Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2750/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı2, Cavabdeh və onun vəkili X17 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması və tikintinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, JN-424F, KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına inşa edilmiş yaşayış evinin Cavabdehnın hesabına sökülməsi və iddiaçılara məxsus torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçılara verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı2 və İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Quba rayon X11 xx xxxx 1997-ci il tarixli qərarı əsasında JN-424F, KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüququ əsasında onların və X4 adına Quba rayonu, İ Nügədi kəndi ərazisində verilmiş 0,20 ha həyətyanı torpaq sahələrində Cavabdeh tikdiyi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Quba rayon X11 xx xxxx 1997-ci il tarixli qərarı əsasında kodu 30319018 olan JN- 424F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüququ əsasında onlara və X4 adına Quba rayonu, İ Nügədi kəndi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İmran Qubatov 20 ildən çoxdur Rusiya Federasiyasında yaşayır. Atasına məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi onların torpaq sahələrinə bitişik yerləşir və onlar həmişə atasına məxsus yaşayış evinə öz həyətyanı torpaq sahələrindən keçərək gedib gəlmişlər. Qardaşı Cavabdeh 0,20 ha mülkiyyət hüququ əsasında onlara məxsus həyətyanı torpaq sahəsində yaşayış evi tikmək istədiyini bildirmiş, onlar da ona həmin torpaq sahəsində yaşayış evi tikməsinə razılıq vermişlər. Bir müddətdən sonra Cavabdeh onlara nə atasına məxsus yaşayış evinə və həyətyanı torpaq sahəsinə, nə də özlərinə məxsus həyətyanı torpaq sahəsinə gediş-gəlişə icazə verməmişdir. Belə ki, mülkiyyət hüququ əsasında onlara məxsus olan həyətyanı torpaq sahəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilmirlər. Cavabdeh torpaq sahəsindən çıxmasını təklif etsələr də, torpaq sahəsindən könüllü olaraq çıxmaq fikrində deyildir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. İddiaçı2 və İddiaçı1 iddiasını əsassız hesab edir. Belə ki, qətnamənin çıxarılması üçün əsas olmuş kodu 30319018 olan JN-424F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, X13, X8, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, X14, X15, Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızı, İddiaçı2, Cavabdeh və X4 mərhumə X9 qalmış mirası qəbul etmələri faktı müəyyən edilmiş və mərhumə X9 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə vərəsəlik üzrə payları müəyyən olunmuşdur. Bundan başqa, İddiaçı2 və İddiaçı1 iddialarında guya atasına məxsus həyətyanı torpaq sahəsinin və yaşayış evinin onların torpaq sahələrinə bitişik yerləşdiyi və onların həmişə atasına məxsus yaşayış evinə öz həyətyanı torpaq sahələrindən keçərək gedib-gəldiyini, onun mülkiyyət hüququ əsasında özlərinə məxsus 0,20 ha həyətyanı torpaq sahəsində yaşayış evi tikmək istədiyini, ona həmin torpaq sahəsində yaşayış evi tikməyinə razılıq vermələri kimi yalan izahatlar vermişlər. Halbuki, 0,20 ha torpaq sahəsi və 1918-ci ildə həmin torpaq sahəsində tikilən ev atası X1 şəxsi istifadəsində olmuş, 1973-cü ildə atasının ölümündən sonra həmin 0,20 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi anası X12 şəxsi istifadəsində olmuşdur. İddiaçılar saxta yolla həmin 0,20 ha torpaq sahəsini adlarına rəsmiləşdirərək, qanunsuz şəhadətnamə əldə etmiş, həmin şəhadətnaməni də gizli saxlamışlar. Məhkəmə iddiaçıların izahatlarını araşdırmadan, torpaq sahəsinə yerində baxış keçirmədən, onun məhkəmə iclasında iştirakını təmin etmədən işə birtərəfli baxaraq, “xxxx” MMC-nin mütəxəssis rəyi əsasında alınmış ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Halbuki “xxxx” MMC-nin mütəxəssisi xx.xx.2020-ci il tarixdə sözügedən torpaq sahəsinə baxış keçirməmişdir. Həmin tarixdə, ümumiyyətlə, heç kəs mübahisəli torpaq sahəsinə gəlməmiş və baxış keçirməmişdir. İddiaçıların hüquqdan sui-istifadə etmələrinin açıq aşkar görünməsinə baxmayaraq, bu hallara qiymət vermədən məhkəmənin qəbul etdiyi qərar hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən olan ədalətlilik prinsipinə və Azərbaycan Respublikası MM-nin hüquqdan sui-istifadə ilə bağlı maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etdi. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan kodu 30319018 olan JN-424F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon X11 xx xxxx 1997-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı2 İmamqulu oğlu, İddiaçı1 və X5 mülkiyyətlərinə 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba rayonu İ Nügədi bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 72 saylı arayışından görünür ki, İddiaçı2 İmamqulu oğlunun İ Nügədi bələdiyyəsinə etdiyi şifahi müraciətinə əsasən JN-424F saylı şəhadətnamə ilə ona məxsus olan torpaq sahəsinin yerini dəqiqləşdirmək məqsədi ilə təxminən bir il yarım bundan əvvəl icra hakimiyyətinin nümayəndələri ilə birgə həmin yerə baxış keçirilmiş və icra hakimiyyəti tərəfindən aktlaşdırılmışdır. Lakin, İddiaçı2 qardaşı Cavabdeh ona torpağına getmək üçün yol verməkdən imtina edir. İş üzrə keçirilmiş ekspertizanın 24340 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin **********57 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş Xaçmaz LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsi 0,39 ha olmaqla bütünlüklə Cavabdeh faktiki istifadəsindədir. Lakin, ərazinin istifadə vəziyyəti ilə vahid elektron baza məlumatları arasında kəskin fərq olduğundan istifadənin hansı hissədən və hansı ölçülərdə olmasını araşdırmaq mümkün deyildir. Bu səbəbdən də Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evinin İddiaçı2 İmamqulu oğlu, İddiaçı1 və X6 mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşibyerləşmədiyini təyin etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertizanın 10/696 saylı, xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, “xxxx”MMC-nin xx xxxx 2020-ci il tarixli, 01/221 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı2, İddiaçı1 və X4 mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsinin 85.3 kv.m hissəsində Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evinin yerləşdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)- 473/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh, X3, Qubatova (Umaratova) Mərifət İmanqulu qızının, X14, X7, Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızının cavabdehlər İddiaçı2, İddiaçı1, X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19rşı şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik üzrə paylarının müəyyən olunması tələbinə dair iddiası təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair kodu 30319018 olan JN-424F saylı şəhadətnamənin etibarsız hesab edilməsi, X13, X8, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, X14, X15, Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızı, İddiaçı2, Cavabdeh və X4 mərhumə X9 qalmış mirası qəbul etmələri faktının müəyyən edilməsi və mərhumə X9 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə vərəsəlik üzrə paylarının müəyyən olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-2454/2020 saylı qərardadının surətindən görünür ki, cavabdehlər İddiaçı2, İddiaçı1 və X4 birgə qaydada verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar Cavabdeh, X3, Qubatova (Umaratova) Mərifət İmanqulu qızının, X14, X7, Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızının cavabdehlər İddiaçı2, İddiaçı1, X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19rşı şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik üzrə paylarının müəyyən olunması tələbinə dair iddia üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçıların mülkiyyət hüquqları hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və mülkiyyətlərindən sərbəst istifadə başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdeh qanuni əsas olmadan mübahisəli torpaq sahəsindən istifadə etdiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 10/696 saylı, xx xxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı2, İddiaçı1 və X4 mülkiyyətində olan 0,20 ha torpaq sahəsi faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur və həmin torpaq sahəsinin 85.3 kv.metr hissəsində Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evi yerləşir. Cavabdeh apellyasiya şikayətində qətnamənin çıxarılması üçün əsas olmuş kodu 30319018 olan JN-424F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi ilə etibarsız hesab edildiyinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(105)-2454/2020 saylı qərardadı ilə ləğv edilmiş və həmin iş üzrə icraata xitam verilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə tam təkzib edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2750/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2750/2020
23.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver