Məhkəmə qərarları › İş №2(105)-283/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-283/2023

18.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-283/2023 18.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: arayışın verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun nümayəndəsi X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-2541/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2002-ci il tarixdə, 262 nömrəli əmrlə “Etilen-Polietilen” zavodunda buxar, su təchizatı, su hazırlığı və kanalizasiya sexinə zavod kanalizasiyaları şəbəkələri üzrə 6-cı dərəcəli təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə, 905 nömrəli əmrlə su və kanalizasiya sexinə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə, 1481 nömrəli əmrlə 26 nömrəli buxar, su təchizatı, su hazırlığı və kanalizasiya sexinə Y-25, Y-42 və P-9 (dövrü su sistemi) sahəsinə 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə, 102k nömrəli əmrlə su təchizatı, su soyutma və kanalizasiya sexinə 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə, 244ks nömrəli əmrlə ştat cədvəlinə edilmiş dəyişikliyə uyğun olaraq su təchizatı, su soyutma və kanalizasiya sexi sahə adlandırılır. İddiaçı xx.xx.2014-cü il tarixdə, 552k nömrəli əmrlə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. Cavabdeh təşkilatın iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2014-cü il tarixinə kimi “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə xx.xx.2002-ci il tarixindən xx.xx.2010-cu il tarixinə kimi buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqazasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən siyahıya aiddir. Digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”na (Vİİİ bölmə, Kimya istehsalatı) əsasən 1 və 2 nömrəli siyahıda nəzərdə tutulmadığına görə İddiaçı həmin dövr üçün güzəştli şərtlərlə pensiya hüququ verən arayışın təqdim olunması mümkün deyildir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2021-ci il tarixli, 125 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2010cu ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqazasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2020-ci il tarixli, 216 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqazasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2021-ci il tarixli, 125 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. Sumqayıt “Sintez Kauçuk” Zavodunun xx.xx.2002-ci il tarixli, 262 nömrəli əmrindən görünür ki, İddiaçı Sumqayıt “Sintez Kauçuk” sexinin 6-cı dərəcəli çilingəri vəzifəsindən xx.xx.2002-ci il tarixindən sexə 6-cı dərəcəli zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) vəzifəsinə keçirilmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2021-ci il tarixli, 126 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2010cu ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun başqa işə keçirmə haqqında xx.xx.2010-cu il tarixli, 904 nömrəli əmrindən görünür ki, İddiaçı 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun başqa işə keçirmə haqqında xx.xx.2011-ci il tarixli, 1491 nömrəli əmrindən görünür ki, İddiaçı 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun əmək müqaviləsinə dəyişikliyin rəsmiləşdirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 102-k nömrəli əmrindən görünür ki, İddiaçı 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2014-cü il tarixli, 244-k nömrəli əmrindən görünür ki, İddiaçı zavodda 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə işə qəbul edilmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2014-cü il tarixli, 552-k nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2011- ci il tarixli, 859 nömrəli əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun üzərinə xx.xx.2002-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək güzəştli şərtlərlə pensiya hüququ verən zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər peşəsində işləməyi barədə ona arayışın verilməsi vəzifəsinin həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildən “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunda əmək fəaliyyətinə başlamışdır. xx.xx.2002-ci ildən xx.xx.2014-cü ilədək həmin zavodda "zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər" peşəsində işləmişdir. Bu peşədə 10 ildən artıq işləyən kişilərin xx.xx.2006-cı il tarixinədək tələb olunan əmək stajına malik olduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya uyğun olaraq 52 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğun olaraq zərərli və ağır işlərdə işləmiş işçiyə həmin müəssisə tərəfindən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşədə işləməyini təsdiq edən arayış - açıqlama verilməlidir. Əks təqdirdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi vətəndaşa pensiya təyin etmir. Zavodun ayrı-ayrı vaxtlarda adının dəyişməsinə baxmayaraq o, 2014-cü ilədək qeyd olunan peşə üzrə fasiləsiz öz əmək funksiyalarını yerinə yetirmişdir. O, həmin peşədə işləməyini təsdiq edən arayışın verilməsi barədə müraciət etdikdə ona 2002-2010-cu illər üçün arayış verilmişdir. Halbuki o, həmin peşədə 2014-cü ilədək işləmişdir. Bu faktı onun əmək kitabçası və zavoddakı şəxsi işləri təsdiq edir. Zavoda dəfələrlə müraciət etsə də ona 2014-cü ilədək zavodda işləməsi barədə arayış verilməmişdir. Zavodda 2002-ci ildən 2014-cü ilədək eyni peşədə işləməyinə baxmayaraq ona güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün arayışın verilməməsini əsassız hesab edir. Zavodun təqsiri üzündən o, vaxtında güzəştli şərtlərlə pensiyaya çıxa bilməmişdir. Zavod onun sonuncu müraciətinə xx.xx.2022-ci il tarixli məktubla arayışın verilməsindən imtina etmişdir. O, bu imtinanı əsassız hesab edir. Cavabdehin nümayəndəsi Nümayəndə1 etiraz ərizəsi vermişdir. Etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2014-cü il tarixinə kimi “Etilen- Polietilen” zavodunda işlədiyi müddətdə xx.xx.2002-ci il tarixindən xx.xx.2010-cu il tarixinə kimi buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqazasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən siyahıya aid olduğuna görə iddiaçıya 216 №-li, xx.xx.2020-ci il tarixli arayış verilmişdir. İddiaçı “Etilen-Polietilen” zavodunda işlədiyi digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı” na (Vİİİ bölmə, Kimya istehsalatı) əsasən 1 və 2 nömrəli siyahıda nəzərdə tutulmadığına görə İddiaçı həmin dövr üçün güzəştli şərtlərlə pensiya hüququ verən arayışın təqdim olunması mümkün deyildir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-2541/2022 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçının xx.xx.2010-xx.xx.2014-cü illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə və işdə çalışması işin faktiki halları və təqdim olunmuş sübutlarla təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-2541/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun üzərinə 01 oktyabr 2002-ci il tarixindən 15 iyul 2014-cü il tarixinədək güzəştli şərtlərlə pensiya hüququ verən “ zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər” peşəsində işləməyi barədə arayışın verilməsi vəzifəsinin həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: xx.xx.1975-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər “Azərkimya” İstehsalat Birliyində əmək fəaliyyəti ilə məşğul olmuş, 1979-2014-cü illərdə ağır və zərərli sahə olan 3 metrdən çox dərinlikdə işləyən şəbəkə və kanalizasiya çilingəri vəzifəsində işləmişdir. Əmək kitabçasında 1979-2002-ci illər üzrə müvafiq vəzifə qeyd edilməmiş, yalnız 2002- 2014-cü illər qeyd olunmuşdur. Burada 2002-ci ildən 2010-cu ilə qədər ağır və zərərli sahə qeydə alınmışdır. 01 oktyabr 2002-ci ildən 15 iyul 2014-cü ilədək həmin zavoda “zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər” peşəsində işləmişdir. Bu peşədə 10 ildən artıq işləyən kişilərin 01 yanvar 2006-cı il tarixinədək tələb olunan əmək stajına malik olduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya uyğun olaraq 52 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. “Əmək pensiyaları haqqında” qanunun tələblərinə uyğun olaraq zərərli və ağır işlərdə işləmiş işçiyə həmin müəssisə tərəfindən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ veən peşədə işləməyini təsdiq edən Arayışaçıqlama verilməlidir. Əks təqdirdə Dövlət Sosial Mdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi vətəndaşa pensiya təyin etmir. Zavodun ayrı-ayrı vaxtlarda adının dəyişməsinə baxmayaraq 2014-cü ilədək yuxarıda qeyd olunan peşə üzrə fasiləsiz öz əmək funksiyalarını yerinə yetirmişdir. Həmin peşədə işləməyini təsdiq edən arayışın verilməsi barədə müraciət etdikdə ona 2002-2010-cu illər üçün arayış verilmişdir, halbuki həmin peşədə 2014-cü ilədək işləmişdir. Bu faktı əmək kitabçası və zavoddakı şəxsi işi təsdiq edir. Zavoda dəfələrlə müraciət etsə də, ona 2014-cü ilədək arayış verilməmişdir. Məhkəmə işə baxarkən bir çox maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, işi tam araşdırmadan 07 iyun 2022-ci il tarixli 2(060)-2541/2022 nömrəli qətnamə çıxarmışdır. Qərarda qeyd olunur ki, “İddiaçının xx.xx.2010-xx.xx.2014-cü illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə və işdə çalışması işin faktiki halları ilə təsdiqini tapmadı”. Məhkəmənin qərarının əvvəlində də qeyd edilir ki, xx.xx.2011-ci il tarixli 1491 nömrəli və xx.xx.2013-cü il tarixli 102 nömrəli əmrlərlə o, 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmişdir. Vəzifəsi və ya peşəsi dəyişilməyib və onu başqa peşəyə keçirməyiblər. 2002-ci ildən 2014cü ilədək bir peşədə işləmişdir. Zavodun və ya sexin adının dəyişdirilməsinin onun işlədiyi peşəyə aidiyyəti yoxdur. Sexin adı dəyişdirilsə də, onun əmək funksiyaları dəyişilməyib. Bunu əmək kitabçası da təsdiq edir. İşlədiyi peşə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən ağır və zərərli peşə hesab olunur. Peşəsi və əmək funksiyaları dəyişməyibsə 2010-2014-cü illərə görə zavodun ona həmin illərə görə arayışın verilməməsi əsassızdır. Məhkəmədə də bütün bunları tam araşdırmadan maddi və prosessual hüquq normalarını pozaraq qərar çıxarmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və onun eyni peşədə işləməyini tam araşdırmadan qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə etiraz vermişdir. Etirazda bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı İlə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1- ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasan müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatı Kollegiyası tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli İcmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahə və və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Cavabdeh “’Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen" Zavodu tərəfindən verilmiş etiraza əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Etilen-Polietiten’’ zavodunda işlədiyi müddətdə xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən siyahıya aid olduğuna görə İddiaçı xx.xx.2020-ci il tarixli 216 nömrəli arayış verilmiş, İddiaçı ‘'Etilen-Polietilen'' zavodunda işlədiyi digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı-na (Vİİİ bölmə, Kimya istehsalatı) əsasən 1 və 2 nömrəli siyahıda nəzərdə tutulmadığına görə həmin dövr üçün güzəştli, şərtlərlə pensiya hüququ verən arayışın təqdim edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi faktı müəssisə tərəfindən verilmiş güzəşti arayışla təsdiq olunmalıdır. Belə ki, müəssisə İddiaçı tərəfindən mübahisələndirilən dövrlərin əmək şəraiti zərərli və ağır olan işlər olmasını qebul etməmiş və bu barədə cavabdeh tərəfindən müvafiq sənədlər təqdim, olunmuşdur. Göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen- Polietilen” zavodunun nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(060)-2541/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, iddiaçı “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun üzərinə xx.xx.2002-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər peşəsində işləməyi barədə ona arayışın verilməsi vəzifəsinin həvalə olunmasını tələb etməklə güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi məqsədini daşıyır. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi rədd edilərkən məhkəmə iddiaçının həmin iddia qaldırılmaqla əsas hüquqi marağının güzəştli pensiya almaqdan ibarət olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Digər tərəfdən, şərti olaraq qəbul etsək ki, iddiaçının hüquqi marağı güzəştli pensiya almaq deyildirsə, birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələbləri baxımından iddiaçının mübahisələndirildiyi arayışın onun hər hansı mülki hüquqlarını və qanunla qorunan mənafelərinni pozub-pozmamasını, həmin arayışın bilavasitə şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitamına səbəb olub-olmamasını araşdırmamışdır. Bu tip özlüyündə hər hansı hüquqi nəticələr doğurmayan arayışların məhkəmə qaydasında mübahisə predmetinə çevirmək Mülki Prosessual Məcəlləsinin tələblərinə ziddir və hazırkı mübahisəyə mülki məhkəmə icraatında baxıla bilməz. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan imtina etmək əvəzinə iddia ərizəsini icraata qəbul edırək işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, arayış aid olduğu şəxs barəsində nəyi isə təsdiq edir, yəni arayış özlüyündə aid olduğu şəxs üçün hər hansı öhdəlik yaratmır və onun üzərinə hər hansı vəzifə qoymur. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququnu əldə etməsi tələbi əslində mahiyyət etibarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi hazırkı mübahisənin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək İddiaçı güzəştli şərtlərlə pensiya çıxmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Kollegiya sonda qeyd edir ki, iddiaçıya hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə güzəştli şərtlərlə pensiyanın verilməsi ilə bağlı inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-2541/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-2541/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar