Məhkəmə qərarları › İş №2(105)-2788/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2788/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2788/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi, maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(012)-1914/2021 saylı qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(012)-1914/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) Ərizəçi 01.09.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri və 25.08.1982-ci ildən 25.08.1993-cü ilədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində müəllim işləməsi faktı müəyyən edilmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(012)-1914/2021 saylı qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.09.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayonu Milli kəndində və 25.08.1982-25.08.1993-cü illərdə Kəlbəcər rayonu Milli kənd məktəbində işlədiyi dövrün sosial sığorta stajı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 01.09.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləməsi və 25.08.1982-ci ildən 25.08.1993-cü ilədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində müəllim işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Kəlbəcər rayonunda anadan olmuş və məcburi köçkün kimi Abşeron rayonu, Pereküşkül qəsəbəsi ünvanında məskunlaşmışdır. Əmək fəaliyyətinə 01 sentyabr 1979-cu ildə başlamışdır. Həmin vaxt Milli kənd orta məktəbinə Pioner Baş dəstə rəhbəri vəzifəsinə təyin edilmişdir. 1980-1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-1993-cü illərdə yenidən həmin məktəbdə işləmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal ediyindən Abşeron rayonuna gəlmiş və Pereküşkül orta məktəbində müəllim işinə qəbul edilmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunduğundan ona məxsus əmək kitabçası orada qalmışdır. Ona səhhəti ilə əlaqədar olaraq 13.04.2020-ci ildə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Pensiya təyini üçün sənədlərini 1 saylı Regional Ərazi filialına təqdim etmiş vı oradan ona məlumat vermişlər ki, 01.09.1979-cu il tarixdən 1980-ci il tarixinədək və 25.08.1982-25.08.1993-cü illərə dair sığorta stajının yoxlanması mümkün olmamışdır. Qeyd etdiyi kimi həmin illərdə o, Kəlbəcər rayonunda işləmiş və əmək kitabçası işğal zamanı Kəlbəcər rayonunda qalmışdır. Bu məqsədlə məhkəməyə müraciət etməli olmuşdur İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 07 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.2-ci bəndləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Ş.E.Muradsoy apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apelyasiya şikayətinin dəlillərinə etiraz edib, ərizədə göstərdiyi xüsusatları təsdiq edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, Ərizəçi 01.09.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri və 25.08.1982-ci ildən 25.08.1993-cü ilədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində müəllim işləməsi faktı faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansya məhkəməsi ərizəni təmin edərkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, işin hallarına obyektiv hüquqi qiymət verilməmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 177 nömrəli sorğuya cavab məktubundan görünür ki, 1961-ci il təvəllüdlü Ərizəçi 14.05.1980-ci ildən 12.04.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 191 saylı 26.04.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 1979-cu ildə Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləmiş, 1982-ci ildə V.Lenin adına Pedoqoji Universitətə qəbul olmuş və həmin ildən 1993-cü ilə qədər Kəlbəcər rayonu, Milli kənd orta məktəbində müəllim işləmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin Publik Hüquqi şəxs 1 saylı Regional Ərazi Filialının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında hüquqi faktın müəyyən edilməsinə etiraz etmiş və həmin halı mübahisələndirmişdir. Hazırkı işə xüsusi icraat qaydasında baxılmışdır. Hazırda maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hüququn tətbiq edilməsində səhvə yol verildiyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilib, onun 01.09.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri və 25.08.1982-ci ildən 25.08.1993-cü ilədək Kəlbəcər rayonu Milli kənd orta məktəbində müəllim işləməsi faktının müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Həmin qərarın 13.2-ci maddəsində qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.4, 402 və 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(012)-1914/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Maraqlı şəxslərə ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar