Məhkəmə qərarları › İş №2(105)-2711/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2711/2021

19.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2711/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil2 və Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 Əvər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1778/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1778/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva tərəfindən qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair 29.12.2020-ci il tarixli, i-30 nömrəli əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul edilmədiyindən, qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və həmin günədək əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva tərəfindən qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair 29.12.2020-ci il tarixli, i-30 nömrəli əmrin, ona sonuncu dəfə xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsinə dair 02.07.2020-ci il tarixli, 03 nömrəli əmrin, həmçinin ona məzuniyyət verilməsinə dair əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul edilmədiyindən, qanunsuz olduğundan ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və qanunsuz olaraq əmək haqqının ödənilmədiyi gündən işə bərpa edildiyi günədək əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə iclasında araşdırma zamanı Çinarə Atayevanın qanunsuz hərəkətləri öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılmış etirazı və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim edərkən məlum olmuşdur ki, məktəb direktoru Çinarə Atayevanın 02.07.2020-ci il tarixli, 03 saylı əmri ilə iddiaçıya sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Lakin bu əmrin ümumiyyətlə mövcudluğundan iddiaçının xəbəri olmamışdır. Həmin əmr ona təqdim edilməmişdir. Həmçinin həmin əmrdə göstərilmişdir ki, guya o, sərt karantin rejiminin qaydalarını kobud şəkildə pozmuşdur. Lakin məlumat üçün bildirir ki, sərt karantin rejiminin qaydalarına riayət edilməsinə nəzarəti polis əməkdaşları həyata keçirmişdir. Məktəb direktorunun belə bir səlahiyyəti olmadığı halda iddiaçını sərt karantin rejiminin qaydalarını pozmağa görə məsuliyyətə cəlb etməsinin səbəbləri aydın deyil. Çünki bu barədə heç bir sənəd təqdim edilməyib. Bundan başqa etirazda qeyd edilir ki, gözətçilərin iş rejimində dəyişiklik edilmiş, bu barədə təlimat hazırlanmışdır. Lakin guya iddiaçı həmin təlimatı imzalamaqdan imtina edib. Məlumat üçün bildirir ki, həmin təlimatın nədən ibarət olması iddiaçıya aydın deyil. Bu səbəbdən də qeyd edilən təlimat məhkəməyə təqdim edilməli və həmin təlimatın nədən ibarət olması araşdırılmalıdır. Çünki qeyd edilən təlimatın qanuni və ya qanunsuz olması ümumiyyətlə məlum deyil. Həmçinin iddiaçının həmin təlimata imza etməli olub-olmadığı da məlum deyil. Bu hallar dəqiqləşdirilmədən iddiaçının imza etməməyini əsas tutaraq ona şiddətli töhmət verilməsi özü qanunsuzdur. Əlavə olaraq etirazda qeyd edilir ki, guya iddiaçı təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayevə fiziki xəsarətlər yetirimiş, digər gözətçini isə təhqir etmişdir. İddiaçı iddia ərizəsində də qeyd edib ki, ondan işdən çıxmağı tələb edirdilər. Həmin mübahisənin baş verməsinə səbəb işə gələn zaman məktəbin ona təhvil verilməməsi olmuşdur. Belə ki, o, işə gələn zaman məktəbin açarlarının təhvil verilməməsinə görə iradını bildirib. Fikrini də əsaslandırıb ki, məktəbin açarları olmadan və məktəb ona təhvil verilmədən gözətçilik etməyi mümkün deyil. Çünki həmin vaxt onlar qərəzli şəkildə məktəbin açarlarını vermirdilər ki, guya o növbədə olan zaman hansısa hadisə baş verdiyini iddia edib onu işdən çıxarsınlar. Hətta bu barədə polisdə araşdırma da aparılıb və iddiaçı izahatında qeyd edib ki, məktəbin açarlarını təhvil verməkdən imtina etdikləri üçün aralarında mübahisə yaranıb. Həmin araşdırmada iddiaçının kiməsə xəsarət yetirməyi öz təsdiqini tapmamışdır. Bunun əksinə Çinarə Atayeva iddiaçını işdən çıxarmaqda haqlı olduğunu göstərmək üçün bu məsələni ictimailəşdirmək istəmişdir. Məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, guya iddiaçı 07.08.2020-ci il tarixdə məzuniyyətinin bitməsinə baxmayaraq işə çıxmamışdır. Lakin iddiaçı ümumiyyətlə məzuniyyətə çıxmaq barədə ərizə yazmayıb. Məzuniyyətdə olmağından da xəbəri olmayıb. Bu da onların məqsədli şəkildə köhnə tarixə rəsmiləşdirdiyi sənədlərdən biridir. Bundan başqa etirazda qeyd edilir ki, guya iddiaçı 07.08.2020-ci il tarixdən sonra işə çıxmayıb. Bu səbəbdən də təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayev 03.09.2020-ci il tarixdə təqdimat yazmışdır. Təqdimatdan sonra isə 15.10.2020-ci il tarixdə 39 saylı məktubla ona müraciət olunmuşdur. Göründüyü kimi bütün bu sənədlər köhnə tarixə saxta formada təıtib edilmiş və məqsəd onu guya işə çıxmamağını təsdiqləmək olmuşdur. Əgər iddiaçı 07.08.2020-ci il tarixdən 03.09.2020-ci il tarixədək işə çıxmırsa nə üçün bu müddət ərzində təqdimat yazılmamışdır, bir aydan sonra yazılmışdır. Həmçinin 03.09.2020-ci il tarixdə təqdimat yazıldığı halda məktəb direktoru 15.10.2020-ci il tarixdə ona ilk dəfə müraciət etmişdir. Bütün bunlar da onu göstərir ki, qeyd edilən sənədlərin hər biri saxta və köhnə tarixə tərtib edilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş çoxsaylı aktlardan görünür ki, guya məktəbin kargüzarı N.Avçıyeva və texniki işçi K.İsgəndərova onun işə gəlməməyini təsdiq etmişdir. Lakin qeyd edilən işçilərin gecə vaxtı iş saatı deyil. Onlar necə iddiaçını işə gəlmədiyini təsdiq ediblə,r bunu dəqiqləşdirmək lazımdır. Lakin görünür ki, bu sənədlər də saxta formada və köhnə tarixlə tərtib edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, 15.10.2020-ci il tarixdən 29.12.2020-ci il tarixədək iddiaçını işdən çıxarmaq üçün məktəb direktoru Həmkarlar ittifaqı təşkilatına da təzyiqlər göstərmiş və nəticədə istəyinə nail olmuşdur. Çünki bütün sənədləri köhnə tarixə və saxta formada tərtib etdiyi üçün həmin sənədlər əsasında onu işdən çıxarmağa çalışsalar da alınmırdı. Məktəb direktoru bütün bu qanunsuzluqlarına don geyindirmək üçün dəfələrlə məktəbin əmrlər jurnalını dəyişdirmişdir. Bunu həmin jurnala baxış keçirməklə də müəyyən etmək mümkündür. Həmçinin iddiaçı 15 mart 2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək qanunsuz olaraq əmək haqqının ödənilmədiyi gündən işə bərpa ediləcəyi günədək əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini də xahiş edib. Apellyasiya şikayətinin təsviri hissəsində göstərilənlərdən də görünür ki, məhkəmə bu xüsusatları araşdırmağa ehtiyac duymadan cavabdeh tərəfin təqdim etdiyi saxta arayışlarda göstərilənlər əsasında tərtib edilmiş iddia ərizəsində göstərilənlərə istinad edərək əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbinin vəkili Vəkil1 apellasiya şikayətinin dəlillərini qəbul etməyərək təmi olunmamasını, qətnamənin dəyişdirilməədən saxlanılmasını xahiş etmişir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan 25 dekabr 2020-ci il tarixli, 6 saylı sonuncu bildirişxəbərdarlıqdan müəyyən edilir ki, İddiaçı 07 avqust 2020-ci il tarixdən 26 oktyabr 2020-ci il tarixədək və 31 oktyabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək işdən yayınmasını üzrlü hesab edəcək hər hansı rəsmi sənəd təqdim etməmiş, sənəd təqdim etmədiyi təqdirdə isə onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarından olan ******* saylı Əmək kitabçasından müəyyən edilir ki, İddiaçı 15.02.2003-cü ildə Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbdə məktəb direktorunun təsərrüfat işləri üzrə müavini, 30.12.2010-cu ildə həmin məktəbdə elektrik, 01.02.2013-cü ildə həmin məktəbdə dalandar təyin edilmiş, 31.10.2014-cü ildə əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. 31.10.2014-cü ildə həmin məktəbdə gözətçi kimi işə götürülmüş, 29.12.2020-ci il tarixdə i-30 saylı əmrə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından olan 02 iyul 2020-ci il, 03 saylı əmrdən çıxarışdan müəyyən edilir ki, İddiaçı- məktəbin kiçik xidmətedici işçisi sərt karantin rejimini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə 02 iyul 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəllsinin 186-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Mülki işin materiallarından olan 25 iyun 2020-ci il tarixli aktdan müəyyən edilir ki, məktəbin gecə gözətçisi İddiaçı 25 iyun tarixində sərt karantin rejimi qaydalarını kobud şəkildə pozaraq məktəbin idman zalının açarının onda olmasından istifadə edib bir qrup insanı idman etmək məqsədilə zala toplayıb. Məktəbin direktoru Çinarə Atayeva işçi İddiaçı karantin qaydalarını pozduğu üçün xəbərdarlıq etsə də o, direktorun ünvanına cəmiyyət qarşısında təhqir və təhdidlər səsləndirmişdir. İş materiallarında olan Abşeron rayon Pİ-nin 11 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarından müəyyən edilir ki, 02.07.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi sakini X2 DİN-nin 102 xidmətinə ərizə ilə müraciət edərək 25.06.2020-ci il tarixdə saat 16. 00 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbin gözətçisi İddiaçı Ağamolan oğlunun karantin rejimin pozması ilə əlaqədar irad bildirdiyi vaxt onu təhqir edərək hədələdiyini, 01.07.2020-ci il tarixdə isə digər gözətçi ilə mübahisə edərək ondan açarları tələb etdiyini və onun üzərinə hücum edərək döyərək hədələdiyini bildirmişdir. Həmin qərardan görünür ki, iş üzrə izahatı alınmış İddiaçı Ağamolan oğlu göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbdə gözətçi işləyir. Karantin rejiminə qədər məktəbdə idman zalında məşq etdiyini, karantin rejimindən sonra məktəbin idman zalı bağlı olduğu üçün orada idmanla məşğul olmadığını, 25.06.2020-ci il tarixdə saat 16 radələrində məktəbin idman zalında olan əşyalarını götürmək üçün oraya getdiyini, bu vaxt məktəbin direktorunun bunu gördüyünü və onunla mübahisə edərək zala buraxmadığını, onun isə çıxıb getdiyini və bir də 01.07.2020-ci il tarixdə saat 14.15 radələrində məktəbin gözətçisi Rəhman Camalovla açarı ona vermədiyi üçün aralarında mübahisə olduğunu bildirmişdir. Mülki işin materiallarından olan 09.10.2020-ci il tarixli gecə gözətçilərinin iş rejimi ilə bağlı təlimatın 11-ci bəndindən müəyyən edilir ki, etibardan sui-istifadə edərək məktəbə aid olan ərazi, avadanlıq və inzibati binadan gecə gözətçisi öz məqsədləri üçün istifadə etməməlidir. Mülki işin materiallarından olan 29 dekabr 2020-ci il tarixli, i-30 saylı əmrdən çıxarışdan müəyyən edilir ki, İddiaçı- məktəbin gözətçisinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq özünün əmək vəzifələrini və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyə, heç bir üzürlü səbəb olmadan işə gəlməməyə görə sonuncu haqq-hesab ödənilməklə xitam verilməsi əmr edilmişdir. Mülki işin materiallarından olan Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayevin təqdimatından müəyyən edilir ki, məktəbin gözətçisi İddiaçı məzuniyyət vaxtı 07.08.2020-ci il tarixdə bitməsinə baxmayaraq işə çıxmamış və bu barədə onunla əlaqə saxlanıldıqda hədələyici kəlmələrdən istifadə edərək qardaşı X1 işə bərpa olunmadığı təqdirdə işə gəlməyəcəyini və müxtəlif orqanlara şikayət edəcəyini bildirdiyindən, onun barəsində akt tərtib edilmiş və Soltan Ağayev bu barədə ölçü götürülməsini xahiş etmişdir. Beləliklə, müəyyən edilir ki, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbində gözətçi olaraq işləyən İddiaçı 25 iyun 2020-ci il tarixdə sərt karantin rejimi qaydalarını pozaraq məktəbin idman zalının açarının onda olmasından istifadə edib, bir qrup insanı idman etmək məqsədilə zala toplamış, məktəbin direktoru X5 Ağayevi karantin qaydalarını pozduğu üçün xəbərdarlıq etsə də o, buna məhəl qoymamış və məktəbin daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də Cavabdeh direktorunun 02 iyul 2020-ci il tprixli, 03 saylı əmri ilə İddiaçı- məktəbin kiçik xidmətedici işçisi sərt karantin rejimini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə 02 iyul 2020ci il tarixində ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduqda işəgötürən işçiyə töhmət vermək və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və ya işçini cərimə etmək və ya işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləgv etmək hüququna malikdir. Bundan başqa müəyyən edilir ki, iddiaçı 07.08.2020-ci il tarixdə məzuniyyətinin bitməsinə baxmayaraq işə çıxmamış və bu hal uzun müddət davam etmişdir. 03.09.2020ci il tarixdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayev təqdimatla müraciət edərək iddiaçının qeyd olunan tarixdən işə çıxmadığını, telefon vasitəsi ilə əlaqə saxlanılaraq səbəbini soruşduqda isə qardaşının işə bərpa olunmadığı təqdirdə işə gəlməyəcəyini bildirdiyini, həmçinin işə çıxmadığı hər gün üçün müvafiq akt tərtib edildiyini bildirmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. 15.10.2020-ci il tarixli, 39 saylı məktubla iddiaçıya müraciət olunmuş, işə gəlməməsi səbəbləri barədə məlumat verilməsi istənilmişdir. Bunun müqabilində isə iddiaçı xəstəlik vərəqəsi təqdim etmişdir. 01.11.2020ci il tarixdə işə çıxmalı olduğu halda isə işə gəlməyərək əmək funksiyalarını icra etməmişdir. Daha sonra 05.11.2020-ci il tarixli, 44 saylı və 16.11.2020-ci il tarixli, 47 saylı məktubla iddiaçıya təkrar müraciət edilmiş, lakin heç bir cavab alınmamışdır. Həmkarlar İttifaqı məsələni 04.12.2020-ci il tarixdə müzakirəyə çıxarmış və iclas protokolu təqdim etmişdir. Məktəb direktorunun 29.12.2020-ci il tarixli, i-30 saylı əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu haqq-hesab ödənilməklə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlillərin işin məhkəmə baxışında təqdim olunan sənədlərlə öz təsdiqini tapdığından İddiaçı cavabdeh Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı iddiasını və apellyasiya şiayətinin dəlillərini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1778/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar