiri X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-136/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 1(012)-932/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin olunmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.9-cu maddəsinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 186.1-ci maddəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “töhmət” intizam tənbehini verə bilər. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə əmək müqaviləsi bağlamaqla sözügedən məktəbdə əmək fəaliyyətinə başlamışdır. Cavabdehin direktoru Nümayəndə 22 may 2024cü il tarixli 125 saylı əmrinə əsasən, məktəbin riyaziyyat müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarının 2.1.4.-2.1.5.-2.1.6.-2.1.8-ci müddəalarını pozulması əsasında iddiaçıya töhmət verilmişdir. “Müəllimlərin etik davranış qaydaları” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli, KQ-07 nömrəli qərarı ilə ləğv edilərək qüvvədən düşmüş və onun yerinə “Təhsilverənlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Lakin Cavabdehin 22 may 2024-cü il tarixli 125 saylı əmrində İddiaçı töhmət verilməsinin əsaslarında “Təhsilverənlərin etik davranış qaydaları”na istinad olunmamış, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslanmışdır. Həmin qaydalar mahiyyətcə eyni qaydaları tənzimləsə də, normalarda dəyişiklik olmuş cavabdeh isə yeni normalara istinad etməmişdir. Buna görə əmr maddi hüquq normalarının pozulması ilə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmir və aşağıdakıları qeyd edir. İşçi ilə əmək müqaviləsi bağlanarkən yuxarıda qeyd edilmiş Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifə öhdəliyi kimi qeyd edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin İddiaçı Cavabdehin riyaziyyat müəllimi işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirmişdir. İşin halları ilə də müəyyən edilir ki, İddiaçı əmək inztizamını kobud şəkildə pozmuş, nəticədə müəllimlərin və valideynlərin narazılıqlarına səbəb olmuşdur. Qeyd edilən hal iş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlarda öz əksini tapmışdır. Həmçinin cavabdeh tərəfindən İddiaçı məxsus sosial şəbəkələrdəki statusların görüntüləri təqdim edilmiş, həmin statuslarda onun məktəbin kollektivi və valideynlər haqqında yazıları öz əksini tapmışdır. Bununla əlaqədar iddiaçı məhkəmə kollegiyasının iclasında həmin yazıların ona məxsus olmadığını mübahisələndirmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş fləşkarta məhkəmə kollegiyasının iclasında baxış keçirilən zaman, həmin statusların ona məxsus olduğunu iddiaçı etiraf etmişdir. Bundan əlavə İddiaçı Xırdalan şəhər 2 saylı orta məktəbin X “c” sinfinin sinif rəhbəri olduğundan ona verilmiş hüquqları əsasında o, daim şagirdlərinin dərsə davamiyyətini, onların dərsləri müvəffəq mənimsəmələrini diqqət və nəzarətdə saxladığını, buna görə də direktor sinfə daxil olan zaman da sinif rəhbəri kimi dərsdə oturduğunu qeyd etmiş, bunu da “Sinif rəhbərinin əsasnaməsi”nə istinad edərək əsaslandırmışdır. Lakin məhkəmə kollegiyasının sonuncu iclasında cavabdeh tərəfindən təqdim edilmiş fləşkarta baxış keçirilmiş orada iddiaçı Həziyev Vəfa statuslarında səs yazısı ilə bildirmişdir ki, “ Rəhbərlik etdiyim sinifdə riyaziyyat dərsimdən 2 saat sonra 3-cü saat Azərbaycan dili dərsi idi. Dərs vaxtı jurnal yazmadığım üçün “Azərbaycan dili” dərsində Aygün müəllimədən icazə aldım, o da icazə verdi və jurnal yazırdım. Bu zaman direktor və müavinləri sinifləri gəzirdi, sinfə daxil olanda məni gördü. Mənə bildirdi ki, müəllimə burda nə edirsiz? Mən də bildirdim ki, jurnal yazıram. Mənə bildirdi ki, təcili çıxın, gedin müəllimlər otağında yazın. Mən də bildirdim ki, orada rahat deyiləm burada yazıram. Mənə mütləq çıxmağımı dedi, mən də dedim ki, çıxmıram” (bax: xx.xx.2025-ci il tarixli iclas 20-ci dəqiqə). İddiaçının səs yazılarından da göründüyü kimi, o dərs intizamını pozmuş, bununla əlaqədar direktorun qanuni göstərişlərinə əməl etməmiş, “Sinif rəhbərinin əsasnaməsi”nin tələblərini, həmçinin etik davranış qaydalarını pozmuşdur. Belə ki, iddiaçı sinif rəhbəri kimi şagirdlərin dərsə davamiyyətini yoxlamaq üçün dərsdə oturduğunu qeyd etsə də, səs yazıları ilə bu halı təkzib etmiş, sinifdə jurnal yazmaq üçün oturduğunu etiraf etmişdir ki, “Sinif rəhbərinin əsasnaməsi”nə əsasən də sinif rəhbərinin belə bir hüququnun olduğu öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı Əmək Məcəlləsi və “Müəllimlərin etik davranış qaydaları” ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyindən, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onu Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət intizam məsuliyyətinə cəlb etməkdə cavabdeh haqlı olmuşdur. “Təhsilverənlərin etik davranış qaydaları”na deyil, qüvvədən düşmüş “Müəllimlərin etik davranış qaydaları”na istinad olunduğundan iddianı əsaslı hesab edən birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almadan düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırki mübahisənin predmeti olan İddiaçı Sevdimal qızına “töhmət” intizam tənbehinin təqdim edilməsi barədə 125 nömrəli əmr xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. “Təhsilverənlərin etik davranış qaydaları” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli qərarı ilə qəbul edilmiş, həmin qaydalar hüquqi aktların dövlət reyestrinə xx.xx.2024-cü il tarixdə daxil edilmiş, xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin əmrinin “Təhsilverənlərin etik davranış qaydaları”na istinad edilmədiyindən həmin əmrin ləğv edilməsi nəticəsinə gəlsə də, qaydaların qüvvəyə minmə tarixini nəzərə almamış, nəticədə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, “Təhsilverənlərin etik davranış qaydaları” xx.xx.2024-cü il tarixli əmrdən sonra qüvvəyə minmiş olsa belə, “Müəllimlərin etik davranış qaydaları” ilə mahiyyətcə eyni normaları tənzimləyir. Belə ki, 22 may 2024-cü il tarixli 125 nömrəli əmrdə istinad olunan “Müəllimlərin etik davranış qaydaları”nın 2.1.4, 2.1.5, 2.1.6, 2.1.8-ci maddələrində loyallıq, mədəni davranış, qərəzsizlik və konfidensiallıq davranış qaydaları həmçinin “Təhsilverənlərin etik davranış qaydaları”nda da öz əksini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)-4443/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar