Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-281/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti olmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(060)-6043/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdehna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti olmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 113 saylı, X2 işdən azad edilməsi haqqında əmrin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu ildən xx.xx.2024cü il tarixinə qədər Sumqayıt şəhəri, 47 saylı uşaq bağçasında dayə-xadimə vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə işlədiyi bağçanın müdiri Aytən Kərimlinin onun barəsində təşkil etdiyi qanunsuz hərəkətləri və qurduğu oyunlar nəticəsində onun imzaladığı əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Bağça müdirinin onunla ədavət aparmasının əsas səbəbi bağçada uşaqlara verilən yeməklə əlaqədar ona iradını bildirməyi olmuşdur. Bu iraddan qəzəblənən Aytən Kərimli bəhanə taparaq onu susdurmaq məqsədi ilə ona şiddətli töhmət vermiş və həmin gündən bütün əlinə düşən bəhanələrdən istifadə edir, onu gözüm çıxdıya salmışdır. Hətta 2024-cü ilin mart ayında işçiləri Aygün Dadaşova tərəfindən təhqirə məruz qalmağı ilə əlaqədar ona şikayət etdikdə günahkarın əvəzinə onu cəzalandırmış və ona əsassız olaraq töhmət vermişdir. O, 2024-cü ilin may ayının 7-də səhhəti ilə əlaqədar (qızdırması olmuşdur) yaşadığı H.Z.Tağıyev qəsəbəsində olan poliknikaya getmiş, həkim qəbulunda olmuş, ona müalicə yazılmış və xəstəlik kağızı açılmışdır. Bir neçə gün müalicə olunmağı məsləhət bilinmişdir. xx.xx.2024-cü ildə həyat yoldaşı qızdırmasının düşməməsi ilə əlaqədar həkimlə görüşmüş və vəziyyəti ona danışdıqda, həkim bildirmişdir ki, müalicə davam etdirilsin. Xəstəlik kağızını uzadacağını bildirmiş, o da 13-14 may tarixlərində işə çıxmamış, müalicəsini davam etdirmiş, çünki qızdırması düşməmişdir. xx.xx.2024-cü ildə həkim Şahin Əliyev onu poliknikaya çağırmış və demişdir ki, xəstəlik kağızını uzada bilməyəcəkdir. Çünki müdirləri Aytən Kərimli mesaj göndərərək onun xəstə olmadığını və ona xəstəlik kağızının açılmamasını istəmişdir. O, etiraz edərək demişdir ki, onun qızdırması düşmür. Onu necə bu vəziyyətdə işə yazır. Həkim isə onu baş həkimə yönəltmiş, o da bildirmişdir ki, 37.0 temperatur normal sayılır. xx.xx.2024-cü il tarixinə ona arayış versələr də, xx.xx.2024-cü il tarixinə arayış verməmişdirlər. O, artıq başa düşmüşdür ki, bu məsələ onun üçün təşkil olunmuş və başqa poliknikalara müraciət etmişdir. Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən modul tipli xəstəxanada və 3 saylı xəstəxananın poliknika şöbəsində müayinə edilərkən qızdırması olduğunu, qan analizlərinin cavabını gördükdə demişdirlər ki, vəziyyət ciddidir. Müalicə olunmalıdır. Amma xəstəlik kağızını hər iki baş həkim soyadını, adını gördükdən sonra imzalamamışdırlar. Səbəbi isə müdirlərinin göndərdiyi mesaj olmuşdur. Bu fakt onun müdiri üçün fürsət olmuşdur ki, iki gün ərzində bütün formal prosedurları yerinə yetirərək onu işdən azad etmək haqqında əmri imzalamışdır. Onun etirazlarına, xəstə olmağı ilə əlaqədar işə gəlməməyi barədə izahata heç bir əhəmiyyət verməmişdir. O, evə gəldikdən sonra tədricən ağrıları başlamışdır. O, xx.xx.2024-cü ildə Sumqayıt şəhəri, Təcili Tibbi Yardım Xəstəxanasına qəbul edildikdən sonra məlum olmuşdur ki, qızdırma və ağrılar kor bağırsağın deşilməsi nəticəsində olmuş və o, təcili əməliyyat olunmuşdur. Cərrahiyyə əməliyyatından sonra cərrah həkim ona demişdir ki, o, real ölüm vəziyyətindən qurtarılmışdır. O, həkiminə təşəkkür etmiş, vəziyyəti ona danışmışdır. O isə bildirmişdir ki, xəstəliyin gedişi xx.xx.2024-cü il tarixdən başlamış, ona vaxtında düzgün diaqnoz qoyulmamışdır. Qeyd olunanlardan açıq-aşkar görünür ki, o, xəstə ola-ola bağça müdirinin tapşırığına əsasən nəinki vaxtında müalicə almamış, işdən də qərəzli şəkildə azad edilmişdir. Bu faktı onun təqdim etdiyi sənədlər də təsdiq edir. Həm də o, H.Z.Tağıyev qəsəbəsindəki poliknikadan xəstəlik kağızının surətini, ambulator kitabdan çıxarışı, xx.xx.2024-cü il tarixində verilmiş arayışın surətini ala bilmədiyi üçün, məhkəmənin həmin sənədləri poliknikadan, işdən azad edilməsi barədə sənədləri isə cavabdehdən tələb etməyi xahiş edir. O, aşkar edilmiş pozuntular barədə Əmək Müfəttişliyinə, AbşeronXızı regional Təhsil İdarəsinə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Bunu ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış təsdiq edir. O, işdən azad olunmağı barədə əmri xx.xx.2024-cü ildə aldıqdan sonra xx.xx.2024-cü ildə mediasiya təklifi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin xəstəliyi ilə əlaqədar və hüquqi savadsızlığından, mediasiya prosessi xx.xx.2024-cü ildə başa çatmış və xx.xx.2024-cü ildə mediasiya arayışını almışdır. Müddət məsələsinə baxılarkən bunun nəzərə alınmasını xahiş edir.
3. İiddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X2 Cavabdehna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə müavinətin ödənilməsinə dair məhkəmənin hazırlıq iclası və məhkəmə baxışı zamanı araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı 05 may 2024-cü il tarixində qızdırma və ağrılarla 7 saylı ailə sağlamlıq mərkəzinə müraciət etmiş, ona əmək qabiliyyətinin olmaması barədə xəstəlik kağızı açılmış, xx.xx.2024-cü il tarixində xəstənin xəbəri olmadan kimlərinsə göstərişi ilə bağlanmış, ona heç bir xəbərdarlıq olunmadan işə yazılmışdır. xx.xx.2024-cü il tarixində Kəmalə Mehdiyeva xəstəxanaya həkim Əliyev Şahin tərəfindən çağırılmış, xəstəlik vərəqinin bağlanması barədə ona məlumat verilmiş və xəstəlik kağızı məhz xx.xx.2024-cü ildə ona təqdim edilmişdir. Baş həkim Vüsalə Cavadzadənin qəbulunda baş həkim ona artıq sağaldığını sübut etməyə çalışsa da, Kəmalə Mehdiyeva ona qızdırmasının olduğunu və qarın nahiyəsində ağrıların olduğunu bildirsə də, o, buna əhəmiyyət verməmişdir. Xəstə olduğu halda xəstəlik kağızını xx.xx.2024-cü ildə alan iddiaçı 13 və 14 may 2024-cü il tarixlərində işə yazılmış olduğunu bilməmiş, özündən asılı olmayan səbəblərə görə işdə olmamışdır. Bağlanmış xəstəlik vərəqi həkim tərəfindən ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Xəstəlik vərəqi ona təqdim edildiyi günün səhərisi gün işə getmişdir. Həmin gün digər müalicə müəssisələrinə müraciət etsə də bağça müdirəsinin təhriki ilə onun şikayətlərinə məhəl qoyulmamışdır. X7 xəstəlik kağızının verilməməsi barədə müraciətin kim tərəfindən verilməsinin müəyyənləşdirilməsi barədə məhkəməyə müraciət edilsə də vəsatət təmin edilməmişdir. AR MPM-nin 78.2-ci maddəsinə əsasən tərəf sübutların müstəqil əldə edilməsində çətinlik çəkdikdə məhkəməyə vəsatətlə müraciət edə bilər və məhkəmə buna yardım etməlidir. Həm də bu sübut dövlət strukturunun nümayəndələrindədirsə, digər tərəf isə adi vətəndaşdır. Evdə ağrıkəsici iynə və dərmanlardan və digər vasitələrdən istifadə etsə də xx.xx.2024-cü ildə ağırlaşma əlamətləri ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının cərahiyyə şöbəsinə qəbul edilmiş və 2,5 saat əməliyyat olunaraq, həkimlərin səyi ilə ölümün pəncəsindən xilas olmuşdur. Həmin əməliyyatın epikrizi məhkəməyə təqdim edilmişdir və sübut olunur ki, xəstə irinli peritonit diaqnozu ilə əməliyyat olunmuş, əməliyyatdan sonra 5 gün xəstəxanada müalicə olunmuş və xəstəxanadan çıxdıqdan sonra cərrahın nəzarətində olması məsləhət görülmüşdür. Bu xarakterli əməliyyatlar xəstəxanada bir gün də artıq saxlanılmır. Beləliklə, görünür ki, 05 may 2024-cü ildən xəstə olan Kəmalə Mehdiyeva kor bağırsağın iltihablaşması və vaxtında müalicə almaması nəticəsində kor bağırsaq partlamış, həkim səhlənkarlığının nəticəsində həm işdən azad olunmuş, həm də həyatı təhlükədə qalmışdır. Xəstəliyin əlamətlərini isə aşkar etmək o qədər də çətin deyildir. Adi uzi və cərrah müayinəsi ilə bunu aşkar etmək mümkündür. Bu fakta məhkəmə lazımi qiymət verməlidir. Fakt üzrə araşdırma aparılması barədə müvafiq orqanlara təqdimat göndərməlidir. Kəmalə Mehdiyevanın bütün iş günü işə gəlməməsi səbəbi ilə AR Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad edilməsi heç bir araşdırma aparılmadan ildırım surəti ilə rəsmiləşdirilmişdir. Lakin onun işdən azad edilməsi haqqında əmrin verilməsi Əmək Məcəlləsinin tələblərinin pozulması ilə müşaiyət olunmuşdur. AR Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə işin hallarından da görünür ki, iddiaçının hərəkətlərində qəsd, səhlənkarlıq və etinasızlıq kimi əlamətlər yoxdur. İşə getməməsi sırf həkimlərin onu vaxtında xəbərdar etməməsi, həm də xəstə olması üzündən olmuşdur. Həmin maddənin 3-cü bəndində isə deyilir ki, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə isə bu əsaslandırmanı müşahidə etmək mümkün deyildir. Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Müdiriyyət işə işçinin işə gəlməməsinin səbələrini araşdırmadan və yoxlamadan, onun həqiqətən xəstə olmasına baxmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam vermişdir. Kəmalə Mehdiyevanın 17 ildən artıq fasiləsiz həmin bağçada işləməsini, üç uşağının olması, ailədə yeganə işləyərək, ailəni dolandıran tək şəxs olmasını, bağçanın ictimai işlərində və tərtibatında fəal iştirakını da nəzərə almamışdır. Qeyd edilənlərə əsasən, X2 iddiasının təmin edilməsini, 47 saylı uşaq bağçasının müdiriyyətinin onun barəsində işdən azad edilməsi barədə əmrini ləğv edilməsini, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqından ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT030/2024- 01674 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci onun tərəfindən ödənilmişdir.
6. Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt Şəhər 47 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən verilmiş “işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında” 16 may 2024-cü il tarixli, 113 nömrəli əmrindən görünür ki, İddiaçı – bağçanın xadimədayəsi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xx.xx.2024-cü il tarixindən xitam verilməsi, istifadə etmədiyi 16.5 təqvim günü məzuniyyət pulunun – çalışdığı günlərə görə əmək haqqının ödənilməsinin Aşberon-Xızı Regional Təhsil İdarəsinin Maliyyət İqtisadiyyat sektoruna həvalə edilməsi əmr edilmişdir.
7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Sumqayıt Tibb Mərkəzi X14 Təcili Tibbi Yardım Xəstəxanası” tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1064 nömrəli sorğuya cavabdan görünür ki, X4, xx.xx.2024-cü il tarixdə, saat 14.50-də cərrahiyə şöbəsinə stasionar müalicəyə daxil olmuşdur. Xəstənin təcili və təxirəsalınmaz Tibbi Yardım şöbəsinə verdiyi məlumata görə, bir həftədir ki, şikayətləri başlamışdır. Bir gün ağrılar dözülməz olmuşdur. Epiqastral nahiyyədə olan kəskin ağrılardan şikayət edir, ağrıların intesivliyi şiddətləndikdən sonra TTYX-na müraciət etmişdir. Xəstənin halı orta ağırdır, huşu aydındır. xx.xx.2024-cü il tarixdə, saat 20.50-də appendoktomiya əməliyyatı icra olunmuş, saat 22.00-da sona çatmışdır. xx.xx.2024-cü il tarixdə, saat 11.00-da kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. Cərrahın nəzarəti məsləhət verilmişdir.
8. X2 əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdə 47 nömrəli uşaq baxçasına dayə-xadimə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 3-17-5/2-M-56911/2024 nömrəli X3 ünvanlanmış müraciətə cavabdan görünür ki, Sumqayıt Şəhər Abşeron-Xızı regional təhsil idarəsinin və Sumqayıt şəhər 47 nömrəli körpələr evi – uşaq bağçasının rəhbərliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-29- 36/2-1017/2024 nömrəli rəsmi məktuba və təsdiqedici sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, X4 ilə xx.xx.2009-cu il tarixində müddətsiz əmək müqaviləsi bağlanılaraq Sumqayıt Şəhər 47 nömrəli körpələr evi uşaq bağçasına iş üzrə xadimə-dayə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, 72-ci maddənin “a” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə xitam verilmişdir. Səhhəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi açılmış və işə başlama tarixi xx.xx.2024-cü il tarixi qeyd olunmuşdur. X4 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində üzrsüz səbəbdən işə gəlməmişdir. Ona son haqq-hesabları (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) cəmi: 343,76 manat işdən çıxdığı sonuncu iş günü, xx.xx.2024-cü il tarixində əmək haqqı kartına köçürülmüşdür. xx.xx.2024-cü il tarixində X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim edilmiş izahatda xx.xx.2024-cü il tarixdə əsassız olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi bildirilmişdir. Həmçinin həkim tərəfindən “əmək qabiliyyətinin olmaması vərəqəsi” açılacağı bildirilsə də xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə “əmək qabiliyyəti olmaması vərəqəsi” açılmadığı, tələbinin xitam əmrinin ləğv olunması və işinə bərpa olunmağı ilə bağlı olduğu qeyd edilmişdir. İşəgötürən tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlar, xx.xx.2024-11 may 2024-cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi, 15 may 2024cü il tarixli izahatı, Həmkarlar Təşkilatına 15 may 2024-cü il tarixli, 52 nömrəli təqdimatı, 16 may tarixli imtina aktı və davamiyyət jurnalından çıxarışa əsasən müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan yenidən işlə təmin olunmağı ilə bağlı müəssisə rəhbərliyinə müraciət etməyi məqsədə uyğun hesab olunmuşdur. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
10. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X11 Şəxs “Sumqayıt Tibb Mərkəzi” X14 1 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli, 471 nömrəli sorğuya cavabdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliknika şöbəsinə “ürəkdöyünmə, ürəyin hipertenziv xəstəliyi” diaqnozu ilə həkim-kardioloqa müraciət etmişdir. Vətəndaş İddiaçı müraciəti əsasında əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsinin verilməsinə heç bir əsas olmadığı üçün açılmamışdır.
11. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli Xəstəxana tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 15 oktyabr 2024-cü il tarixli, 294 nömrəli sorğuya cavabdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində Sumqayıt Şəhər 3 nömrəli xəstəxananın poliknika şöbəsinin həkim kardioloq qəbulunda olmamışdır.
12. İddiaçı tərəfindən Cavabdeh müdirinə ünvanlanmış izahatdan görünür ki, o, xəstə olan müddətdə həkim onun xəstəlik vərəqəsinin uzadılmasına qərar vermişdir. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. Bu barədə müdiriyyətə xəbər vermişdir. Sonra ona həkim tərəfindən zəng gəlmişdir. O, xx.xx.2024-cü il tarixdə həkimin qəbulunda olduğu üçün işə yenə getməmişdir. Sonra ona həkim demişdir ki, işdə olmalıdır. Səbəbini soruşduqda isə ona müdiriyyətindən zəng olduğunu bildirmişdir. Bu səbəbdən o, işə getməmişdir. 20 il ərzində xoşagəlməz hadisəyə yol verməmişdir. Bu hadisənin səbəbi müdiriyyət Kərimli Aytən xanımın öz zəngi ilə ona və həkimə hədə-qorxu edərək onun işə gəlməməyinə səbəb olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(060)- 6043/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdehna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti olmaqla) “əmrin ləğvi və sair” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 80.1-ci maddəsi, 80-ci maddəsinin 2-ci hissəsi, 83-cü maddəsinin 1 və 2-ci hissəsi, 84-cü maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci bəndi və 186.2, 83.2, 71.2, 72-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 14.2, 77.1, 82.4, 88, 119.1, 216, 220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(060)- 6043/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə maddi və prossesual hüquq normalarının, AR Əmək məcəlləsinin, MPMnin tələbləri pozulmaqla çıxarıldığından qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2024cü il tarixində 7 saylı Ailə Sağlamlıq mərkəzinə 38.5 qızdırma ilə müraciət etmiş və müayinə olunduqdan sonra həkim ona xəstəlik kağızı açaraq müalicə yazmışdır. xx.xx.2024-cü il tarixində mobil telefonuna zəng edərək polinklinikaya çağırılmış, xx.xx.2024-cü il tarixdən xəstəlik kağızının bağlandığı bildirilmişdir. Səbəbini isə bağça müdiri Aytən Kərimlinin baş həkimə mesaj yazaraq guya onun xəstə olmadığını və xəstəlik kağızının verilməməsi barədə xahiş etməsi olmuşdur. Onun istəyi ilə xəstəlik kağızı xəstəliyi davam etməsinə baxmayaraq ona xəbərdarlıq edilmədən bağlanmışdır. Bundan istifadə edən müdir onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş, əmək hüquqları kobud şəkildə pozulmuş, ailənin maddi vəziyyəti ağır duruma düşmüşdür. O, işdən azad olunması ilə əlaqədar xəstə olduğunu, xəstəlik kağızının bağlanmasından sonra ona xx.xx.2024-cü il tarixində verildiyini məhkəmədə desə də buna əhəmiyyət verilməmiş və araşdırılmamışdır. Xəstəlik kağızının bağlanmasında bağça müdirinin iştirakını sübut edən yazışmanı da məhkəmə qəbul etməmişdir ki, bu da sübut və dəlillərin araşdırılmasında məhkəmənin səhv qərar şıxarmasına səbəb olmaqla, onun əmək hüququqlarının pozulması ilə müşayət olunan özbaşınalığa haqq qazandırmışdır. AR Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən zəif tərəfdir. Bunun bir daha məhkəmə prossesində şahidi olmuşdur. Bağça müdiriyyətinin təqdim etdiyi video görüntülərdə onun iddia etdiyi kimi guya istədiyi vaxt işə gəlməyi, onu hədələməyi barədə səs yazıları olmadığı halda qətnamədə guya onun səs yazılarında bunun təsdiq olunduğu qeyd edilir. Halbuki, görüntülərdə heç bir səs yox idi. AR Əmək məcəlləsinin 72.1-ci maddəsinə əsasən 70-ci maddənin ç” bəndi ilə əmək müqviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin mənafeyinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd etdiyi kimi onun işə getməməsinin səbəbi həkimin ona xəstəlik kağızının daha bir neçə gün uzadacağını bildirməsi olmuşdur. Onun hərəkətlərində heç bir səhlənkarlıq, etinasızlıq və qəsd olmayıb. O, 17 il həmin müəssisədə fasiləsiz işləmiş, bir gün də işdən qalmamışdır. Cavabdeh isə bu məsələdə heç bir tutarlı dəlil göstərə bilməmişdir. Əmrdə də bu əsaslar göstərilməli olduğu halda əksini tapmamışdır. AR MPM-nin 78.2-ci maddisinə əsasən tərəflər hər hansı sübutu təqdim etməkdə çətinlik çəkdikdə məhkəmə ona yardım etməlidir. O, dəfələrlə qeyd etmişdir ki, xəstəlik kağızının bağlanmş oduğunu xx.xx.2024cü ildə bilmişdir. Məhkəmə isə buna əhəmiyyət verməmiş və xəstəlik kağızının ona hansı vaxt təqdim olunmasını araşdırmamışdır. Cavabdehin guya onun bu barədə məlumatlı olmağı barədə fikirlərini isə sübut kimi qəbul etmişdir. Cavabdeh onun hansı tarixdə işə çıxmalı olduğunu haradan bilirdi? Xəstəlik kağızının bağlanmasını haradan bilirdi? 7 saylı Ailə sağlamlıq mərkəzinin baş həkiminin (Vüsalə Cavadzadə) təqdim etdiyi arayışda qeyd edilir ki, o, xx.xx.2024-cü ildə xəstəxanada məsləhət komisiyasına gəlmədiyinə görə xəstəlik kağızı bağlanıb, ambulator kitabçadan çıxarışda isə qeyd edilir ki, o, həmin gün həkim qəbulunda olmuşdur. Məhkəmə bu ziddiyyəti də araşdırmadan cavabdehin xeyrinə hərəkət etmiş və onun dəlillərini formal mülahizə kimi qiymətləndirmişdir. Halbuki, tam əksinə olaraq cavabdehin və xəstəxanada həkim personalın bağça müdirinin ona qarşı qərəzli hərəkətləri sənədlərlə tam sübuta yetirilir. Məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəinin “ç” bəndinin, 71.2-ci maddəsinin tələblərini düzgün təfsir etmədiyindən səhv nəticəyə gələrək, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə Prossesual hüquq normalarını da düzgün tətbiq etməyərək, tərəfindən təqdim edilmiş dəlil və sübutların hərtərəfli və obyektiv araşdırılmasını, lazımi şahidlərin məhkəmə iclasına dəvət edilməsi barədə vəsatəti də təmin etməmişdir. Halbuki, xəstəxana həkiminin Şahin Əliyev və Baş həkim Vüsalə Cavadzadənin qanunsuz əməlləri iddia ərizəsində əksini tapdığına görə məhkəmə onları məhkəməyə dəvət edib dindirməli idi. Onun xx.xx.2024-cü il tarixində xəstələnməyi xəstəlik kağızı ilə sübut olunur və həmin xəstəliyin davam edən əlamətləri ilə o, xx.xx.2024-cü ildə cərrahiyə əməliyatına məruz qalmışdır. Yəni xx.xx.2024-cü ildən başlayan, davam edən xəstəlik nəticəsində o, işə gedə bilməmiş, sonra isə xəstəlik kağızını xəbəri olmadan bağlamaqla, onun işdən azad edilməyinə şərait yaratmışlar. AR MPM-nin 385.1.2-ci məddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmaması onun səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Həmçinin məhkəmə AR MPM-nin 389-300-cü maddələrinin tələblərinə də əməl etməmiş, cavabdeh tərəfindən təqdim edilmiş qeyri-mötəbər faktlara və sübutlara əsaslanmaqla, qətnamə çıxarmış və onun Konstitusiya ilə qorunan əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, məhkəmənin MPM-nin müvafiq tələblərini pozmaqla qəbul etdiyi qətnamə qanunsuz və əsassız dəllilərə əsaslanmaqla qəbul edildiyinə görə ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. İş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2024-cü il tarixinə qədər Sumqayıt şəhəri, 47 saylı uşaq bağçasında dayə-xadimə vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixli əmr ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
29. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir.
30. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
31. Məhkəmə mövqeyini onunlarla əsaslandırmışdır ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, həmkarlar ittifaqına təqdimatla müraciət olunmuş (Həmkarlar Təşkilatına 15 may 2024-cü il tarixli, 52 nömrəli təqdimatı), müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır. İddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək münasibətlərinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsassızdır.
32. Məhkəmə qeyd etmişdir ki, iddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2024,xx.xx.2024-cü il tarixlərdə işə gəlməmiş və bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur.
33. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur.
34. Cavabdeh işəgötürən tərəfindən həmkarlar ittifaqının razılığının alınması üçün təqdimat göndərilmiş və həmin təqdimata dair həmkarlar ittifaqı tərəfindən işçinin bu əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığı ifadə edən protokol-qərardan çıxarış təqdim olunmuşdur.
35. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Sumqayıt Şəhəri 47 saylı Uşaq Bağçasının müdirinin onu işdən çıxarmaqda maraqlı olması barədə irəli sürülən həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır.
36. Məhkəmə eləcə də göstərmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz.
37. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsində də tələb təmin edilməməlidir.
38. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
39. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılmış, müfəssəl qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər üzrə məhkəmə kollegyası əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
40. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri bilir:
41. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator xəstəlik kağızının bağlanmasında bağça müdirinin (işəgötürənin) iştirakını sübut edən yazışmanın məhkəmə tərəfindən qəbul etmədiyini mübahisələndirmişdir.
42. İşə materiallarına əlavə edilmiş həmin yazışmanı (i/v 33) tədqiq edərək kollegiya hesab etmişdir ki, iddiaçının istinad etdiyi bu yazışma sübut növü olaraq qəbul edilə bilməz.
43. Belə ki, iş materiallarından görünür ki, həmin yazışma adlanan yazı kağız parçada əks olunmaqla, kimin tərəfindən yazıldığı, kimə ünvanlandığı müəyyən edilmir.
44. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
45. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək bildirir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
46. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qiymətləndirmə apararaq hesab edir ki, iddiaçının istinad etdiyi sübut, sübutetmə standartlarına cavab verən sübut növü olaraq qəbul edilə bilməz.
47. Bundan başqa, apellyator qeyd etmişdir ki, xx.xx.2024-cü ildə xəstəxanada məsləhət komisiyasına gəlmədiyinə görə xəstəlik kağızı bağlanıb, ambulator kitabçadan çıxarışda isə qeyd edilir ki, o, həmin gün həkim qəbulunda olmuşdur. Məhkəmə bu ziddiyyəti araşdırmamış, həkimlərin qanunsuz əməlinə qiymət verməmişdir.
48. Kollegiya şikayətin bu dəlilini də məhkəmə qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi üçün yetərli əsas hesab etmir.
49. «Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında Təlimat» da qeyd olunmuşdur ki, əsasən Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunan (xəstəliyin kəskinləşməsi və ya istehsalat qəzası zamanı) tibb məntəqəsinə müraciət etdikdə həkim 3 gün müddətinə xəstəlik vərəqəsi tərtib edir. Bu xəstəlik vərəqəsinin müddəti ümumi qayda ilə poliklinika, ambulatoriya və sairə həkimlərinin, o cümlədən HMK-nin rəyi ilə uzadılır. Tibb məntəqəsində həkim olmadıqda, yalnız tibb bacısı və ya feldşer olduqda onlar xəstəlik vərəqəsi tərtib etmir, ilkin tibbi yardım göstərərək əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanı dərhal qəbul olunmaq üçün poliklinikaya və ya ambulatoriyaya göndərirlər.
50. Araşdırılan mübahisə üzrə xəstənin (iddiaçının) növbəti müayinədən keçməsi və xəstəlik vərəqəsinin müddətinin uzadılmasına dair rəyin qəbul olduğu müəyyən edilmir.
51. Eləcə də kollegiyanın qənaətincə qeyd olunan faktın araşdırılması hazırki iddia tələbinin hədlərinə aid olmamaqla, iddiaçının müvafiq tələblə müvafiq quruma qarşı iddia hüququ vardır.
52. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisə düzgün həll edilmişdir. İddiaçının (işçinin) səhlənkarlıq və etinasızlıqla əmək funksiyasını yerinə yetirmədiyi, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə getmədiyi iş üzrə topanmış müvafiq sübutlarla öz təsdiqini tapır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(060)-6043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(060)-6043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.