Məhkəmə qərarları › İş №2(105)-2745/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2745/2020

05.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2745/2020 05.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X5 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4611/2020 saylı qərardadından Cavabdeh verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4611/2020 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) iddiaçının iddianın təmini tədbiri barədə ərizəsi təmin edilib, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb həll edilənədək Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılması Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4611/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-4611/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı idia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh həyata keçirdiyi tikililərin öz hesabına sökülməklə zəbt etdiyi və ona məxsus bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın təmini tədbirinin tətbiqinə dair ərizə verərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ona məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardada qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddianın tədbiri barədə ərizəyə baxarkən iddiaçının subynektiv hüququnun olub-olmadığı yoxlanılmamış, iddiaçının mübahisəli tolrpaq sahəsinə hüququnun olub-olmadığı yoxlanılmamışdır. Həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının qadağan edilməsinə dair düzgün nəticəyə gəlməmişdir. Qərardadda göstərilən Novxanı bağlar massivi 3706 saylı ünvanda yerləşən bağ sahəsi onun adına olan Dövlət reyestr xidmətindən verilən çıxarışda Sumqayıt şəhər Saray bağlar massivi 4308E kimi qeyd edilmişdir. İddiaçının yalandan olaraq qeyd etdiyi guya ona məxsus Novxanı bağlar massivi 3706 saylı ünvanda yerləşən baş sahəsi əslində onun mülkiyyətində deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ə.F.Rüstəmov şikayətə etiraz edib, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ona məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardada qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 1985-ci il tarixli, 5000 saylı bağ sahəsinin icarə müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvanda yerləşən bağ sahəsi X4 icarəsinə verilmişdir. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən AZ-İ seriyalı, 187719 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxx 2006-cı il tarixdə ölmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı, 130313 saylı çıxarış surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvanda 0,11 ha torpaq sahəsində yerləşən 153,4 kv.metr torpaq sahəsi xx.xx.2018-ci il tarixdə X2 adına dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308E saylı ünvanda 0,03 ha torpaq sahəsi xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan Cavabdeh verdiyi şikayəti əsasında dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4611/2020 saylı qərardadı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Elman Rəhimov Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar