Məhkəmə qərarları › İş №2(105)-2779/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2779/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2779/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1708/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2006-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 26/11 saylı evin, 43-cü mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2006-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 26/11 saylı evin, 43-cü mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 onun qızıdır. Məhkəmə iclasları barədə məlumatı var, amma prosesə gələ bilmir. Digər Cavabdeh3 nəvəsidir. Qeyd edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, Belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.- ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1 .ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmaqla işin obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. Məhkəmə prosessual hüquqlarını pozmuş, məhkəmə prosesinin yeri və vaxtı barədə hər hansı bir məlumat verilməmiş, iddia ərizəsinin, məhkəmə qətnaməsinin surətini belə almamışlar. Halbuki o, həmin mənzildə 1982-ci ildən bu günə kimi daimi olaraq yaşayır və bu mənzil onun daimi yaşayış yeridir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, özü 1982-ci ildən bu mənzilə iddiaçının ailə üzvü kimi köçmüş və bu mənzildə yaşamaqla onunla birgə təsərrüfat idarə etmişdir. Onun bütün əmlakları bu mənzilə köçürülmüş və hazırda da mübahisəli mənzildədir. Mənzilə gələrkən mənzil dövlət fondunda olmuş, birgə yaşadığı müddətdə onun və qızı Cavabdeh2 razılığı əsasında mənzil iddiaçının adına özəlləşdirilmişdir. Artıq mənzilin tərkib hissəsinə istifadə hüquqları yaranmışdır. Lakin bu hüququn olmasına baxmayaraq məhkəmə qanunsuz qətnamə çıxarmışdır. AR MPM-nin 217-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işə baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi hüquq münasibətləri 2009-cu ilin oktyabr ayına kimi yaranmış münasibətlərdir. Belə ki, o, bu mənzilə 1982-ci ildə ailə üzvü kimi daxil olmuş və həmin vaxt 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olan Mənzil Məcəlləsinə əsasən mənzil münasibətləri tənzimlənirdi. Digər tərəfdən həmin vaxt mənzil dövlət fondunda olduğu üçün həmin vaxt qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən mübahisəli mənzilə kirayəçinin ailə üzvü kimi istifadə hüququ əldə etmiş,mənzildə daimi yaşamış və bu gün də yaşamaqda davam edir. Yəni mənzildə iddiaçı arasında yaranmış mənzil mübahisəsi köhnə Mənzil Məcəlləsinin maddi normalarına əsasən tənzimlənməlidir. Lakin məhkəmə qəbul etdiyi qətnamədə kobud səhvə yol verərək 2009-cu ilin oktyabr ayından sonra qəbul edilmiş və qüvvədə olan AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmiş və belə bir qənaətə gəlmişdir ki, onunla iddiaçı arasında bağlanmış nikah 2014-cü ildə ləğv edildiyi üçün o, həmin mənzilə istifadə hüququnu itirmişdir. Məhkəmənin bu yanaşması AR MPM-nin 217-ci maddəsinin tələblərinə zidd olmaqla yanaşı AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə də uyğun deyildir. Belə ki,həmin normaya əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bundan başqa məhkəmə hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53-54 və 120-ci maddələrinin normalarını rəhbər tutaraq iddia tələbini rədd etməli olduğu halda bu əsassız iddianı təmin etmişdir. Məhkəmənin qəbul etdiyi bu qətnamə «Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə də ziddir. Belə ki, həmin qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Lakin məhkəmənin hazırki qətnaməsi bu hüquqlarının üstündən xətt çəkmiş, mənzil üzərində hüquqları itirilmiş hesab edilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiaysının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən 26/11 saylı evin 43-cü mənzili, mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə görə ARƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 01.05.2007-ci ildə MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 keçmiş arvadıdır. Digər cavabdehlər isə keçmiş arvadının ailə üzvləridir. Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2014-cü il tarixli, 2(060)-106/2014 saylı qətnaməsi ilə nikaha xitam verilmişdir. Cavabdeh ilə birgə nikahdan uşağı yoxdur. Mənzil ona 08338 saylı 29.11.1978-ci il tarixli Order əsasında verilmişdir. Cavabdehlərin onun mənzilində qeydiyyatda olması mənzil hüququnu həyata keçirməyinə mane olur. Əlavə xərclər çəkməyinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı onun anadan bir olan ögey qardaşıdır. Onun izahatını təsdiq edir. Qardaşı ilə heç bir əlaqəsi olmayan insanların onun mülkiyyətində olan əmlakda qeydiyyatda qalması mülkiyyət hüququnun icrasına yaranan maneədən başqa bir şey deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1708/2020 saylı iş üzrə 05 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İ N-337993 saylı “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 13.12.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, N-0012571 saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhər, 8-ci mikrorayon, ev 26/11, mənzil 43 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03.02.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında 12 mart 1983-cü ildə Sumqayıt şəhər VVAQ şöbəsində 22 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil-Kommunal sahəsinin 27.01.2020-ci il tarixli “2 N-li forma” və ətraflı arayışlarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11, mənzil 43-ün sahibidir və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2006-cı il təvəllüdlü X2 həmin mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş 16.12.2019-cu il tarixli “akt”dan görünür ki Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11, mənzil 43-də qeydiyyatda olanlar Cavabdeh2, Cavabdeh3 və 2006cı il təvəllüdlü X2 göstərilən ünvanda qeydiyyatda qalıb və yaşamırlar İş materiallarında olan AZE seriyalı, N-04915492 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11, mənzil 43-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 8 saylı Mənzil Kommunal Sahəsinin 27.01.2020-ci il tarixli, 363 saylı arayışından görünür ki, X5 1979-cu ildən, Cavabdeh1 1983-cü ildən, 1979-cü il təvəllüdlü Cavabdeh2, 1998-ci il təvəllüdlü Cavabdeh3 mübahisəli mənzildə daimi qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçının Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11, mənzil 43-ü order əsasında əldə etməsini, ******* saylı “Çıxarış” a əsasən mənzilə mülkiyyət hüququ qazanmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni Mənzil Məcəlləsinin 30.1, 30.4, Mülki Məcəllənin 146.1, 152.1, 157.4, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə və tərəflərin izahatı ilə müəyyən edilir ki , İddiaçı və Cavabdeh1 1982-ci il tarixdə nikaha girmişlər. Həmin vaxt hazırki mübahisələndirilən mənzil dövlət mənzil fonduna məxsus olmuşdur. Cavabdeh1 iddiaçının ailə üzvü kimi həmin mənzildə yaşamaqla onunla birgə təsərrüfat idarə etmişdir. Bununla da mənzilə istifadə hüquqları yaranmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 1982-ci ildə yaranmışdır. Belə olan halda hazırki mübahisəyə 2009-cu ilin oktyabr ayından sonra qəbul edilmiş və qüvvədə olan AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsi qanunvericiliyə ziddir. AR MPM-nin 217-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işə baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Sadalananları rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. İş materiallarından göründüyü kimi hazırki gündə də Cavabdeh1 qeyd edilən mənzildə yaşayır və təsərrüfatı idarə edir. Hazırki işdən görünür ki, iş üzrə Cavabdeh1 iddiaçının arvadı olmuş, digər cavabdehlər isə Cavabdeh1 qızı və nəvəsidir. Həmin şəxslər iddiaçı ilə birlikdə yaşayıb təsərrüfat aparan şəxslər hesab edilirlər. Bundan başqa məhkəmə hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53-54 və 120-ci maddələrinin normalarını rəhbər tutaraq iddia tələbini rədd etməli olduğu halda bu əsassız iddianı təmin etmişdir. «Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə də ziddir. Belə ki, həmin qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Lakin məhkəmənin hazırki qətnaməsi bu hüquqlarının üstündən xətt çəkmiş, mənzil üzərində cavabdehlərin hüquqları itirilmiş hesab edilmişdir. Həmçinin iş birinci instansiya məhkəməsinin 2006-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 26/11 saylı evin, 43-cü mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi barədə gəldiyi nəticəyə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Belə ki, iş materiallarından görünür ki, X2 2006-cı il təvəllüdlüdür. Göründüyü kimi, iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman qeyd edilən şəxs 14 yaşdan aşağı olmuş, onun mülki hüquq faliyyət qabiliyyəti olmamışdır. Həmçinin qeyd edilən şəxsin yaşayış yeri onların valideynlərinin yaşayış yeri olduğundan həmin şəxslər hazırki iş üzrə cavabdeh qismində iddiaya cavab verməli şəxslər hesab edlə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mübahisəyə tətbiq edilməli qanunvericilik normalarını tətbiq etməmiş, iddianın təmin edilməsi nəticəsinə gəlməklə cavabdehlərin mənzilə olan hüquqlarının itirilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sadalanan qanunvericilik normalarında göstərilən hallar hazırki işdə mövcud deyildir. Bu səbədən də iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdehlər mübahisəli mənzilə istfiadə hüququ əldə etdiklərindən hazırki iddia tələbi ilə onların istifadə hüquqlarına xitam verilməsi qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar