Məhkəmə qərarları › İş №2(105)-272/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-272/2025

04.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-272/2025 04.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X22 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3536/2024 nömrəli, 12 sentyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh və onun ailə üzvləri Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılması və həmin mənzil İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh mənzildən çıxarılma və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilinə dair Cavabdeh və digərlərinin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 03 sentyabr 2023-cü ildə ağ ciyər xəstəliyindən rəhmətə getmişdir. İddiaçı həyat yoldaşı Ayturan Əliyev 2002-ci ildən şizofreniya paranoid forma diaqnozlu xəstəlikdən əziyyət çəkmişdir. Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə Ayturan Əliyev fəaliyyət qabiliyyətsiz elan edildiyi zaman iddiaçı həyat yoldaşı olaraq onun qəyyumu təyin edilmişdir. Ayturan Əliyev 21 yanvar 2016-cı il tarixdə rəsmi müqavilə ilə "xxxx" MMC-nin ("xxxx" MMC-nin) Xırdalan şəhərində inşa etdiyi binadan 319 saylı, 3 otaqlı mənzili satın almışdır. 30 may 2017-ci il tarixli müqaviləyə əsasən şirkət sözügedən mənzili onların xəbəri olmadan X1. Şikətin rəhbəri Ələkbər Hüseynov şikayət edəcəkləri təqdirdə həyat yoldaşı Ayturan Əliyevin ruhi xəstə olmağından istifadə edərək onu aldatmış, həmin mənzilin Ayturanın qardaşı Hürü Əliyev tərəfindən satıldığını və Ayturanın şikayət edəcəyi təqdirdə qardaşı Hürü Əliyevin məsuliyyətə cəlb olunacağını bildirmişdir. Daha sonra X17 Əliyevin psixi durumunun yerində olmamasından istifadə etmiş, onu təhdid edərək mənzilin onun razılığı ilə satıldığını bildirən saxta sənədə imza etdirmişdir. Belə ki, mübahisəli mənzilin satılması barədə danışıqlar Ayturan Əliyevin özü ilə yox, onun qardaşı və atası ilə aparılmış, mənzil Ayturan Əliyevin qardaşı Hürü Əliyevin borcunun müqabilində Ələkbər Hüseynova təklif olunmuşdur. Göründüyü kimi Ayturan Əliyevin 30 may 2017-ci il tarixli qardaşı Hürü Əliyevin iştirakı ilə yazmış olduğu mübahisəli mənzilin satılmasına dair etiraz etməməsi barədə ərizə onun özünün sərbəst iradəsi ilə yazılmamışdır. Belə ki, əslində Ayturan Əliyev özünə məxsus mənzili satmaq niyyətində olmamış, sadəcə olaraq cavabdehlər Ayturan Əliyevin öz hərəkətlərinin mənasını dərk etməməsindən və özünü şüurlu şəkildə idarə etmək iqtidarında olmamasından istifadə edərək xeyrlərinə hazırlanmış sənədə qol çəkdirmişlər. Daha sonra iddiaçı və həyat yoldaşı Ayturan Əliyev qeyd edilən faktlara əsaslanmaqla iddia ərizəsi ilə məhkəmə müraciət edərək 30 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X3 adına 21 yanvar 2016-cı il tarixli müqavilənin bərpa edilməsi və dəymiş zərərə görə 78.449 manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Hər üç instansiya məhkəməsində iddiaları təmin edilmişdir. Belə ki, “Afşaran" MMC ilə X11 arasında bağlanan ünvan 2, 5-ci blok, 10-cu mərtəbə, 319 saylı 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin Ayturan Əliyevin mülkiyyətinə qaytarılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-201/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzil "xxxx" MMC tərəfindən Ayturan Əliyevə təhvil verilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, mübahisəli mənzil hələ də təhvil verilməmişdir. Sözügedən mənzili 15-16 dekabr 2021-ci il tarixində Cavabdeh, X12 ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Onlar 29 dekabr 2021-ci il tarixində 63.500 manat məbləğində Cəfər bəyə ödəniş etmişlər. Həmin vaxt Rafiq Tağıyev "xxxx" MMC-nin direktoru olmuşdur. "xxxx" MMC tərəfindən onlara müqavilə və maliyyə arayışı verilmişdir. Hal-hazırda mənzilə Cavabdeh sahiblik edir. Bu müddət ərzində o mənzilin təmir işlərini həyata keçirmiş, mənzilə kommunal xətlər çəkdirmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsinin qismən “ailə üzvlərinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliyinin olmasına baxmayaraq, bir mənzilin inşa edilib eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür. Belə bir vəziyyət yarandığı halda, yəni hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bu zaman əşyaya sahiblənmə dedikdə, mahiyyət etibarilə hüquqi sənədləşmə deyil (belə ki, tərəflərin hər birinin sənədi mövcuddur), faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi, həmin mənzildə yaşaması və onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Belə ki, sahiblik, faktiki vəziyyət olduğuna görə, onun varlığı nəticəsinə gəlmək üçün hüquqi sənədləşmə ilə yanaşı, şəxsin əşyanı real şəkildə öz təsirində saxlamasını göstərən hərəkətlər mövcud olmalıdır ki, bu hərəkətlər artıq Cavabdeh tərəfindən həyata keçirilmişdir. Əlavə olaraq birinci instansiya məhkəməsi qətnaməsilə mənzilin iddiaçıya təhvil verilməsini qət etməklə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, sözügedən mənzilin vicdanlı sahibi və alıcısı odur, hazırkı qətnamənin icrası zamanı mənzilin ondan alınması qanunun pozulmasına gətirib çıxaracaqdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1802/21 nömrəli, 14 aprel 2021-ci il tarixli qərarı və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 61/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinə istinad etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1935/2023 nömrəli xx.xx.2023-cü il tarixli xüsusi qərardadı ilə cavabdeh "xxxx" MMC-nin səlahiyyətli şəxslərinin əməllərinin hüquqazidd xarakterli olubolmamasının aydınlaşdırılması, varsa həmin əmələ hüquqi qiymət verilməsi üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ********** saylı cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, istintaq zamanı müəyyən edilmişdir ki, X4 və onun qardaşı X2 Əlimurad Qədirqulu oğlu (Əliyev Ayturanın atası) tərəfindən barələrində əsassız şikayətlərin qarşısını almaq məqsədilə sonuncunun tələbi ilə 21 yanvar 2016 və 09 oktyabr 2016-cı il tarixdə mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışının məzmununa bilə-bilə yalan, guya Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən B (5-ci) girişi 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 120.69 m2 olan 319 nömrəli mənzilin özlərinə mənzil almaq üçün müraciət etməmiş X8 78.449 manat müqavilində satılması və qeyd edilən məbləğin həmin tarxdə sonuncu tərəfindən tam ödənilməsi barədə məlumatları daxil etməklə, həmin saxta sənədləri Əlimurad Əliyevə təqdim etmişlər. Beləliklə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 15 may 2024-cü il tarixli qərarı ilə X10 ilə "xxxx" MMC arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli, "xxxx"-88 MMC arasında bağlanmış 09 oktyabr 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və ödəniş sənədlərinin saxtalaşdırılması sübuta yetirilmişdir. İşi araşdıran birinci inistansiya məhkəməsi mübahisəli mənzilin 2021-ci ildə Cavabdeh tərəfindən tam qanuni əsaslarla əldə edilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında olan mübahisə üzrə sübut növündə əsas götürdüyü halları əsaslandırılmamış və hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətləri tam şəkildə araşdırmadığı üçün qətnamədə qeyd etdiyi nəticə işin halları ilə uyğun gəlməmişdir. Məhkəmə tərəfindən iddiaçının fəaliyyət qabiliyətinin olmadığı halda qeyd edilən alqı-satqı müqaviləsini hansı əsasla bağladığı məsələsi araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh nümayəndəsi vəkil X23 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Cavabdeh mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X3 hüquqları ilə yüklü olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsini xahiş edərək, iddia təlbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, həmçinin Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsinin “ailə üzvlərinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılması” hissəsində ləğv edilərək həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanmasını nəzərə alaraq, qətnamənin Cavabdeh aid hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iddia tələbi baxılan hissədə mənzildən çıxarılma və mənzilin təhvil verilməsi barədədir. İddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qüvvədə olan məhkəmə aktları ilə mübahisə predmetini təşkil edən mənzilin X8 məxsus olması işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mənzil hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddia təmin olunmuşdur. Qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 nömrəli qətnaməsi ilə iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X12 və Cavabdeh qarşı mənzilin təhvil verilməsi, mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin "xxxx" MMC tərəfindən X8 təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(105)-1935/2023 nömrəli qətnaməsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Abşeron Rayon Məhkəməsnin 07 iyun 2023-cü il tarixli, 2(012)- 201/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzildə qalması, iddiaçının mənzil hüquqlarını məhdudlaşdırdığından və onu mənzil hüququndan doğan hüquqlarının həyata keçirməsini qarşısını aldığından, Cavabdeh həmin mənzildən çıxarılmaqla mənzilin ona təhvil verilməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh mənzildən çıxarılmaqla ona təhvil verilməsi hissələrində işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin baxılan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti həmin hissədə təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti Cavabdeh aid hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar