Məhkəmə qərarları › İş №2(105)-2799/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2799/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2799/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı birgə nikah dövründə inşa edilmiş evə köçürülmə və əmlak tələbinə tələbinə dair iddia ərizəsi üzrə və Cavabdeh1 İddiaçı qarşı qızıl-zınət əşyalarının alınması tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı 17 yanvar 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın cehiz əmlaka dair hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 divar (stenka) mebeli - 1.000 manat, 2 ədəd şifoner - 700 manat, 1 ədəd çilçıraq - 300 manat, pərdə (tül qubkalı 2 pəncərə üçün) - 70 manat, yorğan 4 ədəd - 300 manat, döşək 2 ədəd - 300 manat, balış 6 ədəd - 120 manat, (odeyal buxovı taxt üçün) - 400 manat, divan, 2 ədəd kreslo, jurnal stolu, 2 ədəd (tumbuçka), 1 ədəd güzgü, yumşaq oturacaq (yumşaq mebel dəsti) - 1.000 manat, xalça (Belçika istehsalı) müxtəlif ölçüdə ( 1,2x2,5 ölçüdə 4 ədəd; 2,5x5 metr ölçüdə 1 ədəd) - 1.700 manat, sandıq 1 ədəd - 70 manat, stol və 6 ədəd stul - 400 manat, teşt 1 ədəd 100 manat, 2 ədəd emal vedrə - 30 manat, 1 ədəd emal qəfədan - 25 manat, samovar və albomun alınıb İddiaçı verilməsi, İddiaçı Quba rayonu, İ Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 130 kv.metr olan birmərtəbəli yaşayış evinə köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1698/2020 saylı 08 sentyabr 2020-ci il tarixli, qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən-məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilməyərək Quba Rayon Məhkəməsinin 2(060)-255/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1698/2020 saylı 08 sentyabr 2020ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2671/2021 saylı 07 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən-məruzəçi, E.Y.Şamayev və A.Ə.Abbasov) cavabdehlərin kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1698/2020 saylı 08 sentyabr 2020-ci il tarixli qətnaməsi, ilkin iddianın cehiz əmlaka dair hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamə mübahisələndirilən qalan hissədə (evə köçürülməsi hissəsində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu 1-ci Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi təxminən 130 kv.m olan, 2 otaq aynəbənd, mətbəx, dəhliz, hamam və sanitar qovşağından ibarət, səkili bir mərtəbəli yaşayış evinə köçürülməsi və iddia ərizəsində göstərilən əmlakların, həmin əmlaklar olmadıqda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı oğlanları Ülvi Mirzəyev və Nahid Mirzəyev üçün aldığı ümumi çəkisi 60 qram təxmini qiyməti 2700 manat olan sepləri, özünə məxsus çəkisi 100 qram olan qiyməti 4500 manat olan qızıl saat, çəkisi 30 qram olan qiyməti 1600 manat olan bir ədəd barmaqçanın və ya onun dəyərinin, birgə nikah dövründə çəkilmiş şəkillər olan albomu və özünə məxsus Nokia markalı təxmini qiyməti 350 manat olan mobil telefonu, oğlu Nahid üçün aldığı “Sony Ericson” markalı təxmini qiyməti 250 manat ədəd mobil telefonun və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 1994-cü ildə evlənmiş və 01 aprel 2000-ci il tarixdə rəsmiləşdirmişlər, birgə nikahdan 04 aprel 2004-cü il təvəllüdlü Ülvi və 01 avqust 2008-ci il təvəllüdlü Nahid adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə birgə nikahda olduğu zaman fərdi yaşayış evi tikmək üçün cavabdehə ayrılmış Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi təxminən 130 kv.m olan, 2 otaq, 1 aynəbənd, mətbəx, dəhliz, hamam və sanitar qovşağından ibarət, səkili bir mərtəbəli yaşayış evi tikmişlər və özümə məxsus cehiz əmlakını da həmin evə aparmış, 2016-cı ilin iyul ayınadək orada sabiq həyat yoldaşı və uşaqları ilə birlikdə yaşamışlar. Ona məxsus aşağıdakı əmlaklar hal-hazırda da orada yerləşir. Əmlakları divar (stenka) mebeli 1000 manatdan, 2 ədəd şifoner - 700 manatdan, 1 ədəd çilçıraq - 300 manatdan, Pərdə (tül qubkalı 2 pəncərə üçün) - 70 manatdan, yorğan 4 ədəd 300 manatdan, döşək 2 ədəd - 300 manatdan, balış 6 ədəd - 120 manatdan, odeyal (buxovı taxt üçün) - 400 manatdan, divan, 2 ədəd kreslo, jurnal stolu, 2 ədəd tumbuçka, 1 ədəd güzgü, 1 ədəd yumşaq oturacaq (yumşaq mebel dəsti) -1.000 manatdan, xalça (Belçika istehsalı) müxtəlif ölçüdə ( 1,2x2,5 ölçüdə 4 ədəd; 2,5x5 metr ölçüdə 1 ədəd 1.700 manatdan, sandıq 1 ədəd - 70 manatdan, stol və 6 ədəd stul - 400 manatdan, teşt 1 ədəd 100 manatdan, 2 ədəd emal vedrə - 30 manatdan, 1 ədəd emal qəfədan - 25 manatdan, dublyonka 1 ədəd - sarı rəngdə -1.200 manatdan, dəri gödəkçə qara rəngdə - 200 manatdan, dəri gödəkçə qara rəngdə manto tipli papaqlı - 1.000 manatdan, samovar (od 10 litrlik) 1 ədəd - 300 manatdan, şəxsi şəkillərinin və doğum şəhadətnaməsinin olduğu albomdan ibarətdir. 2016-cı ilin iyul ayında həyat yoldaşı Cavabdeh1 və qayınanası Cavabdeh2 onu evə buraxmamış və övladlarını da əlindən almışlar. Bundan sonra Cavabdeh1 ona qarşı nikahın ləğv olunması barədə iddia vermiş və Quba Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh1 birgə nikahda olduqları dövrdə inşa etdikləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin öz adına olmasından suiistifadə etməklə evin sənədləşdirilməsini yerinə yetirmir, bununla da evi özbaşına tikili hüquqi rejimində saxlamaqla faktiki olaraq onu yeganə yaşayış sahəsindən məhrum edir. Halbuki, qeyd olunan ev onunla birgə nikahda olduqu vaxtı inşa edilmişdir, orada cavabdehlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmış və həmin evi cavabdehlərin təzyiqi səbəbindən tərk etməyə məcbur qalmışdır. Həmin evə cavadehlərin evin qapılarının kilidlərini dəyişdirmələri səbəbindən qayıda bilməmiş, nəticədə həm yaşayış sahəsindən, həm də yuxarıda sadaladığım əmlaklarımdan məhrum olmuşdur. Göstərilənlərə əsasən əmlaklarının, olmadıqda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi və ona qarşı verilmiş qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi evi nikah dövründə deyil, ondan əvvəl tikməyə başlamış, ona məxsus 0,08 ha torpaq sahəsi hələ sovet ittifaqı vaxtından ona verilmişdir. Həmin sahədə olan tikili hələ tam bitməmiş, hələ də tikilməkdədir. Qeyd edir ki, o, həmin evin inşasına 1992-ci ildən başlamışdır. Bu da ailə qurmamışdan çox əvvəl baş verib. İddia ərizəsində qeyd olunan tələblər tamamilə yalan və əsassızdır. Belə ki, qeyd olunan ev yarım tikilidir. Evin döşəməsi yoxdur, işıq çəkilməyib, qaz yoxdur bir sözlə yaşayış üçün yararsızdır. Həyətyanı torpaq sahəsinin ətrafı adi məftillərlə çəkilib. Qapısı olmadığından ora dəmir qoymuşdur. O, həmin evdə heç bir gündə olsa nə tək, nə də ki, cavabdehlə birlikdə yaşamamışdır. O, ailə qurarkən cavabdeh İddiaçı ata evinə gəlin gətirmişdir. Onlar həmişə həmin evdə yaşamışlar. Cavabdeh İddiaçı xəstəliyi olduğu üçün onu Rusiya Federasiyasına apararaq müalicə etdirmiş və müalicədən sonra onların 2 övladları dünyaya gəlmişdir. Uşaqlar Rusiya Federasiyasında doğulmuşlar. Cavabdeh İddiaçı onun nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edəcəyindən xəbər tutaraq cehiz əşyalarını atasının evindən həmin yarımtikiliyə aparmışdır. Həmin yarımtikilinin açarları onda olmamışdır. Açarlar həmişə cavabdehdə olub. Cavabdehi heç kim atasına məxsus birlikdə yaşadıqları evdən qovmayıb, o, öz istəyi ilə həmin evdən çıxıb. Cavabdeh ailəli olduqları zaman oğlanlarına ümumi çəkisi 60 qram olan seplər, özünə çəkisi 100 qram olan qızıl saat, çəkisi 30 qram olan bir ədəd barmaqça almışdır. Həmin qızıl zinət əşyaları cavabdehin gəlin köçdüyü atasına məxsus evdə olmuş, cavabdeh həmin qızıl-zinət əşyaları nikah pozulanda aparmışdır. Bundan başqa cavabdeh həmçinin onların birgə nikah dövründə çəkdikləri şəkillər olan albomu və özünə məxsus Nokia markalı təxmini qiyməti 350 manat olan mobil telefonu, oğlu Nahid üçün aldığı “Sony Ericson” markalı təxmini qiyməti 250 manat ədəd mobil telefonu da aparmışdır. Göstərilənlərə əsasən qeyd etdiyi əmlaklarının onlar olmadıqda dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırkı qətnamədə yuxarıda göstərilmiş bütün hallar öz əksini tapmışdır. Məhkəmə qətnaməsində tələbləri iki hissəyə bölüb hər birinin əsassızlığı ayrıayırıb aydınlaşdırılmalıdır. Cehiz əmlak tələbi ilə bağlı hissə: iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı Cavabdeh1lə 1994-cü ildə evlənmiş, nikahlarını isə 01 aprel 2000-ci ildə rəsmiləşdirmişdirmişlər. Bundan başqa iddia ərizəsində qeyd edilir ki, birgə nikahda olduğu zaman fərdi yaşayış evi tikmişlər və cehiz əmlakını həmin evə aparmışdır. Əgər iddiaçının iddia ərizəsində göstərdiyi kimi qeyd etsək ən azı iddiaçı 1994-cü ildə Cavabdeh1lə ailə quran zaman cehiz əmlakını onun anası (atası) evinə aparmış, bundan sonra guya birgə nikah dövründə tikdikləri evə köçürmüşdür. İddiaçının özünün dediyi kimi 1994-cü ildən 2016-cı ilə kimi olan dövrdə 22 il ərzində bir çox cehiz əmlakı işlənib sıradan çıxmalı idi. Bundan başqa həmin dövrdə alınmış və 22 il işlədilmiş cehiz əmlakının qiymətinin hansı ölçüyə (meyarlara) uyğun qoyulması da sual altındadır. 22 il bundan əvvəl alınmış və işlədilmiş cehiz əmlakının qiyməti qoyularaq məhkəmə qətnaməsində göstərilməsi əsassızdır. Bundan başqa İddiaçı iddia ərizəsində cehiz əmlakını həmin hazırkı mübahisəli evə aparmasını qeyd etsə də, məhkəmə iclasında suallara verilmiş cavabda həmin cehiz əmlakının qayınanası Cavabdeh2 öz evindən mübahisəli evə tozun içinə aparıb tökdüyünü qeyd etmişdir. Həmçinin hazırkı iş üzrə məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinə baxış keçilərkən evin açarları İddiaçı olmuş, evi sonuncu açmış və birlikdə evə daxil olmuşlar. Buradan da görünür ki, İddiaçı cehiz əmlakını özü aparıb mübahisəli evə tökmüş, evin açarı da ondadır. Lakin İddiaçı cehiz əmlakını da onlardan tələb edir. Halbuki cehiz əmlakı özündədir. İddia ərizəsində İddiaçı qeyd edir ki, əmlakından məhrum olmuşdur. Əmlakdan hansı formada məhrum olmaq olur ki, cehiz əmlakı mübahisəli tikilidə olmaqla, tikilinin açarı da özündədir. Bundan başqa Cavabdeh2 ərinə məxsus evdə yaşayır, cehiz əmlakı da mübahisəli yarımtikilidədir, tikilinin də açarı İddiaçıdır. Belə olan halda cehiz əmlak tələbinin Cavabdeh2 heç bir aiddiyyatı yoxdur. Beləliklə cehiz əmlak tələbi ilə bağlı faktiki hallar məhkəmə qətnaməsində heç bir sübuta əsaslanmadan, vəziyyəti qiymətləri əsassız göstərilməklə, ən əsası cehiz əmlakı İddiaçınm özündə olduğu halda yenidən onlardan alınıb ona verilməsi qət edilmişdir. Faktiki olaraq İddiaçı 2016-cı ildən onlardan xəbərsiz öz cehiz əmlakını mübahisəli yarım tikiliyə aparmış, həmin tikilinin qapısını bağlamış, onu da həmin evə buraxmır. Göründüyü kimi iddia tələbi bu hissədə də əsassızdır. Ona görə də Quba Rayon Məhkəməsinin 2(027)- 255/2020 saylı, 17 yanvar 2020-ci il tarix qətnaməsinin cehiz əmlakına dair hissəsinin də ləğv edilməsini, ilkin iddia tələbinin cehiz əmlakı hissəsinin də rədd edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, iddia ərizəsində göstərilənləri təsdiq etməklə bildirdi ki, hazırki mülki iş əvvəllər həm birinci instansiya məhkəməsinin, həmçinin də apellyasiya məhkəməsinin icraatında olarkən ətraflı şəkildə izahat verilmişdir. Onu da qeyd etmək istəyir ki, əşyalar tərəflərin birgə nikah dövründə tikilmiş evdədir. Əslində onların əşyalar ilə bağlı bir mübahisəsi yoxdur. O, iddiaçı ilə bir daha dəqiqləşdirmə apararaq növbəti məhkəmə iclasında əgər iddiaçının razılığı olarsa cehiz əmlakla bağlı tələblərindən imtina barədə ərizələrini təqdim edərlər. Məhkəmə kollegiyasının iclası təxirə salındıqdan sonra iş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iki dəfə xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası işin hallarını, eləcə də apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara işin bütün faktiki hallarına əsasən tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətinin “ilkin iddianın cehiz əmlakına dair” hissəsi təmin edilərək Quba Rayon Məhkəməsinin 2(027)- 255/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsinin “ilkin iddianın cehiz əmlaka dair hissəsi” ləğv edilməli, həmin hissədə ilkin iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, İddiaçı məxsus cehiz əmlakları Quba rayonu 1-ci Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş evdə olmaqla, həmin evin iki otağını iddiaçı təmir etdirməklə orada da yaşayır. Apellyasiya şikayətinin əsas dəlili də məhz ondan ibarətdir ki, iddiaçının həqiqətən tələb olunan əşyaların cavabdehdə olması və əşyaların göstərilən qiymətdə olmalarını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən irəli sürülən işin halları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin cehiz əmlakın tərkibi, onun dəyəri, iddiaçının özünün sahibliyində olması barədə cavabdehlərin göstərdiyi hallara dair birinci instansiya məhkəməsi qənaəti əsaslı sayıla bilməz ona görə ki, 22 il ərzində istifadə edilmiş cehiz əmlakın mövcud olub-olmaması, mövcuddursa, hansı vəziyyətdə olması, onun dəyərini müəyyən etmədən və həqiqətən də həmin əmlakların cavabdehlərdə olubolmamasına qiymət verilmədən ilkin iddianın cehiz əmlakına dair hissədə iddianın təmin edilməsi nəticəsinə gəlinməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə özünə məxsus əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin cehiz əmlaka dair ilkin iddianın təmin edilməsi hissəsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində ifadə olunmuş dəlillərə, eləcə də, iddiaçının nümayəndəsi və vəkili olan Vəkil2 məhkəmə kollegiyasının əvvəlki iclasında təsdiq etdiyi hallara görə iddiaçıya məxsus cehiz əşyaları ilə bağlı artıq mübahisənin olmaması və həmin əmlakın tərəflərin birgə nikah dövründə inşa etdikləri evdə olması, həmçinin bu halla bağlı Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqe də nəzərə alınaraq yuxarıda istinad edilən maddi və prosessual hüquq nörmalarının tələblərinə əsasən ilkin iddianın cehiz əmlaka dair tələb hissəsi əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı 17 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın cehiz əmlakının təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının cehiz əmlakının tələb edilməsinə dair hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar