Məhkəmə qərarları › İş №2(105)-275/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-275/2024

08.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-275/2024 08.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyətinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə qarşı “torpaq islahatı nəticəsində normadan az verilmiş pay torpaq sahəsinin tələb edilməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 12 aprel 2007-ci il tarixli, 2-113/2007 nömrəli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək Qusar rayonu AİK-sı tərəfindən 4 nəfər ailəsinə normadan az verilmiş, 2,10 ha pay torpaq sahəsinin qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qusar rayon AİK-nın 03 iyun 1998-ci il tarixli, 9/4 saylı qərarı ilə 4 nəfərdən ibarət ailəsinin mülkiyyətinə KOD301250 18JN:130 saylı qərarı ilə 4 nəfərdən ibarət ailəsinin mülkiyyətinə KOD 301250 18JN:130 saylı Dövlət Aktı ilə cəmi 0,58 hektar pay torpaq sahəsi verilmişdir. İslahat aparılarkən X10 Kəndli Təsərrüfatında adambaşına düşən pay torpaq sahəsinin norması 0,67 ha olduğu halda, onun ailəsinin hər üzvünə 0,145 ha torpaq sahəsi verilmiş, bu da adambaşına normadan 0,525 ha azdır. Dörd nəfərə isə cəmi 2,10 ha pay torpaq sahəsi az verilib. Dəfələrlə müxtəlif təşkilatlara, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarına şikayət etmiş, nəticədə ona məhkəməyə ərizə ilə müraciət edilməsi tövsiyyə edilmişdir. Təqdim etdiyi sənədlərlə tələbi kifayət qədər əsaslandırılır. Birinci instansiya məhkəməsində cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsinin mütəxəssisi X4 məhkəmə iclasında bildirmişdir ki, təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçının dörd nəfər ailə üzvlərinə cəmi 0,58 ha pay torpaq sahəsi verilmiş, əslində isə ailəyə cəmi 2,68 ha pay torpağı verilməlidir. Hesab edir ki, kəsirdə qalmış 2,10 ha torpaq sahəsi iddiaçının ailəsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsində cavabdeh Qusar Rayon İsra Hakimiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, dörd nəfər subyektlərə 0,58 ha pay torpağın verilməsini qanunsuz sayır, bununla belə rayon AİK-nın səhlənkarlığı nəticəsində baş vermiş qanunsuzluğun nəticələrini aradan qaldırmağı qeyri-mümkün sayır, torpaq fondu yalnız Yuxarı Kalunxur bələdiyyəsinin mülkiyyəti olduğu üçün mübahisənin bələdiyyə ilə həllini zəruri sayır. Birinci instansiya məhkəməsində maraqlı tərəf Qusar rayon Yuxarı Qələnxur bələdiyyəsinin sədri X1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının ailəsinə normadan az torpaq payının verilməsi yerli və rayon AİK-nın səhvidir. Bələdiyyə torpaq sahəsini icarəyə verə bilər və ya sata bilər, hazırda isə boş torpaq sahələri yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, torpaq islahatı aparılarkən yerli Aqrar İslahat Komissiyasının sədri olmuş, iddiaçıya pay torpağın az verilməsində yerli AİK-nın heç bir təqsiri yoxdur. Belə ki, yerli AİK-sı özəlləşdirilən torpaq sahələrini müəyyən edir və pay torpaq almaq hüququ olan subyektlərin siyahısı tutulur. Konkret olaraq norma üzrə torpaq paylarının müəyyən edilməsi rayon AİK-nın vəzifəsidir. Rayon AİK-nın səhvi və ya səhlənkarlığı nəticəsində iddiaçının ailəsinə torpaq payı normadan az verilmiş, hesab edir ki, İddiaçı ailəsinə kəsirdə qalmış 2.10 ha pay torpağı bələdiyyə fondundan verilməlidir, çünki verilməmiş torpaq payı bələdiyyənin mülkiyyətinə keçmişdir. Qusar Rayon Məhkəməsinin 12 aprel 2007-ci il tarixli, 2-113/2007 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Qusar rayonu Yuxarı Kalunxur kəndi ərazisindən, bələdiyyə fondundan 2,10 ha torpaq sahəsinin alınıb İddiaçı mülkiyyətinə verilməsi, torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinin Yuxarı Kalunxur bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə tapşırılması qət edilmişdir (hakim T.Məmmədov). İş materiallarından görünür ki, qətnamənin surəti üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəməyə 18 noyabr 2022-ci il tarixli məktubla müraciət etdikdən sonra, 28 noyabr 2022-ci il tarixdə göndərilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 12 aprel 2007-ci il tarixli, 2-113/2007 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən “Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir”. Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən “Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir”. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər və apellyasiya şikayəti vermiş üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN:130 nömrəli Dövlət Aktından görünür ki, Qusar rayon Yuxarı Kalunxur kənd sakinləri Sərvət, Tavat, Rəvanə və Şəmsəddin Həsənovlar ailəsinin mülkiyyətinə, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 9/4 saylı qərarı ilə 0,58 ha pay torpaq sahəsi verilmiş, Dövlət Aktı 17 fevral 1999-cu ildə 130 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Yuxarı Kalunxur kənd inzibati ərazi üzrə nümayəndəsinin 18 yanvar 2007-ci il tarixli 68 saylı arayışı ilə müəyyən edilir ki, X11 kəndli Təsərrüfatının torpaq islahatı ilə adambaşına düşən pay torpaq sahəsinin ölçüsü 0,67 hektar olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçının ailəsinə pay torpağının düzgün verilməməsi dövlət yerquruluşu xidmətinin və rayon aqrar islahat komissiyasının təqsiri üzündən baş verdiyindən iddiaçının pozulmuş hüquqları bərpa edilməli, ailənin hər üzvünə 0,525 ha torpaq payı hesablanmaqla cəmi 2,10 ha torpaq sahəsi bələdiyyə fondundan alınıb İddiaçı verilməlidir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Maraqlı şəxs1nə ünvanladığı 19 iyul 2023-cü il tarixli, 3-16-9/2-H-15107/2-1220/2-6/2023 nömrəli məktubundan görünür ki, Yuxarı Qələnxur bələdiyyəsinin xx.xx.2014-cü il tarixli iclasında bələdiyyənin ehtiyat fondunda torpaq sahəsi olmadığından örüş torpaqları hesabına 2.10 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Qusar rayonu, Yuxarı Qələnxur bələdiyyəsinin 21 iyul 2023-cü il tarixli iclasının 08№li, 21 iyul 2023-cü il tarixli protokolundan görünür ki, çıxışlar zamanı 6 nəfər lehinə, əleyhinə-0, bitərəf 1 nəfər olmaqla AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Maraqlı şəxs1nə ünvanladığı 19 iyul 2023-cü il tarixli, 3-16- 9/2-H-15107/2-1220/2-6/2023 nömrəli tövsiyə məktubu müzakirə edilmiş, Qusar rayon Yuxarı Qələnxur bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi üzrə cavabdehlər kimi Qusar rayon İcra Hakimiyyəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi göstərilsə də, qətnamə ilə Yuxarı Qələnxur kəndi ərazisindən bələdiyyə fondundan 2,10 ha torpaq sahəsinin alınıb iddiaçının mülkiyyətinə verilməsi qət olunmuşdur. Həmin qətnamənin özündən göründüyü kimi qətnamə ilə torpaq sahəsi əsl olmayan cavabdehdən alınmışdır və həmin torpaq sahəsinin koordinatları müəyyən edilməmiş, bu səbəbdən qətnamə xx.xx.2007-ci il tarixində çıxarılsa da, icrası qeyrimümkün olmuşdur. Yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən iddia Qusar rayonu Yuxarı Qələnxur bələddiyyəsinə qarşı qaldirilmadığından və bununla əlaqədar maddi hüquq normaları dqzgün tətbiq olunmadığindan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 12 aprel 2007-ci il tarixli, 2-113/2007 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 12 aprel 2007-ci il tarixli, 2-113/2007 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Qusar rayon Yuxarı Qələnxur kəndi ərazisindən bələdiyyə fondundan 2,10 ha torpaq sahəsinin alınıb mülkiyyətinə verilməsinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar