Məhkəmə qərarları › İş №2(105)-2746/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2746/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2746/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3869/2020 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3869/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmiş, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki,İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh göndərilən malların dəyəri olaraq 32533 manatın və əldən çıxmış fayda olaraq 90546 manatın iddiaçı təşkilatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı qəbul edərkən maddi və prosessual hüquq normalarının pozulması ilə yanaşı, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, həmçinin məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə səhvdir və qanunvericiliyin tələblərinə zidd olduğuna görə qərardad ləğv olunmalıdır. Belə ki, iş üzrə bir neçə məhkəmə prosesləri təyin olunsa da, pandemiya ilə əlaqədar heç biri keçirilməmişdir. Lakin proseslər təyin olunduğuna görə məhkəməyə təqdim edəcəyi lazımi sənədlər, yəni İddiaçı səlahiyyətli nümayəndə və vəkili qismində işi aparmağa səlahiyyətlərini lazımi qaydada təsdiq edən sənədlər yanlış olaraq təqdim edilmiş kimi nəzərində qalmışdır. Bu səbəbdən iddianı təmin tədbiri barədə ərizəyə səlahiyyətlərini təsdiq edən sənədləri qoşmamışdır. Hazırki şikayətə orderin əsli və etibarnamənin təsdiq olunmuş surətini əlavə olunmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi maddi ziyanın ödənilməsi-pul tələbi ilə bağlıdır. “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasının iddianın mahiyyəti ilə heç bir əlaqəsi yoxdur, yəni həmin avtomobilin üzərinə həbs qoyulub-qoyulmaması gələcəkdə iddia təmin edilərsə, qəbul edilmiş qətnamənin icrasına hər hansı təsir göstərməyəcəkdir. İddiaçı tərəfindən verilən iddia ərizəsinə əsasən pul tələbi 123079 manat təşkil edir. Həmin iddia tələbi gələcəkdə təmin olunduğu halda, bir qismi “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə ödənilə bilər. Məhz bu səbəbdən, borclu Cavabdeh mülkiyyətində olan “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması zəruridir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərəkiddianı təmin tədbiri barədə ərizənin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, mülkiyyətində olan “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi Cavabdeh göndərilən malların dəyəri olaraq 32533 manatın və əldən çixmış fayda olaraq 90546 manatın onun xeyrinə tutulması barədədir. İddiaçı nümayəndəsi Nümayəndə iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası MPM-nin 157 və 158-ci madələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq barədə tədbirlər görülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarına əlavə edilmiş AD seriyalı, 920327 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülkiyyətində olmuş, sonradan isə X2 mülkiyyətində olan “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması mülkiyyətçinin qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir, halbuki bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Bundan başqa, iddiaçı cavabdehdən pul tələbi edir. “HYUNDAİ TUCSON” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasının iddianın mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsiiddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının nümayəndəsinin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3869/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar