Məhkəmə qərarları › İş №2(105)-276/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-276/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-276/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-1570/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-1570/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binadan məcburi çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi 1993-cü ildən 2020-ci ilə qədər ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binada yaşamışdır. Həyat yoldaşı həmin idarədə işləmiş və idarənin rəhbərliyi ona məcburi köçkün kimi orada ailəsi ilə birlikdə yaşamağa razılıq vermişdir. Onlar əvvəlcə idarənin 1 otağında yaşamış, sonralar yaşadıqları otağın qarşısında əlavə olaraq öz vəsaitləri ilə bir otaq da inşa etdirmişlər. 2019-cu ilin noyabr ayında şəkər xəstəsi olan həyat yoldaşı X1 daha da ağırlaşdığından bir müddət Sumqayıt şəhərində yaşamalı olmuş və mənzilin təmiri üçün Cavabdeh1 müraciət etmişlər. Cavabdeh həmin vaxt kirayəyə ev axtardığından, mərhum əri İfadə Şahmarov cavabdehlə hər ay 80 manata kirayə haqqı ödəmək müqabilində mənzili təmir etməsi barədə razılaşmışdır. İki aydan sonra əri İfadə Şahmarov cavabdehdən mənzili tərk etməyi tələb etdikdə, cavabdeh əvvəlcə 1 ay vaxt istəmişdir. 06 sentyabr 2020-ci il tarixdə əri İfadə Şahmarov vəfat etmişdir. Bunu bilən cavabdeh ərinin ondan 1400 manat aldığını bildirərək mənzili tərk etməkdən boyun qaçırmışdır. Hazırda cavabdeh mənzildən çıxmaq üçün ondan 3000 manat tələb edir. Onlar cavabdehdən heç vaxt pul almamışlar. Cavabdehin mənzili qeyri-qanuni zəbt etməsi onun və ailəsinin mənzilsiz qalmasına səbəb olmuşdur. İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 da ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binadan məcburi çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi 1993-cü ildən 2020-ci ilə qədər ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsaat-Texniki Komplektləşmə İdarəsi) məxsus binada yaşamışlar. Həyat yoldaşı İfadə Şahmarov həmin idarədə işləmiş və idarənin rəhbərliyi məcburi köçkün kimi ərinə orada ailəsi ilə birlikdə yaşamağa razılıq vermişdi. Onlar əvvəlcə idarənin 1 otağında yaşamış, sonralar yaşadıqları otağın qarşısında əlavə olaraq öz vəsaitləri ilə bir otaq da inşa etdirmişlər. 2019-cu ilin noyabr ayında şəkər xəstəsi olan həyat yoldaşı X1 daha da ağırlaşdığından bir müddət Sumqayıt şəhərində yaşamalı olmuş və mənzilin təmiri üçün Cavabdeh1 müraciət etmişlər. Cavabdeh həmin vaxt kirayəyə ev axtardığından, mərhum əri İfadə Şahmarov cavabdehlə hər ay 80 manata kirayə haqqı ödəmək müqabilində mənzili təmir etməsi barədə razılaşmışdır. İki aydan sonra əri İfadə Şahmarov cavabdehdən mənzili tərk etməyi tələb etdikdə, cavabdeh əvvəlcə 1 ay vaxt istəmişdir. 06 sentyabr 2020-ci il tarixdə əri İfadə Şahmarov vəfat etmişdir. Bunu bilən cavabdeh ərinin ondan 1400 manat aldığını bildirərək mənzili tərk etməkdən boyun qaçırmışdır. Hazırda cavabdeh mənzildən çıxmaq üçün ondan 3000 manat tələb edir. Onlar cavabdehdən heç vaxt pul almamışlar. Cavabdehin mənzili qeyri-qanuni zəbt etməsi onun və ailə üzvlərinin mənzilsiz qalmasına səbəb olmuşdu. Hazırda ailə üzvləri ilə birlikdə köçüb həmin evdə yaşamaq istəyir. Lakin cavabdeh evi ona təhvil vermir. Məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. İş materiallarına əlavə etdiyi sənədlərlə və şahid ifadələri ilə onların həmin binada məcburi köçkün kimi, cavabdehlərin isə kirayədə yaşamaları təsdiq olunur. O, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirmişdir. Cavabdehlər isə öz etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini təmin etməmişdir. O, mənzili cavabdehlərə satmamış, müvəqqəti olaraq kirayəyə vermişdir və həmin müddət ərzində cavabdehlər mənzili təmir etməli idilər. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, əvvəllər ailəsi ilə birlikdə Ceyranbatan qəsəbəsində kirayə qalırdı, lakin onları kirayədə qaldığı evdən çıxarmışdılar. Buna görə də 2019-cu ilin sentyabr ayında kirayə ev axtaranda iddiaçının mərhum əri İfadə ilə indi qaldıqları tikilini aylıq 80 manata kirayədə qalmağa razılaşmış, bir müddət kirayədə qaldıqdan sonra İfadə 4000 manata evi satmaq istədiyini bildirmişdi. O, razılaşaraq İfadəyə 1400 manat vermiş, sonra isə az-az yenidən pul vermişdir. İfadəyə ümumilikdə 2480 manat pul vermişdir. İddiaçı əri vəfat edəndən sonra onlardan həmin tikilidən çıxmasını tələb etməyə başlamışdır. Məhkəmə iclasında Cavabdeh2 da apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş edərək oxşar izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 221382 saylı vəsiqənin surətindən görünür ki, Qaraşova X3 rayonundan məcburi köçkündür. İşin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı 01 oktyabr 1992-ci ildə nikahlarını bağlamışlar. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 sentyabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə İnizibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14.01.2021-ci il tarixli, 09 saylı arayışından görünür ki, Qaraşova X3 rayonundan məcburu köçkün kimi iki uşağı ilə Ceyranbatan qəsəbəsi, S.Quliyev küçəsi UPTK-nın həyətində məskunlaşmışlar. İş materiallarında olan Abşeron rayonu Pİ-nin TŞ-nin təhqiqtçısının 07 dekabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunmasından ötrü qərarın surəti aiidiyyatı üzrə Abşeron rayonu Pİ-nin İTŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 3(012)-2311 saylı, 30.11.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 02/46 saylı, 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonundan olan məcburu köçkün İddiaçı ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, keçmiş Sənaye kombinatında müvəqqəti qeydiyyatdadır, Komitə tərəfindən mənzillə təmin olunmamışdır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Qaraşova X3 rayonundan məcburu köçkün kimi ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, keçmiş Sənaye kombinatının binasında məskunlaşmışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli sərəncamında məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarının yolverilməz olduğu göstərilmişdir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının və onun ailəsinin məskunlaşdıqları tikilini 2019-cu ilin sentyabr ayında cavabdehlərin istifadəsinə verib özlərinin yaşamaq üçün Sumqayıt şəhərinə köçdüklərinə, ötən müddət ərzində də orada yaşadıqlarına, hazırda isə mübahisəli tikili ilə bağlı hüquqlarını itirdiklərinə istinad edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 152, 157 və 180-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, Qaraşova X3 rayonundan məcburu köçkün kimi ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, keçmiş Sənaye kombinatının binasında məskunlaşdığından, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələrinə dair iş materiallarında hər hansı sübut olmadığından iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Rahilə Əbülfət qızının məskunlaşdığı ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binadan çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-1570/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Rahilə Əbülfət qızının məskunlaşdığı ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binadan çıxarılsınlar. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar