Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-280/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(067)-997/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın təmin edilməsi, Cavabdeh Xaçmaz rayonu, Arzu qəsəbəsində, 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.90 kv.metr olan xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus evdən çıxarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz rayonu, Arzu qəsəbəsində, 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.90 kv.metr olan xüsusi mülkiyyət hüququ əsasında ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Arzu qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.90 kv.metr olan ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evə DƏDRX-nın 5 saylı Ərazi idarəsindən onun adına qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan, Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh onun evinə qanunsuz girib məskunlaşma səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Cavabdeh onun evinə qanunsuz daxil olaraq orada məskunlaşıb və evdən çıxmır, bu isə iddiaçının mülkiyyətçi hüquqlarını pozur. Cavabdeh həmin evin əvvəllər mülkiyyətçisi olub, lakin sonradan evini başqa bir şəxsə satıb, daha sonra isə həmin evi iddiaçı əldə edib və hazırda evin mülkiyyətçisi odur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki işdə İddiaçı satıcı Nazlı Abdullayevadan aldığı əmlakı ona verməyi tələb etməlidir. Məhkəmə qanunun qeyd olunan normasına əhəmiyyət verməmişdir. Hazırki işdə məhkəmə qanunun tələblərinə riayət etməmiş, yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə baxışı zamanı göstərdiyi halları araşdırmamış, iddiaçı tərəflə hansı hüquqi münasibətdə olmağına əhəmiyyət verməmişdir. Mübahisə predmeti olan yaşayış evi onun iradəsinə zidd olaraq əvvəlcə Nazlı Abdullayevanın, sonra isə İddiaçı adına keçmişdir. Məhkəmə göstərdiyi halları araşdırmamış, evin göstərilən şəxslərin adına necə keçməsini aydınlaşdırmamışdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, guya o qanunsuz olaraq ona məxsus evə qanunsuz daxil olaraq orada məskunlaşmış və evdən çıxmır. Məhkəmə iddiaçının göstərdiyi dəlili hansı sübutlarla əsaslandırmasına heç bir münasibət bildirməmiş, onun həmin evdə hansı vaxtdan yaşamağını və ümümiyyətlə oraya qanunsuz daxil olub-olmamağını müəyyən etməmişdir. Məhkəmə sırf formal olaraq iddiaçının adına mülkiyyət sənədinin olmasını əsas götürərək iddianı təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakını maneəsiz istifadə etməsi və üzərində sərəncam vermək hüququnu təmin etməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüququ əsası kimi Mülki Məcəllənin 152.1., 152.5, 157.2., 157.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsi xahiş edilmişdir. İşdən görünür ki, Xaçmaz rayonunun Arzu qəsəbəsində 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215,90 kv.metr olan evin ilkin olaraq Cavabdeh mülkiyyətində olması, həmin evi xx.xx.2008-ci ildə Nazlı Abdullayevaya satması, o da həmin evi xx.xx.2009-cu ildə Elşad Paşayevə satması və sonuncu da öz növbəsində həmin evi iş üzrə İddiaçı 14 sentyabr 2021-ci il tarixdə bağışlaması və hazırda da onun mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi mənzildən çıxarma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda onların mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-280/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-280/2023
08.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver