Məhkəmə qərarları › İş №2(105)-275/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-275/2025

12.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-275/2025 12.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1979cu ildən etibarən bu günə qədər müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2020-xx.xx.2024-cü il tarixlərində cavabdeh "xxxx" MMC-də avtobus və yük avtomobilləri departamentində akkumlyatorçu vəzifəsində işləmişdir. Həmin məlumatlar əmək kitabçasında və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda öz təsdiqini tapmışdır. Hal-hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istəyir, lakin "xxxx" MMC tərəfindən ona işlədiyi vəzifənin güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən iş olması barədə arayış təqdim edilmir. Nəticədə o, güzəştli şərtlərlə əmək pensiyası ala bilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Həmçinin işlədiyi dövrdə əmək məzuniyyətinə çıxanda ona zərərli işə görə əlavə 12 gün məzuniyyət hüququ verilmişdir. Əvvəllər "xxxx" MMC-də və "xxxx" ASC-də həmin vəzifədə işləmiş və həmin müəssisələr tərəfindən ona güzəştli iş stajı barədə arayış təqdim edilmişdir. Lakin cavabdeh müəssisə bundan imtina edir. Yaranmış problemlə əlaqədar şəxsən cavabdehə müraciət etmiş, lakin müraciətə cavab məktubu belə təqdim edilməmişdir. ƏƏSMN yanında X1 Xidmətinə də müraciət etmiş, ƏƏSMN yanında X1 Xidmətinin Bakı şəhəri ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, cavabdeh "xxxx" MMC müəssisədə akkumulyatorçu vəzifəsində işlədiyini və işlədiyi müddət ərzində gördüyü işlərin enerjisiz akkumulyatorları şarj etmək, sönmüş nəqliyyat vasitələrini işə salmaq üçün istismara yararsız akkumulyatorları dəyişmək və yenisi ilə əvəz etmək, ehtiyatda olan akkumulyatorların enerjisinə nəzarət etmək və istirmara təqdim etmək olduğunu bildirmişdir. Həmin cavab məktubunda arayışla bağlı müraciət etdiyi zaman işəgötürənə hansı zərərli işlə məşğul olmağıyla bağlı məlumatı izah edə bilmədiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı müəyyən edilmişdir. Həmin siyahıya görə akkumulyatorçular vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aiddir. Amma ki, bu bütün akkumulyatorçuları əhatə etmir. Belə ki, məhkəmənin istinad etdiyi qərarın siyahısına nəzər yetirilsə görünür ki, akkumulyatorçular qrafası 24.1-ci bənddə qeyd olunub. Həmin bənd isə "Yeraltı istilik elektrik stansiyaları" adı ilə işarələnib. Yəni ki, həmin qrafadakı akkumulyatorçular yalnız o halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid olurlar ki, onlar "Yeraltı istilik elektrik stansiyaları"nda fəaliyyət göstərsinlər. 24.1-ci bənd bütün akkumulyatoçuları əhatə etmir. Qeyd edilən əsası gücləndirən məqamlardan biri də odur ki, həmin qərardakı siyahının 12-ci bəndində ("Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri" adı altında) müxtəlif növ akkumulyatorla çalışan şəxslərin siyahısı var və həmin şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aiddirlər. Yəni qanunvericilik, akkumulyatorçuların məhz hansılarının zərərli iş şəraitində işləməsini ayırıb və bu tam məntiqə uyğundur. Belə ki, əgər istənilən növ istehsalatda, şəraitdə və istənilən növ akkumulyatorla çalışan şəxslərin hər birinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ versə idi, qanunverici (qeyd edilən qərardakı siyahı) bunu ümumi olaraq qeyd edərdi, istehsalata, akkumulyator növünə ayırmazdı. Həmçinin qeyd edilməlidir ki, əgər qanunverici şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu işəgötürənin arayışı əsasında verirsə demək, işəgötürən bu şəxsin zərərli iş şəraitində işləyib-işləməməsinin müəyyən edən şəxs olur. Yox, əgər məhkəmənin qeyd etdiyi kimi qanunvericik bu şəxslərin siyahısını müəyyən edirsə, işəgötürənin arayışı nə məqsəd daşıyır. Məhkəmə qeyd edilən halları araşdırmadan səhv nəticəyə gələrək iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi qərarı qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Tərəflər arasında mübahisə arayışın verilməsi ilə əlaqədardır. İddiaçı təmsil etdiyi müəssisədən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün arayış istəyir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında akkumulyatorçu vəzifəsinin hansı hallarda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olduğu qeyd olunmuşdur. Siyahının müxtəlif bəndlərində, qələvi ilə, qurğuşunla işləyən akkumulyatorçular fərqləndirilmişdir. Lakin bu bütün akkumulyatorçuları əhatə etmir. İddiaçı müəssisədə zərərli şəraitdə akkumulyatorçu vəzifəsində işləməmişdir. Buna görə də ona güzəştli şərtlərlə pensiya verilməsi üçün arayış təqdim edə bilmirlər. İddiaçıya arayışın verilməsi ilə əlaqədar müraciətə cavab məktubunda sadəcə “imtina edilsin” yazılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Nazirlər Kabinetinin bu mövzunu əhatə edən qərarı var, həmin qərarda onun işlədiyi şəraitin güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verdiyi qeyd olunmuşdur. Bu məsələ ilə əlaqədar DOST Agentliyinə müraciət etmiş, ona “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayış təqdim etməli olduğunu bildirdilər. Əvvəl işlədiyi şirkətlərə arayışın verilməsi ilə bağlı müraciət etmiş, üçündən lazımi arayışı əldə etsə də hazırki iş üzrə cavabdehdən həmin arayışı ala bilmir. Ona görə Əmək Müfəttişliyinə müraciət etmişdir. Dəfələrlə H2SO4 turşusu ilə, qurğuşunla, digər təhlükəli məhlullarla işləmiş, elektrolit məhlulu hazırlamışdır. İki dəfə şirkət tərəfindən Zəfər yolunun çəkilişi ilə əlaqədar ezamiyyətə göndərilmişdir. Zərərli şəraitdə işlədiyi üçün hər dəfə 12 gün məzuniyyətinə əlavə olunub, gördüyü işlərlə bağlı iş kartları mövcuddur. Şirkət tərəfindən yalnız adi arayış veriləcəyi bildirilib. Əgər cavabdeh tərəfindən lazımi arayış təqdim olunsa idi, DOST Agentliyi ona güzəştli şərtlərlə pensiya təyin edəcəkdi. Akkumulyatorçu olub, 225-lik akkumulyatorlarla çalışmış, onları enerji ilə doldurmuşdur. Güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, iddiası təmin olunub, güzəştli şərtlərlə pensiya təyin olunub. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasını tələb etməklə güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi məqsədini daşıyır. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbini təmin edilərkən məhkəmə iddiaçının həmin iddia qaldırılmaqla əsas hüquqi marağın güzəştli pensiya almaqdan ibarət olmasını nəzərə almamışdır. Hərçənd ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli Əlavəsində Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışın forması müəyyən edilmişdir ki, həmin qaydanın 4.1.20-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmçinin, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında qeyd olunan tələbin cavabdehin üzərinə qoyulması dolayısı ilə mülki məhkəmə icraatında inzibati hüquq münasibətlərindən irəli gələn mübahisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi anlamına gəlir. Hərçənd ki, iddiaçının qeyd olunan tələbinin qanuni və əsaslı olub-olmamasına hüquqi qiymət verməli orqan əmək pensiyası təyin edən inzibati orqan və ya inzibati məhkəmələrdir. Digər tərəfdən də mübahisənin əmək mübahisəsi kimi qəbul edilməsi, iddiaçının tələbinin işəgötürənə qarşı yönəlməsi nəzərə alındıqda, iddianın isə təmin edilməsi halında mülki məhkəmə icraatı qaydasında çıxarılmış qətnamə əmək pensiyası təyin edən orqan üçün hər hansı bir preyudisial əhəmiyyət daşımayacaqdır. Çıxarılmış qətnamə yalnız cavabdeh tərəfindən icra edilməli olan məhkəmə aktı olacaqdır ki, həmin qətnamənin icrası əsasında cavabdeh tərəfindən Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayış veriləcəkdir. Qeyd olunan arayışın hər hansı bir məhkəmə mübahisəsi olmadan da işəgötürən tətərfindən təqdim edilməsi mümkündür. Lakin, şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin etmək səlahiyyətində olan inzibati orqanın həmin arayışda şəxsin işlədiyi dövrü və peşəni güzəştli şərtlə əmək pensiyası hüququ verən iş hesab etməmək, buna müvafiq olaraq isə müvafiq inzibati aktı qəbul etməkdən imtina etmək səlahiyyəti mövcuddur. Qeyd olunan halda isə iddiaçının mülki məhkəmə icraatı qaydasında əldə etmək istədiyi hüquq və mənafenin hər hansı bir əhəmiyyəti qalmamaqla, iddiaçı yenidən mülki məhkəmə icraatı qaydasında əldə etmək istədiyi hüquq və mənafeni inzibati məhkəmə icraatı qaydasında əldə etməyə çalışacaqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən qeyd olunan arayışın verilibverilməməsindən asılı olmayaraq şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ yarandığı halda bu hüququnu realizə etməsi mümkündür. Belə ki, işəgötürən tərəfindən hər hansı bir səbəbdən işçiyə qeyd olunan formada arayış verilmədiyi halda, iddiaçı isə işlədiyi dövrü və peşəni güzəştli şərtlə əmək pensiyası hüququ verən iş hesab etməklə pensiya təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etmək hüququna malikdir ki, inzibati orqan iddiaçının təqdim etdiyi müvafiq sənədlər əsasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 6-cı maddəsinin tələbi baxımından inzibati orqanın hüquqi yardım göstərməklə işəgötürəndən əlavə müvafiq məlumaları, sübutları əldə etmək yolu ilə müvafiq inzibati aktı qəbul etmək səlahiyyətinə malikdir. İnzibati orqan hər hansı bir səbəbdən şəxsə güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etdiyi halda isə iddiaçının həmin inzibati orqanın qərarından inzibati məhkəməyə şikayət vermək hüququ mövcud olur. Hərçənd ki, hazırkı mübahisə üzrə də qeyd edilən hal baş vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-131/2025 saylı qərarından görünür ki, hazırkı iş üzrə iddiaçı DSMF Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyant üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələbinə dair iddia qaldırmışdır ona görə ki, cavabdeh inzibati orqan, nəinki iddiaçının hazırkı iş üzrə cavabdeh olan "xxxx" MMC-də işlədiyi dövrü, o cümlədən Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair "xxxx" MMC tərəfindən verilmiş Arayışı da nəzərə almayaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İşə baxan inzibati məhkəmə isə iddiaçının müvafiq arayışı təqdim edibetməməsindən asılı olmayaraq, iddiaçının əmək kitbaçasına, təqdim etdiyi arayışlara və müvafiq sorğular əsasında əldə etdiyi məlumatlara əsasən iddiaçının "xxxx" MMC-də işlədiyi dövrü nəzərə alınmadan belə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazandığını əsas gətirərək, iddianı təmin etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-131/2025 saylı qərarının qanuni qüvvəyə minməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməsə də məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qərar da iddiaçının mülki məhkəmə icraatı qaydasında əldə etmək istədiyi hüquq və mənafenin əslində inzibati məhkəmə icraatı qaydasında əldə edə biləcəyini təsdiq etməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar