Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-281/2022 02.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(027)-1277/2020-011 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-413/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) Cavabdeh Güləhməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(027)- 1277/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-413/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh Qəribov Vaqif Güləhməd oğluna iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, onun və iki azyaşlı övladları ilə birlikdə ünvan 1-ə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh V.G.Qəribovun əvəzinə Cavabdeh qeyd edilməklə onun və iki azyaşlı övladları ilə birlikdə Quba rayonu, Qırmızı Sloboda qəsəbə, G.Əsədov küçəsi, ev 74-ə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 oktyabr 2007-ci il tarixdə ünvan 1 ünvanının sakini olan Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan iki övladları 23.10.2008- ci təvəllüdlü Qəribov Vaqif Mahir oğlu və 27.02.2011-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. 2007-ci ildə nikaha daxil olduqdan sonra gəlin kimi ünvan 2 ünvanda keçmiş həyat yoldaşı Cavabdeh ilə yaşamışdır. Övladları Qırmızı sloboda qəsəbəsi 1 nömrəli məktəbdə təhsil alırlar. 2019-cu ildə ailə münaqişəsi olduğu üçün rəsmən boşanmışdır. Gəlin köçdüyü gündən özü ilə apardığı cehizləri həmin ünvandadır. Lakin hazırda 2019-cu ilin avqust ayından atasına məxsus Quba rayonu Vladimirovka kəndində övladları ilə birlikdə yaşayır. Bir neçə dəfə övladları ilə birlikdə gəlin köçdüyü evə köçmək istəsə də yoldaşı və qaynanası onun köçməsini istəmişlər və hazırda atası evi darısqaldır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozularaq tətbiq olunmalı hüquq normaları tətbiq edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. O, heç bir çağırış və ya bildiriş almamışdır. Mübahisəli mənzil atası Qəribov Vaqif Güləhməd oğluna məxsusdur. Atası 08 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra atasına məxsus olan ev üçün Quba rayonu 1 saylı DNK-a 28 avqust 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən anası Şəfiqə Qəribova, bacısı Kifayət Qəribova və o, qanuni vərəsələr hesab olmuşlar. Anası 14 mart 2012-ci il tarixdə ölmüşdür, bacısı Kifayət türk vətəndaşı ilə evləndiyi üçün Türkiyədə yaşayır. İddiaçı özü onunla yaşamaq istəmədiyi üçün edən çıxıb getmiş və ondan boşanmışdır. İddiaçı tərəfindən onun atası söyülmüşdür və o, buna görə sillə vurmuşdur. Məhkəmənin qətnaməsində yazılır ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmış və hüquq münasibəti yaranan zaman mübahisəli mənzil özəl olmamaqla xüsusi mülkiyyətdə olmamışdır, iddiaçının cehiz əşyaları həmin evdədir. Məhkəmənin gəldiyi bu nəticə qanuna ziddir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflər arasında hüquq münasibətlərinin 2007-ci ildə yaranması və hüquq münasibəti yaranan zaman mübahisəli mənzil özəl olmamaqla xüsusi mülkiyyətdə olmaması, iddiaçının cehiz əşyalarının hazırda həmin evdə olması ilə əsaslandırmış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən DƏDRX-nin 5 saylı ərazi idarəsinin məktubu ilə yaşayış evinə dair sənədin aşkar edilmədiyi halda, vərəsəlik şəhadətnaməsində mübahisəli evin mülkiyyət sənədinin olduğu göstərildiyini araşdırmamış, 28 avqust 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notariusun ilkin qeydiyyat sənədlərinə əsaslanıb-əsaslanmadığını müəyyənləşdirməmiş, evə dair mülkiyyət hüququ olduğu halda mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin, olmadığı halda isə analogiya üzrə eyni maddənin müddəasının tətbiq etməklə işin hallarına hüquqi qiymət verilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə 2007-ci ildə rəsmi nikaha daxil olaraq ünvan 1-ə köçmüş və tərəflərin birgə nikahından iki övladları 23.10.2008-ci təvəllüdlü Qəribov Vaqif Mahir oğlu və 27.02.2011-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Hazırda 2019-cu ildə tərəflər arasındakı rəsmi nikah pozulsa da iddiaçıya məxsus əşyalar mübahisəli evdədir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2001-ci ilin sentyabrın 1dən sonra yarandığından, hazırki mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.5-ci maddəsi təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (Mülki Prosessual Məcəllənin 228.5 maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə AR ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi və Dövlət Notariat Arxivinə sorğular vermiş, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 01 fevral 2022-ci il tarixli **********62 № sorğuya cavabda reyestr kitablarına əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka Quba rayonu notariat kontorunun 28.09.1976-cı il tarixli, 8/8742 nömrəli alqı-satqı müqaviləsinə əsasən Qəribov Vaqif Güləhməd oğlunun adına 02.08.2001-ci il tarixli 712 reyestr nömrəli qeydiyyat vəsiqəsi verildiyi, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 22 yanvar 2022-ci il tarixli məktubuna əsasən isə Quba rayon dövlət notariat ofisində 28 avqust 2001-ci il tarixdə 2B-91 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işində mübahisəli evin cavabdehin mərhum atası Vaqif Qəribovun mülkiyyətində olması barədə qeydiyyat vəsiqəsi mövcuddur. Odur ki, notariat orqanı 28 avqust 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən ilkin qeydiyyat sənədlərinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1255-ci maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, mübahisəli mənzil Cavabdeh mərhum atası V.Qəribovdan miras qalmış və o vərəsəlik hüququnu realaşdırmaq məqsədilə 28 avqust 2001-ci il tarixdə notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli mənzilə köçərkən həmin mənzilə cavabeh vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etdiyindən, iddiaçı ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notarial qaydada təsdiqlənmiş yazılı razılaşma bağlanmasına zərurət olmadığından, onunla birgə yaşayan ailə üzvü (arvadı) kimi iddiaçınında həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ yaranmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-nin 77.1., 14.2 və 217.4-cü maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənzilə cavabdehin ailə üzvü kimi köçərkən onun həmin mənzildə istifadə hüququ yarandığından, iddia tələbi təmin edilməli, iddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-281/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-281/2022
02.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver