Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2813/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Ərizəçi iştirakı ilə Qobustan Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(026)-138/2021 saylı qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qobustan Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(026)-138/2021 saylı qətnaməsi ilə (hakim M.Q.Quliyev) Ərizəçi 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilmişdir. Ərizəçi apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(026)-138/2021 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onun 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında anadan olmuşdur. Valideynləri heyvandarlıqla məşğul olaraq ilin çox vaxtını yaylaq-qışlaqda keçirmələri səbəbindən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Şəxsiyyət vəsiqəsində yazılmış doğum tarixi isə heç bir fakta və sübuta əsaslanmadan, ərinin yaşına uyğunlaşdırılaraq, yaşca ərindən kiçik olmağının görüntüsünü yaratmaq üçün 01 iyul 1963-cü il tarix qeyd edilmişdir. Ailələrində ondan iki yaş böyük olan bacısı X1 doğum tarixi 12 fevral 1958-ci ildir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 369 saylı, 18may 2020-ci il tarixli rəyinə əsasən onun müəyyən edilmiş sümük yaşı təxminən 60-65 yaşa uyğun gəlmişdir. Həmin ekspertizanın 369/Ə saylı, 21 iyul 2020-ci il tarixli arayışına əsasən onun yaşının təyini ilə əlaqədar 11 may 2020-ci ildə çəkilmiş skelet sümüklərinin rentgenoqramları radioloji tədqiqata təqdim edilmiş, həmin rentgenoqramların təkrar təhlilinə əsasən oynaq səthlərində qeyd edilən sümük destrutiv dəyişikliklərin, sümük artımlarının, osteofitlərin, yenicə baslanmaqla olan osteoporoz elementlərinin endostal zonalarda sümük trabekulunun sorulmasının və itməsinin elmi əsaslandırılmış son həddi 60 ilə uyğun olmuşdur. Onun doğum faktının düzgün qeyd edilməsi miras əmlakın qəbul edilməsi üçün zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsi 16 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1963-cü ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində doğulmuşdur. Qobustan RİH başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2020-ci il tarixli, 2455 saylı arayışa əsasən Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1982-ci ildə 09 nömrə ilə qeydə alınmış təsərrüfatbaşına kitabından çıxarışda Ərizəçi doğum tarixi 1963-cü il yazılmışdır. Maraqlı şəxs Ərizəçi ünvanlandığı 03 mart 2021-ci il tarixli, 05/Q-42/11 saylı məktubunda göstərilir ki, Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxs arxivində Elektron informasiya sistemində aşkar olunmadığı üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan Rayon Polis şöbəsinin Ərizəçi ünvanlandığı 08 may 2021-ci il tarixli, 145- 4067-1221 saylı məktubunda qeyd edilir ki, 12 sentyabr 2014-cü il tarixdə Ərizəçi 50 yaşı tamam olması ilə əlaqədar dəyişdirilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi 28 avqust 2008-ci ildə ona verilmiş AZE 06060277 nömrəli ilkin şəxsiyyət vəsiqəsi əsasında verilmişdir. Ərizəçi üçün ilkin hazırlanan AZE 06060277 nömrəli şəxsiyyət vəsiqəsi ilə əlaqədar toplanmış sənədlər mövcud qanunvericiliyə əsasən 19 mart 2021-ci il tarixdə yandırılaraq məhv edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 verdiyi 20 may 2020-ci il tarixli, 189 saylı rəyində Ərizəçi müəyyən edilmiş sümük yaşı 60-65-ə uyğun gəldiyi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Mərkəzi MTE şöbəsinin verdiyi 18 may 2020-ci il tarixli, 369 saylı məktubun surətində göstərilir ki, 1960-ci il təvəllüdlü Ərizəçi adına təqdim olunmuş 15 may 2020-ci il tarixdə çəkilmiş skelet sümüklərinin R-qrammalarında uzun və qısa borulu sümüklərin boyatma zonaları qapanmışdır, sinaztoz kölgəlikləri tam sorulmuşdur, oynaq səthlərində sümük destruktiv dəyişikliklər, sümük artımları, osteofitlər, osteoporoz elementləri, endostal zonalarda sümük trabekulunun sorulması və itməsi qeyd edilir. Diafizin divarında endostal kompakt maddənin hissəvi sorularaq itməsi izlənir.Müayinə olunan qadının sümük yaşı təxminən 65-65 ilə uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Mərkəzi MTE şöbəsinin 21 iyul 2020-ci il tarixli, 369/Ə saylı məktubu ilə müəyyən olur ki, Ərizəçi yaşının təyini ilə əlaqədar 15 may 2020-ci il tarixdə çəkilmiş skelet sümüklərinin rentgenoqramları Birliyin Mərkəzi ekspertizası şöbəsinə radioloji tədqiqata təqdim edilmiş və həmin rentgenoqramların təkrar təhlilinə əsasən oynaq səthlərində qeyd edilən sümük destrutiv dəyişikliklərin, sümük artımlarının, osteofitlərin, yenicə başlanmaqla olan osteoporoz elementlərinin endostal zonalarda sümük trabekulunun sorulmasının və itməsinin elmi əsaslandırılmış son həddi 60 ilə uyğun olmuşdur. Bu hallar tibbi meyarlara əsasən kişilərdə orta hədd kimi 60-dan 65-ə qədər, qadınlarda isə 60 yaşa qədər nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğum, övladlığa götürmə, nikah, boşanma, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə kollegiyası işin hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi 1960-cı ilin yanvar ayında Şamaxı rayonunun Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi verdiyi apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(026)-138/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2813/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2813/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver