Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2720/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinə qarşı buraxılmış müddətin üzürlü hesab edilərək bərpası, əmrin ləğvi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilərək bərpası, əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə - Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinə tarix müəllimi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qərardadı ilə (hakim V.Ruvinov) İddiaçı Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinin 10882 nömrəli, xx xxxx 2017-ci il tarixlı əmrindən şikayət verilməsi üçün buraxılmış müddət bərpa edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı ondan şikayət vermişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır. Belə ki, qərardad onunla əsaslandırılıb ki, İddiaçı xx xxxx 2017-ci il tarixli əmrdən şikayət vermək üçün qanunla nəzərdə tutulmuş zəruri və yetərli müddətə malik olduğuna baxmayaraq, bunu etməmiş və 3 ildən sonra-2020-ci ilin iyun ayında hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Buna uyğun olaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı iddianı vermək müddətini üzrsüz səbəbdən buraxmışdır. Məhkəmənin bu arqumenti ilə razılaşmaq olmaz, çünki məhkəmənin bu məzmunda qərardad çıxarmağa hüququ və səlahiyyəti yoxdur. Məhkəmə işə mahiyyəti üzrə baxıb yekunda qətnamə çıxarmalı, iddianı ya təmin, ya da rədd etməli idi. Onun iddia tələbi buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, əmrin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməklə bağlıdır, iddia müddətini isə o, üzürlü səbəbdən ötürmüşdür. İddia müddətinin keçməsinin səbəblərini məhkəmə üzürlü saymazsa, bu halda, bütün iddiaya mahiyyəti üzrə baxıb yekun qətnamə çıxarmalı idi. Göstərilənləri nəzərə alaraq İddiaçı Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)- 284/2020 saylı qərardadının ləğv edilməsini, iddiasın aisə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib onun təmin olunmasını xahiş etdi. Cavabdeh Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qərardadı ləğv edilməlidir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilərək bərpası, əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə - Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinə tarix müəllimi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinin 10882 nömrəli, xx xxxx 2017-ci il tarixlı əmrindən şikayəti vermə müddətinin üzürlü səbəbdən ötürüldüyü barədə ərizəçinin dəlili qəbul edilə bilməz. Belə ki, İddiaçı xx xxxx 2017-ci il tarixdə tutduğu tarix müəllimliyi vəzifəsindən azad edilmiş və işinə xitam verilmiş, xx xxxxxx 2017-ci il tarixdə o, həbs olunmuş və xx xxxxxx 2018-ci il tarixdə bəraət almış və məhkəmə zalından azad edilmişdir. İddiaçı xx xxxx 2017-ci il tarixli əmrdən şikayət vermək üçün qanunda nəzərdə tutulmuş zəruri və yetərli müddətə malik olduğuna baxmayaraq, bunu etməmiş və 3 ildən sonra - 2020-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı iddianı vermək müddətini üzrsüz səbəbdən buraxmışdır. Bu nəticəyə gəldikdən sonra isə məhkəmə ayrıca akt şəklində qərardad qəbul edərək, ötürülmüş müddəti bərpa etməmişdir. Bu zaman məhkəmə MPM-nin 133-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad mövcud qanunvericiliyin tələbləri pozulmaqla çıxarıldığından ləğv edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə görə məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Hazırkı iddia ərizəsindən göründüyü kimi, İddiaçı işdən çıxarılması barədə əmrin ləğv edilməsi barədə vaxtında iddia qaldırmadığını müxtəlif səbəblərlə əsaslandırmış, buna görə də bu müddətin üzürlü hesab edilməsi və bərpa edilərək əmrin ləğv olunmasını, əvvəlki işinə bərpa olunmasını və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmiş, məhkəmə isə hazırkı tələb üzrə müddətin bərpa edilməsini, prosessual müddətin bərpası kimi qəbul edərək ayrıca akt şəklində qərardad çıxarmış, müddətin bərpasından imtina edərək, mübahisəni bu qərardadla faktiki olaraq mahiyyəti üzrə həll etmişdir, bu isə MPM-nin 263.1-ci maddısinin tələbinə ziddir, çünki İddiaçı digər tələblərinə heç bir münasibət bildirilməmiş, mübahisə tam həll edilməmiş qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm müddətin bərpası məsələsinə, həm də əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqı tələblərinə mahiyyəti üzrə eyni vaxtda baxmalı və iş üzrə qətnamə çıxarmalı idi. Mübahisənin bu cür həll edilməsi qüvvədə olan prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan qərardad ləğv edilməli, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qərardadı ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-284/2020 saylı qərardadı ləğv edilsin və iş, sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2720/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2720/2020
02.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver