Məhkəmə qərarları › İş №2(105)-2726/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2726/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2726/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 92 saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin fərdi evə görə 21.04.2007-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh onun bacısıdır. Cavabdeh 1998-ci ilin dekabr ayından onun mülkiyyətində olan fərdi evdə yaşamır. Bunu qonşular tərəfindən təsdiq edilmiş 15.11.2020-ci il tarixli akt təsdiq edir. Cavabdehin qeydiyyatda olması fərdi ev üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdeh fərdi evdə qeydiyyatda olsa da, həmin fərdi evdə yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. 1980-cı illərin əvvəllərində valideynləri ilə Ermənistan Krasnoselsk rayonundan köçüb Sumqayıt şəhəri, Corat qəsəbəsi 92 ünvanında məskunlaşmışlar. Corata gəldikdən sonra valideynlərin əlavə uşaqları o, iddiaçı və şahidlər dünyaya gəlmişlər. Maddi çətinlik yarandıgı üçün iş tapıb işləmək qərarına gəlmişdir və bu məqsədlə Bakı şəhərinə getmişdir. Dayısının ölümündən sonra evdən qaçmağı yalan məlumatdır. Arada ata evinə baş çəkirdi. İddiaçı bacısı G.İ.Qarayeva da ailə qurdu, lakin o, nə vaxt ata evinin adına keçirib, onun neçə çıxarış alması ona məlum deyil. O, valideynlərinin vərəsələri biri sayılır. O, ata mülkünün satılmasının əleyhinə olduğu üçün bacıları əlbir olaraq ona qarşı iddia irəli sürmüşlər. Məhkəmə dərəcə qərəzli və qeyri obyektiv yanaşmışdır. Sumqayıt Şəhər Məhkəməsi 26 aprel 2021-ci il tarixli 2(060)-1334/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı G.İ.Qarayevanın (Nəsibova) nümayəndəsi və vəkili P.M.Məhərrəmov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı ev G.İ.Qarayevanın (Nəsibova) adına qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* saylı, 16.11.2019cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evdə qeydiyyatdadır. İşə əlavə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 15.11.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh 1998-ci ilin dekabr ayından Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evdə yaşamır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evdə qeydiyyatda olmasına baxmayaraq, 1998-ci ilin dekabr ayından başqa yaşayış məntəqəsində gedərək, daimi yaşayış yerini dəyişmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası Cavabdeh mübahisəli evin xüsusi mülkiyyətə keçməsində razılığın verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə olunan evin mülkiyyətçisi iddiaçı G.İ.Qarayevadır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh uzun müddət mübahisəli mənzildə yaşamaması onun tərəfindən verilmiş apellyasiya şikayətində də öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 aprel 2021-ci il tarixli 2(060)-1334/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar