Məhkəmə qərarları › İş №2(105)-2734/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2734/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2734/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-3703/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(060)-3703/2021 saylı qətnaməsi ilə (hakim E.X.Hüseynov) İddiaçı cavabdeh X2 qarşı cavabdehin Sumqayıt şəhəri, 18-ci mikrorayon 38 saylı evin, 3 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(060)-3703/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 38 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh X3 onun keçmiş arvadıdır. Cavabdehlə aralarında olan nikah 2015-ci ildə pozulmuş, lakin cavabdeh ona məxsus mənzildə formal pasport qeydiyyatında qalmaqdadır. Ona görə də, cavabdeh A.M.Dəvrişovanın Sumqayıt şəhəri, 18-ci mikrorayon 38 saylı evin 3 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 17 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olumasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh X2 məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə zərfi «ünvançı köçüb» qeydi ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh A.M.Dəvrişovanın iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №-li ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 38 saylı evin, 3 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 17 noyabr 2015-ci il tarixdə İddiaçı adına Dövlət qeydiyyatına alınmışdır. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 29 mart 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 38 saylı evin, 3 saylı mənzildə X3 qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(060)-1889/2015 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı və X3 arasında 12 oktyabr 2012-ci il tarixli, 753 saylı nikah qeydi ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri ilə əsaslandırmaqla hesab etmişdir ki, iddiaçı E.Ə.Dərvişov məhkəmə iclasında öz iddia tələbinin əsaslarını sübut edə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı yalnız öz izahatı əsasında cavabdehin hansı tarixdən mübahisəli mənzili tərk etməsi və yaxud cavabdehin başqa yaşayış sahəsinin olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mənzil hüququndan irəli gələn mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Hüquq və azadlıqların müdafiəsinin digər orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu halda ərizəyə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı E.Ə.Dərvişov mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 38 saylı evin, 3 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsini tələb etdiyi Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün ilk növbədə ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etməli, bundan imtina olunduğu halda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçının mənzilə istifadə hüququna xitam verilməsinə dair tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-385.1.3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, İddiaçı cavabdeh X2 qarşı cavabdehin Sumqayıt şəhəri, 18-ci mikrorayon 38 saylı evin, 3 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-3703/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X2 qarşı cavabdehin Sumqayıt şəhəri, 18-ci mikrorayon 38 saylı evin, 3 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar